Məhkəmə qərarları › İş №2(009)-257/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-257/2022

11.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-257/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (üçüncü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla) nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin – Cavabdeh (Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs kimi cəlb edilən) qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi Cavabdeh qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh tərəfindən aparılan qeyriqanuni tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı bina 1987-ci il tarixdə inşa edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olmaqla Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil- İstismar hissəsinin təminatındadır. Bina 23 mərtəbəli 1 bloklu olmaqla 36 xüsusi təyinatlı mənzildən ibarətdir. ünvan 2 ünvanında yaşayan vətəndaş Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz olaraq yaşadığı mənzilin eyvanında artırma işləri apararaq binanın konstruksiya quruluşunda dəyişiklik etmişdir. Qeyri-qanuni tikinti işlərinin dayandırılması ilə əlaqədar edilmiş rəsmi və şifahi xəbərdarlıqlara baxmayaraq vətəndaş Cavabdeh apardığı tikinti işlərini davam etdirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh tikinti işlərini aparmaq üçün heç kimdən icazə almadığını və yaşadığı mənzilin eyvanının artırılmasını ailə üzvlərinin sayının çox olması səbəbindən mənzilin otaq sayını artırmaq istəməsi ilə əlaqələndirmişdir. O, qanunsuz tikinti işlərini dayandırmaq barədə mənzil-istismar sahəsi tərəfindən verilmiş xəbərdarlıqlarla tanış olduğunu, həmçinin xəbərdarlıqlara baxmayaraq tikinti işlərini dayandırmadığını da etiraf etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin əsl iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2022 saylı, 22.02.2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil- İstismar Hissəsi əsl iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ailə üzvləri ilə birgə 1997-ci ildən etibarən ünvan 3 ünvanında yaşayır. Ailə üzvləri - övladları X8 və X10r. Böyük övladı X1 psixi problemlər olduğundan psixo-nevroloji dispanserdə qeydiyyatdadır. Yaşadığı mənzildə övladları ilə birgə 2019-cu ildən etibarən qeyri-rəsmi münasibətdə olduğu 2-ci Qarabağ müharibəsi qazisi X12 da yaşayır. Mənzilin sıxlığını nəzərə alaraq eyvanın enini və uzunluğunu artırmaq yolu ilə mənzildə olan mətbəxi, həmin eyvana köçürmək niyyətinə düşmüşdür. Lakin onunla qonşuluqda yaşayan vətəndaş O.Əlizadə onun bu fikrinə narazılıq etmişdir və tikintini dayandırmağı tələb etmişdir. Halbuki, ona əvvəlcədən icazə vermişdir. O, ailə üzvlərinin sayının çoxluğunu, mənzilinin kiçikliyini nəzərə alaraq, eyvanın böyüdülməsini davam etmişdir. Tikintinin aparılmasında məqsədi övladlarının yataq otaqlarını ayırmaq olmuşdur. Çünki böyük övladı psixi problemlərinı görə əsəbidir və digər övladına xəsarət yetirə bilər. Buna görə də eyvanı böyüdərək, mətbəxi eyvana köçürmək, onun yerində isə əlavə yataq otağı etmək istəmişdir. Mənzilin eyvanında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı hər hansı quruma müraciət etməmişdir. O, təmirə başlamaq üçün xeyli miqdarda kreditə pul götürmüş və həmin pulları təmirə sərf etmişdir. Bundan başqa nə tikinti işlərini görməyə, nə də ki övladlarına başqa mənzil almağa imkanı yoxdur. Həmçinin bildirmişdir ki, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Qarnizonu Mənzil-X5 195 saylı 26 noyabr 2021-ci il tarixli əmrindən görünür ki, 1 nömrəli Mənzil-İstismar sahəsinin vəzifəli şəxslərinə Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 23, mənzil 11 ünvanında aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılmasının təmin edilməsi əmr edilmişdir. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 1 nömrəli №-li Mənzil-İstismar Sahəsinin 315 saylı 02 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Ailə tərkibi oğlu X9, X6 ibarətdir. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Sahəsi 1 nömrəli №-li Mənzil-İstismar Sahəsindən Cavabdeh ünvanlanmış 05 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona yaşadığı evdə aparılan qanunsuz tikinti işlərinin (eyvanın artırılması) təcili olaraq dayandırılması və sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Sahəsi 1 nömrəli №-li Mənzil-İstismar Sahəsi tərəfindən 14 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, 1 saylı MİS-nin mühəndisi Sarıyev R., texnik Muradov M. və dalandar Teymurov A. həmin aktı tərtib etmişlər ondan ötrü ki, A.Abbaszadə küçəsi, 23 saylı binanın 7-ci mənzilində yaşayan Əlizadə F.-in müraciətinə əsasən onun mənzilinə baxış keçirilmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, həmin binanın 11-ci mənzilin sahibi vətəndaş Cavabdeh mənzilində su borusunda baş vermiş nasazlıq nəticəsində 7-ci mənzilin dəhlizin, hamam və s/q, tavan və divarların təmiri sıradan çıxmışdır və vətəndaş Əlizadə F.-ə maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küşəsində istifadədə olan 0,04245 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 9 mərtəbəli binada, 44.22 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 385 nömrəli reyestr kitabının 35842 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə ünvanlanmış 24 yanvar 2022-ci il tarixli 49 saylı məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” kimi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmadığını göstərmişdir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.1-ci bəndində göstərilmişdir ki, Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. Bu Qaydanın əsas məqsədi tikinti işləri zamanı sifarişçi və podratçı tərəfindən qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra – normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuların qarşısının vaxtında alınması və aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirməkdən ibarətdir. (Qayda 1.2) Bu Qayda Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından və təyinatından asılı olmayaraq bütün tikinti obyektlərinə şamil olunur. Bu Qayda Məcəllənin 79-cu maddəsinə əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə, habelə reklam qurğularına şamil olunmur. (Qayda 1.3) Bu Qaydaya uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X11 (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə X11nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. (Qayda 1.4) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir və Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X11 və Tikintidə Təhlükəsizliyə X11nin Baş Dövlət Tikinti Müfəttişliyi (vasitəsilə həyata keçirir. Məhkəmə qeyd edir ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin – Cavabdeh (Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs kimi cəlb edilən) qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” tələbinə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin – Cavabdeh (Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs kimi cəlb edilən) qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar