Məhkəmə qərarları › İş №2(009)-2471/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2471/2021

25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2471/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı ümayəndəsi və vəkili X4, Cavabdeh1, Cavabdeh2, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 46 saylı Notariat Kontoruna qarşı “ilkin müqavilənin etibarsız hesab olunub ləğv edilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 46 saylı Notariat Kontoruna qarşı ilkin müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o Cavabdeh1 ilə 17 iyul 1974-cü ildən rəsmi nikahdadır. Həmin vaxtdan da hal-hazıradək birgə yaşayırlar. Bilmana təklif etmişdir ki, MTK-nin biri ilə müqavilə bağlayıb mənzil alsınlar. O razılaşaraq birlikdə "xxxx" MTK-nin Bayıl filialına getdilər. Həmin ərazinin hava şəraiti xoşuna gəlmişdir. Ona görə də onun məsləhəti ilə həyat yoldaşı Cavabdeh1lə Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 nömrəli binanın 1-ci blok, 11-ci mərtəbə, 44 saylı 3 otaqlı mənzilinin alınması ilə bağlı "xxxx" MTK-nın Bayıl filialı arasında 13 noyabr 2015-ci il tarixli, ********* saylı payçı müqaviləsi bağlandı. Mənzilin ümumi dəyərinin 54.446.39 ABŞ dollar. İlkin ödənişi isə 5.714.29 ABŞ dollar, hər ay 2707.34 ABŞ dollar ödənilməsinə razılaşdılar. MTK tərəfindən ödəniş cədvəli verildi. Həmin gün ilkin ödənişi də ailə büdcəsindən ödənildi. Müqavilə həyat yoldaşının adına olduğu üçün ödəmələr onun tərəfindən həyata keçirilirdi. Nəhayət Reyestr Xidmətindən çıxarışı da ona təqdim etmişdir. Bir neçə dəfə mənzilə baş çəkib bəyənmişdi. 10.06.2021-ci il tarixdə saat 11-12 radələrində yaşadığı mənzilin qonaq otağında stolun üstündə bir sənəd gördü. Fikirləşdi ki, Bilmanın yadından çıxıb evdə qalıb, maraqlandı və sənədi oxudu. Binəqədi Rayon İcra Şöbəsi tərəfindən göndərilmiş bildiriş idi. 31.05.2021-ci il tarixli, 129398/2021 saylı bildiriş və ona əlavə edilmiş icraata başlama haqqında qərarda Cavabdeh1 üzərinə onunla Cavabdeh2 arasında "xxxx" MTK tərəfindən tikilmiş Bibiheybət qəsəbəsindəki 2 saylı binanın 3 otaqlı 44 saylı mənzilin alğı-satqısına dair müqavilə bağlanılması öhdəliyi qoyulması göstərilmişdir. Əvvəl heç nə başa düşmədi, sakit qarşıladı. Bilmanın gəlməsini gözlədi. Sənədi ona verib nə olduğunu soruşanda o, səhv etdiyini etiraf edib təcili pul lazım olduğu üçün ilkin müqavilə bağladığını, sonradan ona pulun tam çatdırılmadığı üçün məhkəməyə müraciət etdiyini, məhkəmə tərəfindən iddiasının təmin olunmadığını bildirdi. İlkin ödəniş və 18 ay ödəmələrlə bağlı maddi sıxıntılar keçirmişdi. Ona çox maraqlıdır ki, ilkin müqavilə bağlanarkən nə üçün onun razılığı nəzərə alınmamışdır. Çünki, ilkin ödəniş və aylıq ödəmələr ailə büdcələri hesabına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsində göstərilənləri müdafiə edərək, bildirmişdir ki, cavabdehin təklifi əsasında "xxxx" MTK-nin Bayıl filialına gedərək, mənzilə baxmış, bəyəndikləri üçün ilkin ödəniş etmişlər. Bundan sonar iddiaçı hər ay ailə budcəsindən müəyyən qədər pulu cavabdehə verərək mənzilin dəyərini ödəmişdir. 2018-ci ildə cavabdeh evi özəlləşdirərək çıxarışı iddiaçıya təqdim etmişdir. İddiaçının heç bir məhkəmə prosesindən xəbəri olmamışdır. Bir gün masanın üzərində icradan gələn bildirişi gördükdə cavabdehdən soruşmuş, cavabdeh isə boynuna almaq məcburiyyətində qalmışdır. İddiaçının həmin zamana qədər iki cavabdeh arasında bağlanan ilkin müqavilədən xəbəri olmamışdır. Bu mübahisəyə görə iddiaçı ilə cavabdeh hazırda ayrı-ayrı yaşayırlar. Həmin mənzil birgə nikah dövründə ailə budcəsi hesabına alındığından ilkin müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, Təranə xanım ilə onun arasında olan razılığa əsasən Təranə xanımdan yalnızca 45 min manat pul almışdır. Lakin, Təranə xanım sözünü tutmadığı üçün o Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Apellyasiya və kasassiya instansiyalarının qərarı onun ziyanına çıxmışdır. O həmin qərarlardan hələ də narazıdır. Bu məhkəmə mübahisələri zamanı o Təranə xanımın tanışları və qohumları tərəfindən təhdidlərə və hədələrə məruz qalmışdır. Mənzilə gəldikdə isə yoldaşı hər ay ailə büdcəsindən MTK-ya ödəniş etmək üçün ona pul vermişdir. O həmin vəsaitin bir hissəsini MTK-ya ödəmiş, digər hissəsini isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O bütün bu olanları yoldaşından gizlətmiş və yoldaşına bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, bu mübahisələrin nəticəsi olaraq 2 Apellyasiya, 2 Ali Məhkəmənin qərarları var. O bütün instansiyalarda adil tərəf olduğu üçün qalib gəlmişdir. Evin bütün dəyərini ödəmiş, hətta əlavə olaraq 5100 və 7100 olaraq cərimələri də ödəmişdir. Cavabdeh1 ödənişləri vaxtında etmədiyi üçün,cərimələri də ödəmək məcburiyyətində qalmışdır. Mənzil püşk atma ilə verilmişdi. Bilmanın pulu olmadığını deyərək evi ona təklif etmişlər. O isə bəyəndiyi üçün almaq istəmişdir. Hazırda məhkəmə qətnaməsi olsa da evin sənədləşmə işləri üçün Cavabdeh1 ondan şirinlik istəyir. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmədiyi üçün iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X5 izahat verərək bildirmişdir ki, indiyədək olan məhkəmə mübahisələri göstərmişdir ki, pul tam ödənilmişdir. Məhkəmə mübahisələrindən Sevil xanımın xəbərinin olmaması absurddur. İlkin müqavilənin şərtlərinə əsasən mənzilin açarları Təranə xanıma verilməli idi. 30000 dollar depozitə qoyulub, qalan məbləğ isə hissə-hissə ödənilib. Hətta Təranə xanım əlavə cərimələri belə ödəyib. Qanuni qüvvə almış məhkəmə qətnaməsi olduğundan bu barədə mübahisə etməyə belə dəyməz. Sevda xanımın razılığının tələb olunması ilə bağlı isə qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməyə verdiyi izahda yoldaşının razılığına gərək olmadığı göstərilmişdir. Cavabdeh 46 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. 07.10.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh 46 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Beyləqan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İ-ЖГ 296196 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında nikah Səadət Sarayı tərəfindən 17 iyul 1974-cü il tarixdə bağlanmışdır. Nikahdan sonra ərə “Vəliyev”, arvada “Vəliyeva” soyadı verilmişdir. İş materiallarında olan DİN-nin 10.06.2021-ci il tarixli MAPS arayışından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MTK-nin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2015-ci il tarixli ********* saylı Payçı müqaviləsinin surətindən görünür ki, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 nömrəli binanın 1-ci blok, 11-ci mərtəbə, 44 saylı 3 otaqlı mənzilin ümumi sahəsi 116.67 kv.m olan-1kv.m 466.67ABŞ dollar olmaqla ümumi dəyəri 54.446.39 ABŞ dolları təşkil edir. İlkin ödəniş 10.50%, yəni 5.714.29 ABŞ dollar ödənilməli qalan 47.732.1 ABŞ dollar müqavilənin bağlandığı gündən etibarən 18 ay müddətinə cədvələ uyğun olaraq hər ay 2.707.34 ABŞ dollar ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş 1, mənzil 44 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 11.07.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.05.2016-cı il tarixli ilkin müqavilədən görünür ki, Cavabdeh1 Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 nömrəli binanın 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 116.67 kv.m olan 44 saylı 3 otaqlı mənzili gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra 81.669000 manata (54.446 ABŞ dolları ekvivalentində) satmağı, 45000 manatı (30.000 ABŞ dolları) müqavilə qüvvəyə mindiyi tarixdə ödəyir qalan 36669 manatı (24.446 ABŞ dolları) hissə-hissə ödəməyi öhdəsinə götürür. Əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra bağlanmalıdır. İş materiallarında olan "xxxx" MTK-nin Bayıl filialı tərəfindən Səbail RPİ-nin İstintaq Şöbəsinə ünvanladığı ödəniş cədvəlindən görünür ki, 2015-ci ilin noyabr ayında 6000 manat ilkin ödəniş, 2015-ci ilin dekabr ayında 2843 manat aylıq ödəniş, 2016-cı ilin may ayında 28.402.40 manat aylıq ödəniş, 2016-cı ilin may ayında 500 manat cərimə, 2016-cı ilin dekabr ayında 771 manat cərimə, 2016-cı ilin dekabr ayında 16753.40 manat aylıq ödəniş, 2017-ci ilin iyun ayında 24681.90 manat aylıq ödəniş, 2018-ci ilin mart ayında 5100 manat aylıq ödəniş, 2018-ci ilin mart ayında 1700 manat cərimə borcu ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK-nin Bayıl filialı tərəfindən Səbail RPİ-nin İstintaq Şöbəsinə ünvanladığı 15 iyul 2019-cu il tarixli məktubundan görünür ki, 14.03.2018-ci il tarixdə 5100 manat və 19.03.2018-ci il tarixdə 1700 manat şəxsən Cavabdeh2 tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1955/2021 saylı, 01.03.2021-ci il tarixli Qərarından görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binada 1-ci blok, 11-ci mərtəbədə yerləşən 44 saylı 3 otaqlı mənzilə dair bağlanmış 20.05.2016-cı il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi və onun tərəfindən cavabdehə 45000 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək son nəticədə, iddiaçıya məxsus mənzilə dair aralarında bağlanmış 20.05.2016-cı il tarixli “İlkin alqı-satqı müqaviləsinin” şərtlərinə əsasən “Əsas alqı-satqı müqavilənin” onların arasında bağlanması öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 2(006)-3166/2019 saylı işi üzrə 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, Cavabdeh1 üzərinə onunla Cavabdeh2 arasında "Kristal Abşeron” Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı (Çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 5satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyi qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyul 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı "müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” ilk iddiası təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.05.2016-cı il tarixli "İlkin alğı-satqı müqaviləsi” ləğv edilmiş, 45000 manat məbləğində pulun iddiaçı Cavabdeh1 tutularaq Cavabdeh2 ödənilməsi, Cavabdeh2 iddiaçı Cavabdeh1 qarşı "mənzilin alqı-satqı müqaviləsini bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – İlqar Dəmirov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Vüqar Həsənov) 09.06.2020-ci il tarixli, 2(102)2303/20 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Ziya Şirinov, Rafael Eyvazov) 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-1955/2021 saylı, 01.03.2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6232/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin icra vərəqəsinə izah verilməsinə dair 11.10.2021-ci il tarixli qərardadından görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında alğı-satqı müqaviləsinin bağlanılması zamanı borclunun arvadının razılığı olmamalıdır. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MTK-nin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2015-ci il tarixli ********* saylı Payçı müqavilə əsasında Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 nömrəli binanın 1-ci blok, 11-ci mərtəbə, 44 saylı 3 otaqlı mənzilin ümumi sahəsi 116.67 kv.m olan-1kv.m 466.67ABŞ dollar olmaqla ümumi dəyəri 54.446.39 ABŞ dolları təşkil edir. İlkin ödəniş 10.50%, yəni 5.714.29 ABŞ dollar ödənilməli qalan 47.732.1 ABŞ dollar müqavilənin bağlandığı gündən etibarən 18 ay müddətinə cədvələ uyğun olaraq hər ay 2.707.34 ABŞ dollar ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş 1, mənzil 44 xüsusi mülkiyyət hüququ üzrə 11.07.2018-ci il tarixdən mülkiyyətçisidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.05.2016-cı il tarixli ilkin müqavilə əsasında Cavabdeh1 Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 nömrəli binanın 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 116.67 kv.m olan 44 saylı 3 otaqlı mənzili gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra 81.669000 manata (54.446 ABŞ dolları ekvivalentində) satmağı, 45000 manatı (30.000 ABŞ dolları) müqavilə qüvvəyə mindiyi tarixdə ödəyir qalan 36669 manatı (24.446 ABŞ dolları) hissə-hissə ödəməyi öhdəsinə götürür. Əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra bağlanmalıdır. İlkin müqavilə bağlandığı və notariat qaydasında təsdiq edildiyi andan əmlak ikinci tərəfin sahibliyinə və istifadəsinə keçir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o mübahisəli evə dair bağlanılmış 20.05.2016-cı il tarixli ilkin müqavilənin etibarsızlığının əsası kimi həmin evin birgə nikah dövründə əldə edildiyindən onun razılığı olmadan bağışlanmasının yolverilməz olduğunu göstərmişdir. Məhz bu əsasla iddiaçı hesab edir ki, ilkin müqavilə etibarsız əqd olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə 20 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Sadalanan normalardan və Konstitusiya Məhkəməsinin mövqeyindən aydın olur ki, ərarvaddan birinin əldə etdiyi (adına olan) əmlakın onların ümumi mülkiyyəti hesab edilməsi üçün əşyanın nikah müddətində və ümumi gəlirlər hesabına əldə olunması zəruridir. Xüsusi diqqətə alınmalıdır ki, mülki qanunvericilikdə nikah dövründə əldə edilən əmlakın kim tərəfindən əldə olunmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Oxşar mövqe Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında da ifadə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məəcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında izah etmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Məhkəmə iddia tələbinə də bu aspektdən yanaşmağı, mübahisə predmeti olan torpaq sahəsinin hazırda tərəflərin ümumi mülkiyyəti hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğunu araşdırmağı zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ailə büdcəsindən MTK-ya ödəniş etmək üçün verilən pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. (Cavabdeh1 izahatı) 2015-ci ilin noyabr ayında 6000 manat ilkin ödəniş, 2015-ci ilin dekabr ayında 2843 manat aylıq ödəniş, ilkin alğı-satqı müqaviləsi (20.05.2016-cı il) bağlandıqdan sonra isə 2016-cı ilin may ayında 28.402.40 manat aylıq ödəniş, 2016-cı ilin may ayında 500 manat cərimə, 2016-cı ilin dekabr ayında 771 manat cərimə, 2016-cı ilin dekabr ayında 16753.40 manat aylıq ödəniş, 2017-ci ilin iyun ayında 24681.90 manat aylıq ödəniş, 2018-ci ilin mart ayında 5100 manat aylıq ödəniş, 2018-ci ilin mart ayında 1700 manat cərimə borcu ödənilmişdir. 14.03.2018-ci il tarixdə 5100 manat və 19.03.2018-ci il tarixdə 1700 manat şəxsən Cavabdeh2 tərəfindən ödənilmişdir. İlkin alğı-satqı müqaviləsinin predmeti olan mənzil Cavabdeh1 adına 11.07.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Həmçinin qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Mülki Məcəllənin 6-cı maddəsində müəyyənləşdirilmiş mülki qanunvericiliyin prinsipləri sırasında birbaşa nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Göründüyü kimi mülki hüquqların əldə edilməsi şəxsin iradəsinə və mənafeyinə uyğun olmalıdır. Ancaq ağır vəziyyətə düşmüş şəxsin məcburən bağladığı əqd nəticəsində onun həm iradəsi, həm də mənafeyi pozulmuş olur. Həmçinin məhkəmə qeyd edir ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Həmin hüququn realizəsini nəzərdə tutan Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə, yəni alğı-satqı müqaviləsinin etibarsızlığının nəticələri ilə bağlı 1 illik müddət şamil edilməlidir. Eyni zamanda, müqavilə xarakterli öhdəliklərdən irəli gələn nəticələrinin etibarsızlığı qanuni həlli baxımdan müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Yuxarıda da vurğulandığı kimi, tərəflər arasında müqavilə münasibətləri 20.05.2016cı il tarixdə yaranmış, iddiaçı isə məhkəməyə müraciəti 5 il sonra etmişdir. Hazırkı işdən göründüyü kimi, iddiaçının aradan uzun bir müddət keçməsinə baxmayaraq tələbin irəli sürməməsi, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan iddiaçının hüquqən qorunmağa daha az layiq olduğu meydana çıxır. İddiaçının ilkin müqavilə barədə məlumatın yeni əldə etdiyini yalnız onun mülahizələrinə əsaslanır və bu barədə məhkəməyə tutarlı sübutlar təqdim olunmamışdır. Başqa sözlə, iddia tərəfi, istinad etdiyi etibarsızlıq şərtini formal mülahizələrlə əsaslandırmış, konkret dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, istinad etdiyi halları sübut etmək iddiaçının borcudur. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Beləliklə məhkəmə hesab edir ki, ilkin müqavilənin etibarsızlığı ilə bağlı gətirdiyi dəlillər əsassız hesab edilməli və təmin edilməmlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsassız olması öz təsdiqini tapdığından həmin tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar