Məhkəmə qərarları › İş №2(009)-431/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-431/2021

22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-431/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı (üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi göstərilməklə) Cavabdeh1, Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanına dair 2 saylı notariat ofisində bağlanmış AN-İ ******* saylı, 29.06.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh1 ilə İddiaçı birgə nikahı dövründə bərabər paylarda əldə edilmiş ümumi əmlak hesab edilərək həmin əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh1 mülkiyyətlərinin tanınması, tanınmış mülkiyyət payları barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 10.02.2006-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 3 övladı dünyaya gəlmişdir. Tərəflər arasında bağlanmış nikah Səbail rayon məhkəməsinin 2(009)-735/2019 saylı, 15.02.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı tərəfindən həmçinin Səbail rayon məhkəməsində Cavabdeh1 qarşı "birgə nikahdan əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş qaldırılmışdır. İddia ərizəsi 25.06.2019-cu il tarixində məhkəməyə verilmiş və məhkəməyə verilərkən Azərbaycan Respublikası DƏDRX-dən əmlakın Sevidovun adına olmasını təsdiq edən müvafiq arayışda əlavə edilmişdir. Lakin, iddia ərizəsi ilə eyni zamanda həmin mülki işin gedişində mübahisə predmetini və bölünməsi tələb edilən predmetlər üzərinə iddianın təmini tədbiri barədə ərizə ilə həbs qoyulmadığından Cavabdeh1 hər iki əmlakı özgəninkiləşdirməyə nail olmuşdur. Beləliklə, Seyidov mübahisə predmeti ilə əlaqədar olan mənzili 29.06.2019-cu il tarixində özgəninkiləşdirmiş və buna baxmayaraq bütün məhkəmə gedən dövr ərzində sanki heç nə yoxmuş davranmışdır. Nəticə etibarilə Səbail rayon məhkəməsinin 02.09.2019-cu il tarixli 2(009)-2073/2019 saylı qətnaməsi çıxdıqdan sonra həmin qətnamədən apelyasiya şikayəti verərək apelyasiya şikayətində mənzilin özgəninkiləşdirilməsi tarixi bilərəkdən göstərilməməklə, əzgəninkiləşdirilmə halına istinad etmişdir. Tərəflər arasında birgə nikah dövründə əldə edilmiş və Seyidova tərəfindən bölünməsi tələb edilən əmlaklar 2002-ci il buraxılışlı **-RV-*** QDN-li "Mercedes E 220 SDİ” markalı nəqliyyat vasitəsi və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak- mənzil olmuşdur. Halbuki, Seyidov bu əmlakların özgəninkiləşdirilməsini qərəzli və şüurlu şəkildə etməyə çalışmışdır ki, tərəflər arasında olan nikaha xitam verildikdən sonra əmlak bölgüsü halında İddiaçı heç bir əmlak əldə edə bilməsin. Bölgü predmetini təşkil edən nəqliyyat vasitəsini Seydiov uzağa yox elə öz anasının adına özgəninkiləşdirmiş, lakin, Seyidova tərəfindən Səbail rayon məhkəməsinə müraciət edərək həmin əqdin etibarsızlığını qaldırmış və Səbail rayon məhkəməsinin 2(009)-523/2020 saylı 14.02.2020-ci il tarixli müvafiq qətnaməsi ilə 1. “Seyidov Cavabdeh1 Könül Zakir qızı arasında ‘Mercedes E 220 CDİ” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış Nəqliyyat vasitəsinin alğı-satqısı haqqında'’ 04.03.2019-cu il tarixli Müqavilə etibarsız hesab edilmişdir" 2. “Mercedes E 220 CDİ" markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakı hesab edilsin və əmlakların ½ hissəsinə Cavabdeh1, digər 1/2 hissəsinə isə İddiaçı mülkiyyət hüququları tanınması qət edilmişdir. Lakin, təəssüflər olsun ki, nəqliyyat vasitəsinə dair əqdin etibarsızlığı ilə bağlı iddia ərizəsi qaldırılan zaman İddiaçı bölgü predmetini təşkil edən mənzilin üçünçü şəxs-X1 (Seyidovun anasının qohumu olan şəxs ) özgəninkiləşdirilməsi barədə xəbəri olmamış, Seyidova bu barədə yalnız Bakı Apelyasiya məhkəməsinin qətnaməsini aldıqdan sonra xəbər tutmuşdur. Ona görə də hazırda cavabdehlərdən Cavabdeh1 ilə Cavabdeh2 arasında baş tutmuş ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın alğı-satqısına dair notarial qaydada bağlanmış əqdin etibarsızlığına dair iddia qaldırılması zərurəti yaranmışdır. Beləki, Cavabdeh1 İddiaçı ilə birgə nikahı dövründə aparılmış birgə təsərrüfat nəticəsində (Seyidova məktəbdə müəllimə işləyir) əldə edilmiş ünvan 5 ünvanını 29.06.2019-cu il tarxində 2 saylı notariat ofisində Cavabdeh2 özgəninkiləşdirmişdir. Sözügedən daşınmaz əmlakın alğı-satqısına dair əqd AN-İ seriyalı, ******* No-li saylı 29.06.2019-cu il tarixi ilə 4Ə- 496 reyestr nömrəsi altında qeydə alınmışdır. Bundan başqa Bakı Apelyasiya məhkəməsinin 17.01.2020-ci il tarixli 2(103) 643/2020 saylı qətnaməsi ilə də bu hal öz təsdiqini tapır, yəni məhkəmə də bu halı müəyyən edib. Hesab edir ki, Seyidov bu hərəkətini qərəzli şəkildə etmişdir, beləki, əmlak bölgüsünə dair məhkəmə işinin getməsini bilmiş və sonradan öz qərəzli hərəkətini yerinə yetirmişdir. Beləki, hadisələrin baş vermə ardıcıllığına baxdıqda bu hərəkətin Seyidov tərəfindən bilərəkdən törədilməsini açıq aydın görmək mümkün olur. 25.06.2019-cu il tarixində əmlak bölgüsünə dair iddia ərizəsi məhkəməyə verilir; 29.06.2019-cu il tarixində Seyidovla Cəfərov arasında alğı-satqı həyata keçirilir; 02.09.2019-cu il tarixində Səbail rayon məhkəməsinin qətnaməsi çıxır və ½ pay tanınır hər iki tərəfə. Beləliklə, görünür ki, Seyidov bu hərəkətinə qərəzli şəkildə yol vermişdir. Ona görə də hazırda mübahisə predmetini təşkil edən əmlaka dair ½ hissədə payın olmasını nəzərə alaraq həmin əqdin etibarsızlığı barədə müvafiq tələbin qaldırılması zərurəti yaranır. Sözügedən mənzil Cavabdeh1 adına 2 saylı Dövlət Notariat kontorunda 08.12.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqısına dair müvafiq müqavilə ilə 4Ə-178 reyestr nömrəsi ilə rəsmiləşməklə, 14.12.2017-ci il tarixində **********06-05101-093004 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrindən verilmiş çıxarış əsasında özgəninkiləşdirilmişdir. Göründüyü kimi 14.12.2017-ci il tarixi tərəflərin hələ birgə nikah dövründə yaşadıqları zaman kəsiyinə təsadüf edir. Bu isə o deməkdir ki, Seyidov öz payı ilə yanaşı İddiaçı da payını satmışdır. Beləliklə, Cavabdeh1 bu alğı-satqı aktını həyata keçirməkdə haqlı olmamışdır. Uydurma əqddir ən azından Seyidovun hələ də 3-cü şəxs qiyafəsində olan öz qohumu Cavabdeh2 mənzili satması halı real olsaydı Seyidovun öz qeydiyyatı həmin mənzilə olmazdı. Necə olur ki, mənzili alan adam üstündən 1 ildən çox müddət keçməsinə baxmayaraq hələ də keçmiş mülkiyyətçilərin qeydiyyatını “öz” mənzilində saxlayır. Hesab edirik ki, Seyidov mənzili Cavabdeh2 satmaqla “vicdanlı alıcı” səhnəsi yaratmaq istəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçı ilə Cavabdeh1 2006-cı il tarixdə nikaha daxil olmuşlar, 2019-cu il tarixdə isə boşanmışlar. Birgə nikah dövründə əldə olunmuş avtomobil və mənzilin bölünməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Məhkəmə prosesi zamanı iddia təmin tədbiri kimi həbs qoyulmadığından cavabdeh nəqliyyat vasitəsini öz anasının adına özgəninkiləşdirmişdir. İddiaçı tərəfindən məhkəməyə əqdin etibarsızlığı ilə bağlı edilmiş müraciət əsasında əqd etibarsız sayılmışdır. Cavabdeh mənzili isə qohumu olan Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Bu səbəbdən həmin alğı-satqı müqaviləsinin etibarsız sayılması, həmin mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək, tərəflərin ½ hissədə mülkiyyətlərinin tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əmlakın bölgüsü ilə bağlı mübahisə Ali Məhkəməyə qədər gedib çıxmış və hüquqi qiymət verilmişdir. Həmin ev borc pul hesabıa alınmışdır. İddiaçı və cavabdeh arasında olan razılıq əsasında isə ev satılaraq borc ödənilmişdir. Bu səbəbdən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(102)-577/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.Şükürova, iş № 2(009)-2073/2019) iddia təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzilin Cavabdeh1 məxsus hissəsinin tərəflər arasında bərabər paylarla bölünməsi və həmin əmlak üzərində İddiaçı ½, Cavabdeh1 ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-643/2020) Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 02 sentyabr 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin Qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-643/2020 nömrəli iş üzrə 17 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanan nikah pozulmuşdur. İş materiallarında olan Daşınmaz əmlakın alğı-satqısına dair AN-İ ******* saylı, 29.06.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzili Cavabdeh2 20.000 manata satmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə 20 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyətidir. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Sadalanan normalardan və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün eyni zamanda iki halın, həmin əmlakın nikah müddətində və ümumi gəlirlər hesabına əldə olunması halının olması zəruridir. Xüsusi diqqətə alınmalıdır ki, mülki qanunvericilikdə nikah dövründə əldə edilən əmlakın kim tərəfindən əldə olunmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Oxşar mövqe Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında da ifadə edilmişdir. Baxılan işdə mübahisə predmeti olan mənzili Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzilin ½ hissəsi İddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları dövrdə, 08.12.2017-ci il tarixli əmlakın dəyəri ödənilərək əvəzli surətdə alınmışdır. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 13.07.2021-ci il tarixli, **********51 saylı məktubundan aydın olur ki, həmin mənzil 4Ə-178 reyestr nömrəli 08.12.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə edilmiş və 14.12.2017-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir. Məhkəmə eyni zamanda qeyd edilən əşyanın əvəzsiz qaydada əldə olunmasına dair hər hansı sübutun məhkəməyə təqdim olunmadığını və qanuni prezumpsiyanı nəzərə alaraq bu qənaətə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzilin Cavabdeh1 məxsus hissəsi hüquqi rejiminə görə tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməlidir. Bu səbəbdən həmin daşınmaz əşya hüquqi rejiminə görə ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməlidir. Məhkəmə, sözügedən daşınmaz əşya üzərində payın hansı qaydada müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göründüyü kimi, qanunda tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmaması halında ümumi birgə mülkiyyətdə olan əmlak üzərində tərəflərin bərabər paylara məxsus olması prezumpsiyası müəyyən edilmişdir. Məhkəmə, qanuni prezumpsiyanı və tərəflər arasında hər hansı ayrı qaydanın olmadığını nəzərə alaraq hesab edir ki, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzilin üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh1 1/2 hissədə payları müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edildiyindən, iddiaçı cavabdehlə birlikdə həmin mənzilə hüquq əldə etmişdir. Bu səbəbdən həmin mənzilə dair Cavabdeh1 tək sərəncam verməkdə səlahiyyətli olmamışdır. Yəni mübahisəli əmlaka dair müqavilənin başqa bir şəxslə bağlanılmasına eyni zamanda iddiaçının da razılığı alınmalı idi. Lakin göründüyü kimi Cavabdeh1 ilə mübahisəli əmlaka dair Cavabdeh2 arasında 29.06.2019-cu il tarixdə müqavilə bağlanılarkən iddiaçının razılığı alınmamış və bununla da iddiaçının həmin əmlak üzərində hüquqları pozulmuşdur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Ər-arvadın birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (vəya) qeydiyyata alınan əqdləri bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır (Ailə Məcəllənin 33.4-cü maddəsi). Eyni məzmunlu müddəa «Notariat haqqında» Qanunun 46-cı maddəsinin ikinci hissəsində də öz əksini tapmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, mübahisəli müqavilə də əqdlərin bir növüdür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (maddə 337.2). Məhkəmə qeyd edir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə olunmuş əmlak olmaqla tərəflərin birgə əmlakı olduğundan, həmin əmlakın iddiaçının razılığı olmadan özgəninkiləşdirilməsi, onun payçı kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu hal isə mənzil üzrə bağlanılmış 29.06.2019-cu il tarixli müqavilənin şərtsiz və mübahisəsiz olaraq etibarsız hesab olunması üçün əsasdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən əmlaka dair ½ hissədə iddiaçının payı olduğundan sözügedən mənzil Cavabdeh1 öz payı ilə yanaşı İddiaçı da payını satmışdır. Beləliklə, Cavabdeh1 bu alğı-satqı aktını həyata keçirməkdə haqlı olmamışdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanına dair 2 saylı notariat ofisində bağlanmış AN-İ ******* saylı, 29.06.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və iddiaçının həmin mənzilə birgə nikahda əldə olunmuş əmlak hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanına dair 2 saylı notariat ofisində bağlanmış AN-İ ******* saylı, 29.06.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Birgə nikah dövründə əldə edilmiş ünvan 1 üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh1 1/2 hissədə payları müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar