Məhkəmə qərarları › İş №2(009)-321/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-321/2023

27.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-321/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-nin Səbail EŞ qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-nin Səbail EŞ qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən ona məxsus 195T saylı fərdi yaşayış evinin yol tərəfdən hasarına bitişik hissədə X1raşdırılması ilə bağlı inşa edilmiş tikili və qurğuların cavabdehlərin hesabına sökülməsi və götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərişıq ASC tərəfindən mənə məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 195T saylı fərdi yaşayış evimin yol tərəfdən hasarına bitişik hissədə qanunsuz 400 kva gücündə X2 (KTM) yerləşdirilmişdir. Hesab edirəm ki, həmin KTM-nin qoyulması qanunsuzdur və sökülməlidir. Qeyd olunan məsələ ilə bağlı yuxarı dövlət qurumlarına etdiyimiz şikayətlər nəticəsində KTM-nin quraşdırılma işlərinin tamamlanması, fəaliyyətə başlaması dayandırılmışdır. Lakin cavabdehlərə ünvanladığımız məktublar absurd cavablar verilməklə fiziki olaraq cavabsız qalmış, KTM hələ də sökülüb ərazidən götürülməmiş və ya yeri dəyişdirilməmişdir. Sözügedən KTM cavabdeh tərəfindən heç bir təhlükəsizlik qaydalarına əməl edilmədən mənim mülkiyyətimdə olan və hazırda yaşadığım fərdi yaşayış evinin hasarına bitiş sahədə yerləşdirilmişdir. Bu isə təhlükəsizlik baxımından ətrafda yaşayan qonşularım daxil olmaqla bizi risk altında qoyur. Belə ki, həmin KTM normativ aktlarda müəyyən edilmiş qaydalara uyğun quraşdırılmamışdır. Müraciətim əsasında AR Energetika Nazirliyinin müfəttişləri tərəfindən xx.xx.2021 -ci il tarixində əraziyə və KTM-yə baxış keçirilərək müvafiq akt tərtib olunmuşdur. KTM-nin qeyri-standart olması, AR Nazirlər Kabinetinin xx.xx.2020-cil tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 4.2.6.11-ci bəndinin tələblərinin pozulması, AR Nazirlər Kabinetinin xx.xx.2019-cil tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar QaydasT’nın 2.1.7.1-ci yarımbəndinin tələblərinin pozulması, AR Nazirlər Kabinetinin xx.xx.2005-cil tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının 10.17-ci bəndinin tələblərinin pozulması faktları müəyyən edilmişdir. Müəyyən edilmiş bu faktlar cavabdehlərin başdansovdu davrandıqlarını, hüquqazidd hərəkət etdiklərini və quraşdırılan KTM-nin əhalinin təhlükəsizliyi baxımından standartlara cavab vermədiyini ortaya qoyur. Digər tərəfdən həmin KTM-nin mənim hasarıma bitişik hissədə quraşdırılması mənim mülkiyyət hüququmu, mülkiyyətimdə olan əmlakdan maneəsiz istifadə hüququmu da pozur. Belə ki, KTM-nin həmin əraziyə qoyulması mülkiyyətimdə olan fərdi yaşayış evinə gələcəkdə giriş-çıxış üçün qeyd olunan ərazidən yol açma və darvaza qoyma imkanımı əlimdən alır, buna maneə yaratmış olur. Halbuki, mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin altına alınmışdır və heç kəs mülkiyyətindən, ondan istifadə etməsindən məhrum edilə bilməz. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. (14-cü bənd) Məhkəmə, hazırki iş üzrə mübahisənin tərəflər arasında müvafiq müqavilə üzrə öhdəlik münasibətlərindən irəli gəlmədiyini, iddiaçının cavabdehin ümumi (publik) hüquq sahəsindəki hərəkətindən narazı qaldığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, hazırki işə predmet və subyekt tərkibinə görə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Ona görə də, İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı – cavabdeh "xxxx" ASC-nin Səbail EŞ qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-nin Səbail EŞ qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar