Məhkəmə qərarları › İş №2(009)-446/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-446/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-446/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - cavabdeh “Cavabdeh” İB-nə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh “Cavabdeh” İB-nə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və onun nəticəsində qəbul edilmiş ziyanın bərpasına dair tələbnamədə göstərilən 216 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ünvan 1 24 saylı mənzilin mülkiyyətçisidir. 2020-ci ilin iyul ayında onların sahəsinə baxan “Cavabdeh” İB-nin nəzarətçisi Mais Məmmədov ona mənzili üçün quraşdırılmış sayğac uzun müddət istifadə olunduğundan dəyişdiriləcəyini bildirmişdir. Bundan sonra nəzarətçisi və yanında bir nəfər ustanın iştirakı ilə sayğac dəyişdirdilmişdir. Daha sonra oğlu X1 xx.xx.2020-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt və 06 nömrəli qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqı müqaviləsi təqdim edilmişdir. 2020-ci ilin dekabr ayının əvvəlində ödəmə terminalı üzrə ödəniş etmək istəyəndə, terminalın ekranında cərimənin olması barədə məlumat göstərilmişdir. xx.xx.2020-ci il tarixində o, “Cavabdeh” İB-nin Bakı Regional Qaz Satış Departamentində olmuşdur. Orada ona məlumat vermişlər ki, çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın plombunun hər ikisi kəsilmişdir. Həmin departamentdə ona xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və xx xxxxxxxx 2020-ci il tarixli, MSK-29/1710-02418-1 nömrəli qaz sayğacının yoxlanılması barədə akt təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirəndə məlum olmuşdur ki, MSK- 29/1710-02418-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktda xx xxxxxx 2020-ci il tarixində BRQS Departamentindən dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına xx xxxxxxxx 2020-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və ******* nömrəsi olan zavod sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan hər iki zavod qurğuşun plombu kəsildiyinə görə müdaxilə olunmuşdur. Sayğaca müdaxilə olunduğu üçün 216 manat pul ödəməyini tələb etmişlər (qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün kimi qəbul edilmişdir (4m3 x 6 x 90= 2160 m3). Bildirmək istəyir ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Əvvəla, həmin sayğac mənzildən kənar olduğu üçün sayğaca nəzarət onun imkanı xaricindədir. Daha sonra, dəyişdirilmiş qaz sayğacı 10 ildir ki, istifadədədir və hər ay sahə nəzarətçisi istifadə etdiyi qazın sərfiyyatına görə qəbz verir. Bu illər üzrə sayğacda heç bir qüsur da olmamışdır. Bundan əlavə mənzildə 2 nəfər – o, və oğlu yaşayır. Hər ikisi də işləyir və günortalar evdə olmurlar. Hesab edir ki, hesablanmış 216 manat borc əsassız və qərəzli olduğundan ləğv edilməli və bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X3 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X2 iddia tələbinə etiraz ünvanlayaraq göstərmişdir ki, xx.xx.2020-ci il tarixində “Cavabdeh” İB-nin nümayəndələri tərəfindən ünvan 1 mənzil 23 ünvanında istehlakçı (abonent) İddiaçı məxsus ünvana quraşdırılmış “İtron” tipli “G4” markalı ******* zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu aşkar olunması onun özünün, yəni - Şahnaz Abdullayevin iştirakı ilə aşkar edilmiş, fakt onun nəzərinə çatdırılmış və bu hal ******* nömrəli xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Müvafiq aktın tərtibi zamanı İddiaçı tərəfindən hər hansı bir irad olmamış, heç bir pretenziya irəli sürülməmiş, aktda qeyd olunan xüsusatı da öz imzası ilə təsdiq etmişdir. Abonent İddiaçı qanunsuz müdaxiləsi nəticəsində yarasız hala düşmüş qaz sayğacı daha sonradan yeni “İtron” tipli “G4” markalı qaz sayğacı ilə əvəz edilərək labaratoriya müayinəsinə təqdim edilmişdir. “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli QSN-28/1710- 02418-1 nömrəli aktına əsasən ******* zavod nömrəli qaz sayğacının çıxış plastmas borusunun deşilmiş vəziyyətdə olması öz təsdiqini tapmışdır. Labaratoriya müayinə aktına əsasən xx.xx.2020-ci il tarixində ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib edilmiş, istehlakçının mənzilində istifadə etdiyi “PQ-4” və “kombi” işlədici cihazlarına uyğun olaraq itirilmiş təbii qazın dəyəri 2160 m3 müəyyən edilməklə həmin tarixdə də hesabat tərtib edilmişdir. Tərtib edilmiş hesabata əsasən, abonent kodu **********00230 olan nömrəli istehlakçı İddiaçı yaşadığı ünvan üzrə qaz sayğacının hesabına «itirilmiş təbii qazın dəyəri» qismində 216 (iki yüz on altı) manat məbləğində pul hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh “Cavabdeh” İB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı üzrə xx.xx.2020-ci il tarixli 06 nömrəli müqavilədən görünür ki, “Cavabdeh” İB ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacının istismar müddəti bitidiyindən qaz sayğacı yeni tipli sayğacla əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, 29/1710-02418-1 saylı qaz sayğacının yoxlanılması barədə Aktdan görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan hər iki zavod qurğuşun plomb kəsilmişdir. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2020-ci il tarixli dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, 29/1710-02418-1 saylı qaz sayğacının yoxlanılması barədə Akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan hər iki zavod qurğuşun plombunun kəsilməsi və Aktda tələb olaraq istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı qaz sərfiyyatına görə qaz sayğacına əsasən 2010-cu ildən 2020-ci ilədək hər ayın sonuna olan hesablanan borc orta hesabla 2-40 manat, qaz sərfiyyatı isə 2-100 kub metr arasında dəyişdiyi halda, 2020-ci ilin sentyabr ayında 2165 kub metr qaz sərfiyyatına görə müəyyən edilmiş qalıq borc 216 manat müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli rəydə göstərilmişdir ki, 2160 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesablanmış 216 manat iddiaçıdan tələb edilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olunmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 216 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulu tələb etməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.5-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 mənzil 24 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 216 (iki yüz on altı) manat İddiaçı - abonent kodu **********00230 saylı abunə hesabından silinməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 mənzil 24 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 216 (iki yüz on altı) manat İddiaçı - abonent kodu **********00230 saylı abunə hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar