Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2790/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, Ərizəçi Cavabdeh, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Cavabdeh (maraqlı şəxs İddiaçı) mülki işin icraatının bərpa edilməsi barədə ərizəsinə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Cavabdeh itirilmiş məhkəmə icraatının bərpasına dair ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 09.10.2008-ci il tarixli, 2-1304/08 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul“ tələbinə dair iddiası qismən təmin edilməklə ondan göstərilmiş tibbi xidmətin qarşılığı olan 1086.16 manat əsas borc və ödənilmiş 19.8 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin mülki proseslərdən məlumatsız olduğundan iştirak etməmişdir. Qətnamə ərizəçiyə 15 sentyabr 2021-ci il tarixdə icra şöbəsi tərəfindən rəsmi təqdim olunmuş və həmin qətnamədən 14.10.2021-ci il tarixdə apellyasiya şikayəti verərkən məlum olmuşdur ki, həmin mülki iş materialları saxlama müddətinin ötməsi ilə əlaqədar ləğv edilmişdir. Bu barədə 20.01.2020-ci il tarixli akt təqdim edilmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçi Cavabdeh ərizəni tam müdafiə edərək bildirmişdir ki, nəqliyyat hadisəsi teleteatrın qarşısında baş vermişdir. Ən yaxın yer ora olduğu üçün insanlar onu avtomobildən çıxararaq Mərkəzi Klinikaya aparıblar. Rəsmi nikah olmasa da yoldaşı olmuşdur. Onun hər hansı sənədə imza atmaq kimi səlahiyyəti olmamışdır. Hadisəni edən sürücü və onun qohumları hər şeyi üzərinə götürüb. Sürücü sağ qalıb. Hadisə 6-nın yarısı baş verib. 8-in yarısı klinikaya getmiş, 11-in yarısı isə xəstə keçinmişdir. O heç bir müqavilə bağlamamışdır. O klinikaya daxil olan kimi yuxarı qalxmış, sənədləri olmadığı üçün ondan baxıb tanımağını istəmişlər. Qətnamədən apellyasiya şikayəti vermək üçün icraatın bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 işə baxılıb yekun məhkəmə aktı çıxarıldığından ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli aktından görünür ki, Nazirlər Kabinetinin 06.03.2000-ci il tarixli, 32 nömrəli qərarına əsasən 2000-2010-cu illər üzrə işlərdən qətnamələr və qərardadlar çıxarılıb qovluqlarda saxlanılmaqla mülki işlər məhv edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 09.10.2008-ci il tarixli, 2-1304/08 saylı qətnaməsindən görünür ki, Cavabdeh 1086.16 manat əsas borc və ödənilmiş 19.8 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan apellyasiya şikayətindən görünür ki, ərizəçi Səbail rayon Məhkəməsinin 09.10.2008-ci il tarixli, 2-1304/08 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iddia tələblərinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2000-2010-cu illər üzrə saxlama müddəti keçmiş mülki işləri məhv edilmiş, həmin işlər üzrə isə qətnamə və qərardadlar çıxarılıb qovluqda saxlanılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2-1304/2008 saylı mülki iş məhv edilmiş və yalnız çıxarılmış məhkəmə qətnaməsi və icra sənədinin icraata başlamaq haqqında qərarı saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əlavəsində «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» proseduru nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəlləsində saxlama müddəti keçdiyinə görə məhv edilmiş icraatın bərpa edilməsi proseduru isə nəzərdə tutulmamışdır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında xüsusi vurğulanmışdır ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquqtətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, belə hüquq normasının olmaması işin baxılmasından imtina edilməsinə səbəb ola bilməz və MPM-nin «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» bölməsinin müddəaları anologiya üzrə tətbiq edilməlidir. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş Əlavənin 1-ci bəndinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Həmin Əlavənin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 10-cu bəndində qeyd olunur ki, itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə xitam verilməsinə dair qəradadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Həmin Əlavənin 15-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, iddiaçı X2 ("xxxx" MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Səbail rayon Məhkəməsində baxılmış 2- 1304/2008 saylı iş üzrə məhv edilmiş (itirilmiş) icraat bərpa olunmalı və məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-1304/2008 nömrəli mülki iş üzrə məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilsin. Həmin iş üzrə iddiaçı X2 ("xxxx" MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair iddiasının qismən təmin olunması və Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı olan 1086 manat 16 qəpik əsas borc və ödənilmiş 19 manat 80 qəpik dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin İddiaçı hesabına verilməsi barədə 09 oktyabr 2008-ci il tarixli qətnamənin qəbul edilməsi müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2790/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2790/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver