Məhkəmə qərarları › İş №2(009)-461/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-461/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-461/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı sazişin ləğvi və pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sazişin ləğvi və pul tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2011-ci il tarixdə Əmiraslanova Ayan Söhrab qızı və xx.xx.2014-cü il tarixdə Əmiraslanov Həsən Söhrab oğlu adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 3590/2017 saylı qətnaməsi ilə pozulmuşdur. xx.xx.2017-ci il tarixdə cavabdehlə aralarında bağlanmış sazişə əsasən aliment qismində 50000 manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulsa da, cavabdeh həmin məbləği ona ödəməmişdir. Sadəcə olaraq cavabdeh bu barədə öhdəlik götürmüş, lakin yerinə yetirməmişdir. Cavabdehlə aliment sazişində nəzərdə tutulmuş pul məbləğinin ödənilməsi üçün dəfələrlə şifahi müraciət etmişdir. Hər dəfə cavabdeh pul məbləğini ödəyəcəyinə söz versə də, sözünün üstündə durmamış və öhdəliyini yerinə yetirməmişdir. Ona görə də xx.xx.2020-ci il tarixdə onun tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xəbərdarlığı rəsmi şəkildə qəbul etsə də, indiyə kimi aliment sazişinə əsasən ödənilməsi nəzərdə tutulmuş 50.000 manat məbləğində pulu ödəməmişdir. Bu da onun mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Valideynlər uşaqların saxlanılmasında bərabər hüquq və vəzifərələ malikdir. Lakin cavabdeh uşaqlarının tərbiyəsində iştirak etmir, aliment sazişində qeyd olunan məbləği ödəməkdən imtina edir. Göründüyü kimi, onların arasında aliment məbləğinin ödənilməsinə dair müqavilə mövcuddur və hazırda da qüvvədədir. Lakin, müqavilədə (sazişdə) qeyd olunan məbləğin ödənilməsi ilə əlaqədar heç bir sübut yoxdur. Vəkil sorğusuna Bakı şəhəri 50 saylı notariat kontorundan verilmiş cavabdan bəlli olur ki, xx.xx.2017-ci il tarixli sazişə əsasən ödənilməli olan pul vəsaiti notariusun depozit hesabı vasitəsilə ödənilməmiş və həmin pul vəsaitinin ödənilməsi ilə bağlı notariat işinə heç bir rəsmi sənəd əlavə edilməmişdir. Göründüyü kimi, saziş bağlansa heç bir pul məbləği ona ödənilməmişdir. Əvvəla, sazişdə icra müddəti müəyyənləşdirilməmişdir. İkincisi isə ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil oluna bilməz. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli sazişin ləğv edilməsi, xx.xx.2017-ci il tarixli sazişdə nəzərdə tutulmuş 50.000 manat məbləğində aliment ödənişinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh imkanı olmadığını deyərək pulu ödəməmişdir. O, bu iddianı ona görə qaldırmışdır ki, cavabdeh onu müqaviləyə qol çəkəndən sonra aldatmış və pulu ödəməmişdir. Cavabdeh ona xəyanət edib, başqa qadından uşağı var, o uşağa neçə baxırsa, onun uşaqlarına da elə baxsın. Cavabdeh uşaqlara heç bir vəsait ödəməyib. Cavabdehin 50.000 manatı birdəfəyə ödəməyə imkanı yox idi. Cavabdeh ona 50.000 manatı tədricən verməli idi. Cavabdeh bildirmişdir ki, aylıq 150 manatı ödəməyə imkanı yoxdur. Boşanma zamanı cavabdeh özü bildirib ki, 50.000 manatı imkanı olanda ödəyəcək. Ona görə onlar notariusda müqavilə bağlamışlar. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, cavabdeh məhkəmə iclas protokolunda hakim tərəfindən Cavabdeh verilən sualın cavabı kimi 50.000 manat məbləğndə nağd pul vəsaitinin verilməsini qeyd etsə də, həmin protokolda İddiaçı ona alimentin əvəzi kimi 50.000 manat pulun verilməsini bildirməmişdir. Alimentlə bağlı məsələni öz aralarında həll etdiklərini və müvafiq ərizənin məhkəməyə təqdim edilməsini göstərmişdir. Ərizə də isə İddiaçı qeyd etmişdir ki, o aralarında olan sazişə əsasən aliment tələb etmir. Yəni nə İddiaçı məhkəmə iclasında verdiyi izahatda, nə də məhkəməyə ünvanladığı ərizədə 50000 manat məbləğində pulun alımnası etiraf olunmur. Ona görə də cavabdehin bununla bağlı dəlilləri əsassız hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili həmçinin iddia ərizəsinə etiraza münasibətə dair yazılı ərizəsini məhkəməyə təqdim edərək orada göstərmişdir ki, cavadehin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazı əsassız hesab edir. Belə ki, cavabdeh etirazında aliment sazişində nəzərdə tutulmuş məbləğin ödənildiyini, Nəriman rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)- 3590/2017 saylı qətnaməsinin 1-ci vərəqinin 4-cü abzasında, 2-ci vərəqin 4-cü abzasında və 3-cü vərəqin 2-ci abzasında buna qiymət verildiyi bildirilmiş, MPM-nin 82.3-cü madəsinə istinad edilərək bir mülki iş üzrə qanuni üvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsi və yenidən sübut edilməməsinə görə iddianın təmin edilməməsi xahiş olunmuşdur. Cavabdehin bu fikri ilə razılaşmaq mümkün deyil. Məhkəmənin MPM-nin 82.3-cü madəsinə istinad edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində artıq alimentə qiymət verilməsi ilə əlaqədar qeyd edir ki, İddiaçı nikahın pozulmasına dair Nəriman rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsində Cavabdeh qarşı hər hansı aliment tələbinin olmadığını bildirmişdir .məhkəmə də buna qiymət verərək həmin qətnamənin 3-cü səhifəsinin 2-ci abzasında cavabdehin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ididaçıdan aliment tələb etməməsini, alimentin ödənilməsi ilə bağlı msələnin tərəflər arasında bağlanmış sazişlə həll edildiyini qeyd edir. Bütün bunlar qanuni qüvvəyə minmiş Nəriman rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə alimentə qiymət verilməsi anlamına gəlməməlidir. İddiaçı sadəcə olaraq həmin dövrdə cavabdehdən aliment tələb etməmişdirö. İzahatında aliment sazişində qeyd olunan 50000 manatın ona ödənilməsi barədə heç nə bildirilməmişdir. Bundan başqa Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsinin 2-ci vərəqinin 4-cü abzasında məhkəmə aliment sazişində nəzərdə tutumuş pul məbləğinin ödənilməsinə qiymət verir. Həmin abzasda məhkəmə qətnamənin tərtib edilmə ardıcıllığına uyğun olaraq iş materiallarında olan sənədləri sadalayır. Bu da qətnamədə məhkəmə tərəifndən alimentin ödənilməsinə qiymət verilməsi kimi başa düşülməməlidir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim etmişdir. Saziş bağlayan gün 50000 manat məbləğində pul vəsaitini avtomaşında Azadəyə vermişdir. Həmin pulun verilməsində kənar şəxslər iştirak etməmişdir. Azadə pulu almasa idi notariusda müqaviləni imzalamazdı. O avtomobil satışı ilə məşğul olmuşdur və kifayət qədər vəsaiti olmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, boşanma zamanı tərəflər arasında saziş bağlanmış və pul həmin an verilmişdir. Notariat orqanında saziş təsdiq olunmuşdur. Nikahın pozulması tələbinə dair iddia Nərimanov rayon Məhkəməsində olduğu müddətdə xx.xx.2017-ci il tarixdə Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş sazişə əsasən Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2011ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızının və xx.xx.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhbət oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik 50.000 manat pulu Əmiraslanova (Məmmədova) Azadə Azər qızına vermiş və Əmiraslanova (Məmmədova) Azadə Azər qızı da həmin məbləğdə pulu qəbul etmişdir. Məmmədova (Əmiraslanova) Azadə Azər qızı xx.xx.2017-ci il tarixdə məhkəmə iclasında bildirmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması ilə bağlı məsələni öz aralarında saziş bağlamaqla həll etmişlər və məhkəmədə ona qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-3590/2017 nömrəli qətnaməsinin 2-ci vərəqinin 4-cü abzasında göstərilmişdir ki, Cavabdeh ilə X6 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və notariat qaydada təsdiq edilmiş sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X4 birgə nikahlarından olmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qıznın və xx.xx.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik olaraq 50.000 manat məbləğində nəğd pul vəsaiti vermiş, X6 isə həmin məbləğdə pulu qəbul etmiş və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir. Eyni zamanda həmin qətnamənin 1-ci vərəqənin 4-cü abzasından və 3-cü vərəqənin 2-ci abzasından görünür ki, Məmmədova (Əmiraslanova) Azadə Azər qızı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aliment tələb etmir, alimentin ödənilməsi ilə bağlı məsələ tərəflər arasında bağlanmış sazişlə həll edilmişdir. Bununla da Nərimanov rayon Məhkəməsinin 18.05.2-17-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində də xx.xx.2011-ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızının və xx.xx.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik Əmiraslanova (Məmmədova) Azadə Azər qızının 50.000 manat pulu ondan alması və alimentlə bağlı iddiasının olmaması öz əksini tapmışdır və xx.xx.2017-ci il tarixli sazişdə nəzərdə tutulmuş 50.000 manat məbləğində alimentin ödənilməsinin mübahisləndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plelnumunun xx.xx.2016-cı il tarixli qərarından və qanunvericiliyin tələbindən göründüyü kimi artıq xx.xx.2011-ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızının və xx.xx.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Əmiraslanova (Məmmədova) Azadə Azər qızına birdəfəlik 50.000 manat məbləğində alimentin ödənilməsi barədə Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsi mövcuddur. xx.xx.2020-ci il tarixdə İddiaçı ona qarşı aliment tələbi ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-2337/2020 saylı qətnaməsinə əsasən İddiaçı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. xx.xx.2017-ci il tarixdə Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş sazişə əsasən Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızının və xx.xx.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik 50.000 manat pulu Əmiraslanova (Məmmədova) Azadə Azər qızına vermişdir. Göründüyü kimi saziş onun tərəfindən pozulmamış, Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə xx.xx.2017-ci il tarixli saziş bağlanarkən aliment qismində 50.000 manat əldə edəcəyinə ümid etmiş və bu vəsait ona ödənilmişdir. O, müqavilə bağlanarkən ümid etməyə haqq çatanlardan məhrum olmadığından, iddiaçının tələbi ilə aralarındakı saziş edilə və ondan iddiaçının xeyrinə eyni vəsait təkrar tutula bilməz. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, Nərimanov rayon Məhkəməsində boşanma olan zaman qarşı tərəf vəkillə müraciət etmişdir ki, alimenti öz aralarında həll edək. Ona görə də o, iddiaçıya onun maşınında 50.000 manatı şəxsən sayıb özünə vermiş, bundan sonra iddiaçı girib notariusda sazişə imza etmiş, əks halda iddiaçı qol çəkməzdi. Məhkəmə iclas protokolunun surətini məhkəməyə təqdim etmişlər. Orada hakim tərəfindən verilən suala Cavabdeh cavab vermişdir ki, alimentə görə Azadəyə 50000 manat məbləğində pul vermis və bu Sazişlə rəsmiləşdirilmişdir. Başqa sualın olması barədə hakim tərəflərə müraciət etdikdə İddiaçı həmin pulun almaması barədə fikir bildirməmiş və bununla əlaqədar sual verməmişdir. Yəni pulun verilməsi tam təsdiq olunmuş və məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Ayan adlı və xx.xx.2014-cü il təvəllüdlü Həsən adlı uşaqları var. İş üzrə Cavabdeh ilə X6 arasında arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli sazişinə əsasən Cavabdeh rəsmi nikahda olduğu X5 birgə nikahdan olan uşaqları - xx.xx.2011-ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızının və xx.xx.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment qismində birdəfəlik olaraq 50.000 manat məbləğində nağd pul vəsaitinin verilməsi, X1 Söhrab Həsən oğlu tərəfindən verilən 50.000 manat məbləğində nağd pul vəsaitinin qəbul etməsi və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığının bildirməsini öhdəsinə götürmüşlər. İş üzrə Nərimanov rayon Məhkəməsinin 2(005)-3590/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Əmiraslanova (Məmmədova) Azadə Azər qızı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və 478 nömrə ilə Bakı Nikah Evi tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızının və xx.xx.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun anası X3 yanında qalması qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinin tələblərinə uyğun olaraq nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızının və xx.xx.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun valideynlərindən hansının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması məsələlərini həll edərkən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh birgə nikahlarından olmuş uşaqların iddiaçının yanında qalmasına etiraz etmir, cavabdeh X6 uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan aliment tələb etmir, alimentin ödənilməsi ilə bağlı məsələ tərəflər arasında bağlanmış sazişlə həll edilmişdir. İş üzrə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh ilə X6 arasından olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 267 No ilə qeyd edilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, aralarında bağlanmış xx.xx.2017-ci il tarixli sazişə əsasən ona 50.000 manat məbləğində aliment ödənişi verilməlidir. Lakin indiyə kimi həmin məbləğ Cavabdeh tərəfindən ona ödənilməmişdir. Artıq o, birgə nikahdan olan uşaqlarını saxlamaqda çətinlik çəkir. Hesab edir ki, hər iki valideyn uşaqları saxlamağa borcludur. Qeyd olunanları nəzərə alaraq Cavabdeh 10 gün müddətində aralarında bağlanmış xx.xx.2017-ci il tarixli sazişin ləğv edilməsi və 50.000 manat məbləğində aliment ödənişinin İddiaçı ödənilməsi barədə xəbərdarlıq edir, əks təqdirdə sazişin ləğvi və aliment ödənişinin tələb edilməsi barədə məhkəməyə müraciət olunacaqdır. İş üzrə Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində Cavabdeh ilə X6 arasında bağlanmış “Alimentin ödənilməsinə dair saziş” üzrə ödənilməli olan pul vəsaiti notariusun depozit hesabı vasitəsi ilə ödənilməmiş və həmin pul vəsaitinin ödənilməsi ilə bağlı notariat işinə heç bir rəsmi sənəd əlavə edilməmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-2337/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş üzrə X6 tərəfindən Nərimanov rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, məhkəmədə Cavabdeh ona qarşı nikahın pozulması və uşaqların himayəsində saxlanılmasına dair mülki iş var. o boşanmağa razıdır, aralarında olan sazişə əsasən aliment tələb etmir və uşaqların onun himayəsinə verilməsini xahiş edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanılmış və onların birgə nikadan xx.xx.2011-ci il təvəllüdlü Ayan adlı və xx.xx.2014-cü il təvəllüdlü Həsən adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulduğu üçün Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair Nərimanov rayon Məhkəməsində iddia qaldırmışdır. Nəriman rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahdan olan uşaqların iddiaçının yanında qalması müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, nikahın pozulması ilə bağlı iş məhkəmə icraatında olduğu zaman tərəflər arasında notariat qaydada xx.xx.2017-ci il tarixdə saziş bağlanılmışdır. Həmin Sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X4 birgə nikahdan olan uşaqların (xx.xx.2011-ci il təvəllüdlü Ayan və xx.xx.2014-cü il təvəllüdlü Həsən) yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment qismində birdəfəlik olaraq 50.000 manat məbləğində nağd pul vəsaiti verir, X6 isə həmin vəsaiti qəbul edərək Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli Sazişə əsasən ödəməli olduğu 50.000 manat pulu ona ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə Saziş üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün Sazişin ləğv edilməsi və 50.000 manat pulun ödənilməsi ilə bağlı xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, sonuncu tərəfindən həmin xəbərdarlıqla bağlı heç bir cavab verilməmişdir. Bu səbəbdən iddiaçı məhkəmədən bağlanmış xx.xx.2017-ci il tarixli Sazişin ləğv edilməsi və cavabdehdən saziş üzrə ödənilməli olan və ödənilməmiş 50.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz etmiş və göstərmişdir ki, xx.xx.2017-ci il tarixli Saziş əsasında onun tərəfindən iddiaçıya 50.000 manat pul tam ödənilmiş və bu hal Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsində öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, tərəflər arasında aliment məsələsi aralarıda bağlanmış sazişlə həll edilmişdir. Bununla da cavabdeh hesab edir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin təsviri və əsaslandırıcı hissələrində iddiaçının ondan 50000 manat pulun alınması və alimentlə bağlı iddiasının olmaması öz əksini tapdığı üçün, həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırki işə baxılarkən preyudisial əhəmiyyətə malikdir. Bu səbəbdən həmin halların yenidən sübut edilməsinə hazırki işə baxılarkən ehtiyac olmadığı üçün, həmin hallar mübahisələndirilə bilməz və onların yenidən sübut etməsi yolverilməzdir. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Saziş üzrə ödənilməli olan 50.000 manatla bağlı tərəflər arasında mübahisə var və iddiaçı həmin pulun cavabeh tərəfindən ödənilməməsini iddia edir. Cavabdeh isə öz növbəsində Saziş üzrə pulun tam ödənilməsini və bu halın Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tam təsdiq olunduğunu iddia edir. Məhkəmə mübahisəli Sazişin ləğv edilməsi ilə bağlı tələbə hüquqi qiymət verməmişdən əvvəl məhkəmə aktlarının preyudisiallığı ilə bağlı Konstiutsiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə nəzər salmasını vacib hesab edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe X11 Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin formalaşan hüquqi mövqeyindən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi eyni tərəflər arasında eyni predmet barəsində olan mübahisəyə dair çıxarılmış qərarın preyudisial əhəmiyyətə malik olduğu müəyyən edir. Eyni tərəflər arasında baxılan işdə müəyyən edilmiş faktlar isə başqa işdə baxılarkən yenidən sübut olunmur və həmin faktlar sübut edilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi forma baxımından hazırki iş üzrə baxılan mübahisədən fərqlidir və hazırki işlə hər hansı eyniliyi yoxdur. Yəni hazırki iş üzər mübahisə predmeti Saziş üzrə ödənilməli olan pul məbləğinin tələb edilməsidir. Məzmun baxımından hazırki mübahisə üzrə Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin preyudisial əhəmiyyəti o halda məcburi hesab edilə bilər ki, həmin qətnamədə müəyyən olunmuş maddi-hüquqi faktlar konkret müəyyən olunmuş ,yaxud təsdiq edilmiş olsun. Yəni Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2017-ci il tarixli Saziş üzrə Cavabdeh 50.000 manat pulun alması faktı təkzibedilməz olmalı və konkret olmalıdır. Lakin Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəflər arasında bağlanmış Sazişə istinad edərək onlar arasında alimentlə bağlı mübahisənin olmamasını və bu səbəbdən nikah pozulduqdan sonra alimentlə bağlı məsələnin həll edilməsninə zərurət olmadığını qeyd etmişdir. Yəni məhkəmə Söhab Əmiraslanov tərəfindən İddiaçı Saziş üzrə 50.000 manat məbləğində pulun verilməsini təsdiq etməmiş və həmin halın müəyyən edilməsi üçün hər hansı araşdırma aparmamışdır. Məhkəmə yalnız tərəflər arasında bağlanmış Sazişə istinad edərək və İddiaçı Cavabdeh aliment tələbinin olmamasını əsas tutaraq birgə nikahdan olan uşaqların saxlanılması üçün alimentin tutulması məsələsini həll etməmişdir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş məhkəmə iclas protokolunun kserosurətindən görünür ki, Cavabdeh verilən sualın cavabı kimi 50.000 manat məbləğində pulun İddiaçı verilməsini qeyd etsə də, nə məhkəmə iclas protokolunda, nə məhkəmə qətnaməsində İddiaçı tərəfindən həmin pulun alınması etiraf olunmur. Əksinə onun tərəfindən alimentlə bağlı məsələnin Sazişlə həll edilməsi, Sazişdə isə pulun imperativ qaydada verilməsi müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi hazırki işə baxılarkən Saziş üzrə pulun verilməsi faktını təsdiq edən sübut hesab edilə bilməz və bu səbəbdən də həmin qətnamənin hazırki işə baxılarkən preyudisial əhəmiyyəti yoxdur. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hazırki işə baxılarkən Saziş üzrə 50.000 manat pulun verilməsini təsdiq edən və preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı hesab edilməsə də, bu qətnamə Saziş üzrə pulun Cavabdeh tərəfindən İddiaçı verilməməsini də təsdiq etmir və bununla bağlı da məhkəmə qətnaməsinin hər hansı preyudisial əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, hazırki mübahisənin predmeti təqdim edilmiş sübutlar əsasında qiymətləndirilməli və toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. X11 Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X8rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). Tərəflərin bağladıqları Sazişdən də göründüyü kimi müqavilənin predmeti Cavabdeh tərəfindən Əmiraslanova (Məmmədova) Azadə Azər qızına iki uşağın saxlanılması üçün aliment qismində birdəfəlik 50.000 manat nağd pul vəsaitinin verilməsidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə konsesual müqavilə olsa da və bağlandığı andan qüvvəyə minməsə də, bu hal müqavilə tərəfi olan Söhrab X2 50.000 manat pulun verilməsini təsdiq etmir. İlk növbədə qeyd olunmalıdır ki, müqavilə notariat qaydada təsdiq olunsa da, pulun verilməsi ilə bağlı notariusun depozit hesabına hər hansı məbləğ Cavabdeh tərəfindən mədaxil edilməmişdir. Digər tərəfdən Sazişdə qeyd edilmişdir ki, “Cavabdeh 50.000 manat verir”, digər tərəf isə “həmin pulu qəbul edir”. Yəni Sazişdə pulun onun bağlandığı vaxtdan əvvəl və ya sonra verilməsi və ya müqavilə bağlanan vaxt və ya sonra qəbul edilməsi müəyyən olunmur. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlərin pozulması və mübahisə olduğu üçün alimentlə bağlı aralarında notariat qaydada Sazişin bağlanması onun göstərir ki, tərəflər arasında bir-birinə qarşı qarşılıqlı inam olmamışdır. Yəni alimentlə bağlı mübahisənin Saziş bağlanması yolu ilə rəsmiləşdirilməsi, lakin Sazişlə veriməli olan külli miqdarda pulla bağlı hər hansı sənəd tərtib edilməməsi onu təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya həmin pul verilməmişdir. Digər tərəfdən Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən də göründüyü kimi, məhkəmə iclasında izahat verən İddiaçı pulun ona verilməsini deyil, alimentlə bağlı mübahisənin Saziş bağlanması yolu ilə həll edilməsini göstərmişdir. Yəni cavabdeh tərəfindən iddiaçıya Saziş üzrə pulun verilməsi şübhə doğurduğu üçün və pulun verilməsi halının mövcudluğu hər hansı təkzibolunmaz sübutla təsdiq olunmadığı üçün, məhkəmə hesab edir ki, cavabdeh Saziş üzrə iddiaçıya hər hansı pul məbləği ödəməmişdir. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X11 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış Saziş üzrə cavabdeh tərəfindən iddiaçıya 50.000 manat məbləğində pulun ödənilməsi faktı öz təsdiqini tapmadığından, iddiaçı cavabdehlə bağlanmış sazişin ləğv edilməsi və birdəfəlik qaydada cavabdeh tərəfindən ödənilməli olan pulun tutulması barədə iddia qaldırmaqda tam haqlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Sazişin ləğv edilməsi və Saziş üzrə 50.000 manat pulun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bununla bağlı hər hansı hərəkət etməmişdir. AR Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, tərəflər arasında bağlanmış Saziş cavabdeh tərəfindən yerinə yetirilmədiyi üçün, yəni cavabdeh həmin saziş üzrə iddiaçıya 50.000 manat ödəməsini öhdəsinə götürsə də, həmin öhdəliyi icra etmədiyi üçün, tərəflər arasında bağlanmış Saziş ləğv edilməli və cavabdeh tərəfindən iddiaçıya 50.000 manat məbləğində pul ödənilməlidir. AR Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləlilkə məhkəmə hesab edir ki, iddiaçı Siziş üzrə üzərinə düşən öhdəliyi, yəni cavabdehə qarşı alimentlə bağlı hər hansı tələb irəli sürmədiyindən, o, cavabdehdən Saziş üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etməkdə tam haqlıdır. Digər tərəfdən məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixli Saziş üzrə 50.000 manat pudun ödənilməsi ilə bağlı öhdəliyin icra edilməsi öz təsdiqini tapmadığından, Sazişin ləğv edilməsi və 50.000 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbləri əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə Əmiraslanova (Məmmədova) Azadə Azər qızı arasında bağlanılmış və xx xxxxx 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş saziş ləğv edilsin. xx xxxxx 2017-ci il tarixli Saziş üzrə nəzərdə tutulmuş 50.000 (əlli min) manat məbləğində aliment ödənişi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar