Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-43/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC nümayəndəsi X4 iştirakı ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-yə (Maraqlı şəxs1, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi, X2 üçüncü şəxs kimi qeyd edilən və X11 üçüncü şəxs kimi cəlb edilən) qarşı “ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-yə (Maraqlı şəxs1, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi, X2 üçüncü şəxs kimi qeyd edilən) qarşı “ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə X11 arasında bağlanmış 29.03.2005-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə 29.03.2005-ci il tarixdə həyat yoldaşı X11 ipoteka müqaviləsi bağlamış, birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən evin 3 saylı mənzilini ondan xəbərsiz, onun rəsmi razılığı olmadan dostu Maraqlı şəxs1 kredit götürməsi üçün ipoteka ilə yüklü etmişdir. Mənzilə bankdan və ya hansısa bir qiymətləndirmə müəssisəsindən gələn olmamış, onun xəbəri olmadan tam məxfi iş aparılmışdır. Bu barədə o, yalnız 2021-ci ilin 02 aprel tarixində xəbər tutmuş, bu vaxta kimi bütün poçt zərflərini həyat yoldaşı birbaşa 1141 saylı poçtdan qəbul etdiyindən heç nədən xəbəri olmamışdır. Lakin 02 aprel tarixində təzə işləməyə başlayan poçtalyon "xxxx" ASC-yə dair Ali Məhkəmədən gələn poçt zərfini mənzilə gətirəndə bütün bu olayların üstü açılmışdır. X11 ilə 18 iyun 1986-cı il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan dörd övladları olmuş və hal-hazıra kimi də ailəliyi davam etməkdədir. 1986-cı ildən 1992-ci ilə kimi Quba şəhərində yaşamışlar, 1992-ci ildən 1997-ci ilə kimi ünvan 2 ünvanında, 1997-ci ilin may ayından 2004-cü ilin dekabr ayına kimi ünvan 3 ünvanında, 2004-cü ilin dekabr ayından hal-hazıra kimi isə ünvan 4 ünvanında kiçik oğlu X7 və həyat yoldaşı X11 ilə bir yerdə yaşamaqdadırlar. Təbii ki, onun hal-hazıra kimi olub keçmiş olaylardan zərrə qədər xəbərim olmamışdır. Belə ki, 34 il evlilikləri ərzində həyat yoldaşı bir işi barədə ona məlumat verməmiş və onun ümumiyyətlə öz problemləri barədə bölüşmək xasiyyəti olmamış, kimə nə verib kimdən nə alacağını heç zaman bilməmişdir. Bu birinci səfərdir ki, başına gətirilən problemi ona bildirmiş və ipoteka müqaviləsi bağlayan zaman onun razılığının alınmamasını açıqlamışdır. Buna görə hesab edir ki, həyat yoldaşının adına Bakı şəhəri, ünvan 5 ünvanında birgə mülkiyyətlərində olan mənzilə dair "xxxx" ASC ilə 29.03.2005-ci il tarixində X11 arasında bağlanmış ipoteka müqaviləsi etibarsız sayılmalıdır. Belə ki, həmin mənzildə əlavə sahəsinin artırılması və təmir işlərinə çəkilən xərclərdə onun payı vardır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC nümayəndəsi X10 iddia tələbinə etiraz edərək göstərmişdir ki, İddiaçı iddia tələbini X1 onların birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən evin 3 saylı mənzilini ondan xəbərsiz və onun rəsmi razılığı olmadan dostu Maraqlı şəxs1 kredit götürməsi üçün 29.03.2005-ci il tarixli ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü etməsi, bu barədə yalnız 02.04.2021-ci il tarixdə poçt əməkdaşının X1 ləğv prosesində olan "xxxx" KB ASC-yə qarşı “kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsindən göndərilən bildirişə əsasən məlumatı olması ilə əsaslandırmışdır. Lakin, məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı iddia ərizəsində qeyd edilən əmlakın ondan xəbərsiz və onun rəsmi razılığı olmadan ipoteka ilə yüklü edilməsi, bu barədə yalnız 02.04.2021-ci il tarixdə məlumatı olması barədə göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, Bank tərəfindən verilən sorğu əsasında əldə etdikləri poçt qəbzinin surətinə əsasən, iddiaçı X6 ləğv prosesində olan "xxxx" KB ASC-yə qarşı “kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair 2(109)-2707/2019 nömrəli mülki işdə olan Bakı Apellyasiya Məhkəməsindən göndərilən 2020-ci ilin mart tarixli bildirişə və İddiaçı “ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsinə vizual olaraq baxışdan açıqaydın görünür ki, bildirişin alınmasına dair imza və iddia ərizəsində olan imzalar eyni şəxsə, yəni İddiaçı məxsusdur. Bu xüsusat xəttşünaslıq eksperizasının rəyinə əsasən asanlıqla müəyyən edilə bilər. Belə olan halda isə İddiaçı qeyd edilən əmlakın ondan xəbərsiz və onun rəsmi razılığı olmadan ipoteka ilə yüklü edilməsi, bu barədə yalnız 02.04.2021-ci il tarixdə məlumatı olması barədə göstərdiklərinin yalan olduğu, əmlakın ipoteka ilə yüklü edilməsi barədə ən azından 2020-ci ilin mart ayından məlumatlı olduğu sübut olunur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-51/2009 nömrəli, 11 dekabr 2009-cu il tarixli qətnaməsindən görünür ki, “Deka- Bank” Kommersiya Bankının Maraqlı şəxs1 və X8 qarşı ipoteka qoyulan əmlakın boşaldılaraq açıq hərracdan satılması və satışdan əldə edilən gəlirin bankın hesabına daxil olması tələbinə dair iddiası təmin edilərək cavabdeh Maraqlı şəxs1 53746 (əlli üç min yeddi yüz qırx altı) manat məbləğində kredit borcu və 19,80 (on doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulub “Deka-Bank” Kommersiya Bankına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh X11, onun ailə üzvləri və digər şəxslərlə birlikdə Bakı şəhəri, Ə.Qasımzadə küçəsi, 22 ünvanında yerləşən evin 3 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin açıq hərracdan satılmaq üçün boşaldılması və satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, 29.03.2005-ci il tarixdə Bankla Maraqlı şəxs1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya fərdi yaşayış evinin tikintisi məqsədilə 39 ay müddətinə, illik 9% (kreditin qaytarılma müddəti pozulduğu hallarda isə 18%) hesablanmaqla 3000.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsini təmin etmək məqsədilə bankla digər cavabdeh X11 arasında 29.03.2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və sonuncuya məxsus, ünvan 6 ünvanında yerləşən evin 3 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3192/2010 nömrəli, 19.10.2010-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 03.05.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1403/2010 nömrəli, 03.05.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 51/2009 nömrəli, 11 dekabr 2009-cu il tarixli qətnaməsi “cavabdeh X11, onun ailə üzvləri və digər şəxslərlə birlikdə Bakı şəhəri, Ə.Qasımzadə küçəsi, 22 ünvanında yerləşən evin 3 saylı mənzilindən çıxarılmaları” hissəsində ləğv olunmuş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə yəni “cavabdeh Maraqlı şəxs1 53746 (əlli üç min yeddi yüz qırx altı) manat məbləğində kredit borcu və 19,80 (on doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulub “Deka-Bank” Kommersiya Bankına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaq üçün boşaldılması və satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 07 fevral 2022-ci il tarixli, 4/17 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 1-3-cü vərəqələrində olan iddia ərizəsində “İddiaçı” yazıları önündəki imza; iddianın təmin edilməsi tədbiri barədə ərizələrdə (i.v.36- 40) “İddiaçı” yazıları önündəki imzalar; 21 may 2021-ci il tarixli şikayətdə (i.v.59-60) “İddiaçı” yazıları önündəki imza; xəbərnamələrdə (i.v. 99, 125, 228) “Şəxsən verildi” qrafalardakı imzalar ilə 19 mart 2020-ci il tarixli xəbərnamədə (i.v.128) “Şəxsən verildi” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı “Deka-Bank” Kommersiya Bankı cavabdehlər Maraqlı şəxs1 və X8 qarşı ipoteka qoyulan əmlakın boşaldılaraq açıq hərracdan satılması və satışdan əldə edilən gəlirin bankın hesabına daxil olması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-51/2009 nömrəli, 11 dekabr 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Maraqlı şəxs1 53746 (əlli üç min yeddi yüz qırx altı) manat məbləğində kredit borcu və 19,80 (on doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulub “Deka-Bank” Kommersiya Bankına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdeh X11, onun ailə üzvləri və digər şəxslərlə birlikdə Bakı şəhəri, Ə.Qasımzadə küçəsi, 22 ünvanında yerləşən evin 3 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin açıq hərracdan satılmaq üçün boşaldılması və satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1403/2010 nömrəli, 03.05.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-51/2009 nömrəli, 11 dekabr 2009-cu il tarixli qətnaməsi “cavabdeh X11, onun ailə üzvləri və digər şəxslərlə birlikdə Bakı şəhəri, Ə.Qasımzadə küçəsi, 22 ünvanında yerləşən evin 3 saylı mənzilindən çıxarılmaları” hissəsində ləğv olunmuş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə yəni “cavabdeh Maraqlı şəxs1 53746 (əlli üç min yeddi yüz qırx altı) manat məbləğində kredit borcu və 19,80 (on doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulub “Deka-Bank” Kommersiya Bankına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaq üçün boşaldılması və satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3192/2010 nömrəli, 19.10.2010-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 03.05.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı “Deka-Bank” Kommersiya Bankının cavabdehlər Maraqlı şəxs1 və X8 qarşı məhz hazırki iddia ərizəsi ilə mübahisələndirilən ipoteka müqaviləsinə əsasən “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyulan əmlakın boşaldılaraq açıq hərracdan satılması və satışdan əldə edilən gəlirin bankın hesabına daxil olması”na dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırda, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə X11 arasında bağlanmış 29.03.2005-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi ipoteka müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu müqavilənin qanuniliyi yuxarıda qeyd olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-51/2009 nömrəli mülki iş üzrə yoxlanılmış və 11 dekabr 2009-cu il tarixli qətnamə qəbul edilmişdir. Həmin işdə X3 cavabdeh qismində tərəf olmuş və onunla bank arasında olan 29.03.2009-cu il tarixli ipoteka müqaviləsi məhkəmə tədqiqatının predmeti olmuşdur. Həmin məhkəmə bu ipoteka müqaviləsinin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və borcun ipoteka predmetinə tutmanın yönəldilməsini qət etmişdir. Düzdür, hazırki işdə iddiaçı həyat yoldaşı X11 ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanan zaman onun razılığının alınmadığını, ipoteka müqaviləsinin bağlamasında iştirak etmədiyini bəyan edir. Lakin bu halların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin digər hissələri bilavasitə əsas tələbdən, yəni ipoteka müqaviləsinin etibarsızlığının təsdiq olunacağı halı ilə bağlı yaranan törəmə bir tələbdir. Başqa sözlə, hazırki iddiada müstəqil tələblər kimi çıxış etmir. Ona görə də, əsas tələb üzrə qəbul ediləcək qərar onlara da şamil olunur. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia üzrə İddiaçı “Deka-Bank” Kommersiya Bankının cavabdehlər Maraqlı şəxs1 və X8 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyulan əmlakın boşaldılaraq açıq hərracdan satılması və satışdan əldə edilən gəlirin bankın hesabına daxil olması” tələbinə dair iddiası üzrə mülki işdə və məhkəmə proseslərində tərəf kimi iştirak etməsə də, həmin qətnamə onun hüquq və vəzifələrinə toxunduğundan müvafiq məhkəmə aktından şikayəti vermək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı – cavabdeh "xxxx" ASC-yə (Maraqlı şəxs1, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi və X11 üçüncü şəxs kimi cəlb edilən) qarşı “ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 261.0.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-yə (Maraqlı şəxs1, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi və X11 üçüncü şəxs kimi cəlb edilən) qarşı “ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-43/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-43/2022
15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver