Məhkəmə qərarları › İş №2(009)-2312/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2312/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2312/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-yə qarşı müqavilə üzrə pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-yə qarşı müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh MTK arasında 2013-cü il iyulun 17-də müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə o, MTK-yə 53.947,81 manat ödəyir, MTK isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsindəki 7 saylı binanın ümumi sahəsi 109 kv.m. olan 27 saylı mənzilini təmir edilmiş vəziyyətdə İddiaçı mülkiyyətinə verir. Mənzilin 1 kv.m. sahəsinin qiyməti müqavilənin 1.4-cü bəndinə əsasən 749,90 manat müəyyən edilmişdir. İddiaçı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi vaxtında və tam icra etmişdir. 2021-ci ilin fevralın sonunda mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış təqdim edilərkən ona müqavilə üzrə şərtləşdirilmiş 109 kv.m. deyil, 88,11 kv.m. sahəyə mülkiyyət hüququ verilmişdir. Yəni müqavilə üzrə nəzərdə tutulandan 20,89 kv.m. az sahə. Halbuki, həmin sahənin də dəyəri (15.665,41 manat) ödənilmişdir. Cavabdeh öhdəliyinin icra etmədiyi hissənin – 20,89 kv.m. mülkiyyətə vermədiyi sahənin ödənilmiş dəyərini – 15.665,41 manat qaytarmalıdır.Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MTK-dan 15.665,41 manatın, habelə ərizəsi üçün ödənilmiş dövlət rüsumu 30 manatın tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, MTK eyni tarixdə, yəni 17.07.2013-cü il tarixdə iddiaçı ilə müaqvilə bağlamış, həmin müqavilədə bir kv.m-in qiyməti 749,9 manat olması qeyd edilmişdir. Lakin həmin müqavilənin yalnız kserosurəti onlardadır. Həmin müqaviləyə əsasən də iddia ərizəsi tərtib edilərkən bir kv.m –nin qiyməti nəzərə alınaraq az təqdim olunan sahənin ödənilmiş dəyəri tələb edilir. İddia müddəti ilə bağlı isə qeyd edir ki, hazırki tələblə məhkəməyə müraciət etmək üçün müddət ötürülməmişdir. İddiaçı 2020-ci ildə çıxarış alarkən bu hala aşkara çıxarmış, həmin vaxtdan sonra da məhkəməyə müraciət edilənədək bir il 1 ay vaxt keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MTk-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X2 göstərmişdir ki, iddiaçı ilə bağlanan müqavilədə mənzilin bir kv.m qiyməti göstərilməmişdir. Mənzil təmir olunmuş vəziyyətdə, su, qaz, elektrik sayğacı, mətbəxt və giriş mebeli ilə təmin olunmaqla bütün xərclər daxil ümumi xərci 81739,1 manat təşkil edir. MTK iddiaçı ilə bağlanan müqavilə şərtinin tələblərinə tam riayət etmiş, ümumi sahəsi 89,31 kv.m təşkil edən mənzili tam təmirli vəziyyətdə iddiaçıya təhvil vermişdir. Əmlakın bir kv.m qiyməti 1000 manatdan aşağı olmaqla ümumi sahə kimi verilmiş 89,31 kv.m görə hesablanmışdır. Mənzilin dəyərinin yalnız bir hissəsi iddiaçı tərəfindən, digər hissəsi isə SOCAR tərəfindən ödənilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi Mülki Məcəllənin maddələrinin dispozisiyasında göstərilənlər hazırki tələblə uzlaşmır. Yəni iddia tələbi həmin normaların təsiri altıa düşmür. Çünki mübahisələndirilən müqavilənin bütün bəndləri üzrə MTK üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, qanunvericiliyin tələblərini pozmamışdır. Cavabdehin nümayəndəsi eyni zamanda göstərmişdir ki, AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əmlakla bağlı isə 6 ildir. İddiaçı ilə bağlanan müqavilənin tarixindən 8 il ötmüşdür. Bununla da iddiaçı eyni zamanda məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulan müddəti də ötürmüşdür. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin həm əsassız olması əsası ilə, eyni zamanda iddia müddətinin ötürülməsi əsası ilə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Cavabdeh MTK-nın üzvlərinin X1 16.04.2013-cü il tarixli çıxarışının kserosurətindən görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmaqla, ARDNŞ-nin mənzil növbəsində olan işçiləri üçün Cavabdeh MTK-nın sifarişi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi-7 ünvanında inşa olunan 2 girişli, 9 mərtəbəli, 64 mənzilli yaşayış binasının 1 giriş, 8 mərtəbədə, razılaşdırılmış sahəsi 109,0 kv.m., yaşayış sahəsi 47,32 kv.m. olan 3 otaqlı 27 saylı mənzilin payçısı olmasını təsdiq edilməsi qərara alınmışdır. İş üzrə “Kooperativ” qismində Cavabdeh MTK ilə “Payçı” qismində İddiaçı arasında bağlanılmış Cavabdehnə pay qoyuluşu haqqında 62 saylı, 17.07.2013-cü il tarixli müqavilədən görünür ki, kooperativ pay haqqı müqabilində ünvan 2 ünvanında 1-ci giriş, 8-ci mərtəbədə, tikintinin oxları arası perimetri üzrə sahə 109,00 kv.m., ümumi sahəsi 89,31 kv.m., yaşayış sahəsi 47,32 kv.m. təşkil edən 3 otaqlı 27 nömrəli mənzili təmir olunmuş vəziyyətdə “Payçı”ya verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi və yaşayış sahəsi, ƏMDK Dövlət Reyestr Xidməti tərəfindən təsdiqlənməklə verilən “Çıxarışda” göstərilən sahə olaraq əsas qəbul ediləcək və mənzilin bu müqavilə ilə təsdiqlənmiş qiyməti heç bir halda dəyişdirilə bilməz. Göstərilən mənzilin təmir olunmuş vəziyyətdə, su, qaz, elektrik sayğacları, mətbəx və giriş mebeli ilə təmin olunmaqla bütün xərclər daxil ümumi dəyəri 81.739,1 manat təşkil edir. Həmin məbləğ Kooperativin hesablaşma hesabına nağd və ya bank köçürməsi yolu ilə ödənilir, o cümlədən SOCAR tərəfindən 27791,29 manat, “Payçı” tərəfindən 53.947,81 manat, o cümlədən normadan artıq sahəyə 00,0 manat. Mənzilin dəyəri “Payçı” tərəfindən kooperativə tam ödənildikdən sonra həmin mənzil üzərində mülkiyyət hüququ “Payçı”ya keçir. İş üzrə Cavabdeh MTK tərəfindən verilmiş 16.02.2020-ci il tarixli maliyyə arayışın kserosurətindən görünür ki, İddiaçı Cavabdeh MTK-nın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi-7A ünvanında yerləşən 9 mərtəbəli 64 nömrəli mənzili yaşayış binasında giriş 1, 8-ci mərtəbə, mənzil 27, otaq sayı 3, razılaşdırılmış satış sahəsi 109,00 kv.m., yaşayış sahəsi 47,32 kv.m., ümumi dəyəri 81.739,10 manat məbləği tam ödənilmişdir və kooperativə borcu yoxdur. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.02.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 7a saylı evin ümumi sahəsi 88,11 kv.m. olan 27 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə texniki pasportun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, ev 7A, giriş 1, mənzil 27 3 yaşayış otaqlardan, 88,11 kv.m. ümumi sahədən, 46,99 kv.m. yaşayış sahədən ibarətdir. Məhkəmə ilk növbədə cavabdehin nümayəndəsinin hazırki münasibətə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizəsinə münasibət bildirilməsini zəruri hesab edir. AR Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Cavabdehin nümayəndəsi Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və göstərmişdir ki, qanunvericiliyin qeyd olunan tələblərinə əsasən müqavilə münasibətləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı isə 6 il təşkil edir. İddiaçı onunla bağlanılmış müqavilədən 8 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi andan başalyır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə 17.06.2013-cü il tarixdə bağlanılsa da, iddiaçı həmn əmlaka daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı 2020-ci ilin fevral ayında almışdır. Çıxarışı aldıqdan sonra isə müqavilədə mənzilin göstərilən sahəsi ilə çıxarışda olan sahələr arasında fərqi aşkara çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddia müddətinin axımı 2020-ci ilin fevral ayında başlamışdır. Həmin vaxtdan sonra hüquqlarının müdafiəsi ilə bağlı iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Bu səbəbdən cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri əsassızdır və qəbul edilməməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında 17.07.2013-cü tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı MTK-yə 53.947,81 manat ödəməyi, MTK isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsindəki 7 saylı binanın ümumi sahəsi 109 kv.m. olan 27 saylı mənzilini təmir edilmiş vəziyyətdə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m. sahəsinin qiyməti müqavilənin 1.4-cü bəndinə əsasən 749,90 manat müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 2021-ci ilin fevral ayının sonunda iddiaçı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış əldə etmiş və həmin çıxarışda MTK tərəfindən satılmış mənzilin ümumi sahəsinin müqavilə üzrə şərtləşdirilmiş 109 kv.m. deyil, 88,11 kv.m. olması göstərilmişdir. Yəni ona müqavilə üzrə nəzərdə tutulandan 20,89 kv.m. az mənzil sahəsi verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən müqavilə ilə şərtləndirilmiş sahədən daha az sahəsi olan mənzil verimliş və həmin kəsir 15,665 kv.m təşkil edir. Bu səbəbdən iddiaçı müqavilədə nəzərə tutulandan daha az mənzil sahəsinin verilməsini əsas tutaraq cavabdehdən müqavilə üzrə verilməyən sahənin dəyərinin – 15665,41 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanılmış 17.07.2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK payçı İddiaçı tikintinin oxları arasında perimetri üzrə sahəsi 109,00 kv.m., ümumi sahəsi isə 89,31 kv.m təşkil edən 3 otaqlı mənzil sahəsi verməyi öhdəsinə götürmüşdür. Həmin mənzilə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ümumi sahəsi 88,11 kv.m göstərilmişdir. AR Şəhərsalma və Tikinkti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qanunun göstərilən tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən mənzilin ümumi sahəsi tikintinin oxları arasında perimetri üzrə olan sahə deyil. Eyni zamanda ümumi sahə kimi göstərilən həmin sahə bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan göstərilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, müqaviləyə əsasən ona sahəsi 109 kv.m təşkil edən mənzil verilməli idi. Müqavilədən isə görünür ki, həmin sahə (109 kv.m) mənzilin tikinti oxları arası perimetri üzrə sahədir. Verilməli olan mənzilin ümumi sahəsi isə 89,31 kv.m təşkil etməlidir. Göründüyü kimi cavabdeh müqavilədə göstərildiyi kimi ümumi sahəsi 89,31 kv.m təşkil edən mənzil əvəzinə iddiaçıya sahəsi 88,11 kv.m olan mənzil vermişdir. Yəni cavabdeh iddiaçının iddia etdiyi kimi ümumi sahəsi 109 kv.m deyil, sahəsi 89,31 kv.m olan mənzil verməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yalnız 89,31 kv.m ilə 88,11 kv.m arasında olan fərqə görə pul tələb etməkdə haqlı hesab edilə bilər. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə cavabdehdən tutulacaq pul məbləği ilə bağlı qeyd edir ki, həmin məbləğ müqavilənin 1.4-cü bəndi nəzərə alınmaqla tutulmalıdır. Belə ki, Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin ümumi dəyərinin (81739.1 manat) 27791,29 manat hissəsi (34%) SOCAR tərəfindən, 53947,81 manat hissəsi (66%) isə iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda müqaviləyə əsasən mənzilin bir kv.m sahəsinin 749,9 manat (81739.1/89,31= 915,22) olmasını nəzərə alaraq 1.2 kv.m sahə üçün ödənilən pul tələb edilməlidir. Lakin nəzərə alsaq ki, iddiaçı tərəfindən mənzilin dəyərinin yalnız 66% hissəsi ödənilmişdir, 1.2 kv.m sahə üçün cavabdehdən iddiaçının xeyrinə ödənilən pula nisbətdə 593,92 manat (1,2*915,22 = 1098,26 - 373,40 (34%) = 724,85 manat) məbləğində pul tutulmalıdır. Məhkəmə eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə bir kv.m-in qiyməti əks olunan və kserosurət olan müqaviləyə hüquqi qiymət verilməsni mümkünsüz hesab edir. Belə ki, həmin sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim olunmadığı üçün, həmin sənəd sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutulması hissəsində də tələb əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə 724,85 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 754,85 (yeddi yüz əlli dörd manat səksən beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar