Məhkəmə qərarları › İş №2(009)-37/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-37/2025

30.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-37/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, ö/t 1 ünvanında, 3716 nömrəli neft-qaz quyusunun mühafizə zonasında, 39T 400520; ******* coğrafi koordinatlarda yerləşən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş əlavə özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin “Azneft” İstehsalat Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq “Azneft” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəh. X4 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCAR-ın "Azneft” İstehsalat Birliyinin (İB) "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, ö/t 1 ünvanında, 3716 nömrəli neft-qaz quyusunun mühafizə zonasında, 39T 400520; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. SOCAR-in “Azneft" İstehsalat Birliyi Cavabdeh qarşı göstərilən tikilinin sökülməsi, ərazinin boşaldılması və tikilidən çıxarılma tələbinə dair Səbail rayon Məhkəməsində iddia qaldırılmış və Məhkəmənin 20 dekabr 2010-cu il tarixli, 2(009)-3362/2010 saylı Qətnaməsi ilə iddia təmin olunmuşdur. Lakin həmin Qətnamə qanuni qüvvəsini almasına baxmayaraq bu günə kimi icra olunmamışdır. Üstəlik cavabdeh tərəfindən göstərilən ünvanda əlavə qanunsuz tikinti işləri aparılır. Belə ki, cavabdeh tərəfindən aparılmış 1 mərtəbəli qanunsuz tikilinin üzərindən 2-ci mərtəbənin inşasına başlamışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də heç-bir nəticəsi olmamış və hazırda tikinti işləri davam etdirilir. Cavabdehin belə hüquqazidd hərəkətləri SOCAR-in "Azneft" İstehsalat Birliyinin (İB) "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha əvvəl məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək həmin sahənin ona müvafiq sərəncamla ayrıldığını, ətrafda çox sayda yaşayış evlərinin olduğunu bildirərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2010-cu il tarixli 2(009)-3362/2010 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan ünvanda yerləşən özbaşına tikilidən çıxarılması, həmin tikilinin Cavabdeh hesabına sökülməsi və ərazinin boşaldılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/5469 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi X5 mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı (sahədən götürülmüş koordinat) verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Bibiheybət NQÇİ). Sahənin qeydiyyatı barədə məlumat yoxdur. Ümumi ərazidə çox sayda neft quyusu məlumatları mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2025-ci il tarixli 3-16-16/2-10/3198 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Samil Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: sözügedən torpaq sahəsinin giriş darvaza qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmadı. Məlumat üçün çöl tərəfdən giriş darvaza qapısının qarşısından dan girls 1 ədəd koordinat götürülmüşdür. Vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Bibiheybət NQÇİ). Sahənin qeydiyyatı barədə məlumat yoxdur. Ümumi ərazidə çox sayda neft quyusu məlumatları mövcuddur. Qeyd olunan "3716" nömrəli neft quyusu ilə (işlək) tək koordinatlı sahə arasında təqribi məsafə 115 metr təşkil edir. Neft quyusunun mühafizə zonası ilə bağlı məlumat aşkar edilməmişdir. Aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, ö/t 1 ünvanında, 3716 nömrəli neft-qaz quyusunun mühafizə zonasında, 39Т 400520; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsində Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparıldığı aşkar olunmuş, həmin tikililərin vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Bibiheybət NQÇİ) olduğu, sahənin qeydiyyatı barədə məlumat olmadığı, ümumi ərazidə çox sayda neft quyusu məlumatları mövcud olduğu, qeyd olunan "3716" nömrəli neft quyusu ilə (işlək) tək koordinatlı sahə arasında təqribi məsafə 115 metr təşkil etdiyi, neft quyusunun mühafizə zonası ilə bağlı məlumat aşkar edilmədiyi müəyyən olunmuşdur. Göstərilən hallar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2025-ci il tarixli 3-16-16/2-10/3198 saylı ekspert rəyi ilə də təsdiq olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparılmış əlavə tikinti işləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2010-cu il tarixli 2(009)-3362/2010 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan ünvanda yerləşən özbaşına tikilidən çıxarılması, həmin tikilinin Cavabdeh hesabına sökülməsi və ərazinin boşaldılması qət edilmişdir. Məhkəmənin və tərəflərin iştirakı ilə ünvan ünvanında yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, cavabdeh həmin ünvanda sökülməsi qət edilmiş birmərtəbəli tikilinin üzərində sonradan ikinci mərtəbəni inşa etmişdir. Hazırda iddiaçı həmin ikinci mərtəbənin sökülməsini tələb edir. Məhkəmə cavabdehin yaşadığı evin birinci mərtəbəsinin sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı iddia da təmin edilməlidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdeh tərəfindən sözü gedən evdən istifadə edilməsinin hazırki vəziyyətdə iddiaçının hansı hüquq və mənafeyinə xələl gətirməsinə, yəni neft-qaz əməliyyatlarının aparılması ilə bağlı işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, analoji məhkəmə mübahisəsi X1 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış predmeti olmuş və həmin məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: (Bax Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5787/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı) “Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdi və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117- 18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın).” Ona görə məhkəmə həmin işdə belə qənaətə gəlmişdir ki, şikayətçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan (mülkiyyət hüquqları) hüquqları pozulmamışdır. Lakin, həmin işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Bununla bağlı Məhkəmənin əsaslandırması aşağıdakı kimi olmuşdur: “Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X3rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin Azneft-in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edildiyindən cavabdehdən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən mütəxəssis rəyinin alınması üçün çəkilən xərcin əvəzi olaraq 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh “Azneft” İstehsalat Birliyinin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi cavabdehə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, ö/t 1 ünvanında, 3716 nömrəli neft-qaz quyusunun mühafizə zonasında, 39T 400520; ******* coğrafi koordinatlarda yerləşən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş əlavə özbaşına tikili (ikinci mərtəbə) Cavabdeh vəsaiti hesabına sökülməli, cavabdeh tərəfindən həmin ərazi boşaldılmalı və zəbt edilmiş torpaq sahəsi “Azneft” İstehsalat Birliyinin istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməli, Cavabdeh inşa etdiyi tikilinin sökülməsi zamanı onun yaşayış sahəsinə ehtiyacının qarşılanması məqsədilə müvafiq icra qurumuna sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququnun olması izah edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat və mütəxəssis rəyinin alınması üçün çəkilən xərcin əvəzi olaraq 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh “Azneft” İstehsalat Birliyinin xeyrinə tutulmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə cavabdehə onu da izah edir ki, Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, ö/t 1 ünvanında, 3716 nömrəli neft-qaz quyusunun mühafizə zonasında, 39T 400520; ******* coğrafi koordinatlarda yerləşən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş əlavə özbaşına tikili (ikinci mərtəbə) Cavabdeh vəsaiti hesabına sökülsün, cavabdeh tərəfindən həmin ərazi boşaldılsın və zəbt edilmiş torpaq sahəsi “Azneft” İstehsalat Birliyinin istifadəsinə qaytarılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Cavabdeh inşa etdiyi tikilinin sökülməsi zamanı onun yaşayış sahəsinə ehtiyacının qarşılanması məqsədilə müvafiq icra qurumuna sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququnun olması izah edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat və mütəxəssis rəyinin alınması üçün çəkilən xərcin əvəzi olaraq 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh “Azneft” İstehsalat Birliyinin xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar