Məhkəmə qərarları › İş №2(009)-309/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-309/2022

25.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-309/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, yaşadığı mənzildə 2010-cu ildə mexaniki qaz sayğacı quraşdırılmışdır. ”Azəriqaz” İB-nin işçiləri sayğacın göstəricisini çek şəklində ona təqdim edirdilər, o, da məbləği poçt vasitəsilə müntəzəm ödəmişdir. 24.05.2019-cu ildə mexaniki qaz sayğacı “Azəriqaz” İB-nin işçiləri tərəfindən dəyişdirilib, yerinə Smart tipli kartla sayğac quraşdırmışlar və ona akt verib bildirmişlər ki, “ASAN xidmət”də özünə kart alsın. O, problemsiz kart almış və hər ay ödəmə etmişdir. 2020-ci ilin dekabr ayında ödəmə etmiş, amma 2 manat pul tutulmuşdur. O, Səbail rayon Qaz İdarəsinə müraciət etmişdir. Onlar bildirmişlər ki, sayğac 2019-cu ilin may ayında çıxarılıb, aparıb laboratoriyada yoxlanılıb və ona 464 manat borc yazılmışdır. O, etirazını bildirmiş və ona Qaz Departamentinə müraciət etməsini məsləhət görülmüşdür. Qaz Departamentində ona bildirmişlər ki, laboratoriyanın verdiyi rəyə əsasən onun sayğacın şüşəsində çırıq olub və plastmas şüşənin 4 ayaqcığından biri aşkar olunmadı. O, qəti etirazını bildirmişdir. Bu gözlə görünən defektlərdir, lakin sayğacı çıxaran ”Azəriqaz” İB-nin əməkdaşları bu barədə dərhal akt bağlamamışlar. Şifahi olsa da, bunu ona deyə bilərdilər. Sayğacın dəyişdirildiyi tarixdən 19 ay keçmiş, bu barədə onun xəbəri olmamışdır. Sayğac bayırda yerləşir, ona müdaxiləni “Azəriqaz” İB-nin işçiləri edə bilər. Sayğac çox yuxarıda qoyulmuşdu, onun sayğaca əlinin çatmağı imkansız idi. O, qaz sayğacının ona göstərilməsini tələb etmişdir. Əlbəttə, göstərməmişlər. O zaman laboratoriyanın yazılı rəyini görmək istəmiş, onu da vermədilər. Ona “Azəriqaz” İB tərəfindən şər ataraq qeyri-qanuni 464 manat cərimə yazılmışdır. 19.02.2021-ci il tarixdə ona cavab vermişlər və cavab məktubunda da qaz sayğacında zədələnmələrin olduğu bildirilmişdir. Bütün bunlar onu sübut edir ki, cavabdeh öz itkilərini, yeyintilərini sadə vətəndaşların üzərinə borc yazmaqla bağlamaq istəyir. Hal-hazırda o, heç bir yerdə işləmir, onun maddi durumunun çətin və sağlamlığında da problemlər var. Göstərilənləri nəzərə alaraq iddiaçı “Azəriqaz” İB tərəfindən ona yazılan qeyri-qanuni tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi və qanunsuz yazılmış 464 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 27.05.2015-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində yerləşən 3/6 saylı evin 61 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.05.2019cu il tarixli ******* nömrəli aktın kserosurətindən görünür ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı ünvan 1 ünvanında qaz sayğacına baxış keçirilən zaman mexaniki sayğacın Smart sayğacı ilə əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. İş üzrə “Azəriqaz” X1 sayğacının yoxlanılması barədə 26.09.2019-cu il tarixli MSK-29/1710- 01791-2 saylı akta əsasən iddiaçıya aid sayğaca baxış keçirərkən müəyyən edilmişdir ki, ******* No-li sayğacın plastmas qapağının qoruyucu şüşəsinin alt tərəfində iz var, qoruyucu şüşəni plastmas qapağa bərkidən dörd qulaqçıqdan biri aşkar olunmadı. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.09.2019-cu il tarixli, ******* saylı aktın kserosurətindən görünür ki, 29/1710-01791-2 saylı rəyə əsasən 404661 No-li sayğacın plastmas qapağının qoruyucu şüşəsinin alt tərəfində iz olması, istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İş üzrə “Azəriqaz” İB-nin 30.09.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı sənaye və məişət qaz sayğacının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 30.09.2019-cu il tarixli, 29/1710-01791-2 No-li aktına əsasən G-4 markalı ******* No-li sayğacın “plastmas qapağının qoruyucu şüşəsinin alt tərəfində iz var. Qoruyucu şüşəni plastmas qapağa bərkidən 4 qulaqciqdan biri aşkar olunmadı” nöqsan aşkar edilmiş, ******* saylı 30.09.2019-cu il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 4644 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə abonent İddiaçı (kod **********00611) abonent saldosundan görünür ki, ona 2019-cu ilin sentyabr ayında 464,40 manat əlavə borc hesablanmışdır. İş üzrə “Paylayıcı” qismində “Azəriqaz” İB ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində yerləşən 3/6 saylı evin 61A saylı mənzilə dair bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə 13.12.2021-ci il tarixli müqaviləsinin surətinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 27.05.2019-cu il tarixdə iddiaçının yaşadığı mənzilə aid olan sayğaca baxış keçirilmiş və mexaniki sayğacın Smart sayğacı ilə əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra MSK-29/1710-01791-2 saylı akt tərtib edilmişdir. Akta əsasən sayğacın plastmas qapağının qoruyucu şüşəsinin alt tərəfində iz olması, qoruyucu şüşəni plastmas qapağa bərkidən 4 qulaqciqdan biri aşkar olunmaması müəyyən edilmişdir. Qüsura görə nəticə kimi “qaz itkisi, müdaxilə” halının olması müəyyən edilmişdir. Həmin akt əsasında 30.09.2019-cu il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın 30.09.2019cu il tarixli qərarı ilə iddiaçıya 4644 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı mənzildən kənarda quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman sayğacda heç bir zədə olmamışdır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı aktın ləğv edilməsi və 464 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının abunə hesabına yazılmış 464 manat məbləğində borc cavabdeh təşkilatın tərtib etdiyi 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında qəbul edilmiş qərara əsasən yazılsa da, iddiaçı tərəfindən irəli sürülmüş tələb yalnız borcun silinməsi hissəsində əsaslı hesab edilə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac laboratoriya şəraitində yoxlandıqdan sonra həmin sayğacda qüsurlar aşkar edilmiş və həmin qüsurları yoxlamanı aparan komissiya sayğaca müdaxilə faktı kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində 30.09.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt və Bakı Regional Qazın Satışı Departamentinin 30.09.2019-cu il tarixli qərarı əsasında (dəymiş ziyanın bərpasına dair Tələbnamə) iddiaçıya 4644 kub metr əlavə sərfiyyat kimi dəymiş ziyan hesablanmış və həmin ziyana görə iddiaçının abunə hesabına 464,40 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 464,40 manat borc 30.09.2019-cu il tarixli qərar əsasında yazılmış, həmin qərar isə 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, 30.09.2019-cu il tarixdə ******* saylı akt müvafiq laboratoriyanın yoxlaması nəticəsində tərtib olunduğu üçün və laboratoriyada aparılan yoxlamanın qanuni olubolmaması hazırkı mübahisənin predmeti olmadığı üçün, həmin yoxlamanın nəticəsi olaraq tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən 30.09.2019-cu il tarixli akt qanunsuz hesab edilə bilməz. Yəni göstərilən akt özündə yalnız sayğacda aşkar edilmiş qüsurları əks etdirdiyindən, həmin qüsurların isə olub-olmaması ilə bağlı hər hansı mübahisə olmadığından, iddia tələbi aktın qanunsuz hesab edilərək ləğv edilməsi hissəsində təmin edilməməlidir. Lakin məhkəmə həmin akt əsasında iddiaçının abunə hesabına yazılmış 464 manat borcla bağlı qeyd edir ki, cavabdeh orqan həmin borcu yazmaqla qanunun tələblərini pozmuşdur. Belə ki, AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydadarı”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «Azəriqaz» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən «Azəriqaz» İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı birbaşa iddiaçının abunə hesabına yazmış və bununla da qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir. AR Mülki Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Digər tərəfdən «Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüquququn olmasını anlamına gəlmir. Beləliklə akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış 464 manat borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun iddiaçının abunə hesabından silinməsi hissəsində tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində yerləşən 3/6 saylı evin 61A saylı mənzilinə dair Bakı Regional Qazın Satışı Departamentinin 30.09.2019-cu il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən iddiaçının abunə hesabına (**********00611) yazılmış 464 (dörd yüz altmış dörd) manat əlavə borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. «Azəriqaz» İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar