Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-265/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış 2000 manat borcun qaz hesabından silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən evinə (kod:**********000002) əsassız olaraq hesablanmış 2000 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, qeyd etdiyi ünvanda ailəsilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə Azəriqazın əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan qısa bir müddət istifadə etdikdən sonra ona bildirdilər ki, guya tərəfindən çıxarılmış qaz sayğacına müdaxilə olunduğu üçün ona 2000 manat məbləğində cərimə hesablanmışdır. Sayğaca müdaxilə dedikdə ona bildirdilər ki çıxarılmış sayğac yoxlamadan keçirilmiş, yoxlama zamanı qaz sayğacının Alarm-1 rejimində olması müəyyən edilmişdir və buna görə ona 2000 manat cərimə hesablanmışdır. Bu absurtdur. Abonent saldosuna baxdıqda açıq aydın görünür ki, o, istifadə etdiyi qazın dəyərini daim vaxtında ödəmişdir. Buradan da cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür. Qeyd-etmək istəyir ki, qaz sayğacı yaşayış evindən kənarda onun mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. Digər tərəfdən, sayğacın çıxarılması haqqında tərtib edilmiş ******* saylı aktdan da göründüyü kimi qaz sayğacı çıxarılarkən sayğacın plombları üzərində olmuşdur. Belə olan halda sayğaca müdaxilə etmək qeyri mümkündür. O, istifadəsində olan qaz sayğacına müdaxilə etməmiş və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməyinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları onun bu iradlarıma, tələblərimə məhəl qoymamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, ünvan 2 ünvanda qazdan istifadəyə görə İddiaçı 2022-ci ilin dekabr ayına 2 229,12 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 18576 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, abonentin məişət qaz sayğacının (litka) hissəsinə müdaxilə olduğu üçün sayğac gələn qazın həcmini düzgün qeyd etmir. Dəymiş ziyan hesablanıb ödənilməlidir. İş materiallarında olan AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1945-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir rayonu, yenikənd kəndində qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılaraq ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, abonentin məişət qaz sayğacının (litka) hissəsinə müdaxilə olduğu üçün sayğac gələn qazın həcmini düzgün qeyd etmir. Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. Həmin akt əsasında Cavabdeh Bakı Regional qazın Satışı Dapertamentinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 18576 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası ilə əlaqədar iddiaçıya hesablanmış 2000 manat borc onun abonent hesabından silinməlidir. Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət sanksiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X1 Reyestrinə (bundan sonra – X1 Reyestri) daxil edilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan evdən kənarda quraşdırılmış qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının ona aid olan sayğacın işlək vəziyyətdə saxlanılması və qorunması ilə bağlı hər hansı məsuliyyət daşıması da məhkəmə iclasında müəyyən edilməmişdir. Beləliklə iddiaçının evində aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacın onun təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından, 2000 manat məbləğində pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvana **********000002 saylı abonent hesabına hesablanmış 2000 (iki min) manat məbləğində borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-265/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-265/2023
22.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver