Məhkəmə qərarları › İş №2(009)-318/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-318/2021

28.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-318/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçılar İddiaçı1 və X1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Salyan Döngəsi, O.Daşdəmirov küçəsində yerləşən 38 saylı evdə, X2 isə Bakı şəhəri, Səbail rayonu, Salyan Döngəsi, O.Daşdəmirov küçəsində yerləşən 37C saylı evdə yaşayırlar. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan Döngəsi, O.Daşdəmirov küçəsində yerləşən 35 d saylı evdə yaşayır. Cavabdeh onların evinin aşağı hissəsində özbaşınalıq edərək heç bir icazə olmadan istədiyi kimi pəncərə açır, evini saxlayan sütunları deşərək özünə ev tikib, evlərinin yan tərəfində olan divarı bütövlükdə deşərək dəmir profillər vuraraq özünə ev tikir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onlar öz əmlaklarında rahat yaşaya bilmirlər. Məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirmişdir ki, o Bakı şəhəri, Səbail rayonu, Salyan döngəsi, O.Daşdəmirov küçəsi, 38 saylı evdə, cavabdeh isə 35D saylı evdə yaşayır. Cavabdeh uzun müddətdir ki, həmin ünvanda özbaşına tikinti işləri aparır. Cavabdehə yaxınlaşaraq evini bir az kənarda tikməyi xahiş etsələr də, təkidlərə məhəl qoymayaraq onun evinin divarına bitişik formada öz evini tikməkdə davam etmişdir. Eyni zamanda cavabdeh təhqiramiz ifadələr işlədərək onun və ailəsinin narahatçılığına səbəb olur. Səbail Rayon İcra Hakimiyyəti və 149 saylı MKİS-nin nümayəndələri ilə birlikdə cavabdehin evinə gedərək, tikintini biraz kənarda davam etməsini xahiş etsələr də, cavabdeh onları təhqir edərək, dəmir parçası ilə onun sağlamlığına xəsarət yetirmişdir. Beləliklə o hesab edir ki, cavabdeh onun mülkiyyət hüququnu pozur. Bu səbəbdən də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahat verərək bildirmişdir ki, o, digər iddiaçı və cavabdeh eyni ərazidə yaşayırlar. Cavabdeh onun evinin sütunları üzərində evini inşa edərək, evinin döşəməsini öz evi üçün tavan etmişdir. Həmin tikinti işləri onun evinin təməl sütunlarına həddindən artıq dərəcədə ziyan vurur. Bu səbəbdən cavabdeh tərəfindən aparılmış özbaşına tikintinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o İddiaçı1 tanımır, digər iddiaçı isə onun qapı qonşusudur. 2017-ci ildə Raqif həmin mənzili alaraq oraya köçmüşdür. O isə 1995-ci ildən həmin evdə yaşayır. Raqiflə onun qonşu olaraq yaxşı münasibətləri olmuşdur. İddiaçı1 isə orada yaşamır, onun qardaşı və atası orada yaşayır. İddiaçı1 öncəki mülkiyyətçi ilə birlikdə həmin ortaq hasarı qoşa daş ilə hörmüşlər. Belə olan halda, daşın bir hissəsi ona aid olduğundan üzrəində hər hansı bir tikinti işi aparmaqda sərbəstdir. İddiaçı1lə İcra Hakimiyyəti və MKİS-in nümayəndələrinin onun evinə gəlmələrinə münasibətdə isə bildirmişdir ki, İddiaçı1 onu ailəsinin qarşısında yaxasından tutaraq sürümüşdür. Onlar sakit şəkildə müraciət etsə idilər problemi həll etmək olardı. Hesab edir ki, orada tikilən bütün evlər özbaşına tikili olduğundan tikinti işləri aparmaqda sərbəstdir. Bu səbəbdən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda qeyd olunur ki, mülki iş materiallarında olan məlumatlara əsasən, tərəflərin tikinti apardığı torpaq sahəsinə, eləcə də tikintinin aparılmasına dair hüquqverici sənədlər yoxdur. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdehin apardığı tikintinin qanunsuz aparılması, buna dair müvafiq icazələrin alınmaması kimi dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, qanunverciliyin sadalanan normaları iddiaçıya müvafiq icazə olmadan tikilmiş tikililərin sökülməsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar