Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-33/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı (Səbail rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı SOCAR-ın İddiaçı (Səbail rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin, 2.8-ci km-də, kəmərə paralel, kəmərdən təqribən 27- metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin, hamam və tualetin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin, 2.8-ci km-də, kəmərə paralel, kəmərdən təqribən 27 metr aralı məsafədə, ünvan 1 ünvanında cavabdeh X8 tərəfindən inşa olunmuş fərdi yaşayış evi, hamam və tualet tikilməsi faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları"na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) "Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir". AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər." Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iclasın iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia ərizəsinə etiraz edir. Torpaq sahəsi sərəncam əsasında X1 ayrılıb, o isə ondan alaraq ev inşa edib. Torpaq sahəsinin yanından keçən neft kəməri ləğv edilib. Bildirir ki, onun evindən başqa çox sayda yaşayış evləri həmin ərazidə inşa edilib və yaşayış var. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X5, mühafizəçi X3 və NKİ QİB NBKXS-nin rəisi X4. Bu aktı tərtib edirik ondan ötəri ki, xx.xx.2023-cü il tarixdə 3 saylı qarovulun 1-ci iş növbəsində saat 11:30-da ünvan 2 ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərə paralel 27 metr aralıda (39T 398348 ******* kordinatında) X6 məxsus köhnədən mövcud olan yaşayış evinin həyətində evə bitişik olan hamam-tualetin sökülərək yenidən tikilməsi işləri tərəfimizdən aşkar edilmişdir. Qeyd etmək istəyirik ki, ev sahibi X6 (tel: ***- ***-**-**) istismarçı təşkilat ilə razılaşdırmadan mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edilmiş, lakin vətəndaş əvvəlcədən də burda hamamın olduğunu söyləyərək tikinti işlərini davam etdirəcəyini bildirmişdir. Sözügedən şəxsə izahedici söhbətdən sonra yazılı xəbərdarlıq versəkdə götürməkdən imtina etdiyi üçün şifahi xəbərdarlıq edilmişdir. Bu barədə NKİ QİB-nə və Tİ-nin XTŞ-nin növbə rəisinə məlumat verilmişdir. Faktla bağlı foto şəkillər çəkilmiş və akta əlavə olunur. İş materiallarına əlavə edilmiş Səbail rayon İHB-nin 13 mart 1995-ci il tarixli sərəncamından görünür ki, Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X1 torpaq sahəsi ayrılmışdır. xx.xx.2022-ci il tarixli X2 və Cavabdeh arasında bağlanmış ilkin alqı satqı müqaviləsindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 841 saylı sərəncama əsasən Bakı şəhəri Badamdar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 600 kv.m olan torpaq sahəsinə dair alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 05 yanvar 2026-cı il tarixli 3-21-3-30/2-31/2026 saylı mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının iştirakı ilə sahəyə baxış keçirildi. Lakin iddia olunan yaşayış evinə baxış keçirilməsi mümkün olmadı. İddia olunan yaşayış evinin mərkəzindən götürülmüş koordinat rəyə əlavə olunur (X-398350; Y-4467140, 153). Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə neft kəmərinin mühafizəsi daxilində yerləşir. Sahə yaxınlığında ləğv olunmuş neft quyusu vardır. Əsaslandırıcı hissə: Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) - 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. - 240-cı maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. - 243-cü maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. - 244-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 9-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. - 22-ci maddəsinin tələblərinə görə, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. - 46-cı maddəsinə əsasən Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. - 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin, 2.8-ci km-də, kəmərə paralel, kəmərdən təqribən 27- metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin, hamam və tualetin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını iddia edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 05 yanvar 2026-cı il tarixli 3-21-3-30/2-31/2026 saylı mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının iştirakı ilə sahəyə baxış keçirildi. Lakin iddia olunan yaşayış evinə baxış keçirilməsi mümkün olmadı. İddia olunan yaşayış evinin mərkəzindən götürülmüş koordinat rəyə əlavə olunur (X-398350; Y-4467140, 153). Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə neft kəmərinin mühafizəsi daxilində yerləşir. Sahə yaxınlığında ləğv olunmuş neft quyusu vardır. Mübahisə predmeti olan sahəyə məhkəmənin, cavabdehin və iddiaçı tərəfindən təmin edilmiş mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və mütəxəssisin xəritə ilə müqayisəli şəkildə izahı ilə də cavabdehin inşa etdiyi evin neft kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Səbail rayon İHB-nin 13 mart 1995-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X1 torpaq sahəsi ayrılmışdır. xx.xx.2022-ci il tarixli X2 və Cavabdeh arasında bağlanmış ilkin alqı satqı müqaviləsindən isə görünür ki, müqavilənin predmeti Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 841 saylı sərəncama əsasən Bakı şəhəri Badamdar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 600 kv.m olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Məhkəmə qeyd edir ki, hazırda Səbail Rayon İcra Hakimiyyəti başçısının 13 mart 1995-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 13 mart 1995ci il tarixli sərəncamı hal-hazırda da qüvvədədir. Məhkəmə xüsusilə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi qüvvədə olan torpağa dair hüquqmüəyyənedici sənəd mövcud olmaqla, cavabdeh həmin sahədən yaşayış məqsədi ilə istifadə edir. Belə olan halda, məhkəmə iddianın təmin edilməsini məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərc iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-33/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-33/2025
19.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver