Məhkəmə qərarları › İş №2(009)-2491/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2491/2024

06.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2491/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Səbail rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Səbail rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək, 336 manat məbləğində borcun silinməsini xahiş etmişdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin su təminatının tənzimlənməsi və suya sərf olunan enerjinin hesablanması üçün yaşadığı evə kartla idarə olunan sayğac quraşdırılmışdır. 2024-cü ilin oktyabr ayına qədər karta istifadə meyarı üzərində müəyyən miqdarda vəsait yüklənmişdir. 2024-cü ilin oktyabr ayında evə yeni sayğac quraşdırılmış, lakin sayğac quraşdırıldıqdan sonra ona 336 manat borcunun olduğu bildirilmişdir. Sayğac üzərində hər hansı müdaxilə aşkar edilməmişdir, sadəcə sayğac istifadəyə yararsız olduğundan yenisi ilə əvəz edilmişdir. Bu zaman iddiaçının borcunun yaranması mümkün deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, sayğacı dəyişdirmək üçün iddiaçıya müraciət edilsə də, ilk vaxtlarda iddiaçı buna imkan yaratmamışdır. Sözügedən borc isə iddiaçının istifadə etdiyi suya görə hesablanmışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ ilə İddiaçı arasında bağlanmış Müqavilənin surətindən görünür ki, müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİS2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Cavabdehin sayğacların istismar vəziyyətini özündə əks etdirən vərəqəsindən görünür ki, iddiaçıya məxsus **********970 abonent kodu üzrə sayğac təmirə yararsız hesab edilmişdir. Suölçən cihazın yoxlanması nəticəsində kipliyin pozulması aşkar olundu. Suölçən cihazın platform hissəsi çatlamışdır, hesablama mexanizminə su yığılmışdır. Müdaxilə aşkar edilmədi. Cavabdehin hesab-fakturasından görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya su sərfiyyatına görə əlavə 336 manat məbləğində su borcu yaranmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçıya məxsus su sayğacı onun evindən kənarda yerləşir, cavabdeh təşkilat tərəfindən iddiaçıya 336 manat məbləğində su borcu yazılmışdır. Cavabdeh təşkilatın sayğacların istismar vəziyyətini özündə əks etdirən vərəqəsindən görünür ki, suölçən cihazın yoxlanması nəticəsində kipliyin pozulması aşkar olunmuş, suölçən cihazın platform hissəsi çatlamış, hesablama mexanizminə su yığılmışdır. İddiaçı tərəfin iddiasının faktiki əsaslandırması ondan ibarətdir ki, sayğacın istismara yararlılığına o cavabdehlik daşımamalıdır, o yalnız smart karta yüklədiyi pul həddində su sərf edib. Sayğaca kənar müdaxilə aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.8-ci bəndinə görə istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifələrinə aid edilmişdir. Həmin Qaydaların 6.4-cü məndinə görə yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Hazırkı işdə iddiaçıya məxsus su sayğacı evdən kənarda yerləşir. Yuxarıda qeyd edilmiş normalara görə sayğacın kipliyin pozulması və suölçən cihazın platform hissəsinin çatlamasına görə məsuliyyəti iddiaçı yox, cavabdeh daşıyır. Həmçinin, sayğacın işlək vəziyyətdə saxlanılması üçün məsuliyyəti də cavabdeh təşkilat daşıyır. Belə olan halda, iddiaçıya məsuliyyət daşımadığı səbəbə görə borc məbləğinin hesablanması qanuni ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, borc məbləği əsassızdır və silinməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən İddiaçı hesablanmış 336 manat borc silinsin. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar