Məhkəmə qərarları › İş №2(009)-2457/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2457/2023

21.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2457/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 018759 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, ev 3/6, 58 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə oğlu Məmməd-zadə Arif Nəsrulla oğlu işdən evə qayıdarkən girişin ikinci mərtəbəsində yerləşən, təxminən yerdən üç metr hündürlüyündə olan qaz sayğacın qırmızı işığı yanıb sönməyini görmüş, sayğac nasaz olduğundan mənzilinə qazın verilişi dayandırılmışdır. Ev telefonu vasitəsi ilə “104” xidmətinə zəng edərək onlara məxsus qaz sayğacın nasaz olduğunu məlumat vermişdir. xx.xx.2023-cü ildə qaz idarəsinin əməkdaşları nasaz olan sayğacı, işlənmiş sayğac ilə dəyişmişlər. Quraşdırılmış sayğacın ödəniş kodunu aldıqdan sonra “Milli Ön” aparatı ilə qaz ödənişi ödəyən zaman ona məlum olmuşdur ki, qaz borcu 427,50 manat təşkil etmişdir. O, qeyd etdiyi ünvanda tək yaşayır, evi bir otaqlıdır, həmin evi 4 gözlü qaz plitəsi ilə qızdırır və onun aylıq qaz sərfiyyəti 5-10 manat təşkil edir. Oğlu Arif bir neçə il bundan əvvəl evlənib və başqa ünvanda yaşayır, həftərə bir neçə dəfə onu görməyə gəlir. xx.xx.2023-cü il tarixdə həmin borc nədən ibarət olduğunu araşdırılması üçün oğlu ilə birlikdə Səbail rayonunda yerləşən qaz idarəsinə müraciət etmiş, orada bildirmişlər ki, həmin borc 2019-cu ilin sentyabr ayından akt əsasında hesablanmış, sayğac çıxarılıb və laboratoriyada yoxlanılıb və ona 427,50 manat borc yazılmışdır. Həmin borcla razı olmadığı üçün onu Xətai Qaz Departamentinə göndərmişlər, orada eyni onların problemi ilə olan təxminən 50-70 nəfəri görmüşdür. Növbə tutub kompyuter arxasında oturan bir cavan oğlana yaxınlaşmış, hesabları yoxlayıb demişdir ki, laboratoriyanın verdiyi rəyə əsasən sayğacın şüşəsində 4 ayacığından biri sınıq vəziyyətdə olmuşdur. O, razı olmamış və demişdir ki, bu dedikləri gözlə görünən defektlərdir. Niyə sayğacı çıxaran işçilər bu barədə dərhal akt tərtib etmədilər, ən azı olsa şifahi formada ona deyə bilərdilər. Daha sonra sözügedən sayğacın ona göstərməsini xahiş etmiş, xahişini yerinə yetirməmişlər. Onun 82 yaşı var, bir gözü görmür, təqaüdçüdür. O, məhkəməyə müraciət etdiyini bildirmiş, ona “Get, hara istəyirsən şikayət et” cavab vermişlər.Abonentin saldosundan görünür ki, onun qazın istifadəsinə görə heç vaxt borcu olmamışdır. Hesab edir ki, cavabdehin belə hərəkətləri ilə onun hüquqları və qanuni mənafeləri pozulmuşdur. Buna görə də pozulmuş hüququnun bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İB tərəfindən ona qeyri-qanuni tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz yazılmış 427,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz göndərilmiş və etirazında göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00580 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 00168899 sayğac çıxarılaraq yoxlanılması üçüq Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-01847-1 saylı akta əsasən “sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2019-cu il tariхli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4428 kub.m. təşkil etmişdir. Hesablanmış 442,80 manat məbləğində dəymiş ziyan 2019-cu ilin sentyabr ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixdə, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00580 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək məhkəmədə yalnıh təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlamağa çalışır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində yerləşən 3/6 nömrəli evin ümumi sahəsi 43,1 kv.m. olan 1 otaqlı 58 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1798 nömrəli reyestr kitabının 165402 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı ünvanda mexaniki qaz sayğacı smart sayğacı ilə əvəzlənmişdir. İş üzrə Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli MSK-29/1710- 01847-1 saylı aktın surətinə əsasən iddiaçıya aid sayğaca baxış keçirərkən müəyyən edilmişdir ki, sayğacın plastmas ekranında kənar təsir izi var, plastmas qapaq tərəflərdən açılmış və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar edilmişdir. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, 29/1710-01847-1 saylı rəyə əsasən 00168899 No-li sayğacın plastmas şüşəsinin ekrana bərkidən 4 qulaqcıqdan sınıq olduğu müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı iştirak etməmişdir. İş üzrə Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı sənaye və məişət qaz sayğacının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli, 29/1710-01847 No-li aktına əsasən G- 2.5 markalı 00168899 No-li sayğacın “plastmas ekranında kənar təsir idi var və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan biri sınıqdır” nöqsan aşkar edilmiş, ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 4428 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə abonent İddiaçı (kod **********00580) abonent saldosundan görünür ki, ona 2019-cu ilin sentyabr ayında 442,80 manat əlavə borc hesablanmışdır. İş üzrə "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, abonent İddiaçı tərəfindən qazdan istifadə ilə əlaqədar 2019-cu ildə - 33 manat, 2020-ci ildə - 36 manat, 2021-ci ildə - 61 manat, 2022-ci ildə - 53 manat, 2023-cü ildə - 28 manat ödəniş həyata keçirilmiş, qalıq borc 427,50 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə iddiaçının mülkiyyətində olan mənzilə aid olan sayğacına baxış keçirilmiş, mexaniki sayğacın smart sayğacı ilə əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra MSK-29/1710-01847-1 saylı akt tərtib edilmişdir. Akta əsasən sayğacın plastmas ekranında kənar təsir izlərin olması, plastmas qapağın laboratoriya işçiləri tərəfindən açılmış və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olması müəyyən edilmişdir. Qüsura görə nəticə kimi “qaz itkisi, müdaxilə” halının olması müəyyən edilmişdir. Həmin akt əsasında xx.xx.2019-cu il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın xx.xx.2019-cu il tarixli qərarı ilə dəymiş ziyanın həcmi kimi 4428 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Onun 82 yaşı var, bir gözü görmür, təqaüdçüsüdür. Yaşadığı mənzildən kənarda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Həmin sayğac laboratoriya şəraitində yoxlanarkən sayğacın istismara yararsızlığı barədə akt tərtib edilmiş, onun bundan məlumatı olmamış, akt əsasında onun abunə hesabına cərimə yazılmışdır. Bu səbəbdən iddiaçı aktın etibarsız hesab edilməsi və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının abunə hesabına yazılmış borc cavabdeh təşkilatın tərtib etdiyi xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında qəbul edilmiş qərara əsasən yazılsa da, iddiaçı tərəfindən irəli sürülmüş tələb yalnız borcun silinməsi hissəsində əsaslı hesab edilə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac laboratoriya şəraitində yoxlandıqdan sonra həmin sayğacda qüsurlar aşkar edilmiş və həmin qüsurları yoxlamanı aparan komissiya sayğaca müdaxilə faktı kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində xx.xx.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt və Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2019-cu il tarixli qərarı əsasında (dəymiş ziyanın bərpasına dair Tələbnamə) iddiaçıya 4428 kub metr əlavə sərfiyyat kimi dəymiş ziyan hesablanmış və həmin ziyana görə iddiaçının abunə hesabına 442,80 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 442,80 manat borc xx.xx.2019-cu il tarixli qərar əsasında yazılmış, həmin qərar isə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə ******* saylı akt müvafiq laboratoriyanın yoxlaması nəticəsində tərtib olunduğu üçün və laboratoriyada aparılan yoxlamanın qanuni olubolmaması hazırkı mübahisənin predmeti olmadığı üçün, həmin yoxlamanın nəticəsi olaraq tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli akt qanunsuz hesab edilə bilməz. Yəni göstərilən akt özündə yalnız sayğacda aşkar edilmiş qüsurları əks etdirdiyindən, həmin qüsurların isə olub-olmaması ilə bağlı hər hansı mübahisə olmadığından, iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Lakin məhkəmə həmin akt əsasında iddiaçının abunə hesabına yazılmış 427,50 manat borcun silinməsi ilə bağlı qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus mənzilə quraşdırılmış və mənzildən kənarda yerləşən sayğaca onun tərəfindən müdaxilə olunması halı sübuta yetirilməyincə, həmin sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsini Cavabdeh İB daşıyır. Hazırkı işin araşdırılan halları ilə iddiaçının mənzilindən kənarda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə etməsi halı sübuta yetməmişdir. Eyni zamanda aşkar edilmiş qüsur laboratoriya şəraitində sayğac yoxlanıldığı zamanı müəyyən edilmişdir. Həmin qüsurun mövcudluğu ilə bağlı məlumat həmçinin iddiaçının evinə yeni qaz sayğacı quraşdırılarkən tərtib edilmiş aktda da əks olunmamışdır. Həmin aktda sayğacın dəyişdirilmə zəruriliyi “mexaniki sayğacın smartla əvəzlənməsi” ilə əlaqədar olmuş və bu barədə aktda müvafiq qeydiyyat aparılmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya qaz sayğacına müdaxilə etməsi ilə əlaqədar əlavə qaz sərfiyyatının hesablanması və həmin sərfiyyata görə hesablanmış məbləğin ondan tələb edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Cavabdehin iddia tələbinin rədd edilməsi barədə etirazında istinad etdiyi hallar mülahizələrə əsaslanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış 427,50 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Məmməd-zadə Radneda Vladimirovna barəsində Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsində yerləşən 3/6 saylı evin 58 saylı mənzilə dair Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2019-cu il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən iddiaçının abunə hesabına (**********00580) yazılmış 427,50 (dörd yüz iyirmi yeddi manat, əlli qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar