Məhkəmə qərarları › İş №2(009)-2516/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2516/2021

22.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2516/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı və vəkili Z.L.Kazımovun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan, ümumi sahəsi 62,3 kv.m., yaşayış sahəsi 37,4 kv.m. 2 otaqlı, paylı mülkiyyətdə olan mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır, tənha qadındır, 1957-ci ildə Bakı şəhərində doğulmuşdur, hazırda ona baxan yoxdur, özünə baxmaq müəyyən çətinliklərlə səbəb olur. Qonşuluqda yaşayan Cavabdeh ona yaxınlaşaraq evi ona vəsiyyət etdiyi halda ona ömrünün sonuna kimi baxacağına söz vermişdir. O, da cavabdehə inanaraq əvvəlcə 31.03.2021-ci il tarixdə onunla birlikdə Bakı şəhəri 54 saylı notariat ofisinə gedərək 2V-36 nömrəli reyestrdə təsdiq edilmiş vəsiyyətnamə vermiş və vəsiyyətnamədə ölən günədək ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Bir ay müddətində ona baxmış və bir övlad kimi qulluğunda durmuş, lakin sonradan evi indidən onun adına keçirməyini istəmiş və bunu alqı-satqı yolu ilə etməsini bildirmişdir. O, da cavabdehə inanaraq razılıq vermiş və 27.04.2021-ci il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzinə gədərək alqı-satqı müqaviləsi bağlamışlar. 10-15 gün ona baxmaqda davam etmiş və sonradan imtina etmiş, daha ona köməklik göstərməmişdir. O, dəfələrlə səbəbini öyrənməyə çalışmışsada bir nəticə edə bilməmişdir. Vəziyyəti belə görüb o, 17.09.2021-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisinə gedərək ərizə ilə müraciət etmiş və 31.03.2021-ci il tarixdə 2V- 36 nömrəli qeydə alınmış vəsiyyətnaməni ləğv etmişdir. Cavabdeh onu aldatdığı üçün alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuz və əsassızdır, mülk üzərində edilmiş belə alqı-satqı müqaviləsi qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notarial ofisinjə bağlanmış 27.04.2021-ci il tarixli, AN-İ No0940448 saylı reyestrdə 4Ə-746 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh ona heç bir pul verməmiş, bu iddianı ona yaxşı baxmadığına görə qaldırmışdır. Hazırki vaxtadək evində yaşayır, cavabdeh isə həyətdə kirayədə yaşayır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının evini pul verərək almışdır. Belə ki, mart ayında ilkin olaraq 10000 manat iddiaçıya vermiş, notariusa gedərkən notarius onlara bildirmişdir ki, ev paylı mülkiyyətdədir, digər mülkiyyətçinin razılığı lazımdır. O, digər mülkiyyətçi ilə əlaqə yaradarkən onun qızı bildirmişdir ki, anası xaricdədir, bir neçə həftəyə gələcəkdir. Buna görə də notariusda həmin evə dair ona iddiaçı vəsiyyətnamə vermişdir. Digər mülkiyyətçi Bakıya gəldikdən sonra notariusa getmiş, razılaşdırılmış məbləğdən ödənilməyən 11000 iddiaçıya verərək alğı-satqını rəsmiləşdirmişlər. Notariusda iddiaçı 3 aya evi tərk edəcəyini bildirmişdir. Avqust ayında o iddiaçıdan evdən çıxmasını xahiş etmiş və demişdir ki, evi təmir etmək istəyir. İddiaçı ona evdən çıxmayacağını, evini qaytarmağını tələb etmişdir. Hesab edir ki, qaldırılan iddia əsassızdır və məhkəmədən onun rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə daşınmaz əmlakın Dövlət reyestrindən 24.10.2008-ci il tarixli çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 65 saylı evin 2 otaqlı 3a saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1 otaq İddiaçı, 1 otaq (y/s 16,0 kv.m.) X3 mülkiyyətindədir. İş üzrə Bakı şəhər 54 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş və İddiaçı tərəfindən tərtib edilmiş 31.03.2021-ci il tarixli vəsiyyətnamənin kserosurətinə əsasən ölən günədək ona məxsus olan bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir. İş üzrə notariat işinin surətində olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 27.04.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin ona məxsus hissəsini (21.3 kv.m. olan 1 otaq) 11.500 manata Cavabdeh satmışdır. İş üzrə notariat işinin surətində olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı, X7, X6, X4 Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3A saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə notariat işinin surətində olan X7 və X6 tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış 27.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan hissəsinin (1 otaq) satılmasına etiraz etmirlər. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. İş üzrə İddiaçı tərəfindən ünvan 5 ünvanlanmış 16.09.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, 31.03.2021-ci il tarixli 2V-36 nömrəli reyestrlə təsdiq edilmiş Cavabdeh verdiyi vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. İş üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 65 saylı evin 2 otaqlı 3a saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1 otaq (21,3 kv.m.) Cavabdeh, 1 otaq (y/s 16,0 kv.m.) X2 mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qonşudurlar və iddiaçı tənha qadındır. İddiaçı tənha olduğu üçün cavabdeh ona maddi köməklik etmiş və ona qulluq etmişdir. Bu səbəbdən iddiaçı bunun qarşılığında mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, sahəsi 21,3 kv.m olan 1 otaqlı mənzilə dair 31.03.2021-ci il tarixdə cavabdehin adına vəsiyyətnamə tərtib etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 27.04.2021ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, sahəsi 21,3 kv.m olan 1 otaqlı mənzilin 11500 manata alğı-satqısına müqavilə bağlanılmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında mənzil üzərində cavabdehin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, mübahisəli mənzilin alğı-satqı müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuş və qanunla tələb olunan razılıqlar alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh ona ömrünün axırına qədər baxacağının qarşılığından mülkiyyətindəki mənzili ona vəsiyyət etməsini istəmişdir. İddiaçı həmin vəsiyyətnaməni verdikdən sonra cavabdeh ona bir ay qulluq etmiş, lakin bir ay sonra mənzili onun adına alğı-satqı müqaviləsi ilə keçirilməsini istəmişdir. İddiaçı cavabdehə inanaraq mənzilin alğısatqısına razılıq vermiş və mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Bundan sonra cavabdeh ona 15 gün ərzində baxmış, lakin sonradan cavabdehə hər hansı köməklik göstərilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən aldadıldığını və alğı-satqı müqaviləsini aldatma yolu ilə bağlanılmasını əsas tutaraq onun etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü tələblə bağlı aşağıdakılraı qeyd edir. Mülki Məcəllənin alğı-satqı müqaviləsi haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 02.04.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarını əsas tutaraq belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının mənzilin alğı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, işin mübahisəsiz və faktiki halları odur ki, iddiaçı tənha və yaşlı qadındır, yaşadığı mənzil onun yeganə yaşayış yeridir və həmin mənzili sataraq ona yaxın ərazidə və yaşadığı mənzilin sahəsinə və şəraitinə uyğun, alğı-satqı müqaviləsində göstərilən qiymətə başqa mənzil alması qeyri-mümkündür. Yəni iddiaçı həmin mənzili sataraq əldə etdiyi pulun müqabilində ən azı əvvəlki mənzilə xas olan şəraitə və sahəyə başqa mənzil alması qeyri-mümkün olduğu üçün, onun mənzili satmaqla bağlı həqiqi iradə ifadəsinin olması inandırıcı və ağlabatan deyil. Bu fakt isə onu göstərir ki, iddiaçının mənzili satmağa iradə ifadəsi olmamışdır və o, aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlamışdır. Bu hal hamıya məlum olan fakt olduğu üçün sübut edilməsindən azaddır. Məhkəmə digər tərəfdən cavabdehin evə görə ilkin olaraq 10000 manat pul verdiyini, digər paylı mülkiyyətçinin Bakı şəhərində olmama əsası ilə bu münasibəti vəsiyyətnamə ilə rəsmiləşdirilməsi, paylı mülkiyyətçinin Bakı şəhərinə qayıtdıqdan sonra alğı-satqının həyata keçirilməsi barədə dəlilləri üzrə qeyd edir ki, alınacaq əmlaka görə ilkin ödənişin həyata keçirilməsi qanunvericilikdə beh müqaviləsi və ya ilkin müqavilə ilə rəsmiləşdirilə bilərdi. İlkin alğı-satqı üçün 10000 manat pulun verilməsini vəsiyyətnamə verilməklə rəsmiləşdirilməsini məhkəmə ağlabatan və inandırıcı hesab etmir. Eyni zamanda cavabdehin ev almaq üçün razılaşdırılmış 21000 manat pul məbləği alğı-satqı müqaviləsində də öz əksini tapmamışdır. AR MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəfdən iddiaçı tərəfindən mənzilə dair vəsiyyətnamə verərək sonradan alğı-satqı müqaviləsi bağlaması və alğı-satqıdan sonra vəsiyyətnaməni ləğv etməməsi, alğı-satqısından sonra da həmin mənzildə yaşamağa davam etməsi, alğı-satqı müqaviləsində mənzilin 3 ay ərzində təhvil verilməsinin göstərilməməsi, iddiaçının mənzili alsa da, hazırda həmin həyətdə kirayədə yaşaması onu göstərir ki, iddiaçının mənzili satmaq niyyəti olmamışdır. O bunu məhz özünün tənha olması və başqa şəxsin qulluğuna olan ehtiyaclarının qarşılanması müqabilində etmişdir. Lakin tərəflər alğı-satqı müqaviləsini bağladıqdan sonra cavabdeh vədini yerinə yetirmədiyi üçün, o, alğısatqı müqaviləsini bağlayan zaman aldatma ilə hərəkət etməsi təsdiq etmişdir. Yəni cavabdehin alğı-satqı müqaviləsini bağlayarkən aldatma ilə hərəkət etməsi açıq və aşkar göründüyü üçün, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. AR Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə alıcı Ziniyət Ələkbərova aldatma ilə hərəkət etidyi üçün və bu hallar iddiaçıya alğı-satqı müqaviləsi bağlanıldıqdan sonra məlum olduğu üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün, onun hüquqi nəticələri də ləğv edilməli və mənzil üzərində iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Yəni alğı-satqı müqaviləsi əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməli və iddiaçının mənzil üzərində mülkiyyət hüquqları bərpa edilməlidir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə X5 arasında Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, bir otaqlı, sahəsi 23,1 kv.m olan mənzilinə dair Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notarial ofisində bağlanmış 27.04.2021-ci il tarixli, AN-İ No0940448 saylı reyestrdə 4Ə- 746 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında X1 adına Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 65 saylı evin 3a saylı, bir otaqlı, sahəsi 23,1 kv.m olan mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilsin və həmin mənzilə dair İddiaçı mülkiyyət hüquqları bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar