Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-443/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 41 saylı Notariat Ofisinə (X6 3-cü şəxs qismində) qarşı «miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 17 mart 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 41 saylı Notariat Ofisinə qarşı «miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə qeydə alınmış miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının atası X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir və ondan miras əmlak qismində Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi ev 25, mənzil 89/90 və Siyəzən rayonunda torpaq sahəsi qalmışdır. Atasının ikinci nikahından doğulmuş oğlu-iddiaçının ögey qardaşı X6 2024-cü ilin may ayında iddiaçı ilə görüşərək iddiaçıya bildirmişdir ki, atasından miras qalmış mənzi dövlət fonduna aiddir, o mənzili özəlləşdirmək məsələsi ilə məşğuldur, mənzili özəlləşdirdikdən sonra vərəsəliyi qəbul etmək olar və iddiaçı da mənzilin özəlləşdirilməsinə razılıq ərizəsi imzalamalıdır ki, mənzili özəlləşdirmək mümkün olsun. İddiaçı ögey qardaşı il 41 saylı Notariat ofisinə xx.xx.2024-cü il tarixdə gedərək orada ərizə yazmışdır. Bir neçə aydan sonra qardaşı X3 ilə birlikdə həmin notariusa yaxınlaşaraq miras əmlakda payı ilə bağlı ərizə vermək istədikdə notarius ona bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə atasından miras qalmış əmlaklardan imtina ərizəsi imzalamışdır. Onun mirasdan imtina etmək niyyəti olmamışdır. O, 2024-cü ilin fevral ayından onkoloji xəstəlikdən əziyyət çəkir və 2024-cü ilin may ayında kimyaterapiya müalicəsindən sonra xəstəliyinin 3-cü dərəcəli olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə razılıq ərizəsini imza edən zaman Milli Onkologiya Mərkəzində kimyaterapiya qəbul edirdi. Belə ki, xx.xx.2024-cü il tarixdə üzərində aparılmış cərrahiyyə əməliyyatından sonr özünü pis hissə etdiyi üçün kimyaterapiya aparılmasına göstəriş verilmişdir. xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixləri arasında kimyaterapiya qəbul etdiyi üçün özünü çox pis hiss edirdi, daim hərarəti yüksək olurdu, halsızlıq və güclü ağrıları olurdu. Həm də şəkər xəstəsidir, bu xəstəlik səbəbindən şəkəri yüksək olanda gecə yata bilmir, səhər isə yuxulu olur. Odur ki, imzaladığı ərizənin məzmununu anlamamışdır, ərizənin miras əmlakdan imtina barədə olduğunu anlasaydı onu imza etməzdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyi üçün məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: AZ-İİ № 464824 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən 41 saylı Notariat Ofisində yazılmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X1 ölümündən sonra irs qalmış miras paydan mirasın ona çatası hissəsindən imtina edir. Milli Onkologiya Mərkəzinin Xəstəlik kağızının surətindən görünür ki, İddiaçı sidik kisəsi xərçəngindən əziyyət çəkir. İddiaçı xx.xx.2024-cü il tarixdə cərrahi əməliyyat olunmuş və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında Mərkəzin kimyaterapiya şöbəsində kimyaterapiya müalicəsi almışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının atası X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə notariat ofisində ərizə yazaraq atasından miras qalmış paydan imtina etdiyini bildirmişdir. Hazırda iddiaçı həmin ərizənin etibarsız hesab edilməsini xahiş edir. AR Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3-cü maddəsinə əsasən şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilər. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı sidik kisəsi xərçəngindən əziyyət çəkməklə Milli Onkologiya Mərkəzində müalicə alır. Xəstənin epikrizindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cərrahi əməliyyat keçirmiş və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında Mərkəzdə kimyaterapiya müalicəsi almışdır. Kimyaterapiyada proteinlərə və ya DNT-ə ziyan verərək hüceyrənin bölünməsi prosesinə müdaxilə edən kimyəvi maddələrdən istifadə edilir. Kimyaterapiya xərçəng hüceyrələrini məhv etməklə yanaşı yüngül və ağır yan təsirlərə səbəb ola bilir. Bu yan təsirlər xəstənin həyat keyfiyyətinə çox təsir edə bilir. Belə ki, xəstə kimyaterapiya müalicəsi müddətində yorğunluq, yuxusuzluq, ağrı kimi yan təsirlərdən şikayətlənə bilir. Hazırki işdən də görünür ki, iddiaçı notariat ofisində mirasdan imtina barədə ərizə yazarkən kimyaterapiya müalicəsi almaqda idi. Sözügedən müalicənin tibbi yolla təsdiqlənmiş yan təsirlərini nəzərə alaraq iddiaçının həmin dövrdə öz hərəkətlərinin mənasını başa düşə bilməməsi və onlara rəhbərlik edə bilməməsi halları yaşaması ehtimalının böyük olması nəticəsinə gəlmək mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mirasdan imtina barədə ərizəni yazarkən əziyyət çəkdiyi xəstəlikdən və bu səbəbdən həmin dövrdə almış olduğu müalicənin yan təsirlərindən təsirlənmiş halda öz iradəsini sərbəst və şüurlu şəkildə ifadə etmək imkanından məhrum olub. Bu səbəbdən həmin dövrdə səhhəti səbəbindən iddiaçının yazmış olduğu ərizənin məzmunundan xəbərsiz olması məhkəmə tərəfindən inandırıcı dəlil kimi qəbul edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən əqdin etibarsız sayılmasına əsas verən halları 2024-cü ilin noyabr ayında bilmiş və 2025-ci ilin yanvar ayında məhkəməyə müraciət etmişdir. Belə ki, maraqlı şəxsin mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdi mübahisələndirməsi üçün müəyyən olunmuş 2 aylıq müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddətin tətbiq olunması üçün isə cavabdehin bunun üçün ərizə verməsi tələb olunmur Belə olan halda iddiaçı sözügedən əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 2 aylıq müddəti ötürməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri 41 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixdə qeydə alınmış “xx.xx.2019-cu il tarixdə vəfat etmiş atam X1 ölümündən sonra irs qalmış miras paydan (yaşayış evindən, bağ evindən, nəqliyyat vasitəsindən habelə digər hüquqlarından ibarət) mirasın mənə çatası hissəsindən imtina edirəm. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri mənə izah edildi” məzmunlu ərizəsi etibarsız hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-443/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-443/2025
17.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver