Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-233/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi atası X2 mülkiyyətində olmuşdur. Atası xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Atasının mülkiyyətində olan mənzil vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Hal-hazırda o, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. X4 müharibə veteranı və birinci dərəcəli əlil olduğu üçün ondan işıqdan istifadə etdiyi üçün pul alınmırdı. Həmin mənzildə işıqdan istifadə edildiyi üçün 1.919,40 manatdan çox işıq pulu borcu yaranmışdır. Hesab edir ki, müharibə veteranının ailə üzvləri də işıqdan istifadə edərkən onlara da güzəştlər edilməlidir. Bununla bağlı o, cavabdehə müraciət edərək işıqdan istifadə edildiyi üçün yığılmış pulun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 13-13/2-2/18-F-2658/2-5/2024 saylı məktubla cavab verərək pulun silinməsindən imtina etmişdir. Belə ki, məktubda göstərilir ki, “bununla əlaqədar olaraq bir daha bildiririk ki, **********30010 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 2002-ci ilədək qeyd edilən mənzildə istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 1919,40 manat borcun olduğu müəyyən olunduğu müəyyən edilmişdir. Borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir”. Cavabdehin cavabını qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdan da görünür ki, işıqdan istifadə edildiyi üçün yaranan borc 2002-ci ilədək yaranmış borcdur. Atası isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Borcun yaranmasından 5 ildən artıq vaxt keçdiyi üçün silinməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində işıqdan istifadə edildiyi üçün yığılmış 1919,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbinin tam təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X2 vərəsəsi qızı İddiaçıdır və o, mirasdan bütünlüklə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 3 saylı evin 1 otaqlı 10 nömrəli mənzilindən ibarətdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 3 saylı evin 10 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı oğlunun adına qeydiyyatdan keçmişdir. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, **********30010 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 2002-ci ilədək qeyd edilən mənzildə istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 1919,40 manat borcun olduğu müəyyən edilmişdir. Borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 5 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Xəqani küçəsi, 3 saylı evin 10 saylı mənzilində pasport qeydiyyatındadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 3 saylı evin 10 saylı mənzili iddiaçının atası X2 mülkiyyətində olmuş, atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş və həmin mənzil vərəsəlik qaydasında xx.xx.2013-cü il tarixdən iddiaçının mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının atası müharibə veteranı və 1-ci qrup əlil olmuşdur və ona elektrik enerjisindən istifadə ilə əlaqədar güzəşt edilmişdir. 2002-ci ilədək 1.919,40 manat elektrik enerjisindən istifadə ilə əlaqədar borc yazılmış və hazırkı vaxtadək həmin borc iddiaçının abunə hesabındadır. Hazırda iddiaçı əsassız olaraq yazılmış 1.919,40 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, atasının vəfatından sonra İddiaçı mənzil üzərində vərəsəlik qaydasında mülkiyyət hüququnu əldə etdiyindən, həmin mənzilə dair elektrik enerjisindən istifadə ilə əlaqədar abunə hesabına yazılmış borcun silinməsinə dair hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yaranmışdır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydalarının 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə,həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-dən əvvəlki dövr üçün, yəni 2002-ci ilədək istehlakçı güzəştli qaydada elektrik enerjisindən istifadə etsə də, həmin dövrdə iddiaçının abunə hesabına borc yazılmışdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, dondurulmuş borc 2002-ci il tarixədək olan müddətdə yarandığından, həmin borcun tələb edilməsi ilə bağlı müddət də artıq keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə dondurulmuş borcun cavabdeh "xxxx" ASC tərəfindən yalnız müqavilə tərəfinin dəyişdiyi təqdirdə tələb ediləcəyini, yaranmış borcla bağlı isə tələb etmə müddətinin keçməsini, həmin borcun mövcud olmasının isə istehlakçı kimi iddiaçının hüquqlarına xələl gətirməsini nəzərə alaraq hesab edir ki, iddia əsaslı hesab edilməli, iddiaçının abunə hesabına yazılmış 1.919,40 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi isə təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 39,19 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 3 saylı evin 10 saylı mənzilə dair İddiaçı abunə hesabına (**********30010 saylı kod üzrə) yazılmış və 2002-ci il tarixədək yaranmış 1.919,40 (bir min doqquz yüz on doqquz manat, qırx qəpik) manat məbləğində borc silinsin. "xxxx" ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 39,19 (otuz doqquz manat, on doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-233/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-233/2025
14.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver