Məhkəmə qərarları › İş №2(009)-2693/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2693/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2693/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası DİN-in Daxili Qoşunların Baş İdarəsinə qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası DİN-in Daxili Qoşunların Baş İdarəsinə qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun birinci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlərə ərizəçinin yaşadığı yer üzrə baxılır. İddia ərizəsindən göründüyü kimi iddiaçının yaşadığı ünvan Bərdə rayonu, Alaçadırlı kəndidir. Digər tərəfdən cavabdeh qismində göstərilən orqan da Səbail rayonunda yerləşmədiyi üçün, hazırki iddia ərizəsinə ərazi aidiyyəti üzrə Səbail rayon məhkəməsində baxılması yolverilməzdir. AR MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsi məhkəmədə baxılmalı olmadığı üçün onun icraata götürülməsindən imtina olunmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu tarixli 3 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4-cü bəndə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin qərarın 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. İddiaçı məhkəmədən faktiki olaraq müharibədə iştirak etmək faktının müəyyən edilməsini xahiş edir. Hakim qeyd edir ki, iddiaçının müəyyən olunmasını xahiş etdiyi faktın başqa yolla alınmasının, itirilmiş sənədlərin bərpasının qeyri-mümkünsüzlüyü (həmin sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmması) ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Hakim həmçinin qeyd edir ki, müharibə iştirakçısı olması və yaxud müharibədə iştirak etmək faktının məhkəmə qaydasında müəyyən edilməsi ümumiyyətlə yolverilməzdir və bu səbəbdən iddiaçının iddiası məhkəmədə baxılmalı olmadığından onun icraata götürülməsindən imtina edilməlidir. Hakim izah edir ki, iddiaçı “müharibə veteranı” adının verilməsi ilə bağlı həmin adı verən orqana müraciət etməli, sonuncu həmin adın verilməsindən imtina etdiyi halda həmin orqanın hərəkətlərini inzibati məhkəmədə mübahisələndirə bilər. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası DİN-in Daxili Qoşunların Baş İdarəsinə qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. İddiaçıya veteran adının verilməsi ilə bağlı həmin adı verən orqana müraciət etməsi və həmin orqan tərəfindən bu adın verilməsindən imtina olunursa iddiaçı həmin orqanın hərəkətləri ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar