Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-284/2021 25.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2 il öncə sayğacının mənzilə keçən xəttə qaz buraxmaması səbəbindən 104 qaz xidmətinə müraciət etmiş və soyuq qış ayı olduğundan problemin təcili həllini tapılmasını xahiş etmişdi. Qaz qəza xidmətinin əməkdaşları sayğaca baxış keçirərək məlum olmuşdur ki, sayğacın daxilindəki klapan nasaz olduğundan, sayğac xəttə qazı buraxmır. Bu səbəbdən də plomb özləri tərəfindən açılmış sayğacın daxilindəki problem aradan qaldırıldıdan sonra sayğaca yenidən plomb bağlanmışdır. Sabahı günü 104 xidmətinə bu barədə məlumat vermiş, oradan da ona bildirmişdirlər ki, sayğacın plombu yenilənibsə və bu qaz qəza xidmətinin əməkdaşları tərəfindən aparıldığı üçün narahatçılığa heç bir əsas yoxdur. 2020-ci ilin iyulunda isə həmin sayğacın oxunmamasını görüb, ərazi üzrə nəzarətçi Mais Məmmədova məlumat vermişdir. Nəzarətçi xx.xx.2020-ci il tarixində sayğacı dəyişərək yeniləmişdir. Sayğacı təhvil verdiyi zaman plomb sayğacın üzərində bağlı olmuş, onun tərəfindən müdaxiləyə rastlaşılmamışdır. Mais Məmmədov tərəfindən yazılan aktda da sayğacın dəyişdirilmə səbəbi elektron tipi sönmüş və sayğacın oxunmaması göstərilmişdir. xx.xx.2020-ci il tarixdə məlum olmuşdur ki, “Cavabdeh” İB onun adına 216 manat cərimə yazmışdır. Lakin bu cərimə nəzarətçi tərəfindən ona verilən bildiriş vərəqində göstərilmir. Borc ödədiyi zaman ödəniş terminalında məbləğin çox olmağını görüb satış idarəsinə yaxınlaşdı. Oradan bildirdilər ki, klapana müdaxilə olunub. Həmin klapan yeni sayğaclarda qoyulmayıb. Yəni sərfiyyat zamanı klapan heç bir rol oynamır. Bu səbəbdən və əməliyyatın qaz qəza xidmətinin əməkdaşları tərəfindən aparılması səbəbindən ona cərimənin yazılmasının qanunsuz olduğunu qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verən məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı ünvan 1 A ünvanın təbii qaz istehlakçısıdır. xx xxxx 2020-ci il tarixdə “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən həmin ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və elektron tablo oxunmadığı üçün bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 06 nömrəli müqavilə, müdaxilə olunmuş sayağacın dəyərinin ödənilməsi ilə “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt ilə təsdiqlənir. Beləliklə, məhkəmə mübahisənin xarakterini nəzərə alaraq mülki işin hüquqi həlli ilə bağlı bildirir ki, “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Adı çəkilən normanın məzmunu və legitim məqsədindən göründüyü kimi, qanunverici zədələnmiş qaz sayğacının istehlakçının vəsaiti hesabına yenisi ilə əvəz edilməsini məhz zədələnmənin istehlakçının təqsiri üzündən baş verdiyi halda mümkün hesab etmişdir. Bu baxımdan, yalnız sadalanan şərtlər mövcud olduğu halda istehlakçı zədələnmiş qaz sayğacına görə məsuliyyət daşıyır. O da nəzərə alınmalıdır ki, təqsir dedikdə, şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) və bu əməlin nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Ağırlıq dərəcəsindən asılı olmayaraq, təqsir şəxsin qınanıla bilən davranışıdır. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan istisna qanunvericilikdə birbaşa və birmənalı şəkildə göstərilməlidir. Lakin hazırkı mülki işdə İddiaçı yaşadığı ünvan 1 A ünvanında quraşdırılmış qaz sayğacında zədələnmənin onun təqsirli hərəkət(lər)i nəticəsində meydana gəldiyi sübuta yetirilmir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Odur ki, qaz sayğacının işlək vəziyyətində qalmasına görə məsuliyyət daşıyan “Cavabdeh” İB sayğacda yaranmış zədələrin istehlakçının təqsiri üzündən baş verməsi halını sübut etməlidir. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. “Cavabdeh” İB X2 sahəsində abonent kimi qeydiyyata alınmış ünvan 2 A ünvana hesablanmış 216 (iki yüz on altı) manat borc İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. “Cavabdeh” İB X2 sahəsində abonent kimi qeydiyyata alınmış ünvan 2 A ünvana hesablanmış 216 (iki yüz on altı) manat borc İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-284/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-284/2021
25.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver