Məhkəmə qərarları › İş №2(009)-412/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-412/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-412/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq müqaviləsinin ləğvi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq müqaviləsinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Qranta” markalı, **-PT-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 45 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu il mart ayından başlayaraq, lizinq alan hər ay lizinq verənə 420 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2020-ci ilin aprel ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. xx.xx.2021-ci il tarixə Cavabdeh 4200 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1% həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq borcun məbləğinin illik 5% həcmində faiz borcunu ödəməlidir. Borcun 4200 manatın illik 5% həcmində hesablanmış 210 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1% həcmində bir günü 4,2 x 300 gün = 1260 manat cərimə ödəməlidir. Cavabdehin İddiaçı ASC-yə 4200 manat əsas, 210 manat faiz, 1260 manat cərimə, cəmi 5670 manat borcu vardır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh “İddiaçı“ ASC-nin xeyrinə 4200 manat əsas, 210 manat faiz, 1260 manat cərimə, cəmi 5670 manat və 30 manat ödənilmiş dövlət rüsmunun əvəzi tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətindəki “Lada Qranta” markalı, **-PT-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət olunmuşdur. Lizinqə götürülmüş avtomaşına dair etibarnamə iddiaçı tərəfindən yalnız bir ay müddətinə verilir. Belə ki, lizinqə avtomaşın götürən şəxs ödəniş edir və növbəti ay üçün ona həmin avtomaşını sürməyə səlahiyyət verən etibarnamə verilir. Cavabdeh isə aylıq ödənişləri etmədiyi üçün ona belə bir etibarnamə verilməmiş və hal-hazırda cavabdeh avtomaşını faktiki olaraq səlahiyyətsiz idarə edir. Bu isə təhlükəlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «İcarəyə (lizinq) verən» qismində İddiaçı ASC ilə «İcarəyə (lizinq) alan» qismində Cavabdeh arasında bağlanmış 1 №-li xx.xx.2019-cu il tarixli uzun müddətli icarə (daxili lizinq) müqaviləsinə əsasən Lizinq verən mülkiyyətindəki “Lada Granta” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili müqavilənin şərtlərinə əsasən 45 ay müddətinə Lizinq alana uzun müddətli lizinqə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 18.900 manat təşkil edir. İş üzrə xx.xx.2019-cu il tarixli Qəbul aktından görünür ki, lizinq obyekti - «Lada Granta» markalı avtomaşın Cavabdeh təhvil verilmişdir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Lada Granta SD 21902-113-A1» minik markalı ** PT *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 4200 manat əsas, illik 5%-lə hesablanmış 210 manat faiz borcu, 1260 manat cərimə, cəmi 5670 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəsillənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Göstərilən Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektinin mübahisəsiz geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Qeyd edilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranın gecikdirilməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə lizinq alan Cavabdeh arasında «Lada Granta» markalı ** PT *** dövlət nömrə nişanlı avtomaşının müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə verilməsi yolu ilə xx.xx.2019-cu il tarixdə 1 saylı Uzun müddətli icarə (daxili lizinq) müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtinə əsasən lizinq alan lizinq obyektinin dəyərini 45 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərin ötürülməsinə dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirlməmiş və bununla da onun lizinq təşkilatına 4200 manat əsas, 210 manat faiz, 1260 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, lizinq alan Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş və onun tərəfindən müqavilə üzrə ödənilməli olan lizinq ödənişləri həyata keçirilmədiyindən, Lizinq verən iddiaçı təşkilat müqavilənin ləğv edilməsi, müqavilə ilə nəzərdə tutulmuş lizinq obyektinin geri alınması və yaranmış borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqaviləyə görə üzərinə düşən öhdəlik icra edilmədiyindən, xx.xx.2019-cu il tarixli 1 saylı lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan «Lada Granta» markalı, 2018-ci il buraxılış ili, gümüşü metalik rəngli, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin əsas borcunun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsinin 1.7-ci bəndinə əsasən lizinq müddətinə hər ay ödənilməli olan məbləğ müqaviləyə əlavə edilmiş 1 No-li cədvəl üzrə müəyyən edilir. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə əsasən lizinq alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməməsi onu lizinq ödənişlərinin həyata keçirməkdən azad etmədiyindən, iddia tələbi 4200 manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə müqavilənin 3.4-cü bəndinə əsasən cavabdehin ödəməli olduğu 210 manat faiz borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin pulun tutulması hissəsində də tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə şərtinə əsasən öhdəlikləri pozduğu və ödənişləri gecikdirdiyi halda iddiaçıya faiz borcunu ödəmək öhdəliyini götürdüyü üçün, iddiaçının həmin pulun tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcu kimi 1260 manat məbəlğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin ediməli və cərimə məbləği azaldılmalıdır. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə lizinq obyektinin dəyərini, hesablanmış dəbbə borcunu məbləğini, həmçinin kreditorun əmlak mənafelərini və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq cərimənin (dəbbə) borcunun miqdarı 60 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi ilə bağlı iddiaçının xeyrinə əsas borc kimi 4200 manat, dəbbə borcu kimi 60 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavbadehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı uzunmüddətli icarə (daxili lizinq) müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4200 manat əsas borcu, 210 manat gecikdirilmiş vaxt üçün faiz borcu, 60 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 4500 (dörd min beş yüz) manat məbləğində pul tutulsun. İddiaçı ASC-nin mülkiyyətində olan və Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş «Lada Granta» markalı, 2018-ci il buraxılış ili, gümüşü metalik rəngli, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh qeyri-qanuni sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı ASC-yə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müdd\ətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar