Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2814/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi Ə.T.Abdullasoyun iştirakları ilə İddiaçı Əsədova (İsmayılova) Mərcanə Ayaz qızının Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Əsədova (İsmayılova) Ayaz qızı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2005-ci ildə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır. Mənzil onun oğlu Vəkil məxsus olmuş və sonuncu həmin mənzili 2019-cu ildə X1. 29.09.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Cavabdeh ASC tərəfindən ona əsassız olaraq istilik enerjisindən istifadəyə görə 208,33 manat borcu hesablanmışdır. Halbuki, iddiaçı orada yaşadığı müddətdə Cavabdeh ASC ilə istilik verilməsi ilə bağlı heç bir müqavilə bağlamamış və istilik enerjisindən istifadə etməmişdir. Ev alındığı müddətdən mənzilində özünə məxsus istilik sistemi (Kombi) olduğu üçün mənzilə Cavabdeh ASC tərəfindən heç bir istilik enerjisinin verilməsinə zərurət olmamışdır. Cavabdeh ilə onun arasında istilik enerjisinin verilməsi haqqında heç bir müqavilə bağlanmadığı və ümumiyyətlə iddiaçı tərəfindən istilik enerjisindən istifadə edilmədiyi səbəbindən Cavabdeh ASC 208,33 manat pulun tələb edilməsi əsassızdır və əsassız varlanma məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin yaranmasının əsasları göstərilmişdir: öhdəliyin vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən məsələdə öhdəlik hüquq münasibətlərinin yaranma əsaslarından heç biri olmadığı üçün o, bu borcdan azaddır və onu ödəmək vəzifəsi yoxdur. Cavabdehin bu tələbi əsassızdır və əsassız varlanmaq məqsədi güdülür. Zərərçəkmiş şəxs öz pozulmuş hüquqlarının bərpası üçün “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Vəkil ilə ümumi dəyəri 110 manat olan müqavilə bağlamış və 110 manat ödəniş etmişdir. Qeyd olunan fakt öz əksini ərizəyə əlavə edilmiş qəbzdə və müqavilənin surətlərində tapmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ASC tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 208,33 manat əsas borcun silinməsi, pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 110 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddiaçı onun anasıdır, heç vaxt evin mülkiyyətçisi olmamışdır, ein mülkiyyətçisi o, olmuşdur, 2020-ci ildə isə onu satmışdır. İstilik enerjisindən heç vaxt istifadə edilməmişdir, kombi sistemi mövcud olmuşdur, cavabdeh təşkilatla hər hansı müqavilə bağlanılmamışdır, öhdəlik yaranmamış, ziyan vurulmamış, əsassız varlanma halı mövcud deyil, bu səbəbdən iddianı tam əsaslı hesab edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar 1981 və 1983cü illərdə qəbul edilmiş aktlardır, orada onların xidmət sərhəddinin binanın girişinə qədər olması müəyyən edilmişdir. AR Prezidentinin 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti Haqqında Əsasnamə”nin 17-ci maddəsi maddəsinə əsasən yerli icra hakimiyyəti sərəncamında olan əmlakların tərkibində həmçinin istilik təchizatı infrastruktur obyekti kimi də daxil edilmişdir. Ona görə də hər il MKİS-lər tərəfindən onlara ərazidə mövcud olan və istilik enerjisindən istifadə edən mənzillər barəsində məlumatlar verilir, həmin məlumatlar əsasında onlar mənzillərə istilik enerjisindən istifadə ilə əlaqədar borc hesablayırlar. Əgər evdə kombi sistemi mövcuddursa, evin sahibi bu barədə onları məlumatlandırmalıdır ki, onlara borc yazılmasın. Əgər evin mülkiyyətçisi dəyişərsə də, bu barədə onlara məlumat verilməlidir. Konkret tələb üzrə isə bildirir ki, iddia tərəfindən onlara belə bir müraciət olmamışdır. Eyni zamanda onlar tərəfindən səlahiyyətli orqanlara müraciət olunmuşdur ki, istilik təchizatını verilməsi ilə bağlı normativ akt qəbul olunsun, orada mənzil mülkiyyətçiləri ilə müqavilə bağlama, istilik borularının bloklardan keçməsi müəyyən olunsun ki, orda istifadə edən mənzilə sayğac quraşdırılsın. Lakin bu günədək bu müraciətə müsbət cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri 29 saylı notariat ofisində təsdiq edilmiş 18.03.2020-ci il tarixli, **********08620/İM saylı alqı-satqı və ipoteka müqaviləsinin surətinə əsasən satıcı Vəkil 23.06.2010-cu il tarixdən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 22 saylı evin 5 saylı mənzili alıcı-ipoteka qoyan X1. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.05.2020-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 22 saylı evin 5 saylı mənzili tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətindədir. İş üzrə Cavabdeh ASC-nin kompyüter çıxarışından görünür ki, İddiaçı istilik enerjisindən istifadəyə görə 208,33 manat ödəniş hesablanmışdır. İş üzrə Cavabdeh ASC tərəfindən verilmiş 29.09.2021-ci il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, İddiaçı ödəməli olduğu məbləğ 208,33 manat təşkil edir. İş üzrə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 667 saylı, 21.10.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılığa 110 manat müəyyən olunmuşdur. İş üzrə ödəniş qəbzindən görünür ki, hüquqi xidmət haqqı üçün 111 manat pul ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 22 saylı evin 5 saylı mənzili üzrə İddiaçı (İsmayılova) abonent kimi qeydiyyata alınmış və ona həmin mənzil üzrə istilik haqqının əvəzi kimi 208,33 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 22 saylı evin 5 saylı mənzilində yaşasa da, həmin mənzilin mülkiyyətçisi olmamış və onunla cavabdeh arasında istilik təchizatı ilə bağlı hər hansı müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh arasında istilik enerjisinin verilməsi ilə bağlı hər hansı müqavilə bağlanılmamış və ümumiyyətlə iddiaçı tərəfindən istilik enerjisindən istifadə olunmamışdır. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən adına hesablanmış borcun silinməsini xahiş etmişdir. АР Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, iddiaçının istilik enerjisindən istifadə ilə bağlı öhdəliyin yaranması üçün onunla cavabdeh arasında həmin xidmətin göstərilməsi ilə bağlı müqavilə olmalıdır. Məhkəmə iclasında isə tərəflər arasında belə müqavilənin bağlanması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, elektrik enerjisindən və qazdan istifadə ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilikdə normativ hüquqi aktlar (“Elektrik enerjisindən istifadə” Qaydaları, “Qazdan istifadə” Qaydaları) mövcud olsa da, istilik enerjisindən istifadə ilə bağlı hər hansı normativ hüquqi akt mövcud deyil. Elektrik enerjisindən və qazdan istifadə ilə bağlı Qaydalarda əhalinin və digər istehlakçıların elektrik enerjisindən və ya qazdan istifadə edilməsinin təmin edilməsi üçün enerjitəchizatı müəssisəsi ilə abonent (və hüquqi şəxs) arasında müqavilənin bağlanılması nəzərdə tutulmuşdur. Yəni enerjitəchizatı müəssisəsi fiziki şəxslərə yalnız müqavilə bağlanılması yolu ilə xidmət göstərirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması” Qaydalarının 4.5.1-ci bəndində göstərilmişdir ki, istilik təchizatı qurumları istilik enerjisi təchizatının dayandırılmasının razılaşdırılmış plan-qrafiklərini cari ilin mart ayının 15-dək istilik enerjisi şəbəkələrinə qoşulmuş və təchizatçı ilə müqavilə bağlamış istehlakçılara təqdim etməlidirlər. Göründüyü kimi göstərilən normativ hüquqi aktda istilik enerjisinin istehsalını, ötürülməsini, paylanılmasını və satışını həyata keçirən təchizatçı müəssisə - Cavabdeh ASC-nin istilik enerjisi şəbəkələrinə qoşulmuş istehlakçılarla müqavilənin bağlanılması nəzərdə tutulmasa da, həmin qaydalarda təchizatçı müəssisənin üzərinə istilik enerjisi təchizatının dayandırılması barədə müqavilə bağlanmış istehlakçılara məlumat verilməsi vəzifəsi qoyulmuşdur. Bu qaydaları əsas tutaraq məhkəmə belə nəticəyə gəlir ki, istilik təchizatını həyata keçirən müəssisə istilik enerjisinin istehlakçıya ötürülməsini, paylanmasını və satışını həyata keçirərkən onunla müqavilə bağlamalıdır. Belə müqavilənin bağlanmaması həm istehlakçının istilik təchizatı müəssisəsi qarşısında öhdəliyin yaranmamasına səbəb olur, həm də təchizat müəssisəsinin istehlakçıya qarşı hər hansı tələb irəli sürmək hüququnu yaratmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh qarşısında istilik enerjisindən istifadə ilə bağlı hər hansı müqavilə bağlanmadığı üçün, iddiaçının istehlakçı kimi istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya belə bir borc hesablanması qanuni hesab edilmir. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mənzilinin mülkiyyətçisi olmamış və yalnız mənzildə yaşamışdır. Belə olan halda Cavabdeh ASC tərəfindən mənzilin mülkiyyətçisi olmayan şəxs barəsində istilik enerjisinin istehlakı ilə bağlı borc hesablanması bu əsasla da əsassız olmuşdur. Eyni zamanda iddiaçı mübahisəli mənzildə 2020-ci ilədək yaşamışdır, həmin vaxtdan sonra isə mənzilin mülkiyyətçisi dəyişmişdir. Bundan iddiaçının iddia etdiyinə görə mənzildə kombi sistemindən istifadə olunmuş və cavabdeh tərəfindən verilən istilik enerjisindən istifadə olunmamışdır. Yəni iddiaçının müqavilə olmadan istilik enerjisindən istifadə edilməsi və bununla da cavabdehə ziyan vurulması halı da məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya istilik enerjisindən istifadə ilə bağlı müqavilə olmadan borc hesablanması həm də qanuna zidd olmuşdur. AR Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülkiprosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi öhdəlik ya müqavilədən, yaxud zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlir. Öhdəliyi yaranmış şəxs həmin öhdəliyi icra etmirsə, digər tərəf həmin öhdəliyin icra edilməsini tələb edə bilər. Bu tələblərdən kənar müqavilə tərəfinin digər müqavilə tərəfinə hər hansı məcburetmə tədbirləri tətbiq etməsi mülki qanunvericiliyin tələblərinə, prinsiplərinə ziddir və yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh qarşısında istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyinin yaranması üçün əsaslar müəyyən olunmadığı üçün, habelə cavabdeh tərəfindən heç bir əsas olmadan iddiaçıya abonent kimi borc hesablanması qanunsuz olduğundan, irəli sürülmüş iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslı hesab olunduğu üçün, hüquqi xidmət haqqı üçün ödənilmiş 110 manat və dövlət rüsumunun əvəzi kimi 30 manat pul da cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Əsədova (İsmayılova) Mərcanə Ayaz qızının istilik enerjisindən istifadə ilə bağlı abunə hesabına (**********05) yazılmış cəmi 208,33 manat borc əsassız olduğu üçün silinsin. Cavabdeh ASC-dən Əsədova (İsmayılova) Mərcanə Ayaz qızının xeyrinə hüquqi xidmət haqqının əvəzi kimi 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 140 (yüz qırx) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2814/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2814/2021
16.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver