Məhkəmə qərarları › İş №2(009)-260/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-260/2021

10.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-260/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X8, Cavabdeh2, X1 iştirakları ilə, İddiaçı – Cavabdeh2 (3-cü şəxs Bakı şəhəri 46 saylı Notariat Kontoruna və maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi qeyd edilən) qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etbarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi,vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi, vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Kontoruna və Cavabdeh2 (maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi qeyd edilən) qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etbarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi, vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 xüsusi mülkiyyətində olmuş, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə Bakı şəhəri, 46 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 xx.xx.2013-cü il tarixdə verilmiş, reyestrdə 2v/05 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi, X4 xüsusi mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 42 saylı mənzilə onun mərhum oğlu X9 vərəsəlik hüququnun tanınması, X9 həmin əmlak üzərində və 1/2 hissədə payının müəyyən edilməklə yenidən vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil özəlləşdirmə əsasında xüsusi mülkiyyət hüququ ilə nənəsi X7 məxsus olmuşdur. O, xx.xx.2012-ci ildə vəfat etmişdir. X12 əri X17 isə xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Vəfat etmiş nənəsi və babasının qanun üzrə 2 vərəsəsi - atası X18 və bibisi Cavabdeh2 olmuşdur. Nənəsi və babasının hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında əmanətləri olmuşdur. Beləliklə, nənəsi X4 vəfatından sonra həm onun və həm də babasının hər birinin adına ayrı-ayrılıqda Əmanət Bankında olan əmanətlərdən başqa eyni zamanda ünvan 3 ünvanında yerləşən X12 adına olan 42 saylı miras mənzil qalmışdır. Həmin mənzildə mərhum X31, anası Nəzakət Hüseynova, bacısı Emilya Hüseynova, bibisi Cavabdeh2 və o, qeydiyyatda olmaqla həmin mənzildə yaşamışlar. Eyni zamanda o, həmin mənzildə doğulmuşdur. X31 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Digər şəxslər, yəni anası Nəzakət Hüseynova, bacısı Emilya Hüseynova, bibisi Cavabdeh2 və o, bu gün də həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Beləliklə X31 və bibisi Cavabdeh2 nənəsi və babasının miras əmlaklarından bərabər hissədə irs almışlar. Belə ki, nənəsi və babasının miras əmlaklarına dair Bakı şəhəri, 46 saylı notariat kontorunda - Bakı şəhəri 46 saylı Notariat Kontorunun 2v/280 saylı, xx.xx.2012-ci il tarixdə başlanıb xx.xx.2012-ci il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işinənəsinin SSRİ Əmanət Bankında əmanətləri barədə, Bakı şəhəri 46 saylı Notariat Kontorunun 2v/281 saylı xx.xx.2012-ci il tarixdə başlanıb xx.xx.2012-ci il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işi-babasının SSRİ Əmanət Bankında əmanətləri barədə, Bakı şəhəri, 46 saylı Notariat Kontorunun 2v/05 saylı xx.xx.2013-cü il tarixdə başlanıb xx.xx.2012-cü il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işi-nənəsinin X5 xüsusi mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 42 saylı mənzil barədə 3 (üç) qanun üzrə vərəsəlik işi olmuşdur. Birinci iki vərəsəlik işi üzrə, yəni 2012-ci ilin dekabr ayının 13də başlanıb-qurtarmış vərəsəlik işi üzrə X31 notariat kontoruna ərizə verərək, nənəsinin və babasının hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərindən ona düşən payın bibisi Cavabdeh2 verilməsinə etiraz etmədiyini bildirmişdir. Üçüncü, xx.xx.2013-cü il tarixdə başlanıb qurtarmış vərəsəlik işi üzrə, yəni X12 xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən payın bibisi Cavabdeh2 verilməsi barədə barədə X31 notariat kontoruna ərizə verməmiş, başqa sözlə, həmin paydan üçüncü şəxsin xeyrinə imtina etməmişdir. Belə ki, X31un vəfatından sonra yəni 2020-ci ilin avqust ayında onlar qanun üzrə vərəsələr (anası, bacısı və o) Bakı şəhəri, 46 saylı Notariat Kontoruna müraciət edərək, mərhum nənəsi Qalina Hüseynovadan miras qalmış ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildən xx.xx.2020-ci il tarixdə vəfat etmiş Tofiq Hüseynova çatası hissəyə dair irsi transmissiya üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edilmişdir. Həmin müraciətə Bakı şəhəri, 46 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli x/613 saylı məktubu ilə cavab verilmiş, həmin məktubun məzmunundan məlum olmuşdur ki, X31 2012-ci ilin dekabr ayının 13-də başlanıbqurtarmış birinci iki vərəsilik işi üzrə, nənəsi və babasının hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərdən ona düşən paydan bibisi Cavabdeh2 xeyrinə imtina etmiş, lakin üçüncü, yəni bundan 3 ay sonra - xx.xx.2013-cü il tarixdə başlanıbqurtarmış vərəsəlik işi üzrə X12 xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən paydan 3-cü şəxsin xeyrinə imtina etməmiş, yəni həmin payın bibisi Cavabdeh2 verilməsi barədə notariat kontoruna ərizə verməmişdir. Bu hal ona məhz həmin məktub daxil olduqdan sonra, yəni bu ilin avqust ayında məlum olmuşdur. Bundan sonra o, müvafiq notariat işlərinin əldə olunması üçün dərhal vəkilə müraciət edərək müqavilə bağlamış və Bakı şəhəri, 46 saylı Notariat Kontoruna vəkil sorğusu verilmişdir. Həmin vəkil sorğusu əsasında hər üç vərəsəlik işi onlara təqdim edilmişdir. Bu zaman məlum olmuşdur ki, bibisi Cavabdeh2 mərhum nənəsi Qalina Hüseynovaya məxsus olan miras əmlak-mənzili öz adına vərəsəlik qaydasında rəsmiləşdirmiş, rəsmiləşdirmə zamanı qanunsuzluğa yol verilərək, digər vərəsə-atası Hüseynov gizlədilmişdir. Notariat kontorunda vərəsəlik dairəsi tam göstərilməmişdir. Həqiqətən də notariat işindən məlum olur ki, vərəsə olaraq X31 siyahıda göstərilməmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hərəkətləri hüquqa zidd olmuş, qanunsuz sənədləşmə işləri aparılmaqla, miras əmlak üzərində bibisi atasının da payına sahib olmuş, onun vərəsəlik hüququnu pozmuşdur. Heç şübhəsiz ki, Bakı şəhəri, 46 saylı Notariat Kontoru da rəsmiləşdirmə zamanı qanunsuzluğa yol verdiyini bilmişdir. Belə ki, birinci iki vərəsəlik işi üzrə Bakı şəhəri, 46 saylı Notariat Kontorunda sonuncudan 3 ay əvvəl aparılmışdır. Əgər həqiqətən də X31 üçüncü vərəsəlik işi üzrə, yəni nənəsinin Qalina Hüseynovanın xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən paydan da bibisi Cavabdeh2 xerinə imtina etsə idi, o halda elə həmin vaxt, yəni birinci iki vərəsəlik işi aparılarkən bu barədə notariat kontoruna ərizə vermiş olardı. Beləliklə, göründüyü kimi həm bibisi Cavabdeh2, həm də Bakı şəhəri 46 saylı Notariat Kontoruna bilə-bilə miras əmlak-mənzilə dair rəsmiləşdirmə zamanı qanunsuzluğa yol vermiş digər vərəsə-X31u miras paydan məhrum etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili X19 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin İddiaçı yazılı vəsatət təqdim edərək Bakı şəhəri 46 saylı Notariat Kontorunun cavabdehlər siyahısından çıxarılaraq 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun qardaşı oğludur. Belə ki, iddiaçının X31 onun qardaşı olmuşdur, onların valideynləri həm lal, həm də kar olmuşlar, bu səbəbdən o, qardaşının himayəsində olmuş, qardaşı ona hər zaman yardım etmişdir. 2008-ci il tarixdə X23 Rusiya Federasiyasında yaşayan vaxtda xəstələnmiş və onu insult vurmuşdur. O, qardaşına yardım etmək üçün Rusiya Federasiyasına getmiş, sonradan birlikdə buraya qayıtmış və ünvan 3 ünvanında yerləşən 42 saylı mənzildə birlikdə yaşamışlar. Burada da qardaşına o baxmış, ona qulluq etmişdir. X14 ünvan 3 ünvanında yerləşən 42 saylı mənzilin Hüseynov X24 adına keçəcəyi təqdirdə onu (cavabdehi) evdən çıxaracağını bildirmişdir. Bu səbəbdən X23 özü onunla notariat kontoruna gedib öz payından imtina etmiş və mənzili onun adına keçirmişdir. Qardaşının ölümündən sonra İddiaçı evdən payı istəməyə başlamış və bu səbəbdən mübahisələri yaranmışdır. Notariat Kontoru və ya onun tərəfindən heç bir qanunsuzluğa yol verilməmişdir. Hazırda mübahisəli mənzildə iddiaçı ilə birlikdə yaşamaq mümkün olmadığı üçün kirayə mənzildə yaşayır. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs ünvan 4 ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X25 ifadəsində göstərmişdir ki, o, İddiaçı atası və Cavabdeh2 qardaşı X21 qonşusu olmuşdur, onun ailəsini uzun müddətdir tanıyır. X21 valideynləri rəhmətə gedəndən sonra ünvan 3 ünvanında yerləşən 42 saylı mənzili 2008-ci ildə bacısının adına keçirdi. Bu barədə Tofiq Hüseynov onunla danışanda bildirmişdi və əlavə olaraq qeyd etdi ki, onun oğlu Anar Cavabdeh2 imkan verməyəcək ki, orada yaşasın və artıq problemi olmasın deyə mənzili bacısı Cavabdeh2 adına keçirdi. İddiaçı başqa mənzili də var və həmin mənzili kirayə verir, özü də bibisi Cavabdeh2 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 42 saylı mənzildə yaşamışlar. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, onların izahat və ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər VVAQ tərəfindən verilmiş xx xxxxx 1954-cü il tarixli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X13 arasında xx xxxxx 1954-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. - Bakı şəhəri, Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli AZ-İ seriyalı, 543402 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2012-ci il tarixdə 421 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri, Səbail Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli V-JQ seriyalı, 323797 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxx 1999-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 1999-cu il tarixdə 436 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx xxxx 1982-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X15 arasında xx xxxx 1982-ci il tarixdə nikah bağlanmışdır. - İddiaçı məxsus xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X18, ana qrafasında X10 qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. - Bakı şəhəri, Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli AZ-İİ seriyalı, 053185 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxx 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2020-ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən İddiaçı və Emiliya Hüseynovaya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli x/613 saylı məktubdan görünür ki, Q.Hüseynovadan irs qalmış əmanətə dair onun qızı Cavabdeh2 xx.xx.2012-ci il tarixdə Bakı şəhər 46 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilmiş, miras qoyanın oğlu Tofiq Hüseynov isə həmin mirasdan imtina etmişdir. Bundan sonra xx.xx.2013-cü il tarixdə mirasın tərkibinə daxil olan Bakı şəhəri, Nizami küçəsi, ev 48-də yerləşən 42 saylı mənzilə dair adıçəkilən notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilmişdir (mərhum T.Hüseynov göstərilən mənzildə pasport qeydiyyatında olmuşdur). Bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində, 1269-cu maddəsinə görə isə mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başladıqda aitı ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mülki Məcəllənin 1268-ci maddəsinə uyğun olaraq vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etmək və ya ondan qismən imtina etmək olmaz. Vərəsə mirasın bir hissəsindən imtina etdikdə, o, mirasdan imtina etmiş sayılır. Göstərilənlərə əsasən izah olunmuşdur ki, qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını təmin etmək məqsədilə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüquqları vardır. - Bakı şəhəri, 46 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2012-ci ildə vəfat etmiş X5 vərəsəsi - ünvan 6 ünvanında yaşayan qızı Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş, 1358 saylı reyestr kitabının 203966-ci səhifəsində 30/203966 saylı qeydəalma ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən üç otaqlı, ümumi sahəsi 115,5 kv.m, yaşayış sahəsi 72,0 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 42 saylı mənzilindən ibarətdir. - Bakı şəhəri, 46 saylı notariat kontoruna Cavabdeh2 tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2012-ci il tarixdə onun ünvan 6 ünvanında yaşamış anası X11 vəfat etmişdir. Miras əmlak ünvan 7 ünvanında yerləşən mənzildən ibarətdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 21297 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin, 42 saylı mənzili X5 adına xx.xx.2004cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri, 46 saylı notariat kontoruna X20 tərəfindən yazılmış və xx.xx.2012-ci il tarixdə təsdiqlənmiş ərizədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası - X6 miras pul qalmışdır. Həmin mirasdan heç bir pay tələbim yoxdur. Həmin puldan ona düşən payın bacısı Cavabdeh2 adına verilməsinə etiraz etmir. Gələcəkdə həmin miras puldan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında iddia və şikayət etməyəcəkdir. - Bakı şəhəri, 46 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 7E/32 saylı reyestr kitabından çıxarışdan görünür ki, X20 xx.xx.2012-ci il tarixdə notariat kontoruna ərizə təqdim etmişdir. - Bakı şəhəri, 46 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2012-ci ildə vəfat etmiş X5 vərəsəsi - ünvan 6 ünvanında yaşayan qızı Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak SSRİ Əmanət Bankının 79950/02 saylı 020568 №-li hesabda, 3538/0274 saylı filialında 42076 №-li və 12833 №-li hesablarda olan əmanətlərdən ibarətdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin, 42 saylı mənzili xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. - Səbail rayonu, 7 saylı MKİS tərəfindən Cavabdeh2 verilmiş 82 nömrəli, xx.xx.2020ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin, 42 saylı mənzilinin məişət tullantısı və istismar xərcini xx.xx.2020-ci il tarixinədək mərhum X18 ödəmiş, 2020-ci ilin xərcini isə mənzilin sahibi ödəmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 42 saylı mənzil notarius T.H.Kərimova tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli 2V-05 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 1-ci qrup əlilliyi olan şəxsə qulluğa görə 50 (əlli) manat məbləğində Prezident təqaüdü almışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil xx.xx.2012-ci ildə vəfat etmiş X7 məxsus olmuş, ölümündən sonra qanun üzrə 2 vərəsəsi - övladları X18 və Cavabdeh2 qalmışdır (əri X17 isə xx.xx.1990-cu il tarixdə vəfat etmişdir.) Mərhumənin ölümündən sonra miras əmlak kimi onun və həm də mərhum ərinin hər birinin adına ayrı-ayrılıqda Əmanət Bankında olan əmanətləri və ünvan 3 ünvanında yerləşən 42 saylı miras mənzil qalmışdır. İşin materiallarından görünür ki, miras əmlaklarına dair Bakı şəhəri, 46 saylı notariat kontorunda 3 (üç) vərəsəlik işi olmuşdur. 2012-ci ilin dekabr ayının 13-də başlanıbqurtarmış vərəsəlik işi üzrə vərəsələrdən Tofiq Hüseynov notariat kontoruna ərizə verərək, valideynlərinin hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərindən ona düşən payın digər vərəsə Cavabdeh2 verilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2013-cü il tarixdə başlanıb qurtarmış vərəsəlik işi üzrə isə xx.xx.2013-cü il tarixdə mirasın tərkibinə daxil olan Bakı şəhəri, Nizami küçəsi, ev 48-də yerləşən 42 saylı mənzilə dair adıçəkilən notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilmişdir. Göstərilən mənzil hazırda Cavabdeh2 mülkiyyətindədir. Mərhumənin vərəsələrindən oğlu, iddiaçının atası - Tofiq Hüseynov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının tələblərini əsaslandırdığı dəlillərə əsasən, üçüncü - xx.xx.2013-cü il tarixdə başlanıb qurtarmış vərəsəlik işi üzrə, yəni X12 xüsusi mülkiyyətində olmuş mənzildən atasına düşən payın bibisi Cavabdeh2 verilməsi barədə X31un notariat kontoruna ərizə verməməsi atasının həmin paydan üçüncü şəxsin xeyrinə imtina etməməsi kimi, bununla da cavabdehin hərəkətlərinin hüquqa zidd olması, qanunsuz sənədləşmə işləri aparılmaqla miras əmlak üzərində bibisinin atasının da payına sahib olmaqla, onun vərəsəlik hüququnu pozması kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfin iddiaya olan etirazının əsasını miras əmlak olan mənzilin tək özünün adına qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə qəbul etməsinin mərhum qardaşının iradə ifadəsi olması, Notariat Kontorunun bu işdə heç bir qanunsuzluğa yol verməməsi təşkil etmişdir. İşin materiallarından görünür ki, 46 saylı Notariat Kontorunda valideynlərinin SSRİ Əmanət Bankında olmuş əmanətlərindən Tofiq Hüseynov özünə düşən payının Cavabdeh2 verilməsinə etiraz etməməsinə dair ərizəsi olsa da, həmin Notariat Kontorunda xx.xx.2013-cü il tarixdə başlanıb-qurtarmış digər vərəsəlik işi üzrə o, mərhumə Qalina Hüseynovanın xüsusi mülkiyyətində olmuş mənzildən özünə düşən paydan 3-cü şəxsin, xeyrinə imtina etməsinə dair ərizə verməmiş, sözügdən notariat kontoru tərəfindən eyni tarixdə xx xxxxxx 2012-ci ildə vəfat etmiş X5 vərəsəsi - ünvan 6 ünvanında yaşayan qızı Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalı olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Məhkəmə hesab edir ki, ünvan 6 mülkiyyətçi X5 xx xxxxxx 2012-ci ildə vəfatından sonra mirasın tərkibinə daxil olan əmlaklardan olmaqla bu miras əmlaka dair 46 saylı notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilməsi zamanı qanunverciliyin kobud formada pozulması halına yol verilməmişdir. Belə ki, işin araşdırılmış halları əsasında məhkəmənin gəldiyi qənaətə görə mərhumə Q.Hüseynovadan irs qalmış əmanətə dair onun qızı Cavabdeh2 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, 46 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilən zaman (SSRİ Əmanət Bankında olmuş əmanətlərlə bağlı) miras qoyanın oğlu Tofiq Hüseynov həmin mirasdan imtina etsə də, xx.xx.2013-cü il tarixdə mirasın tərkibinə daxil olan Bakı şəhəri, Nizami küçəsi, ev 48-də yerləşən 42 saylı mənzilə dair adıçəkilən notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilərkən isə onun özünə düşən paydan imtina etməsinə dair növbəti ərizə ilə müraciət etməsinə zərurət yox idi. Belə ki, cavabdeh tərəfin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, hələ Tofiq Hüseynovun sağlığında onun və cavabdehin hazırki iş üzrə iddiaçı ilə ailə münasibətlərində müəyyən gərginlik olmuşdur. Məhz bu səbəbdən gələcəkdə ölümündən sonra oğlunun bacısını evdən çıxarmaması üçün Tofiq Hüseynov özü cavabdehlə notariusa gedib mənzili onun adına keçirməsi prosesində iştirak etmişdir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Sözügedən normaya əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, cavabdeh tərəfin izahatlarının və şahid ifadəsinin məzmunu iş materialları və işin digər araşdırılmış halları ilə tamamlandığı üçün onları inandırıcı sayaraq sübut kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan Səbail rayonu, 7 saylı MKİS-nin 82 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan göründüyü kimi, mənzilinin məişət tullantısı və istismar xərcini xx.xx.2020-ci il tarixədək mərhum X9 ödəməsi faktı məhkəməyə mərhumun həmin mənzilin bacısı Cavabdeh2 tam mülkiyyət kimi adına qeydə alınmasından məlumatlı olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Məhkəmə bu qənaətə gələrkən həmçinin 2013-2020-ci illər ərzində mübahisəli mənzilin yalnız Cavabdeh2 adına vərəsəlik hüququ əsasında rəsmiləşdirilməsinə narazılığı olduğu halda X2 bu halı mübahisələndirməməsini nəzərə alır və hesab edir ki, işin araşdırılmış faktiki halları da sonuncunun ölən günə qədər belə bir niyyətinin (mübahisələndirmək) olmamasına kifayət qədər dəlalət edir. Məhkəmə şahid ifadəsinə qiymət verməkdə davam edərək qeyd etməyi zəruri sayır ki, onun verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlardır. Belə ki, o, şahidi olduğu məqamları çox aydın və ziddiyyətsiz təsvir etmişdir. Məhkəmə tərəfindən onun bu ifadəni cavabdeh tərəfinin təsiri altında verməsini güman etməyə əsas verən hallar da müəyyən edilmədi. Əksinə, onun ifadəsində tərəflərin ailə münasibətləri barədə məlumatlı olması görünür və bu hal da onun bildirdiklərini həqiqətə uyğun təsvir etməyə çalışdığından xəbər verir. Buna görə də məhkəmə şahid ifadəsini sübut növü kimi qiymətləndirir. Məhkəmə, iddiaçının irəli sürdüyü dəlillərə qiymət verərək həmçinin hesab edir ki, vərəsəlik işi üzrə Qalina Hüseynovanın xüsusi mülkiyyətində olmuş mənzildən Tofiq Hüseynova düşən paydan 3-cü şəxsin xeyrinə imtina etməməsinin, yəni həmin payın bacısı Cavabdeh2 verilməsi barədə notariat kontoruna ərizə verməməsi faktının 2020-ci ilin avqust ayında vəkil sorğusu əsasında təqdim edilmiş vərəsəlik işi ilə tanış olması zamanı məlum olması faktı mənzilə Bakı şəhəri, 46 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 xx.xx.2013-cü il tarixdə verilmiş, reyestrdə 2v/05 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsızlığı üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Belə ki, işin materiallarından görünür ki, Tofiq Hüseynovun vəfatından sonra yəni 2020-ci ilin avqust ayında, iddiaçı, anası və bacısı özlərini qanun üzrə vərəsələr kimi təqdim edərək Bakı şəhəri, 46 saylı Notariat Kontoruna müraciət edərək, mərhum nənəsi Qalina Hüseynovadan miras qalmış ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildən xx.xx.2020-ci il tarixdə vəfat etmiş Tofiq Hüseynova çatası hissəyə dair irsi transmissiya üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. (irsi transmissisiya) İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının X31 anası Qalina Hüseynovanın ölümündən sonra onun xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən payın qəbul edilməsinə dair ümumiyyətlə notariat kontoruna müraciət etməmişdir. Halbuki, işin materiallarından görünür ki, o valideynlərindən hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərinin miras əmlak kimi qalmasını bilmiş, bu əmanətlərdən ona düşən payın bibisi Cavabdeh2 verilməsinə etiraz etmədiyini yazılı şəkildə notariatda bildirmişdir. Eyni zamanda da iddiaçının X31 anası Qalina Hüseynovanın ölümündən sonra onun xüsusi mülkiyyətində olmuş mübahisəli mənzilin də miras əmlak kimi qalmasını bilməyə bilməzdi və hadisələrin araşdırılmış qaydada müəyyən edilmiş faktiki vəziyyəti bu halı mübahisəsiz təsdiq edir ki, X21 (SSRİ Əmanət Bankında olmuş əmanətlərdən ona düşən miras payından başqa) mübahisəli mənzildən miras payının öz adına rəsmiləşdirilməsi üçün ona heç kim və heç nə mane olmamışdır. Lakin onun keçən müddət ərzində bu payla bağlı Notariat Kontoruna hər hansı formada ərizə verməməsi, mənzildə ölən günə kimi yaşayaraq məişət tullantısı və istismar xərclərini ödəməsi onun həmin mənzilin bacısının adına olmasından məlumatlı olmasının bir daha tam təsdiq edir. Beləliklə də, Tofiq Hüseynov anası Qalina Hüseynovanın ölümündən sonra açılmış mirasın (mənzillə bağlı) qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində heç bir cəhd etməmiş və etmək də istəməmişdir. Çünki, mənzilin tam mülkiyyət hüququ əsasında cavabdeh olan Cavabdeh2 adına rəsmiləşdirilməsinə faktiki etirazı olmamış, ölən günə qədər bu halla bağlı heç bir formada mübahisə açmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, məhkəmə baxışı zamanı iddiaçı tərəf mübahisəli mənzilin 2013-cü ildə yalnız Cavabdeh2 adına vərəsəlik hüququ əsasında rəsmiləşdirilməsindən X9 xəbəri olmamasına dair heç bir sübut növü də təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə isə həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra qeyd etməyi də zəruri sayır ki, iddiaçının tələbinin əsas qayəsi olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsinə dair istinad etdiyi maddi hüquq normaları (1133.1, 1133.2, 1134.1, 1145.1, 1146, 1147.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1255, 1291, 1321.1-1321.3, 1321.3, 1322, 1325) vərəsəlik hüquq münasibətlərini təsbit edən normalar olmaqla bu şəhadətnamənin hər hansı formada etibarsızlığı üçün hüquqi əsas yaratmır. Məhkəmə daha sonra hesab edir ki, atasının sağlığında miras əmlakdan pay almaq hüququndan istifadə etməyərək miras əmlakın (mənzillə bağlı) digər vərəsə tərəfindən öz adına tam mülkiyyət hüququ əsasında rəsmiləşdirməsini sağlığında mübahisələndirmədiyi halda, onun övladı olan - hazırki iş üzrə iddiaçı, atasının mübahisələndirmədiyi şəhadətnamənin etibarsızlığını (qismən də olsa) tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı hazırki iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 46 saylı Notariat Kontoru və maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi qeyd edilən) qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etbarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi,vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi, vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar