Məhkəmə qərarları › İş №2(009)-453/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-453/2025

13.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-453/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi A.Ə.Qəmbərovanın iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. O, həmin mənzili 2022-ci ildə alqı-satqı müqaviləsinə əsasən mənzilin keçmiş mülkiyyətçisi Əyyub Alqayevdən almışdır. O, həmin mənzili alarkən həmin mənzildə heç bir istilik təchizatı quraşdırılmamışdır. Çünki həmin mənzildə yaşayış olmamışdır. Tam təmirsiz istismara yararsız mənzil idi. Sözügedən mənzili aldıqdan sonra o, bütün kommunal xidmətlərin xərclərini öz adına keçirmişdir. Həmçinin Cavabdeh ASC ilə aralarında istilik və isti su təchizatı xidmətlərinə dair xx.xx.2023-cü il tarixdə **********20 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh ASC-dən onun ünvanına göndərilən xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıqda Alqayev Əyyubun 295 manat istilik borcu olduğu qeyd edilmişdir.O, Cavabdeh ASC ilə müqavilə bağlayarkən ona keçmiş mülkiyyətçinin borcunun olması barədə məlumat verilməmişdir və eyni zamanda aralarında müqavilə bağlanandan 8 ay sonra bildirişin yenidən keçmiş mülkiyyətçinin adına gəlməsi və həmin mənzilə dair 295 manat istilik borcunun olması barədə məlumat ona xx.xx.2024-cü il tarixdə verilmişdir. Belə olduğu təqdirdə hesab edir ki, Cavabdeh ASC ilə onun arasında bağlanan xx.xx.2023-cü il tarixdə **********20 nömrəli müqavilə formal xarakter daşıyır və 8 ay müddətində Cavabdeh ASC tərəfindən istehlakçı kimi tanınmamışdır və həmin mənzil üzrə istilik və isti su təchizatı xidmətləri onun adına rəsmiləşməmişdir. Əgər sözügedən mənzilin keçmiş mülkiyyətçisinin istiliyin verilməsi ilə əlaqədar Cavabdeh ASC-yə hər hansı ödənilməmiş borcu olsaydı, mən həmin cəmiyyətlə müqavilə bağlayarkən ona məlumat verilməli və keçmiş mülkiyyətçi tərəfindən ödəniş olmadığına görə həmin kommunal xidməti onun adına keçirməməli idilər. Həmin dövrlər üzrə "xxxx" ASC-nin və “Azəriqaz” İB-nin təqdim etdiyi ödəniş siyahısına nəzər yetirsələr görərlər ki, həqiqətən də sözügedən ünvanda yaşayış olmayıb və heç bir kommunal xidmətlərdən istifadə olunmayıb. Ümumiyyətlə həmin mənzildə sözügedən dövr üçün istilik qızdırıcı xətti (yəni otopleniya) çəkilməmişdir. Eyni zamanda Cavabdeh ASC ilə onun arasında bağlanan xx.xx.2023cü il tarixdə **********20 nömrəli müqavilənin 3.3-cü bəndinə əsasən müəssisə istehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatı təchizatının uçotunu aparır və göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu müqavilənin 3.1-ci bəndinə) əsasən hər ay istehlakçıya məlumat təqdim edir (göndərir). Həmin müqavilənin 3.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətlərinin istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilməlidir. Göründüyü kimi müəssisə müqavilənin şərtlərinə əməl etmədən qanunsuz hərəkət edərək ona 295 manat əsassız borc hesablanmışdır. O, bununla bağlı xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-yə pretenziya şəklində müraciət etsə də, bugünədək müraciətinə cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 295 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, evi 2022-ci ildə almış, ev bərbad vəziyyətdə olmuş, yaşayış olmamışdır. 2023-cü ildə evi təmir etdirmiş, oğlu ailə həyatı qurduqdan sonra 2023-cü ilin yay ayında həmin evə köçərək yaşamağa başlamışdır. 2023cü ildə o, cavabdeh təşkilatla müqavilə bağlamış və həmin vaxtdan ödənişləri həyata keçirmişdir. Cavabdeh isə 10 il müddətində olan dövr üçün qazdan, sudan istifadə edilməyən və hətta radiator mövcud olmayan evə borc yazmışdır. Borc onun evi alınmamış dövrdən əvvəl olduğundan, həmin dövrdə də evdə yaşayış olmadığından, istilik sistemindən istifadə olunmadığından hesab edir ki, həmin borc silinməlidir. Evdən istifadə edilməməsinin səbəbi kimi məhkəməyə həm "xxxx" ASC-nin, həm də “Azəriqaz” İB-nin hesabdan çıxarışlarını da təqdim etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, abonent istilik sistemindən istifadə etmirsə, yəni xətti kəsib “Kombi” sistemindən istifadə edirsə və yaxud evdə yaşamırsa bu barədə onlara məlumat verilməli idi, bununla bağlı müvafiq akt tərtib edilməli idi ki, istilik təchizatı ilə bağlı borc yazılmasın. Lakin iddiaçının yaşadığı mənzilin əvvəlki mülkiyyətçilərinin belə bir müraciəti onlara olmamışdır. Həmçinin bildirir ki, iddiaçıdan əvvəl həmin ev üzrə də hər hansı müqavilə bağlanılmamışdır. İddiaçı müqavilə bağladıqdan sonra ödənişləri etmişdir. Hesab edir ki, qeyd etdiklərinə əsasən borc silinə bilməz və bu səbəbdən məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 2383/2387-ci məhəllədə yerləşən ümumi sahəsi 75,80 kv.m. olan 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə “Müəssisə” qismində Cavabdeh ASC ilə “İstehlakçı” qismində İddiaçı arasında bağlanılmış istilik və isti su təchizatı xidmətlərinə dair xx.xx.2023-cü il tarixli, **********20 nömrəli müqaviləsinə əsasən bu müqavilə Müəssisə tərəfindən İstehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsi 68,02 kv.m., mənzildə və ya yaşayış evində qeydiyyatda olanların sayı olan mənzilin və ya yaşayış evinin istilik və isti su təchizatı ilə əlaqədar tərəflərin hüquq və vəzifələrinə müəyyən edir. İş üzrə Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, Əyyub Alqayevin (abonent kodu **********20) ödəməli olduğu istilik borcu 295,51 manat təşkil etmiş, son ödəniş xx.xx.2024-cü il tarixdə 9,75 manat təşkil etmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona əsassız hesablanmış 295 manat borcun silinməsini xahiş etmişdir. Əks təqdirdə 10 gün müddətində qanunvericiliyin tələblərinə uyğun həmin borcun silinməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət edəcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən ünvan 2 ünvan üzrə İddiaçı xx.xx.2023-cü il tarixdən abonent kimi qeydiyyata alınmış və həmin mənzilin abunə hesabına istilik haqqının əvəzi kimi 295 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan mənzili 2022-ci ildə mənzilin keçmiş mülkiyyətçisi Əyyub Alqayevdən almış və həmin mənzil iddiaçı tərəfindən əldə edilənədək mənzildə yaşayış olmamış, mənzil üzrə hər hansı kommunal ödənişlər (işıq, qaz, su) həyata keçirilməmişdir. İddiaçı ilə cavabdeh arasında istilik və isti su təchizatı xidmətlərinə dair müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. Həmin tarixdən iddiaçı tərəfindən mütəmadı ödənişlər həyata keçirilir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. O, həmin mənzili 2022-ci ildə alqı-satqı müqaviləsinə əsasən mənzilin keçmiş mülkiyyətçisi Əyyub Alqayevdən almışdır. O, həmin mənzili alarkən həmin mənzildə heç bir istilik təchizatı quraşdırılmamışdır. Çünki həmin mənzildə yaşayış olmamışdır. Tam təmirsiz istismara yararsız mənzil idi. Sözügedən mənzili aldıqdan sonra o, bütün kommunal xidmətlərin xərclərini öz adına keçirmişdir. Həmçinin Cavabdeh ASC ilə aralarında istilik və isti su təchizatı xidmətlərinə dair xx.xx.2023-cü il tarixdə **********20 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh ASC-dən onun ünvanına göndərilən xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıqda Alqayev Əyyubun 295 manat istilik borcu olduğu qeyd edilmişdir.O, Cavabdeh ASC ilə müqavilə bağlayarkən ona keçmiş mülkiyyətçinin borcunun olması barədə məlumat verilməmişdir və eyni zamanda aralarında müqavilə bağlanandan 8 ay sonra bildirişin yenidən keçmiş mülkiyyətçinin adına gəlməsi və həmin mənzilə dair 295 manat istilik borcunun olması barədə məlumat ona xx.xx.2024-cü il tarixdə verilmişdir. Belə olduğu təqdirdə hesab edir ki, Cavabdeh ASC ilə onun arasında bağlanan xx.xx.2023-cü il tarixdə **********20 nömrəli müqavilə formal xarakter daşıyır və 8 ay müddətində Cavabdeh ASC tərəfindən istehlakçı kimi tanınmamışdır və həmin mənzil üzrə istilik və isti su təchizatı xidmətləri onun adına rəsmiləşməmişdir. Əgər sözügedən mənzilin keçmiş mülkiyyətçisinin istiliyin verilməsi ilə əlaqədar Cavabdeh ASC-yə hər hansı ödənilməmiş borcu olsaydı, o, həmin cəmiyyətlə müqavilə bağlayarkən ona məlumat verilməli və keçmiş mülkiyyətçi tərəfindən ödəniş olmadığına görə həmin kommunal xidməti onun adına keçirməməli idilər. Ümumiyyətlə həmin mənzildə sözügedən dövr üçün istilik qızdırıcı xətti çəkilməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 295 manat məbləğində borcun silinməsini xahiş etmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli 303 saylı qərarı ilə təsdiq olunmuş «İstilik enerjisindən istifadə Qaydaları»nın 6.1.5-ci maddəsinə əsasən istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəmək istehlakçıların vəzifələridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatının təşkil etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, cavabdeh istehlakçını müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik təchizatı xidmətləri ilə təmin etmək vəzifəsinin daşıyıcısı olduğu kimi istehlakçı da istilik təchizatı xidmətlərinin hesabını vaxtında tam məbləğdə ödəmək vəzifəsini və öhdəliyini daşıyır. Аzərbaycan Рespublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, iddiaçının istilik enerjisindən istifadə ilə bağlı öhdəliyin yaranması üçün onunla cavabdeh arasında həmin xidmətin göstərilməsi ilə bağlı müqavilə olmalıdır. Məhkəmə iclasında isə tərəflər arasında belə müqavilənin yalnız 2023-cü ilin dekabr ayında bağlanması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli 303 saylı qərarı ilə təsdiq olunmuş «İstilik enerjisindən istifadə Qaydaları»nın 6.1.4-cü maddəsinə əsasən istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə müqavilə bağlamaq və bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçıların vəzifələridir. Göründüyü kimi göstərilən normativ hüquqi aktda istilik enerjisinin istehsalını, ötürülməsini, paylanılmasını və satışını həyata keçirən təchizatçı müəssisə - Cavabdeh ASC-nin istilik enerjisi şəbəkələrinə qoşulmuş istehlakçılarla müqavilənin bağlanılması nəzərdə tutulmuşdur. Bu qaydaları əsas tutaraq məhkəmə belə nəticəyə gəlir ki, istilik təchizatını həyata keçirən müəssisə istilik enerjisinin istehlakçıya ötürülməsini, paylanmasını və satışını həyata keçirərkən onunla müqavilə bağlamalıdır. Belə müqavilənin bağlanmaması həm istehlakçının istilik təchizatı müəssisəsi qarşısında öhdəliyin yaranmamasına səbəb olur, həm də təchizat müəssisəsinin istehlakçıya qarşı hər hansı tələb irəli sürmək hüququnu yaratmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh qarşısında istilik enerjisindən istifadə ilə bağlı müqavilə 2023-cü ildə bağlanıldığından və həmin tarixdən iddiaçı tərəfindən istilik enerjisindən istifadə ilə əlaqədar ödənişlər həyata keçirildiyindən, iddiaçının əvvəlki dövr üçün, yəni müqavilə mövcud olmadığı təqdirdə istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya belə bir borc hesablanması qanuni hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi öhdəlik ya müqavilədən, yaxud zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlir. Öhdəliyi yaranmış şəxs həmin öhdəliyi icra etmirsə, digər tərəf həmin öhdəliyin icra edilməsini tələb edə bilər. Bu tələblərdən kənar müqavilə tərəfinin digər müqavilə tərəfinə hər hansı məcburetmə tədbirləri tətbiq etməsi mülki qanunvericiliyin tələblərinə, prinsiplərinə ziddir və yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh qarşısında müqavilə bağlamamışdan əvvəl istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyinin yaranması üçün əsaslar müəyyən olunmadığı üçün, habelə cavabdeh tərəfindən heç bir əsas olmadan iddiaçıya abonent kimi borc hesablanması qanunsuz olduğundan, eyni zamanda borcun yazıldığı dövrü əhatə edən müddət ərzində evdə yaşayışın olmadığından irəli sürülmüş iddia əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı istilik enerjisindən istifadə ilə bağlı abunə hesabına (**********20) yazılmış cəmi 295 (iki yüz doxsan beş) manat borc əsassız olduğu üçün silinsin. Cavabdeh ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar