Məhkəmə qərarları › İş №2(009)-2373/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2373/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2373/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 06 noyabr 2020-ci il tarixli, MAS-3014 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 06 noyabr 2020-ci il tarixli, MAS-3014 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 aprel 2021-ci il tarixə 434.36 manat gecikdirilmiş əsas borc, 355.35 manat gecikdirilmiş mükafat, 274.62 manat dəbbə pulu borcu, 803 manat dəymiş zərər olmaqla, ümumilikdə 1867.33 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə 06 noyabr 2020ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh istifadəsinə 2019cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180272 ban nömrəli, qara rəngli avtomobil 13280 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 46 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 394.88 manat, ümumilikdə isə 18164 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18164 manatın 13280 manatı əsas məbləğ təşkil edir. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 aprel 2021 -ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 803 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 03 mart 2021ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 aprel 2021-ci il tarixə 434.36 manat gecikdirilmiş əsas, 355.35 manat gecikdirilmiş mükafat, 274.62 manat dəbbə pulu, ümumilikdə 1064.33 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq" müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesablanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh istifadəsinə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180272 ban nömrəli, qara rəngli avtomobil 13280 manat məbləğinə sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İş materiallarında olan “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 06 noyabr 2020-ci il tarixli Lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh illik 17% mükafat hesablanmaqla 46 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 394.88 manat, ümumilikdə isə 18164 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan MB seriyalı 000675 nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180272 ban nömrəli, qara rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli təhvil təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X2 və Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan İddiaçı MMC-nin 28.09.2021-ci il tarixli, 2003 nömrəli arayışından görünür ki, borclu Cavabdeh 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsi üzrə 09.04.2021-ci il tarixə 434,36 (dörd yüz otuz dörd manat otuz altı qəpik) manat əsas borc, 355,35 (üç yüz əlli beş manat otuz beş qəpik) manat mükafat və həmin günə hesablanmış 274,62 (iki yüz yetmiş dörd manat altmış iki qəpik) manat dəbbə pulu borcu olmaqla, cəmi 1064,33 (min altmış dörd manat otuz üç qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin servis mərkəzindən verilmiş 26.05.2021-ci il tarixli qüsur aktından görünür ki, “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və ehtiyat hissələrinə görə 803 (səkkiz yüz üç) manat vəsait xərclənmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30.06.2021-ci il tarixdə cavabdehə borcun ödənilməsi və müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmış, Cavabdeh 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 09.04.2021-ci il tarixə 434,36 (dörd yüz otuz dörd manat otuz altı qəpik) manat əsas borc, 355,35 (üç yüz əlli beş manat otuz beş qəpik) manat mükafat və həmin günə hesablanmış 274,62 (iki yüz yetmiş dörd manat altmış iki qəpik) manat dəbbə pulu borcu olmaqla, cəmi 1064,33 (min altmış dörd manat otuz üç qəpik) manat borcu qalmış, həmçinin İddiaçı MMC-nin servis mərkəzindən verilmiş 26.05.2021-ci il tarixli qüsur aktına əsasən “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və ehtiyat hissələrinə görə 803 (səkkiz yüz üç) manat vəsait xərclənmişdir. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Belə ki, Belə ki, Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. (MM 748-1.8) Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. (MM 748-1.9) Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesablanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən müqavilə üzrə “Khazar Peugeot” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvəqqəti sahiblik və istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, lakin o, müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin iddia tələbinin müqavilənin ləğv edilməsi, eləcə də cavabdehdən lizinq məbləği, mükafat və zərərin ödənilməsini tələb etməsi hissələri tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “274,62 (iki yüz yetmiş dörd manat altmış iki qəpik) manat dəbbə pulunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, daxili lizinq müqaviləsindən irəli gələn 434,36 (dörd yüz otuz dörd manat otuz altı qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 274,62 (iki yüz yetmiş dörd manat altmış iki qəpik) manat dəbbə məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 74,62 (yetmiş dörd manat altmış iki qəpik) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 40 (qırx) qəpik poşt xidmətinin 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 10,40 (on manat qırx qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 aprel 2021-ci il tarixə 434,36 (dörd yüz otuz dörd manat otuz altı qəpik) manat əsas borc, 355,35 (üç yüz əlli beş manat otuz beş qəpik) manat mükafat, 74,62 (yetmiş dörd manat altmış iki qəpik) manat dəbbə pulu və dəymiş zərərin əvəzi olaraq 803 (səkkiz yüz üç) manat olmaqla, cəmi 1667,33 (bir min altı yüz altmış yeddi manat otuz üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 06 noyabr 2020-ci il tarixli MAS-3014 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 aprel 2021-ci il tarixə 434,36 (dörd yüz otuz dörd manat otuz altı qəpik) manat əsas borc, 355,35 (üç yüz əlli beş manat otuz beş qəpik) manat mükafat, 74,62 (yetmiş dörd manat altmış iki qəpik) manat dəbbə pulu və dəymiş zərərin əvəzi olaraq 803 (səkkiz yüz üç) manat olmaqla, cəmi 1667,33 (bir min altı yüz altmış yeddi manat otuz üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar