Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-26/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, X7 və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında, 3862 nömrəli işlək neft-qaz quyusunun mühafizə zonasında, 39T 399455.5; 4466840.8 coğrafi koordinatlarda yerləşən SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin "Azneft" İstehsalat Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq “Azneft" İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh. X11 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-ın “Azneft" İstehsalat Birliyinin (İB) "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 3862 nömrəli işlək neft-qaz quyusunun mühafizə zonasında, 39T 399455.5; 4466840.8 coğrafi koordinatlarda yerləşən bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, həmin torpaq sahəsi 3862 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənəd - Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X11 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə 17 dekabr 2008-ci ildə təsdiq olunmuş xəritədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 bildirmişdir ki, torpaq sahəsi sərəncamla ayrılmışdır. İddia əsassızdır. Daha öncə də ona qarşı iddia qaldırılmış və iddia rədd edilmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və digər 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Sərəncamından görünür ki, bələdiyyə ərazisində olan 200 kv.m torpaq sahəsi X8 adına rəsmiləşdirilmişdir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, 200 kv.m torpaq sahəsi X12 tərəfindən alınmışdır. - X12 tərəfindən 30 oktyabr 2007-ci ildə verilmiş etibarnamədən görünür ki, o, Səbail Rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə Səbail rayonu, G.Əliyev küçəsində yerləşən 200 kv.m sahəsini özəlləşdirmək, şəhadətnamə almaq və üzərində digər əmlak hüquqlarının həyata keçirə bilməsi üçün Cavabdeh 30 il müddətinə səlahiyyət vermişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli 3-16-16/2-10/9779/2024 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının nümayəndəsi ilə birgə torpaq sahəsinin yerləşdiyi ünvanda olduq. Lakin giriş darvaza qapısı açılmadığından sözügedən sahəyə daxil olub ölçü işlərinin aparılması mümkün olmadı (baxış üçün şərait yaradılmadı). Sahənin çöl tərəfindən bir ədəd istinad koordinatı götürülmüşdür. Nümayəndə tərəfindən göstərilən sahənin yaxın ətrafında neft quyuları və boru xətləri vardır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Bibiheybətneft NQÇİ). Tək koordinatlı sahədən 55 metr məsafədə ləğv edilmiş, 63-69-78 metr məsafələrdə isə işlək neft quyusu məlumatları mövcuddur. Sahə Dövlət mülkiyyəti torpağıdır. Cavabdeh inşa etdiyi tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici və texniki sənədlər olmadığından, həmin tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmamağını müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 455/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 59/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “Azneft” İB-nin cavabdeh X3 qarşı “ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 sentyabr 2022ci il tarixli, 2(103)-563/2022 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 sentyabr 2022-ci il tarixli, 2(103)-563/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) - 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. - 240-cı maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. - 243-cü maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. - 244-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 9-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. - 22-ci maddəsinin tələblərinə görə sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. - 46-cı maddəsinə əsasən Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. - 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf cavabdeh tərəfindən sözü gedən evdən istifadə edilməsinin hazırki vəziyyətdə iddiaçının hansı hüquq və mənafeyinə xələl gətirməsinə, yəni neft-qaz əməliyyatlarının aparılması ilə bağlı işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, analoji məhkəmə mübahisəsi X4 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış predmeti olmuş və həmin məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: (Bax Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5787/2022 saylı xx.xx.2022ci il tarixli qərarı) “Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdi və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın).” Ona görə məhkəmə həmin işdə belə qənaətə gəlmişdir ki, şikayətçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan (mülkiyyət hüquqları) hüquqları pozulmamışdır. Lakin, həmin işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Bununla bağlı Məhkəmənin əsaslandırması aşağıdakı kimi olmuşdur: “Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X9rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin Azneft-in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən Bələdiyyə ərazisində olan 200 kv.m torpaq sahəsinin X8 adına rəsmiləşdirilmişdir. Torpaqların alqısatqısına dair akta əsasən 200 kv.m torpaq sahəsi X12 tərəfindən alınmışdır. X12 isə öz növbəsində 30 oktyabr 2007-ci ildə həmn ərazidə yerləşən torpaq sahəsini özəlləşdirmək, şəhadətnamə almaq və üzərində digər əmlak hüquqlarının həyata keçirə bilməsi üçün Cavabdeh etibarnamə vermişdir. “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində ünvan 3 ünvanında vətəndaş X7 tərəfindən ərazinin bir hissəsinin zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmiş və 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. İddiaçıya məxsus Səbail rayonu, Lomonosov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericilikdə həmin kateqoriya torpaqlar üçün müəyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Göstərilən iddia üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-59/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “Azneft” İB-nin cavabdeh X3 qarşı “ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)-563/2022 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-455/2023 saylı qərarı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş hallar üzrə sübutlar təkzib edildiyindən (şübhələrdən kənar sübutlarla təsdiq edilmədiyindən) və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, həmçinin mübahisələndirilən torpaq sahəsində olan tikiliyə dair hüquqmüəyyənedici rəsmi sənəd təqdim edildiyindən, habelə iddiaçı tərəfindən məhz qeyd edilən tikilinin mübahisələdirilməsi bildirildiyindən, birinci instansiya məhkəməsində tərtib edilən mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verilməsinə zərurət qalmır. Belə ki, torpaq üzərində iddiaçının istifadəsində olan torpaq sahəsinin yüklülüyü birinci instansiya məhkəməsində icraat zamanı müzakirə edilməyib və iddiaçı bu istiqamətdə araşdırma aparmadan məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, gözlənilən mülkiyyət (əmlak) və istifadə hüququnun toxunulmamazlığı üzrə onun mübahisələndirilməməsi hazırki iddianın ərz edilən əsaslarla müzakirəsini yolverilməz edir və bu iddianın müzakirəsi mümkünlüyü dövlət tərəfindən tanınan hüququnun ləğvi (və ya müvafiq kompensasiya verilməklə hüquqa xitam verilməsi) halında mümkündür. Daha sonra qeyd edilmişdir ki, ehtimal edilən torpağın üzərində hazırki cavabdehin hüquqları yalnız təmsilçilik səciyyəsi daşıya bilər. Mübahisələndirilməyən bələdiyyə sənədi üzrə hüquqlar isə sonuncuya və X10 aid ola bilər ki, onların məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsi, torpağ üzrə istifadə, sahiblik və sərəncam hüquqlarının şübhələrdən kənar sübutedici vasitələrlə sübuta yetirilməsi, habelə prosessual hədlər baxımından tələbin və onun yönəldiyi şəxslərin dəyişməsi mümkünlüyü müəyyən olunmamışdır. Qeyd edilən məhkəmə aktları hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də məhkəmə hesab edir ki, iddiaçı həmin iş üzrə cavabdeh olmuş X2 övladı, hazırki iş üzrə cavabdeh, adına etibarnamə verilmiş Cavabdeh qarşı da eyni ünvanda eyni əsaslarla iddia qaldırılmış və buna görə də hazırki iş üzrə qeyd edilən məhkəmə aktlarında müəyyən edilmiş bəzi diqqətəlayiq, mühüm məqamlara diqqət yetirilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, Səbail X1 adına ayrılmış 30 dekabr 2004-ci il tarixli sərəncamı və buna əsasən bağlanılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi heç bir dövlət qurumu və təşkilatı tərəfindən mübahisələndirilməyərək, hal-hazırda da qüvvədədir. Bundan əlavə, işin materiallarından görünür ki, Cavabdeh etibarnamə ilə torpaq sahəsini istifadə etməyə başladıqdan sonra Səbail Bələdiyyəsinin ********** nömrəli vergi hesabına mütəmadi torpaq vergisi üçün ödənişlər etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi qüvvədə olan torpağa dair hüquqmüəyyənedici sənəd mövcud olmaqla, cavabdeh həmin sahədən ona verilmiş etibarnamə əsasında yaşayış məqsədi ilə istifadə etmiş və etməkdədir. İddiaçının istinad etdiyi hallar eyni məzmunlu, lakin digər cavabdehə qarşı olan iddia üzrə yuxarıda qeyd edilən məhkəmə mübahisəsinin araşdırma predmeti olmuş. Lakin buna baxmayaraq iddiaçı həmin araşdırılmış və hüquqi qiymət verilmiş əsaslarla hazırki iddianı qaldırmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı SOCAR-ın İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı SOCAR-ın İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X5 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-26/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-26/2025
30.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver