Məhkəmə qərarları › İş №2(009)-2689/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2689/2021

16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2689/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili E.M.Məmmədovun, Qarşılıqlı iddia tələbi üzrə cavabdeh M.İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdehlər İddiaçı və X13 qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun anası X16 Bakı şəhəri, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15 saylı mənzili 2002-ci ildə almışdır. O vaxtdan bəri o, həmin mənzildə yaşayır. 2012-ci ildə o, və anası belə razılığa gəlmişlər ki, mənzil onun oğlunun adına keçsin. Onlar bunu mənzilin onun bacısına qalmaması üçün etmişlər. Bacısı həmin mənzilə gələcəkdə iddiaçı olmasın deyə bu mənzili onun oğluna Cavabdeh bağışlanması qərarına gəlmişlər. Bununla əlaqədar notariat kontorunda anası onun razılığı ilə hazırki mənzili onun oğlu Cavabdeh bağışlamışdır. Cavabdeh həmin mənzilə çıxarış almışdır. O zaman oğlu tərbiyəli idi. Anasının ölümündən sonra oğlu dəyişmişdir. Ona əl qaldırmağa başladı, onu evdən qovmaq istəyir, onu evdə yaşamağa maneçilik edir. Onu məhkəmələrə verərək qeydiyyatdan çıxarmağa çalışır. Dəfələrlə ona əl qaldırmağına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Heç yerdə işləmir və işləmək istəmir. O, cavabdehi saxlamış, onun təhsil haqlarını ödəmişdir. Onun indiki yoldaşı tərəfindən ona aldığı qızılları satıb onu əsgərlikdən qurtarmışdır. Həmin evdə oğlu, o, və yeni nikahdan olan övladı qeydiyyatdadırlar və yaşayırlar. O zaman evi bağışlamasına razılıq verməsinə çox peşmandır. O, evin bütün kommunal xərclərini ödəyir, təmir işlərini aparmışdır. Onun oğlu evin mülkiyyətçisi olmağa layiq deyil. Göstərilənləri nəzərə alaraq iddiaçı 2012-ci ildə 2 saylı notariat kontorunda X16 və Cavabdeh arasında Bakı şəhəri, Məmmədəliyev küçəsi, ev 17, mənzil 15-ə yerləşən mənzilin bağışlanması barədə müqavilənin ləğv edilməsi, Cavabdeh adına mənzilə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdehlər İddiaçı və X13 qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 22.10.2012-ci il tarixdə nənəsi X16 ünvan 1 ünvanında yerləşən mənzili ona bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2012-ci il tarixli ******* saylı çıxarışa əsasən mənzil onun mülkiyyətindədir və mənzil ona məxsusdur. Cavabdehlər anası İddiaçı və ögey qardaşı X17 onun mənzilində qeydiyyatda olmaqla və yaşamaqla yanaşı, onun əri iş üzrə digər cavabdeh X18 da onun razılığı olmadan mənzildə yaşayır. O, həmin şəxsi mənzilindən çıxartmaq istəyəndə anası ona mane olur, onu şərləyir, polislə hədələyir və mənzili ondan almaq istəyir.Anası ilə münasibətləri heç vaxt yaxşı olmayıb. Həmişə aralarında anasının təqsiri üzündən sözsöhbətləri olub. Anası ümumi tanışların, qonşuların yanında onun barəsində əsassız və təhqirlə dolu fikirlər işlətmiş, onu təhqir etmiş və şəxsiyyətini alçaltmışdır. Hətta onun barəsində yanlış məlumat verməklə polisə şikayət edərək guya anasını döydüyünü bildirmişdi. Lakin bütün qonşular şahiddir ki, anasının normal həyat tərzi yoxdur, tez-tez spirtli içkilər qəbul edərək evə gəlib onunla mübahisə edir, əri türk vətəndaşı X14 onu döyməsinə, təhqir edilməsinə görə öyrədir. O, isə artıq onların təzyiqlərinə dözməyib mülkiyyətçi kimi ali qanunu sayılan Konstitusiya ilə qorunan qanuni hüququndan istifadə edərək cavabdehləri mənzilindən çıxartmaq qərarına gəlmişdir. Cavabdehlərin mənzildə qeydiyyatda olması və yaşaması mülkiyyətçi kimi onun hüquqlarını pozur. O, onların əvəzinə kommunal xərclər ödəməklə yanaşı mənzillə bağlı sərəncam vermək və s. qanundan irəli gələn digər hüquqlarından da istifadə edə bilmir. Göstərilənləri nəzərə alaraq iddiaçı ilkin iddianı rədd edilməsi, qarşılıqlı iddianı təmin edilərək, cavabdehlər İddiaçı, X6 və X7 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 17 ünvanında yerləşən 15 saylı mənzilə istifadə hüquqlarının itirilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı həmçinin göstərmişdir ki, Kamran onun qeyri-rəsmi yaşadığı şəxsdən 16 yaşı olanda anadan olmuşdur. Qısa müddətdən sonra onunla ayrılmışdır. 2002-ci ilədək anası və Kamranla birlikdə yaşamış, sonra anası mübahisəli evi almış, orada yaşamağa başlamışlar. O evi iki yerə bölmüş, bir hissəsini dolanışıq üçün kirayə vermişlər. İkinci dəfə az müddətdə ailə qurmuş, onunla da çox yaşaya bilməmiş və boşanmışlar. 2004-cü ildən hazırki həyat yoldaşı Mustafa kirayədə verdiyi evdə yaşamış, onları münasibətləri yaranmış, 2005-ci ildə ailə qurmuşlar və 2007-ci ildə Həmzə adlı oğlu olmuşdur. 2008-2009-cu ildə həmin evdən müvəqqəti çıxaraq kirayədə qalmış, məqsəd də o olmuşdur ki, onların qaldığı sahə kirayə verilsin. Bütün illər boyu Kamranın maddi təminatını o, sonra isə həyat yoldaşı Mustafa təmin etmişdir. 2012-ci ildə anası ona zəng edərək evi onun adına keçirmək istədiyini bildirmiş, həmin vaxtı bacısı ilə onlar arasında münaqişə olduğuna görə o təklif etmişdir ki, evi Kamranın adına bağışlasın. Notariusa gedib özü də buna razılıq vermişdir. 2013-cü ildə anası ölməmişdən 4 gün qabaq ona zəng edərək Kamranın evə gəlmədiyini, onu evə buraxmadığı üçün onu narahat etdiyini demiş və evi onun adına keçirmək istədiyini bildirmişdir. O anasını sakitləşdirmiş, buna çox fikir verməmişdir. Bir neçə gündən sonra anası vəfat etmiş və onlar həmin evə köçərək hazırki vaxtadək yaşamışlar. Kamran normal həyat tərzi keçirmir, onu evdən çıxarmaq istəyir, bu səbəbdən anasının ona vermək istədiyi əmlakı geri qaytarmaq istəyir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmçinin göstərmişdir ki,anası ona heç vaxt baxmamışdır. Nənəsinin bankda pulu olmuşdur, onun bütün maddi təminatını nənəsi ödəmişdir. Hazırda isə özü pul qazanır, heç kimin maddi yardımına ehtiyacı yoxdur. Cavabdeh İddiaçı mülkiyyətçi kimi onun hüquqlarını pozur, kirayədə yaşayan Mustafa ilə ailə qurandan sonra evdən çıxıb getmişdir, nənəsi öldükdən sonra isə həmin və gəlib yaşayırlar. Nənəsi evi ona bağışlamışdır, Samirə buna razılıq vermişdir. Cavabdehlərin mülkiyyətində olduğu evdə yaşamasını istəmir. Məhkəmə iclasında izahatı alınmış qarşılıqlı iddia üzrə cavabdeh X18 izahatında göstərmişdir ki, o Türkiyə Respublikasının vətəndaşıdır. 2004-cü ildən Samirəgilin evində kirayədə qalmış, Samirə ilə münasibətləri yaranmış, 2005-ci ildə nikaha girmişlər, 2007-ci ildə övladları olmuşdur. 2008-ci ildə həmin evdən çıxıb kirayədə yaşamışlar. 2013-cü ildə Samirənin anası vəfat etdikdən sonra həmin evə köçmüş və hazırki vaxtadək yaşayırlar. Evin bütün kommunal xidmətlərini o ödəyir, evi təmir etdirmişdir. Kamran ilin 360 gününü yatır, Kamranın maddi təminatını onlar ödəmişlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsassız olduğu üçün təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, Samirə ilə həm rəfiqə, həm qonşudur. Samirə heç vaxt Kamranı küçədə qoymayıb, o ev Kamrana o niyyətlə verilmişdir ki, Samirənin bacısı ilə həmişə mübahisə olmuşdur və nənəsi bu səbəbdən evi Kamrana bağışlamışdır. Samirə daima o evdə yaşamış, ailə qurub bir müddət kirayədə yaşamış, Samirənin ikinci uşağı həmin evdə anadan olmuşdur. Bir neçə il kirayədə yaşadıqdan sonra anası vəfat etmiş və onlar həmin evə qayıdıb yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o Samirənin bacısı qızı, Kamranı xalası qızıdır. Hər ikisi ilə münasibəti normaldır. Nənəsinə xalası və xalası oğlu baxmışlar. Məhkəmədə iştirak etməyinin məqsədi Kamranın xalasını çölə atması ilə bağlıdır. Nənəsi sağlığında bildirmişdir ki, ev həm iki qızının, həm də Kamranındır. Yəni 3 yerə bölünməlidir. Lakin 2012-ci ildə onun anası ilə nənəsi arasında soyuq münasibətlər yaranmış, bu ilk növbədə Kamranın guya gecə evə gəlmədikdə onlarda qalması ilə bağlı olmuş, sonra isə evin qeydiyyat vəsiqəsi itmiş, nənəsi bunda onun anasını günahlandırmışdır. Anası ümumiyyətlə küsərək kənara çəkilmişdir. Ona görə nənəsi mübahisə olmasın deyə evi Kamrana bağışlamışdır. Xalasının ikinci oğlu həmin evdə anadan olmuşdur, bir müddət xalasıgil kirayədə yaşamış, nənəsi öldükdən sonra həmin evə köçərək yaşamışlar. İş üzrə Səadət Sarayı tərəfindən verilmiş 21.11.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin kserosurətinə əsasən X25 ilə X15 arasında 21.11.2006-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 3858 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Ökte, arvada Ökte soyadı verilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X17 06.09.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X25, anası İddiaçıdır. İş üzrə Bakı şəhərinin notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş və X16 ilə Cavabdeh arasında bağlanılmış 13.10.2012-ci il tarixli mənzilin bağışlama müqaviləsinə əsasən X16 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin ümumi sahəsi 43,1 kv.m, yaşayış sahəsi 24,4 kv.m, yardımçı sahəsi 18,7 kv.m. olan iki otaqlı 15-16 saylı mənzillərini Cavabdeh bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 22.10.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15-16 saylı mənzilləri tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* və ******* №-li arayışlarına əsasən Cavabdeh, İddiaçı və X17 Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə cinayət işinin başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbiri görülməsi barədə 22.02.2021-ci il tarixli qərarın kserosurətindən görünür ki, 12.02.2021-ci il tarixdə ünvan 1-16-da qeydiyyatda olan və yaşayan İddiaçı DİN-nin 102 xidmətinə-zəng mərkəzinə müraciət edərək doğma oğlu 1992-ci il təvəllüdlü Cavabdeh tərəfindən yaşadıqları evdə təhqir edilməsi, döyülməsi və aralarında münaqişə olması barədə məlumat vermişdir. Araşdırma zamanı İddiaçı 09.02.2021-ci il tarixdə doğma oğlu 1992-ci il təvəllüdlü Cavabdeh tərəfindən yaşadıqları evdə döyülməsi faktı qismən öz təsdiqini tapmışdır, lakin Cavabdeh törətdiyi əməldə cinayət tərkibi müəyyən edilməmişdir. Qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı DİN-nin 102 xidmətizəng mərkəzinə etdiyi NK1-146 saylı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci madddəsinə əsasən inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını alınması üçün profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə sözügedən ailənin münaqişəli ailə kimi qeydiyyata alınması üçün qərarın aidiyyəti əməkdaşa göndərilməsi qərara alınmışdır. İş üzrə Səbail rayon Məhkəməsinin 3(009)-846/2021 saylı, 10.04.2021-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 gün müddətə inzibati həbs tətbiq edilmişdir. Həmin qərarı ilə müəyyən edilmişdir ki, X19 09.02.2021-ci il tarixdən davamlı olaraq oğlu Cavabdeh tərəfindən yaşadıqları evdə döyülməsi faktı öz təsdiqini tapmış, həmin faktın əksi olaraq isə məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İş üzrə 7 saylı MKİS tərəfindən verilmiş 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh 2002-ci ildə İddiaçı 2002-ci ildə, X20 2009-cu ildən ünvan 1 saylı mənzil üzrə qeydiyyatdadırlar. İş üzrə X2, SƏdullayeva Pərvanə Səlimağa qızı və X3 tərəfindən tərtib edilmiş 11.11.2021-ci il tarixli akta əsasən qonşu olaraq onlar təsdiq edirlər ki, ünvan 1-16-da yaşayan Cavabdeh onun mənzilində yaşayan İddiaçı və ərizə İddiaçı tərəfindən tez-tez təhqir edilir, hədələnir, ona fiziki təzyiqlər etməklə yanaşı mənzildən sərbəst istifadəsinə süni maneələr yaradılır, hətta özləri də tez0tez içkili vəziyyətdə evdə və məhəllədə münaqişə yaradaraq qonşuları da narahat edirlər. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15-16 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı anası X5 mülkiyyətində olmuşdur və onun tərəfindən həmin mənzil 13.10.2012-ci il tarixdə bağışlama müqaviləsi əsasında nəvəsi Cavabdeh bağışlanmışdır. Hazırda mübahisəli mənzil Cavabdeh mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15-16 saylı mənzillər anası tərəfindən onun razılığı ilə cavabdehə bağışlanmışdır. Anasının ölümündən sonra cavabdeh onu döyməyə, evdən qovmağa başlamış və onun mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. AR Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin tərəfləri X16 və ilkin iddia üzrə Cavabdeh oğludur. İddiaçı isə müqavilənin tərəfi deyil və həmin müqavilənin bağlanmasında iştirak etməmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, müqavilənin ləğv edilməsi haqqında bağışlama müqavilənin tərəfləri arasında müqavilə bağlanılması yolu ilə həyata keçirilir və bununla bağlı razılaşma olmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər. AR Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər(maddə 423.2). Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin tərəfi olmadığından, o müqavilə üzrə hər hansı hüquq və vəzifəyə malik deyil. Bu səbəbdən onun həmin müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia tələbinin təmin olunması üçün hər hansı hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15-16 saylı mənzilləri iddiaçının nənəsinin mülkiyyətində olmuş, 13.10.2012-ci il ildən isə bağışlama müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinə keçmişdir. Cavabdehlər İddiaçı onun anası, X18 anasının əridir və hal-hazırda onlar mübahisəli mənzildə yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh İddiaçı və onun ikinci nikahdan olan oğlu yetkinlik yaşına çatmamış X17 mübahisəli mənzildə qeydiyyatdadırlar, cavabdeh X18 isə qeydiyyatda deyildir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlərin mülkiyyətində olan mübahisəli evə istifadə hüquqlarının itirilməsini və əşyaları ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh İddiaçı mübahisəli evə istifadə hüquqları mənzilin mülkiyyətçisi anası olduğu vaxt, yəni 2002-ci ildən yaranmışdır. Belə olan halda 2012-ci ildə mübahisəli mənzilin bağışlama müqaviləsinə əsasən Öktə Samirənin oğlu – Cavabdeh mülkiyyətinə keçməsi onun həmin mənzil üzrə olan istifadə hüquqlarının xitamına səbəb olmamışdır. Digər tərəfdən İddiaçı hazırda da mübahisəli mənzildə yaşayır və mənzilin mülkiyyətçisinin valideyni olmaqla onun ailə üzvü hesab edilir. İddiaçı bir müddət mübahisəli mənzildən köçüb kirayədə yaşasa da, bu hal müvəqqəti xarakter daşımış və onun daimi başqa yaşayış sahəsi olmamışdır. AR Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, Öktə Samirənin mübahisəli mənzilə istifadə hüquqları 2002-ci ildən yarandığından və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olduğu vaxtdan, yəni 2012-ci ildən sonra da cavabdeh Öktə Samirə onunla birlikdə yaşadığından, həmçinin Öktə Samirə Cavabdeh valideyni kimi onun ailə üzvü hesab olunduğundan, onun həmin mənzilə istifadə hüquqlarının itirilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılması hissələrdə qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Öktə Samirənin mübahisəli mənzilə istifadə hüquqları yalnız ona kompensasiya verilməsi yolu ilə, yaxud onun həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxdıqdan sonra xitam edilə bilər. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən Öktə Samirəyə göründüyü kimi hər hansı kompensasiya təklif olunmamış, eyni zamanda onun mübahisəli mənzildən başqa yaşayış yerinin olması ilə bağlı sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə qarşılıqlı iddianın cavabdeh X9 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də irəli sürülmüş tələb əsassız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Öktə Samirənin 2007-ci il təvəllüdlü övladı X21 2007-ci ildən mübahisəli mənzildə yaşamaqla həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Yuxarıda qeyd edilmiş Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Məhkəmə hesab edir ki, Öktə Samirənin övladı X10 da mübahisəli mənzilə istifadə hüquqları olduğu üçün, habelə Həmza Öktə mülkiyyətçinin ögey qardaşı olmaqla onun ailə üzvü hesab olunduğu üçün, onun istifadə hüquqarına xitam verilməsi və mənzildən çıxarılması hissədə də qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə qarşılıqlı iddia tələbinin X6 mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və onun mənzildən çıxarılması hissəsi üzrə qeyd edir ki, həmin hissələrdə qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, X22 nə əvvəlki mülkiyyətçinin, nə də hazırda mülkiyyətçi olan Cavabdehn ailə üzvü hesab olunmadığı üçün onun həmin mənzilə istifadə hüquqları yaranmamışdır. AR Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə hesab edir ki, X22 mənzilin əvvəlki mülkiyyətçinin ailə üzvü olmadığı üçün, habelə keçmiş mülkiyyətçi ilə onun arasında mənzildən istifadə ilə bağlı notariat qaydada razılaşma bağlanmadığı üçün onun 2012-ci ildən qabaq mübahisəli mənzilə hər hansı istifadə hüquqları yaranmamışdır. Hazırki mülkiyyətçiyə münasibətdə də Mustafa Öktə onun ailə üzvü hesab olunmadığı üçün, onun mənzilə hər hansı istifadə hüquqları yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Öktə Mustafanın mübahisəli mənzilə istifadə hüquqlarının yaranmaması müəyyən olunduğu üçün, olmayan hüquqların isə xitamı mümkün olmadığı üçün, qarşılıqlı iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın X6 mübahisəli mənzildən çıxarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır. Məhkəmə hesab edir ki, X6 mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən olunduğundan və mülkiyyətçi onun mübahisəli mənzildə yaşamasına razı olmadığından, həmçinin onlar arasında mənzildən istifadə ilə bağlı hər hansı razılaşma olmadığından, qarşılıqlı iddiaçı mülkiyyətində olan mənzildən cavabdeh Mustafa Öktənin çıxarılmasını tələb etməkdə tam haqlıdır. AR Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh X11 mülkiyyətçinin iradəsinə zidd mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını həyata keçirilməsini məhdudlaşdırdığından, qarşılıqlı iddia tələbi cavabdeh X11 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbləri qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15-16 saylı mənzilinin X16 tərəfindən Cavabdeh bağışlanmasına dair 13.10.2012-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh adına mənzilə verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. X18 əşyaları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 17 saylı evin 15-16 saylı mənzilindən çıxarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar