Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-461/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində "xxxx" MTK işə cəlb olunmaqla) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində "xxxx" MTK işə cəlb olunmaqla) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 22 fevral 2022-il tarixli 393-İZG/1 saylı ipoteka müqaviləsinin etibarsız sayılmasına və ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri İcra hakimiyyəti başçısı aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsi 30 iyun 20016-ci il tarixli seriya RX № ******* saylı çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Sonradan onun xəbəri olmadan, cavabeh Cavabdeh2 etibarnamə vermədən, dələdüzluq yolu ilə saxtakarlıq edərək ona məxsus torpaq sahəsini bağışlama müqaviləsi ilə rəsmiləşdirmiş və bunun əsasında da ona məxsus torpaq sahəsinə çıxarış verilmişdir. Bağışlama müqaviləsini qeydə almış 38 saylı notariat kontoruna müraciət edildikdə məlum oldu ki, 05 iyul 2016-ci il tarixdə bağlanmış bağışlama müqaviəsində göstərilən X1 adına guya onun tərəfindən verilmiş etibarnamə saxtadır və belə bir etibarnamə notariat ofisində qeydiyatdan keçməmiş və bu şəxsin adına verilməmişdir. Bağışlma müqaviləsinin mövcudluğu ilə əlaqədar 22 saylı notariat kontoruna müraciət etdikdə ona verilən cavabda 05 iyul 2016-ci ildə bu müqavilənin qeydiyyatı aparılmadığı müəyyən edilmişdir. Beləlkilə ona məlum oldu ki, cavabdeh saxta sənədlər əsasında ona məxsus torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Etibarnamələr saxta olduğu üçün onların etibarsızlığı ilə əlaqədar mübahisə qaldırmır. Xəzər rayon məhkəməsi əməliyyatların saxta sənədlərlə aparıldığını və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv olunması barədə 23 dekabr 2022-ci il tarixdə qətnamə çıxardı. Qətnamədən qarşı tərəf şikayət verməsinə baxmayaraq qanuni qüvvəsini aldı və 03 noyabr 2023-cü il tarixdə icra olunması üçün Əmlak komtəsinə göndərildi. Əmlak komitəsinin 06 dekabr 2023-cü il tarixli məktubu ilə bildirildi ki, Nərimanov rayon polis idarəsinin əməkdaşlarının himayədarlıq etdiyi, saxta sənədlərlə ona məxsus torpağını öz adına rəsmiləşdirən Cavabdeh2 onun torpağını ABB-yə 22 fevral 2022-ci il tarixdə 393-İZG/1 saylı ipoteka müqaviləsi ilə yüklü etmişdir. Bu səbəbdən qətnamə icra olunmur. Cavabdeh2 çıxarışının saxta olmasını bilərəkdən bu torpağı ipoteka yüklü etmişdir. Hazırda Xəzər rayon məhkməsinin 23 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən çıxarış ləğv olunmuşdur. Bu səbəbdən də o, məhkəməyə 22 fevral 2022-ci il tarixdə 393-İZG/1 saylı ipoteka müqaviləsinin etibarsız sayılmasına və ləğv olunmasına dair qətnamə çıxarılması barədə iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək göstərdi ki, əgər etibarnamə və onun əsasında özəlləşmə etibarsız hesab edilibsə, onda əmlak iddiaçının mülkiyyətində deyil, onun istifadəsindədir və ona görə də, iddiaçının belə iddia ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq 3cü şəxsin nümayəndəsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaçının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin və Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, X2, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğvi, torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarışın ləğv olunması qət edilmişdir. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin geri qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 saylı bağ sahəsi "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli 393-İZG/1 nömrəli ipoteka müqaviləsi əsasında yüklü edildiyindən icra vərəqəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyovun cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 11 aprel 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi ilə Nərimanov RPİ-nə müravciət edərək, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən bağ sahəsinin tanımadığı X3 və Cavabdeh2 tərəfindən sənədlərin saxtalışdırılması yolu ilə ələ keçirildiyini bildirmişdir. İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ İŞ-nin sabiq müstəntiqi Mehman Ələsgərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarının əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və material üzrə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanması, ibtidai istintaqın aparılması üçün Nərimanov RPİ İŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzərl rayonu, Şüvələn qəsəbəsi, sahəsi 0,25 ha olan 976 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 393-ƏKM saylı, 22 fevral 2022-ci il tarixli Əsas kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə 60 ay müddətində (xx.xx.2027-ci il tarixədək) 350.000 (üşyüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı öhdəsinə götürür. Müqavilənin 7.1 bəndinə görə bu Müqavilə, o cümlədən bu Müqavilə çərçivəsində bağlanan Əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2022-ci il tarixli, 393-İZG/1 saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. İş materiallarında olan ipoteka saxlayan-"xxxx" ASC, ipoteka qoyan-Cavabdeh2 və borc alan-"xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 393- İZG/1 saylı İpoteka müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan ünvan ünvanında mülkiyyətdə olan 0.26 ha torpaq sahəsi borc alanla ipoteka saxlayan arasında bağlanmış 393-ƏKM saylı, 22 fevral 2022-ci il tarixli Əsas kredit müqaviləsinə, o cümlədən bu Müqavilə çərçivəsində bağlanan Əlavə kredit müqavilələrinə əsasən borc alanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin təminatı məqsədi ilə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Mülki Məcəllənin 269-cu maddəsinə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Mülki Məcəllənin 271.1-ci maddəsinə görə əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2219/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Qeyd olunan bağ sahəsinin Cavabdeh2 bağışlanması barədə xx.xx.2016-cı il tarixli müqaviləni mülkiyyətçinin adından xx.xx.2006-cı ildə Bakı 38 nömrəli Notariat Kontorunda rəsmiləşdirilmiş 7e-11797 reyestr nömrəli etibarnamə ilə X4 imzalamış, lakin tədqiq olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı, onu üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə verməmiş, X4 tərəfindən İddiaçı məxsus ünvan Cavabdeh2 bağışlanarkən, X1 İddiaçı təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamışdır. Həmçinin məhkəmə tərəfindən edilmiş sorğular nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunda 4Ə indeksli reyestrlərdə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş notariat hərəkəti müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh X1 iddiaçını təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamış, iddiaçı tərəfindən Bakı şəhəri 38 saylı notariat ofisində xx.xx.2016-cı il tarixdə 7E-11797 reyestrdə rəsmiləşmiş etibarnamə mövcud deyil. Məhkəməyə təqdim olunmuş mübahisəli əqd onu bağlamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla belə, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin qeydiyyatı ümumiyyətlə müvafiq notariusun reyestrində mövcud deyildir. Göstərilənlərə əsasən mübahisəli torpaq sahəsinin bağışlanmasına dair müqavilənin etibarsız olduğu müəyyən edildiyindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, PX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə aktlatrı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunun qeyd olunan normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, yuxarıda göstərilən məhkəmə aktları ilə müəyyən olunan hallar hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığından həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı iştirakı olmadan və onun tərəfindən buna dair hər hansı səlahiyyət verilmədən ona məxsus daşınmaz əmlaka dair cavabdehlər Cavabdeh2 ilə "xxxx" ASC arasında 22 fevral 2022-il tarixli 393- İZG/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçı cavabdehlər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığını tələb etməkdə halıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan cavabdehlər Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 393-İZG/1 saylı, 22 fevral 2022-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 393-İZG/1 saylı, 22 fevral 2022-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-461/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-461/2024
13.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver