Məhkəmə qərarları › İş №2(009)-265/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-265/2024

27.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-265/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü ildə bağlanmış 3M-734 saylı kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 90,58 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini hər ay 300 manat müqabilində digər Cavabdeh2 kirayəyə vermişdir. Həmin mənzil onlara mərhum atalardan vərəsəlik qaydasında keçmişdir. Cavabdeh1 onun qardaşı olsa da, ona qarşı çox haqsızlıqlar etmişdir. Belə ki, mərhum anasından və atasından miras qalmış Azərbaycanda, Rusiyada və Tükiyədə olmuş bütün əmlakları ələ keçirmişdir. Onun miras şəriki olduğu yeganə əmlak hazırda aralarında mübahisəli olan mənzildir. Cavabdeh1 ona qarşı sonuncu iddiası qismən – yalnız mənzilə köçürmə hissəsində təmin edilmiş, mənzildən istifadə qaydalarının müəyyən edilməsi və s.hissədə iddia təmin edilməmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi hələ qanuni qüvvəsini almamış və tərəfindən apellyasiya şikayəti veriləcəkdir. Mənzildən istifadə qaydaları müəyyən edilmədiyindən, başqa sözlə mənzilin ½ hissəsi real olaraq bölünmədiyindən, məlum olmadığından hətta payçıya münasibətdə istifadə qaydası və imkanı müəyyən edilməmişdir. Mülkiyyətçi özü istifadə edə bilmədiyi, hansı hissəsinin məhz ona aid olduğu bilinməyən mənzilin hissəsini başqasına kirayə verməsi əsassız və qanunsuzdur.Hesab edir ki, kirayə müqaviləsi formal olaraq görüntü üçün bağlanmış, uydurma əqddir. Çünki kirayə müqaviləsi bağlanan vaxtda xx.xx.2023-cü ildə paylı mülkiyyətçilər arasında Səbail rayon Məhkəməsində Cavabdeh1 “mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair” iddia ərizəsinə baxılırdı. Həmçinin digər Cavabdeh2 heç vaxt guya kirayəyə götürdüyü mənzilə baxmayıb, avqust ayında kirayə müqaviləsi bağlansa da, yalnız 4 ay sonra – dekabr ayında mənzilə bir qrup şəxslə gələrək, mənzilin qapısının sındırmaqla hədələyib, zorla girməyə cəhd etmişlər. O, DİN-nin 102 xidmətinə zəng vurduqdan sonra, onlar polis bölməsinə dəvət edilərək qanunsuz hərəkətə yol verməmələri izah edilmişdir. İndiki halda tərəflər arasındakı müqavilə görüntü üçün bağlanmış müqavilədir. Əslində Cavabdeh2 həmin mübahisəli mənzilin məlum olmayan ½ hissəsində kirayədə yaşamaq fikri olmamışdır. Mənzilə baxmadan kirayə müqaviləsi bağlanmış və müqavilə bağlandıqdan sonra 4 ay müddətində bir dəfə də olsun mənzilə gəlməmişdir. Onlar qeyd etdiyi qətnaməni gözləmişlər ki, paylı mülkiyyətçinin əvəzindən mənzilə soxulmaq üçün guya əsas əldə etsinlər. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü ildə bağlanmış 3M-734 saylı kirayə müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürmə tələbinə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə çoxdan tanıdığı Cavabdeh1 ilə razılaşıb Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 4 otaqlı 50 saylı mənzilinin Babaya məxsus ½ hissəsində icarəyə götürülməsi barədə kirayə müqaviləsi bağlamışdır. O, bu mənzildə dəfələrlə olmuş və 2 otağın yenidən qurulması bir otaq olaraq qonaq otağı olduğun, 2 otağın yataq otağı (ayrıca) məlumatlı idi. Ticarət işi ilə bağlı tez-tez xarici ölkələrə gedir və mənzilin mərkəzdə olduğu üçün belə bir mənzildə yaşamağı onu qane etdiyini və sair əsas tutub ilk olaraq hər ay üçün 300 manat olmaqla 6 aylıq vəsaiti Babaya ödəmişdir. İddiaçının qüsurlu fikrinin ziddinə olaraq Baba mənzilin açarların ona vermiş və mənzilin kirayə verilməsindən məlumatlı olan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı mənzilin giriş qapısının kilidinin birini dəyişmiş və bu səbəbdən xx.xx.2023-cü ildə o, Baba ilə birlikdə mənzilə daxil ola bilməmişlər. Bu barədə Səbail rayon Pİ-də araşdırma olmuş və mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etmək istəyirdi, lakin Bakıda olmadığı üçün bu məsələni tez bir zamanda edə bilməmişdir. İddiaçı iddia ərizəsində ədalət mühakiməsinə yalan məlumatlar vermişdir, bu hallar yazdığı qarşılıqlı iddia ərizəsinin predmetinə aid olmasa da, aşağıdakıları məhkəməyə məlum etməyi vacib hesab edir. Valideynlərindən qalmış əmlakın böyük bir hissəsi İddiaçı çatmışdır. Hazırda İddiaçı Bakı şəhərində təcrid olunmuş 2 əlavə mənzili və Türkiyə Respublikası Alanya şəhərində olan mənzili və bütün bu əmlaklar hazırda icarəyə verilmişdir. Sonda qeyd edir ki, Nigar xanım keçmiş həyat yoldaşına məxsus Səbail rayon ərazisində (Funikulyor ətrafında) mənzilin ona verilən etibarnamədən istifadə etmiş, satmış və mənimsəmişdir. Yuxarıda qeyd etdiyi kimi, bütün bu məsələlər onun iddia tələbinə aid deyil, sadəcə Nigar xanımın iddia ərizəsindəki hallara münasibət bildirmək məcburiyyətindədir. Atasının məzarında aparılacaq işlərlə bağlı Baba Nigar xanıma 3.000 ABŞ dolları verməsi bütün qohumlarına məlumdur, lakin məzar daşında Nigar xanım yazdırmışdır ki, “Qızından əziz xatirə”. Cavabdeh1 ilə bağladığı kirayə müqaviləsi qanunvericiliklə nizamlanır və Babaya aid ½ hissəsinin onun tərəfindən istifadə olunmasına yaradılmış maneələr qanunsuzdur. Göstərilənləri nəzərə alaraq iddiaçı ilkin iddianın rədd edilməsi, qarşlıqlı iddia tələbinin tam şəkildə, yəni Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 50 saylı mənzilinin Cavabdeh1 məxsus 1/2 hissəyə kirayəşin kimi köçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək və qarşılıqlı iddiaya dair yazılı etiraz təqdim edərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Cavabdeh1 mübahisəli mənzilin ½ hissəsinin mülkiyyətçisi olması İddiaçı tərəfindən mübahisə edilmir. Onun mülkiyyət hüququna hörmətlə yanaşır, lakin onun özünün mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbi Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Qətnamənin təmin edilmiş mənzilə köçürülmə hissəsindən isə apellyasiya şikayəti verilmiş və mülki iş apellyasiya məhkəməsinin icraatındadır. Beləliklə Cavabdeh1 özünün köçürülməsi mübahisə edilən, istifadə qaydalarının müəyyən edilməsi tələbi rədd edilən mənzildəki ½ hissədə payına dair bacısı İddiaçı qanunsuz təsir etmək məqsədilə formal kirayə müqaviləsi bağlamışdır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə Cavabdeh2 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh həmçinin izahatında göstərmişdir ki, Cavabdeh1 dayısı qızının yoldaşı ilə dost olmuş və onu 10 ildir ki, tanıyır. Bilirdi ki, bacısı ilə Cavabdeh1 münasibəti yaxşı deyil. 2023-cü ilin avqust ayında Cavabdeh1 evin boş olduğunu demiş, ona da əmlakları yerləşdirmək və hərdən qalmaq üçün ev lazım olduğundan, evi də ucuz verdiyi üçün xx.xx.2023-cü il tarixdə notariusda 6 aya kirayə müqaviləsi bağlamış, 6 aylıq pulu birdəfəyə ödəmiş, sonra Baba ilə evə getmişlər, lakin bacısı qapının kilidini dəyişdiyi üçün evə girə bilməmişlər,Baba bununla əlaqədar bacısına zəng etmiş, sonra polisə müraciət etmişlər. İşləri ilə əlaqədar uzun müddət evə getməmiş, dekabr ayında 2 yaxın rəfiqəsi ilə evə gedərkən komendant onları ordan kənarlaşdırmışdır. Mənzilin qonşuluğunda təmir işi gedirdi, qonşu bildirmişdir ki, heç kim qalmır, mənzil boşdur. Əgər mənzil boş olmasa, orada yaşamaq istəmir. Cavabdeh1 faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, Baba və Nigarın xalası qızıdır. Cavabdeh2 tanımır. Ataları Oqtay vəfat edərkən Baba vərəsəlik işi ilə məşğul olmaq üçün ona etibarnamə vermiş, etibarnamə hazırda da qüvvədədir, həmin etibarnamə əsasında notariusda evə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Baba ona demişdir ki, onun işləri ilə bağlı hüquqşünas Yusif Allahyarov adlı tanışı ilə əlaqə saxlasın. O, bilirdi ki, Baba evi satmaq istəyir və buna görə Nigara təzyiqlər etmişdir. Baba istəyirdi ki, ya öz hissəsini Nigar ona bağışlasın, ya da ucuz satsın. Bir gün Yusif Allahyarov ona zəng edərək tanışı olan Nigar adlı bir qadının evdə yaşaması üçün kirayə müqaviləsi bağlanacağını bildirmiş, sonra ona məlum olmuşdur ki, onların fikiri qadını həmin evdə yerləşdirməklə, xalası qızına təsir etsinlər, öz istədiklərinə nail olsunlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, Nigarı və onun atası Oqtayı tanımışdır, onlarla bir binada yaşayır, Oqtay rəhmətə getdikdən sonra onun evində qızı Nigar qalır, qızı atasının sağlığında da həmin evdə yaşayıb atasına qulluq etmişdir, Nigardan başqa o evdə başqa şəxsin yaşamasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, 24 ildir binanın komendantıdır, Nigar və Cavabdeh1ləri tanıyır. Cavabdeh2 isə dekabrın 5-də görmüşdür, 3 qadınla evə qalxmış, sonra Nigar ona zəng edərək evdə uşağın tək olduğunu kənar şəxslərin evin qapısını döydüyünü ona bildirmiş, o, həmin şəxsləri binadan kənarlaşdırmışdır. Cavabdeh2 avqust ayında görməmişdir. Avqust ayında Babanı digər kişi xeylağı ilə görmüşdür. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin, ümumi sahəsi 90,58 kv.m. ibarət 50 saylı mənzili paylı mülkiyyət hüququ üzrə bərabər paylarla (1/2) Cavabdeh1 (xx.xx.2023-cü ildən) və İddiaçı (xx.xx.2022-ci ildən) mülkiyyətindədir. İş üzrə Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş və “Kirayəyə verən” qismində Cavabdeh1 ilə “Kirayəçi” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsinin) surətinə əsasən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin ümumi sahəsi 90,58 kv.m. olan 50 saylı mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus ½ hissəsini Cavabdeh2 xx.xx.2025-ci il tarixədək kirayəyə vermişdir. Aylıq kirayə haqqı 300 manat təşkil etmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1766/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan mənzilə köçürmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilinə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı İddiaçı alınaraq Cavabdeh1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzi sisteminə vermiş olduğu məlumat müraciəti icraata daxil olmuş, məlumatının araşdırılması nəticəsində qeyd olunmuş xüsusatların mülki xarakterli olması müəyyən edilmişdir. Bu səbəbdən də mülki qaydada rayon məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 (X5) sonuncu dəfə dövlət sərhədindən xx.xx.2023-cü il tarixinə Rusiya istiqamətindən giriş etmiş və xx.xx.2023-cü il tarixdə isə Rusiya istiqamətinə çıxış etmişdir. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin 50 saylı mənzilin üzərində qanun üzrə vərəsəlik qaydasında iddiaçı və Cavabdeh1 bərabər paylarla (1/2 pay) mülkiyyət hüququ müəyyən edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin 50 saylı mənzilin paylı mülkiyyət üzrə Cavabdeh1 məxsus ½ hissəsini hər ay 300 manat müqabilində Cavabdeh2 kirayəyə vermişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli mənzil ona və qardaşı Cavabdeh1 mərhum atalardan vərəsəlik qaydasında keçmişdir. Cavabdeh1 onun qardaşı olsa da, ona qarşı çox haqsızlıqlar etmişdir. Cavabdeh1 ona qarşı sonuncu iddiası qismən – yalnız mənzilə köçürmə hissəsində təmin edilmiş, mənzildən istifadə qaydalarının müəyyən edilməsi və s.hissədə iddia təmin edilməmişdir. Mənzildən istifadə qaydaları müəyyən edilmədiyindən, yəni mənzilin ½ hissəsi real olaraq bölünmədiyindən, məlum olmadığından, hətta payçıya münasibətdə istifadə qaydası və imkanı müəyyən edilməmişdir. Mülkiyyətçi özü istifadə edə bilmədiyi, hansı hissəsinin məhz ona aid olduğu bilinməyən mənzilin hissəsini başqasına kirayə verməsi əsassız və qanunsuzdur. Hesab edir ki, kirayə müqaviləsi formal olaraq görüntü üçün bağlanmış, uydurma əqddir. Çünki kirayə müqaviləsi bağlanan vaxtda xx.xx.2023-cü ildə paylı mülkiyyətçilər arasında Səbail rayon Məhkəməsində Cavabdeh1 “mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair” iddia ərizəsinə baxılırdı. Həmçinin digər Cavabdeh2 heç vaxt guya kirayəyə götürdüyü mənzilə baxmayıb, avqust ayında kirayə müqaviləsi bağlansa da, yalnız 4 ay sonra – dekabr ayında mənzilə bir qrup şəxslə gələrək, mənzilin qapısının sındırmaqla hədələyib, zorla girməyə cəhd etmişlər. O, DİN-nin 102 xidmətinə zəng vurduqdan sonra, onlar polis bölməsinə dəvət edilərək qanunsuz hərəkətə yol verməmələri izah edilmişdir. İndiki halda tərəflər arasındakı müqavilə görüntü üçün bağlanmış müqavilədir. Əslində Cavabdeh2 həmin mübahisəli mənzilin məlum olmayan ½ hissəsində kirayədə yaşamaq fikri olmamışdır. Mənzilə baxmadan kirayə müqaviləsi bağlanmış və müqavilə bağlandıqdan sonra 4 ay müddətində bir dəfə də olsun mənzilə gəlməmişdir. Bu səbəbdən iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü ildə bağlanmış 3M-734 saylı kirayə müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər (maddə 213.7). Məhkəmə qeyd edir ki, ümumi mülkiyyət və ya ümumi mülkiyyət hüququ dedikdə - əmlakın mülkiyyət hüququ əsasında eyni vaxtda bir neçə şəxsə məxsus olması başa düşülür. Ümumi mülkiyyət hüququnun əmələ gəlmə üsullarından biri – vərəsəlikdir. Yuxarıda qeyd edildiyi kimi, həm iddiaçı, həm Cavabdeh1 mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarını atalarından qalmış miras əmlakı vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi yolu ilə əldə etmişlər. Qanunvericiliyin yuxarıda qeyd edilən normasına uyğun olaraq qeyd edilir ki, mülkiyyətin 2 növü fərqləndirilir: paylı mülkiyyət və ümumi birgə mülkiyyət. Paylı ümumi mülkiyyətdə iştirakçılardan hər birinin bu mülkiyyətdəki payı dəqiq olaraq müəyyən edilir, birgə ümumi mülkiyyətdə iştirakıçıların ümumi əmlakdakı payı əvvəlcədən dəqiq olaraq müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Göstərilən Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göstərilən Məcəllənin 222.3-cü maddəsinə əasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz (maddə 222.4). Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə bütün mülkiyyətçilərinin razılığı ilə həyata keçirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil üzərində İddiaçı və Cavabdeh1 birgə mülkiyyət hüququ mövcud olsa da, Cavabdeh1 digər mülkiyyətçi olan iddiaçının razılığı olmadan və payının naturada müəyyən edilməsinə dair tələbi təmin olunmadığı təqdirdə digər Cavabdeh2 ilə kirayə müqavilə bağlayaraq əmlakı yüklü etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normaların tələbləri baxımından cavabdeh B.İddiaçıVəkilova ilə kirayə müqaviləsi bağlayarkən, digər mülkiyyətçi İddiaçı razılığını almalı olduğu təqdirdə buna riayət etmədiyindən, bağlanılmış kirayə müqaviləsi etibarlı əqd kimi qəbul edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehlər arasında kirayə müqaviləsi 2023-cü ilin avqust ayında bağlanılaraq kirayəçi tərəfindən 6 aylıq kirayə haqqı birdəfəyə ödənilsə də, kirayəçi həmin mənzildə yaşaması və yaşamasına mane olan halın aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görməmiş, yalnız iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etdikdən sonra mənzilə köçürülmə ilə bağlı qarşılıqlı iddia vermişdir. Başqa sözlə, şəxs o halda mənzilə dair kirayə müqaviləsi bağlayır ki, həmin şəxsin həmin mənzildə yaşamağa ehtiyacı olur. Hazırki mübahisə ilə əlaqədar araşdırma zamanı isə Cavabdeh2 kirayə müqaviləsi bağlandığı vaxtdan mənzildə yaşaması üçün hər hansı bir tədbir görməməsi, hətta Cavabdeh1 özünün mülkiyyətçisi olduğu mənzildə yaşamaması, həmin mənzilə köçürmə ilə əlaqədar məhkəmədə iddia qaldırması kirayə müqaviləsinin formal bağlanması və uyğurma əqd olması anlamına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilən Məcəllənin 337.3-ci madddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia əsaslı hesab edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış kirayə müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2023-cü il tarixdə o, çoxdan tanıdığı Cavabdeh1 ilə razılaşıb Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 4 otaqlı 50 saylı mənzilinin Babaya məxsus ½ hissəsində icarəyə götürülməsi barədə kirayə müqaviləsi bağlamışdır. O, bu mənzildə dəfələrlə olmuş və 2 otağın yenidən qurulması bir otaq olaraq qonaq otağı olduğunu, 2 otağın yataq otağı (ayrıca) məlumatlı idi. Ticarət işi ilə bağlı o, tez-tez xarici ölkələrə gedir və mənzilin mərkəzdə olduğu üçün belə bir mənzildə yaşamağın onu qane etdiyini əsas tutaraq ilk olaraq hər ay üçün 300 manat olmaqla 6 aylıq vəsaiti Babaya ödəmişdir. İddiaçının qüsurlu fikrinin ziddinə olaraq Baba mənzilin açarların ona vermiş və mənzilin kirayə verilməsindən məlumatlı olan İddiaçı mənzilin giriş qapısının kilidinin birini dəyişmiş və bu səbəbdən xx.xx.2023cü ildə o, Baba ilə birlikdə mənzilə daxil ola bilməmişlər. Bu barədə Səbail rayon Pİ-də araşdırma olmuş və mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etmək istəyirdi, lakin Bakıda olmadığı üçün bu məsələni tez bir zamanda edə bilməmişdir. Bu səbəbdən qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 1 saylı evin 50 saylı mənzilinin Cavabdeh1 məxsus 1/2 hissəyə kirayəşin kimi köçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının qaldırdığı tələbin hüquqi əsası kimi istinad etdiyi kirayə müqaviləsi etibarsız hesab edildiyindən, Cavabdeh2 qarşılıqlı iddiası əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin 50 saylı mənzilinə dair xx.xx.2023-cü il tarixdə bağlanılmış və Bakı şəhəri 5 saylı notariat ofisində 3M-734 reyestr nömrəsi ilə qeydiyyata alınmış kirayə müqaviləsi etibarsız hesab edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 saylı evin 50 saylı mənzilinin Cavabdeh1 məxsus 1/2 hissəyə kirayəşin kimi köçməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar