Məhkəmə qərarları › İş №2(009)-245/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-245/2024

29.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-245/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ”Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanındakı fərdi yaşayış evində qazdan istifadəyə görə əsassız hesablanmış 1036.80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən fərdi yaşayış faktiki olaraq iddiaçının və onun ailə üzvlərinin istifadəsindədir. Həmin ünvandakı abonent kodu **********00012 olmaqla Cavabdeh İB-i tərəfindən qazla təmin olunmaqdadır. İddiaçı qaz sərfiyyatına görə ödənişi hər zaman vaxtı-vaxtında ödəmişdir. X2 əməkdaşları tərəfindən qaz sayğaclarının yenilənməsi zamanı onların sayğacı da yenisi ilə əvəz olunmuş və sayğacın yenilənməsi barədə sənəd imzalanmışdır. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Lakin məktub olmadan, 01 dekabr 2022-ci ildə X1 Metrologiya Departamenti tərəfindən qaz sayğacına baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq sayğaca müdaxilə olunması və onun istismara yararsızlığı barədə iddiaçının iştirakı və hec bir məlumatı olmadan 14 dekabr 2022-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Guya sayğaca müdaxilə olunduğu üçün 1136.80 manat borc yazılıb. Cavabdeh İB tərəfindən verilmiş iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00012 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********611 sayğac çıxarılaraq yoxlanılması üçün CavabdehİB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə “MSK -29/1710-04941-1 saylı akta əsasən “sayğacda ALARM-1 rejimi aşkar olunub, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-ü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036.80 manat məbləğində dəymiş ziyan 2023-cü ilin yanvar ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamamsına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, sayğacın çıxarılma səbəbi kimi sayğacın qaz sərfiyyatını qeyd etməməsi göstərilmişdir. İstehlakçı aktı imzalamamışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, sayğacın yivli birləşməsi korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ yuvasının ətrafı zədəlidir. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, MSK -29/1710-04941-1 saylı Metrologiya Departamentinin verdiyi akta əsasən sayğaca baxış keçirildi, sayğacın klapanı işlək deyil, sayğacın yivli birləşməsi korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğaca iddiaçı təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2022-ci il tarixli ******* saylı aktda yaranmış problemin səbəbi kimi sayğac qaz sərfiyyatını qeyd etmir göstərilsə də, xx.xx.2023-cü il tarixli ******* saylı aktda yaranmış problemin səbəbi kimi sayğacın yivli birləşmələri korroziyayauğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ yuvas ətrafı zədəlidir kimi göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, əsassız hesablanmış 1036.80 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: “Qaydalar”ın 5.2-ci bəndi: Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaldıır və hər ay istehlakçıya hesab təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan evdən kənarda quraşdırılmış qaz sayğacının yivli birləşməsinin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ yuvasının ətrafının zədələndiyi aşkar edilsədə, məhz cavabdehin təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Beləliklə iddiaçının yaşadığı evinə aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz cavabdehin günahı ucbatından baş verməsi və ya cavabdehin sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hesablanmış 1036.80 manat pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30.37 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 12 ünvanındakı fərdi yaşayış evində **********00012 nömrəli abonent koduna hesablanmış 1036.80 (bir min otuz altı manat, səksən qəpik) manat borc abunə hesabından silinsin. Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30.37 (otuz manat, otuz yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar