Məhkəmə qərarları › İş №2(009)-325/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-325/2024

31.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-325/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X35 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, nümayəndəsi-vəkili Vəkil və ilkin iddia üzrə Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı - cavabdehlər Vəkil və 27 saylı Notariat Ofisinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Vəkil cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 31 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Vəkil və 27 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Vəkil arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini iddiaçı belə əsaslandırmışdır ki, ünvan 2 nömrəli ev iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Belə ki, oğlu X2 vətəndaşı Ruziyə adlı şəxslə tanış olmuş, həmin şəxslə işgüzar münasibətlər qurmuşdur. Bu münasibətlər çərçivəsində Türkiyədə olan universitetlərə İran tələbələrinin qəbul edilməsi və imtahanlarla bağlı digər xidmətlər göstərərək ona köməkliklər edirmiş. Həmin xidmətlər müqabilində oğlu Mövlanverdi Rzuiyə xanımdan hissə-hissə olmaqla pullar almışdır. Qeyd edir ki, imtahanla bağlı xidmətlərin müddəti bir olmuş və bir il müddət keçəndən sonra həmin sənədlər öz qüvvəsini itirirmiş. Belə olduğu halda Ruziya xanım bir ildən sonra guya 50.000 ABŞ dolları oğluna verməsi barədə şikayət edərək ödədiyi pulları əsassız olaraq oğlundan tələb etmiş, polisə şikayət etmişdir. Nəticədə Səbail rayon Polis İdarəsi tərəfindən oğlu saxlanılmışdır. Həmin idarədə oğlu barəsində araşdırma aparılmışdır. Həmçinin qeyd edir ki, oğlunu da həbs edəcəkləri ilə qorxudaraq ona Ruziyə xanım öz ofislərində guya borclu olması ilə bağlı müəyyən sənədlərə imza etdirmişlər. Ruziyə xanım iddiaçını oğlunu həbs etdirəcəyi ilə hədələmiş və əsassız pullar tələb etmişdir. İddiaçı oğlunun həbs edilməsindən qorxduğundan onun dedikləri ilə, yəni onun mülkiyyətində olan evi oğlu borcunu ödəyənə qədər onun adına girov qoyması barədə təklifi ilə razı oldu. Aradan uzun müddət keçdikdən sonra, yəni 29 oktyabr 2023-cü il tarixdə tanımadığı Cavabdeh2 adlı şəxs onun evinə gələrək evin ona məxsus olmasını və evdən çıxmağını tələb etdi. İddiaçı isə onu tanımadığını, onunla heç bir münasibətinin olmadığını, evi ona satmadığını, oğlunun borcu ilə əlaqədar evini Ruziyə xanıma girov qoydğunu, pulu qaytarandan sonra evinin sənədlərini alacağını bildirdi. Lakin Cavabdeh2 adlı şəxs ona alqı-satqı müqaviləsini təqdim etdi və iddiaçı müqaviləyə baxan zaman etirazı edərək evini satmadığını və burada göstərilən məbləğdə pul almadığını bildirdi. Həmçinin iddiaçı onlara bildirdi ki, yaşlı qadındır və heç bir qanundan və sənəddən anlayışı olmadığından onu aldatmışlar və evini başqa şəxsin adına keçirtmişlər. Bundan sonra Ruziya xanım da gəldi və evin ona məxsus olduğunu bildirdi. İddiaçı da bunun düzgün olmadığını, onlardan heç bir məbləğdə pul almadığından alqı-satqının qanunsuz olduğunu bildirdi. Həmçinin qeyd edir ki, onun evi X4 da adında ona borclu olduğuna görə girovda olmuşdur. Ruziya xanım ona bildirmişdir ki, eyni qayda ilə evi İlqar Eynullayevin adından çıxardıb öz adına girov qoyacaqdır. Həmin məbləği də İlqar Eynullayevə ödəyəcəklər. İddiaçı belə olduğu halda onunla razılaşmışdı ki, borcunu qaytaranda evini ona qaytaracaqdır. Lakin hazırda görür ki, onun evini tanımadığı adamın adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmişlər. Bu isə onun iradəsinə zidd olmaqla qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 ev satmamışdır və ondan da müqavilədə göstərilən məbləğdə pul almamışdır. Onun oğlunun Ruziya xanıma olan borcuna görə evini ona girov kimi qoymaq adı ilə aldadılmışdır və evini əlimdən alıblar. Eyni zamanda iddiaçı Vəkil cavabdehlər İddiaçı,X10, X11, X16, X23, X14, X5, X24, X15, X20, X30, X31, X9, X6, X3, X25, X21, X7 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Hüsü Hacıyev küçəsi 33 saylı evə olan istifadə hüquqlarına xitam verilməklə məcburi çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılılı iddia tələbini iddiaçı belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında olan 25 saylı evi alqı-satqı yolu ilə alaraq mülkiyyət hüquqi əldə etmişdir, buna baxmayaraq öz mülkiyyətindən sərbəst istifadə edə bilmədiyi üçün, aşağıda göstərilən şəxsləri və həmin ünvanda qeydiyyatda olan X10, X11, X16, X26, X23, X14, X5, X24, X15, Həbibova fərvin Azər qızı, X30, X31, X9, X6, X3, X25, X21, X1 çıxmadıqları üçün Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli (2-1(112)-9693/2023) qərarı ilə onlar ona məxsus evdən qeydiyyatdan çıxarılmışdır və yaşayış üzrə qeydiyyat haqqında arayışlardan məlum olur ki, həmin şəxslər ona məxsus evdən çıxarılmışdır və hal-hazırda həmin ünvanda heç kim qeydiyyatda yoxdur, ancaq çox əfsuslar olsun ki, yuxarıda adları çəkilən şəxslər onun mülkündən çıxmaqda imtina edirlər, bu da bir başa vətəndaşın konstitusion hüquqlarını pozmaq deməkdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, alqı-satqı zamanı ödənilən 95.000 manat məbləğində pul vəsaiti Qızlı xanıma çatmamışdır. Həmin pul müqavilə üzrə alıcı qismində iştirak edən Cavabdeh2 özü tərəfindən depozit hesabdan götürülmüşdür. Çünki müqavilə bağlanarkən əsas niyyət Qızlı xanımın Ruziyə xanıma olan borcunu bağlamaq üçün sözügedən evin girov saxlanılması olmuşdur. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, İddiaçı oğlu Həbibov Mövlanverdinin işgüzar münasibətləri nəticəsində Ruziyə adlı xanıma borcu yaranmışdır. Qarşı tərəf bu borcun məbləğinin 50.000 ABŞ dolları məbləğində olduğunu bildirsə də, həmin məbləğ əslində 60.000 ABŞ dolları məbləğində olmuşdur. Bundan sonra həmin borcun təminatı olaraq, sözügedən ev barəsində girov qoyulması niyyəti ilə notariusda onunla qarşı tərəf arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən onlar öz aralarında razılaşdırmışdırlar ki, İddiaçı yaxud oğlu Ruziyə xanıma olan borcunu tam ödədikdən sonra ev Qızlı xanımın özünə qaytarılacaqdır. Alqı-satqı zamanı onun tərəfindən mənzilin dəyəri kimi 95.000 manat məbləğində pul notariusun depozit hesabına qoyulmuşdur. Həmin pul qarşı tərəfə verilməmiş və onun özü tərəfindən depozit hesabdan götürülmüşdür. 95.000 manat puldan qarşı tərəfə heç bir məbləğ çatmamışdır. Çünki razılığa əsasən qarşı tərəf Ruziyə xanıma olan borcunu tam bağladıqdan sonra mənzil Qızlı xanıma geri qaytarılacaqdı. Hazırki vaxta kimi qarşı tərəf Ruziyə xanıma olan borcundan heç bir ödəniş etməmişdir. İş üzrə digər proses iştirakçılarına qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını öyrənib, təqdim edilmiş subutları araşdırıb hesab edir ki, aşağıdakılara görə ilkin iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış AN- İ № ******* alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 95,000 manat dəyərində Cavabdeh2 satılmışdır. 26 oktyabr 2022-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, 95,000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən 27 saylı Notariat Ofisinin depozit hesabına köçürülmüşdür. Məhkəmə verilmiş ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 ilə arasında bağlanmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir və iddia tələbinin əsası kimi göstərir ki, sözügedən müqavilə onun aldadılması yolu ilə bağlanmışdır və real müqavilə olmamışdır. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus olmuşdur. İddiaçının oğlunun Ruziyə adlı şəxsə borcu olması səbəbindən borcun təminatı qismində evin girov qoyulması niyyəti ilə iddiaçı ilə razılaşdırılmış və bundan sonra alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən mənzilin dəyəri kimi razılaşdırılmış 95.000 manat məbləğində pul vəsaiti alıcı qismində iştirak edən Cavabdeh2 tərəfinən notariusun depozit hesabına qoyulmuş, lakin həmin pul vəsaiti elə onun özü tərəfindən də götürülmüşdür. Tərəflər müqaviləni imzalayarkən iddiaçının oğlunun Ruziyə adlı şəxs olan borcunu ödəməsi müqabilində evin yenidən iddiaçıya qaytarılması barədə şifahi razılaşmışdırlar. AR Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. Qanunvericiliyin qeyd olunan normalarını işin faktiki halları ilə yanaşı yoxlayaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflər müqavilə bağlayarkən əsl iradələrini ifadə etmədən əsl niyyəti pərdələmək məqsədi ilə əqdi razılaşdırmışdırlar. Belə ki, tərəflərin hər ikisinin izahatlarından da görünür ki, tərəflər müqavilə bağlayarkən əsl niyyətləri evin alqısatqısı nəticəsində cavabdeh tərəfindən dəyəri ödənilməklə evi əldə etmək deyil, iddiaçının oğlunun borcunun təminatı kimi evi girov saxlamaq olmuşdur. Bundan başqa alqı-satqıdan sonra evin dəyəri kimi müqavilədə qeyd olunmuş 95.000 manat məbləğində pul vəsaiti alıcı olan cavabdeh tərəfindən satıcı olan iddiaçıya ödənilməmiş, notariusun depozit hesabına qoyulduqdan sonra məhz özü tərəfindən də götürülmüşdür. Belə olan halda məhkəmə qeyd edir ki, müqavilə onun etibarlılığı üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə bağlanmadığından etibarsız müqavilədir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, tələb əsassız olduğundan təmin edilməməlidir. AR Mülki Məcəlləsinin: 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə göstərilən maddi normalara istinadən qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi dayanır. Belə ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında evi əldə etdiyinə və artıq bir mülkiyyətçi kimi cavabdehlərin evə olan istifadə hüquqlarının qalmasının onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığına istinad edir. Lakin məhkəmə qeyd edir ki, sözügedən müqavilə artıq əhəmiyyətsiz əqd sayıldığından onun heç bir hüquqi nəticələr yaratmaq kimi bir funksiyası olmamışdır. Əqd etibarsız sayıldığından və mövcud vəziyyət əqddən öncəki hala qayıtdığından iddiaçının hazırki tələbinin də heç bir hüquqi əsası qalmır. Belə olan halda artıq qarşılıqlı iddia tələbi əsassız tələb olur. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İddiaçı ilə Vəkil arasında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi X8 İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar