Məhkəmə qərarları › İş №2(009)-250/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-250/2022

01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-250/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Z.E.Alıevanın iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli 366 nömrəli “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikasının neft-qaz sahəsində vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə Səhmləri tamamilə dövlətə məxsus olan qapalı tipli Cavabdeh ASC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilməsi qərara alınmışdır. 01.07.2009-cu ildən Cavabdeh İB Dövlət Neft Şirkətinin struktur bölməsi kimi fəaliyyətə başlamışdır. Onun yaşadığı ünvan 1 ünvana aid qaz sərfiyyatını hesablayan sayğac evindən kənarda, yəni küçə tərəfdə yerləşir və qaz işçiləri ayda bir dəfə həmin sayğaca baxış keçirərək yoxlama aparırlar. 2018-ci ilin iyul ayında Bakı X3 Departamentinin əməkdaşları evinə gələrək sayğacın düzgün işləməməsini bildirərək və onun əvəz edilməsi məqsədilə açıb aparmışlar. Ona görə də qaz sayğacı yeni ilə əvəz edilmiş və evinə Smart G-4 İTRON markalı GPG18051228 nömrəli sayğac quraşdırılmış və Cavabdeh “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23.07.2018-ci il tarixli akt tərtib edilmişdir. Akt tərtib edildikdən sonra Bakı X3 Departamentinin əməkdaşları tərəfindən yenidən 21.09.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edərək, həmin akta çıxarılan əvvəlki qaz sayğacının klapanının işlək olmaması, hesablama mexanizminin sol metrologiya plomb yuvasının ətrafının zədələnməsi qeyd edilmişdir. Bu əsasla, yəni guya ki onun tərəfindən sayğaca müdaxilə etdiyi üçün itirilmiş qazın bərpası üçün hesabat aparılaraq qazdan istifadə üzrə əlavə olaraq 120 gün üçün ümumilikdə 2304 kub.m. sərfiyyat məbləği hesablanaraq ondan 728,9 manat tələb olunmuşdur. Hesab edir ki, ona Cavabdeh İB Bakı X3 Departamenti tərəfindən ziyan kimi hesablanmış pul vəsaiti silinməlidir. Belə ki, tərtib edilmiş aktdan görünür ki, laboratoriyada sayğaca baxış keçirilərkən sayğacın klapanın işlək olmaması, hesablama mexanizminin sol metrologiya plomb yuvasının ətrafının zədələnməsi göstərilmişdir. İlk öncə qeyd etdiyi kimi sayğac evindən kənarda yerləşdiyindən və onun həmin sayğacı mühafizə etməklə bağlı hər hansı öhdəliyi olmadığından, sayğaca baş vermiş nasazlıqlara görə məsuliyyət onun üzərinə qoyula bilməz. Digər tərəfdən hətta nəzərə alınsa ki, sayğaca müdaxilə edilmişdir, bu halda sayğacın laboratoriyada müayinəsində onun iştirakı təmin edilməmişdir. Lakin göründüyü kimi, sayğaca laboratoriyada baxış keçirilərkən onun iştirakı təmin olunmamışdır. Bu isə həmin laboratoriya müayinəsini şübhə altına alır. Bundan başqa, əgər həqiqətən də sayğacın klapanın işlək olmaması, hesablama mexanizminin sol metrologiya plomb yuvasının ətrafı zədələnsə də, bu halda həmin müdaxilənin onun tərəfindən edilməsi sübut olunmalıdır. Lakin bu halları təsdiq edən hər hansı sübut yoxdur. Qaz İdarəsi əlavə sərfiyyat hesablayarkən qanunla müəyyən edilmiş hansı qaydanı əsas tutmuşdur məlum deyil. Digər tərəfdən hətta itki olsa belə, onun həmin itkiyə görə hər hansı məsuliyyəti ola bilməz. Qaz əməkdaşlarının işçilərin sayğacı dəyişdirərkən onun sayğacının laboratoriya iüayinəsinə göndərilməsi ilə bağlı heç bir şey bildirməmişlər. Sayğacın düzgün işləməməsini aşkar etdikdən sonra ona onun dəyişdirilməli olduğunu bildirmişlər, o, da buna hər hansı etiraz bildirməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı X3 Departamenti tərəfindən tərtib edilmiş 21.09.2018-ci il tarixli ******* nömrəli akta əsasən 120 gün üçün itirilmiş qazın bərpası üzrə hesablanmış 728,9 manat məbləğində borcun ünvan 1 ünvana aid abonent İddiaçı **********00000 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, sayğacı mənfiyə işlədiyi üçün, yəni ödədiyi pul məbləği bitdikdən sonra da sayğacdan qaz evə daxil olduğu üçün cavabdeh təşkilata müraciət etmiş və onun sayğacı dəyişdirilmişdir. Bir müddətdən sonra yeni sayğaca edilən ödənişlərin bir hissəsinin silinməsini müəyyən etmiş, cavabdehə müraciət etdikdə ona bldirmişlər ki, sayğacda qüsur aşkar olunduğu üçün itirmiş qazın bərpası üçün hesabat aparılmış və məbləğ abunə hesabına əlavə edilmişdir. Sayğac evdən kənarda qonşunun divarında quraşdırılmış, onlar tərəfindən hər hansı bir müdaxilə olunmamış, həmin borc əsassız yazılmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının evndə 4 dəfə sayğac dəyişdirilmişdir. Sonuncu dəyişdirilən sayğac laboratoriyada müayinə edilərkən sayğacın klapanının işlək olmaması, sayğaca müdaxilə aşkar edilmişdir. Onun əsasında müvafiq akt tərtib edilmiş, həmin akta görə itirmiş qazın bərpası üçün hesabat aparmış, 120 gün üçün 2304 kub.m. hesablanmış və 460 manat məbləğ iddiasının abunə hesabına qeyd edilmişdir. Hesab edir ki, akt əsasında abunə hesabına qeyd edilən məbləğ qanuni və əsaslı olmuşdur, bu səbəbdən iddianı rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 23.07.2018-ci il tarixli ******* nömrəli aktın kserosurətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı ünvan 2 ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacın dəyəri ödənməyən qaz sərfi halı olduğu üçün əvəzlənmişdir. İş üzrə Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-01068 saylı akta əsasən iddiaçıya aid sayğaca baxış keçirərkən 1402AZ**********55 nömrəli qaz sayğacında xətalar təyin edilə bilməməsi, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmaması, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş kənar təsir izdən aşkar edilməmiş, sayğacın klapanı işlək deyildi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəli olması müəyyən edilmişdir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.09.2021-ci il tarixli, ******* saylı aktın kserosurətindən görünür ki, İTRİ-nin MSK-29/1710-01068 saylı, 05.09.2018-ci il tarixli akta əsasən sayğacın klapanı işlək olmaması, hesablama mexanizminin sol metrologiya plomb yuvasının ətrafı zədəli olması, istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş 21.09.2018-ci il tarixli qərarın surətindən görünür ki, istehlakçı İddiaçı İTRİ “Sənaye və məişət qaz sayğacının yoxlanması laboratoriyası”nın rəyinə əsasən qaz sayğacına müdaxilə olunmuş və nəticədə qaz itkisi yaranmışdır, ******* saylı 21.09.2018-ci il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 120 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2304 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə abonent İddiaçı (kod **********00000) abonent saldosundan görünür ki, ona 2018-ci ilin sentyabr ayında akt əsasında 460,80 manat əlavə borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 23.07.2018-ci il tarixdə iddiaçının yaşadığı mənzilə aid olan sayğaca baxış keçirilmiş və sayğacın “dəyəri ödənməyən qaz sərfi” halı aşkar olunduğu üçün onun əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra MSK- 29/1710-01068 saylı akt tərtib edilmişdir. Akta əsasən sayğacın plastmas qapağının qoruyucu şüşəsinin alt tərəfində iz olması, qoruyucu şüşəni plastmas qapağa bərkidən 4 qulaqciqdan biri aşkar olunmaması müəyyən edilmişdir. Qüsura görə nəticə kimi “qaz itkisi, müdaxilə” halının olması müəyyən edilmişdir. Həmin akt əsasında 21.09.2018-ci il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın 21.09.2018-ci il tarixli qərarı ilə iddiaçıya 2304 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı mənzildən kənarda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman sayğacda heç bir zədə olmamışdır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı 728,9 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, akt əsasında iddiaçının abunə hesabına iddia ərizəsində qeyd edildiyi kimi 728,9 manat deyil, 460,80 manat borc yazılmışdır. Məhkəmə həmin borcla bağlı qeyd edir ki, cavabdeh orqan həmin borcu yazmaqla qanunun tələblərini pozmuşdur. Belə ki, AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydadarı”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı birbaşa iddiaçının abunə hesabına yazmış və bununla da qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir. AR Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Digər tərəfdən «Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüquququn olmasını anlamına gəlmir. Beləliklə akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun iddiaçının abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, akt əsasında itirilmiş qazın bərpası üzrə hesablanmış məbləğin iddia tələbində qeyd edildiyi kimi 728,9 manat deyil, 460,80 manat olması müəyyən edildiyindən, həmin borc iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Məktəb Meydanı, 36 saylı evə dair Cavabdeh İB-nin Bakı X3 Departamentinin 21.09.2018-ci il tarixli ******* saylı aktı əsasında həmin tarixdə qəbul edilmiş qərarına əsasən iddiaçının abunə hesabına (**********00000) yazılmış 460,80 (dörd yüz altmış manat, səksən qəpik) manat əlavə borc silinsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar