Məhkəmə qərarları › İş №2(009)-2310/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2310/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2310/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndənin iştirakları ilə İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğv edilməsi, evdən çıxarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğv edilməsi, evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin mülkiyyətçisidir. Mülkiyyət hüquqları xx.xx.2016-cı ildə DƏDRX tərəfindən qeydə alınıb və bu barədə müvafiq qeydlər edilməklə reyestrdən çıxarış verilib. Cavabdeh 2014-cü ildən həmin evdə kirayə yaşayır. 2016-cı ildə iddiaçı (mülkiyyətçi) həmin evi satmaq qərarına gəlir və bu barədə kirayəçisinə (cavabdehə) məlumat verir. Cavabdeh bildirir ki, evi özü almaq niyyətindədir. Evin qiymətini qarşılıqlı olaraq 330.000 manat dəyərləndirirlər və cavabdeh bundan sonra 3000 manat beh verir. Bir müddət sonra o, evin sənədləşməsi işlərinə başlayır, buna görə cavabdeh ona əlavə olaraq 5000 manat pul verir ki, sənədləşmə işləri surətlə getsin və razılaşır ki, həmin məbləğ də gələcəkdə alqı-satqının ümumi dəyərindən çıxarılacaqdır. 2016-cı ilin oktyabr ayında evin sənədləri tam hazır olur və alqı-satqının həyata keçirilməsinə hər zhansı maneə qalmır. Lakin, cavabdeh həmin ərəfədə o qədər pulunun olmamasını bildirir, bir müddət gözləməyi xahiş edir. Aralarında 2-3 illik xoş münasibətləri, həmçinin cavabdeh tərəfindən ona artıq 8000 manat pulun verildiyini nəzərə alan iddiaçı etiraz etmir. Lakin bu “bugün-sabah alacam” söhbətləri 2 il davam etmişdir. Bununla yanaşı cavabdeh iddiaçıdan daim xahiş edir ki, həmin evi kənar şəxsə satmasın, onun alacağından əmin olsun. 2018-ci ildə iddiaçı cavabdehə təklif edir ki, alqı-satqı etmədiyi təqdirdə heç olmasa kirayə münasibətlərini rəsmiləşdirsin. Buna görə də, tərəflər arasında xx.xx.20018-ci il tarixli kirayə müqaviləsi bağlanılır. Aylıq kirayə haqqı tərəflər arasında 1000 manat müəyyən edilir. 2020-ci ilin fevral ayında iddiaçı cavabdehə kirayə müqaviləsinin ləğv edilməsini, ondan aldığı pulun qaytarılmasını, mənzilin boşaldılmasını təklif edir. Lakin cavabdeh mənzili boşaltmaqdan imtina edir. Aylıq kirayə haqqını da son dəfə 2020-ci ilin fevral ayında ödəmişdir və son 8 ay hər hansı pul ödəmir, evi boşalmır, mənzili ona qaytarmır. Cavabdeh hərəkətlərini bununla izah edir ki, həmin mənzildə təmir işləri aparmışdır. O, bildirmişdir ki, onun mülkiyyətində olan əmlakın təmir edilməsinə hər hansı razılıq verməmiş, ümumiyyətlə təmirdən məlumatı olmamışdır. Cavabdehin sözlərinə görə cavabdeh həmin mənzili alacağını güman edərək təmir işlərinə özbaşına başlamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, cavabdeh ona bildirəndə ki, evi özü alır, həmin ərəfədə iddiaçı özünün yaşaması üçün yeni ev tapmış və cavabdehdən aldığı 3000 manat behi, özünün alacağı evə görə beh kimi vermişdir. Beləliklə, cavabdeh onun evini sonradan almaqdan imtina etdikdə, iddiaçının özü də öz növbəsində özünə ev almaqdan imtina etməli olmuşdur. Həmin 3000 manat da beh kimi xərclənmişdir. Yəni cavabdehin təqsirli hərəkəti nəticəsində verdiyi vədə əməl etmədiyi üçün cavabdeh kənar şəxsə 3000 manat pul verməli olmuşdur. Hesab edir ki, məhkəmə tərəflər arasındakı kirayə müqaviləsinin pozulması, cavabdehin mübahisəli mənzildən çıxarılması və iddiaçının mülkiyyətdə olan əmlakın qanuni sahibinə qaytarılması barədə qətnamə qəbul etməlidir. Göstərilənləri nəzərə alaraq İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq, həmin əmlakın iddiaçının (mülkiyyətçinin) sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 9 aydan yuxarıdır ki, cavabdeh tərəfindən kirayə haqqı ödənilmir. Bu ilin fevral ayında cavabdeh evi boşaldıb çıxacağını bildirsə də, sonradan evdən çıxmamışdır. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının, onun nümayndəsi və vəkilinin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 49C saylı evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə “Kirayəyə verən” qismində İddiaçı ilə “Kirayəçi” qismində Cavabdeh arasında Bakı şəhəri 28 saylı notariat kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli mənzillərin,evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən “Kirayəyə verən” İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsi “Kirayəçi” Cavabdeh kirayəyə vermişdir. Kirayə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. “Kirayəçi” Cavabdeh “Kirayəyə verən” İddiaçı aylıq 1000 manat kirayə haqqı ödəyir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, o, Cavabdeh kirayəçi kimi yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Cavabdeh həmin evdə 2014-cü ildən kirayəçi kimi yaşayır. 2016-cı ildə Cavabdeh həmin evi satmaq niyyətində olduğu bildirəndə, ev Cavabdeh özü almaq istədiyini demişdir. Lakin bu günə qədər evin alqı-satqısına dair hər hansı addım atılmamışdır. Buna görə də onun təklifi ilə aralarında xx.xx.2018-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. Aylıq kirayə haqqı 1000 manat müəyyən edilmişdir. Cavabdeh 2020-ci ilin fevral ayından başlayaraq kirayə pulu ödəmir. Nə mənzilini satmağa qoyur, nə də ki, onun pulunu vaxtlı-vaxtında ödəmir. Odur ki, aralarında olan müqaviləsi ləğv etmək qərarına gəlmişdir. Məktubu alan gündən 10 gün ərzində onun mənzilini boşaldaraq ona təhvil verilməsini, habelə yaşadığı müddət ərzində ödəmədiyi kirayə haqqını da ödənilməsini xahiş etmişdir. Məhkəmə irəli sürülmüş tələbə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü massivində yerləşən 49C saylı fərdi yaşayış evi xx.xx.2016-cı ildə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.20018-ci il tarixdə bağlanılmış kirayə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixədək aylıq 1000 manat kirayə haqqı ödəməklə cavabdehə kirayə vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh 2020-ci ilin fevral ayından sonra kirayə haqqı ödəmir. Mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da, cavabdeh kirayəçi kimi evi boşaldıb iddiaçıya təhvil verməkdən imtina edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh xeyli müddət ərzində kirayə haqqı ödəmir və heç bir əsas olmadan mülkiyyətində olan fərdi yaşayış evini ona təhvil verməkdən imtina edir.Bu səbəbdən iddiaçı kirayə müqaviləsinin ləğv edilməsini, mülkiyyətində olan fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 692.2.1-ci maddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasına təqsirli olduqda kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Qeyd edilən Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayə müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir (maddə 690.2). Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kirayə haqqını ödəmədiyi üçün iddiaçı tərəfindən ona müqavilə şərtinə riayət etməməsi ilə əlaqədar müqavilənin ləğv ediləcəyi barədə pretenziya məktubu göndərilmişdir. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin yuxarıda qeyd edilən maddələrində müqavilənin ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması Mülki Məcəllə və ya müqavilədə müəyyən edilmiş hallar nəzərdə tutulmuşdur.Tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər.Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Pozuntu o zaman əhəmiyyətli sayılır ki, bunu digər tərəfə vurduğu zərər müqavilə bağlayarkən onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, cavabdeh bağlanılmış kirayə müqaviləsi üzrə iddiaçıya hər ay kirayə pulu ödəməli olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kirayə müqaviləsi üzrə vəzifəsini yerinə yetirmədiyindən, bununla da onun tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı baş verdiyindən, iddiaçının kirayə müqaviləsinin ləğv edilməsi ilə bağlı tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddə göstəridiyi kimi, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Öhdəliyin tamamilə icra edilməməsi yanaşı onun vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olar və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüququ nəticələrə səbəb olur. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində həmçinin iddiaçının mülkiyyətçi kimi mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüquqları pozulduğundan, iddiaçı cavabdehin həmin evdən çıxarılmasını tələb etməkdə də haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X1 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə hesab edir ki, kirayə müqaviləsi ləğv edilməli, iddiaçı mübahisəli yaşayış evinin mülkiyyətçisi olduğundan cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış evindən ona məxsus əşyaları ilə birikdə çıxarılmalı və daşınmaz əmlak iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 49C saylı fərdi yaşayış evinin kirayə verilməsinə dair Bakı şəhəri 28 saylı notariat kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 49C saylı fərdi yaşayış evindən ona məxsus əşyalarla birlikdə çıxarılsın və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar