Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2789/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin etibarsız sayılması, cavabdehə ödədiyi 1350 manat və 100 manat dövlət rüsumunun cavabdəhdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM 45.1) Vergi ödəyicilərinin məlumatları barədə elektron çıxarışda cavabdeh “X1” MMC-nin hüquqi ünvanı ünvan 1in ünvan isə Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisinə aiddir. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Xəzər Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2789/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2789/2025
02.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver