Məhkəmə qərarları › İş №2(009)-457/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-457/2025

11.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-457/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi həyat yoldaşı – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Ərizəçi həyat yoldaşı – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü həyat yoldaşı X6 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir. 1-ci dərəcəli əlildir, daim kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var. Həyat yoldaşı “Beyin infarktının nəticələri, keçirilmiş işemik insultun qalıqları xəstəliyindən” əziyyət çəkir. Bu xəstəlik səbəbindən həyat yoldaşı hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də onu nəzarətsiz qoymaq mümkün deyildir. Sənəddən də görsəndiyi kimi həyat yoldaşı X6 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, İ dərəcəli əlildir. Özünü idarə edə bilməyən həyat yoldaşına o, baxmaq məcburiyyətindədir və onun bütün əziyyətlərini o, çəkir. Həyat yoldaşı xəstəliyi səbəbindən özünü idarə edə bilmədiyi üçün sənədləşmə işi lazım olduqda, sənədlərə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda həyat yoldaşı X2 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1958-ci il təvəllüdlü həyat yoldaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X6 ilə X1 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 474 №-li akt qeydi icra edilmişdir, nikahdan sonra ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. İş üzrə Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının həkim-psixiatr Komissiyasının xx.xx.2024cü il tarixli rəyin surətindən görünür ki, 1958-ci il təvəllüdlü X4 “Keçirilmiş beyin infarktının qalıqları 169.3, Sağ tərəfli hemiplegiya 681.1, Afaziya R47” diaqnozu qoyulmuşdur, daima kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var. İş üzrə “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ambulator müalicədə olmuş və ona “Keçirilmiş işemik insultun qalıqları, sağ tərəfli hemiplegiya” diaqnozu təyin edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışın və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli arayışın surətlərindən görünür ki, X6 müayinə edilərək “169.3. Beyin infarktının nəticələri, Keçirilmiş işemik insultun qalıqları (2023)” diaqnozu ilə ona müddətsiz 1-ci qrup əlillik təyin edilmiş, ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir. İş üzrə təyin edilmiş qiyabi (sənədlər üzrə) məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 492 saylı rəyinə əsasən X3 “Keçirilmiş insultdan sonra yaranan demensiya (ağıl zəifliyi)” aşkar edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ş.Q.Yusifovu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X6 Ərizəçi, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur. Eyni zamanda, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X6 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Ümumiyyətlə, X3 “Keçirilmiş insultdan sonra yaranan demensiya (ağıl zəifliyi)” müəyyən edildiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır və bu hallar məhkəmə psixiatrik ekspertizasının müvafiq rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı hesab edir ki, Şaiq Yusifovun hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olubolmaması məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz.Qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ambulator məhkəmə psixiatrik ekspertizası keçirilməklə təsdiq olunması mümkündür. Belə ki, müvafiq ekspert rəyi ilə X3 “Keçirilmiş insultdan sonra yaranan demensiya (ağıl zəifliyi)” müəyyən edildiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X3 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapdığı üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. 17 avqust 1958-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar