Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-464/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, 3-cü şəxs ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi Ə.X.Muradovun iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın və hərracla bağlı müqavilənin etibarsız sayılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın və hərracla bağlı müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh2 ASC ilə 24 ay müddətinə, illik dərəcəsi 24% olmaqla 35.000 ABŞ dolları məbləğin kreditə götürülməsi barədə xx.xx.2015-ci il tarixli 230615/220462 saylı və 7.000 manat qaytarmaq şərti ilə 18 ay müddətinə illik dərəcəsi 25% olmaqla xx.xx.2015-ci il tarixli, 161015/220462 saylı kredit müqavilələri bağlamışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi X4 qızı ilə xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi və həmin tarixdə Ayulduz Səmədovaya məxsus olan Sumqayıt şəhəri, 48-ci məhəllə, 5A saylı evin ümumi sahəsi 65,6 kv.m., yaşayış sahəsi 45 kv.m., yardımçı sahəsi 20,6 kv.m. olan 3 otaqlı 55 saylı mənzilin kredit verən Bankın xeyrinə ipotekaya qoyulması barədə 161015/220462 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələri üzrə aylıq ödəmələrdə gecikmələr olduğu üçün kredit verən Cavabdeh2 ASC “kredit müqaviləsinin ləğvi, kredit məbləğinin və kredit faizinin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və mənzildə yaşayan şəxslərin qeydiyyatdan çıxarılmaları barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1019/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 230615/220462 saylı və xx.xx.2015-ci il tarixli 161015/220462 saylı kredit müqavilələrinin ləğv edilməsi, cavabdehlər İddiaçı, zaminlər X1 və X4 qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində əsas borc üzrə 30.916 ABŞ dollar, faiz borcu üzrə 3.823 ABŞ dolları, cərimə məbləği üzrə 50 ABŞ dolları, cəmi 34.789 ABŞ dolları məbləğində pulun tutulması, cavabdehlər İddiaçı və X4 qızından əsas borc üzrə 4.206 ABŞ dolları, faiz borcu üzrə 1.058 manat, cərimə məbləği üzrə 50 manat, cəmi 5.314 manat, ödənilmiş dövlət rüsumu əvəzi olaraq 58 manat məbləğində pulun Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, 48-ci məhəllə, 5A saylı evin 55-ci mənzilinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat ekvivalentində 34.789 ABŞ dolları, 5.314 manat pulun və 58 manat məbləğində dövlət rüsumu əvəzinin Cavabdeh2 ASCyə ödənilməsi, qalan vəsaitin X4 qızına qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1019/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı, X3 və X4 qızı apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1606/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1019/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi “cavabdehlər İddiaçı, zaminlər X1 və X4 qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində əsas borc üzrə 30.916 ABŞ dolları, faiz borcu üzrə 3.823 ABŞ dolları, cərimə məbləği üzrə 50 ABŞ dolları, cəmi 34.789 ABŞ dolları məbləğində pulun tutulması, cavabdehlər İddiaçı və X4 qızından əsas borc üzrə 4.206 ABŞ dolları, faiz borcu üzrə 1.058 ABŞ dolları, cəmi 5.314 manat, ödənilmiş dövlət rüsumu əvəzi olaraq 58 manat məbləğində pulun Cavabdeh2 ASCnin xeyrinə tutulması” hissəsində dəyişdirilməli, cavabdehlər İddiaçı, zaminlər X1 və X4 qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində faiz borcu üzrə 2.291,58 ABŞ dolları, cəmi 33.257,58 ABŞ dolları məbləğində pulun tutulması, cavabdehlər İddiaçı və X4 qızından faiz borcu üzrə 326,98 manat, ümumilikdə 4.582,98 manat məbləğində pulun Cavabdeh2 ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1606/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi ilə Sumqayıt şəhəri, 48-ci məhəllə, 5A saylı evin 55-ci mənzili hərraca çıxarılmışdır. Hərracın təşkilatçısı "xxxx"nin xx.xx.2018-ci il tarixli, Y-285 saylı “Hərracın nəticələri haqqında yekun Protokol”la 31.875 manata ipoteka saxlayan Cavabdeh2 ASC-yə satılmışdır. Həmin hərrac qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməmiş, icra icraatı barədə onlara məlumat verməmişdir. Mənzilin tələbkara təklif olunması, tələbkarın təklifdən imtina etməsi və mənzilin hərraca çıxarılması barədə hər hansı məlumatları olmamışdır. Sifarişçi, tələbkar və hərracı keçirilən təşkilat əlbir olaraq onlara məxsus mənzili iki dəfə aşağı qiymətə salmaqla ələ keçirmişlər. Belə ki, hərracın keçirildiyi dövrdə və hazırda da o, kredit borcunu ödəyir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kredit borcu hesabına banka 16.836,93 manat məbləğində pul ödəmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə həmin hesaba 1.700 ABŞ dolları məbləğində pul ödəmişdir. İcra məmuru tərəfindən icraata xx.xx.2018-ci il tarixli qərarla başlanılmışdır, təkrar hərrac (3-cü) xx.xx.2018-ci il tarixdə baş tutmuşdur. İcra məmuru əmlakın hərraca çıxarılması barədə müddəti pozmuşdur. Hərrac müddəti pozmaqla tez keçirilmişdir. Qeyd edildiyi kimi, onun tərəfindən öhdəliyi yerinə yetirildi, ona görə də ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilməzdi. İpoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Hərracın formasını satılan əmlakın mülkiyyətçisi müəyyənləşdirilməmişdir. Hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyi üçün onların iddiaları üzrə məhkəmə tərəfindən etibarsız sayılmalıdır. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. X4 qızına məxsus olan Sumqayıt şəhəri, 48-ci məhəllədə, 5A saylı evin 55-ci mənzilin dəyəri real bazar qiymətindən dəfələrlə aşağı göstərilmiş və satılmışdır, mənzilin mülkiyyətçi tərəfindən qiymətləndirilməsinə imkan verilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" ilə Cavabdeh2 ASC arasında bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi icraya yönəldikdən sonra bankın əməkdaşı onun tərəfindən ödənişin həyata keçirilməsini demiş və bildirmişdir ki, icra sənədi icradan geri götürüləcək. Hərracın keçirilməsi barədə hər hansı məlumat onlara verilməmişdir. O, ödənişləri etmiş, cüzi miqdarda ödənilməyən borcu qalmış, bank ləğv olunduqdan sonra ofisə yaxınlaşıb ödəniş etmək istəyərkən ona bildirmişlər ki, ev bankın mülkiyyətindədir. Bundan sonra o, dərhal məhkəməyə mövcud iddia ərizəsi ilə müraciət etmişdir. O, evini istəyir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X2 öz izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi halları təsdiq edən sübutlar, yəni hərracın qanunvericiliyin tələblərinə uyğun keçirilməsi, bildirişlərin göndərilməsi, onun alınmasını təsdiq edən sübutlar mövcud deyil. Bu sənədlərin əldə edilməsi ilə bağlı müvafiq qurumlara, o cümlədən icra qurumuna sorğu verilsə də, həmin sənədlər əldə edilə bilməmişdir. Hesab edir ki, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmuşdur.Lakin hərracın hansı qaydada keçirilməsi barədə sübutlar mövcud deyil. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanlar üzrə bildirişlər göndərilsə də, məhkəmə bildirişi müvafiq qeydlə (“köçüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin 2(105)-1606/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1019/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi “cavabdehlər İddiaçı, zamin X1 və X4 qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində ... faiz məbləği üzrə 3.823 ABŞ dolları ... ümumilikdə 34.789 ABŞ dolları, cavabdehlər İddiaçı və X4 qızından krediti üzrə ... faiz məbləği üzrə 1.058 manat ... ümumilikdə 5.314 manat Cavabdeh2 ASC-nin xeyrinə tutulsun” hissəsində dəyişdirilməsi, cavabdehlər İddiaçı, zamin X1 və X4 qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində faiz məbləği üzrə 2291,58 ABŞ dolları, ümumilikdə 33257,58 ABŞ dolları, cavabdehlər İddiaçı və X4 qızından krediti üzrə faiz məbləğ üzrə 326,98 manat, ümumilikdə 4582,98 manatın Cavabdeh2 ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehlərdən müştərək qaydada ekspertiza xərcinin 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1019/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 230615/220462 saylı və xx.xx.2015-ci il tarixli, 161015/220462 saylı kredit müqavilələrinin ləğv edilməsi, cavabdehlər İddiaçı, zamin X1 və X4 qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində əsas borc üzrə 30.916 ABŞ dolları, faiz məbləği üzrə 3.823 ABŞ dolları, cərimə məbləği üzrə 50 ABŞ dolları, ümumilikdə 34.789 ABŞ dolları, cavabdehlər İddiaçı vəə X4 qızınlan krediti üzrə əsas borc üzrə 4.206 manat, faiz məbləğ üzrə 1.058 manat və cərimə məbləği üzrə 50 manat, ümumilikdə 5.314 manat, ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə ödənilmiş 31 manat dövlət rüsumu və xidmət haqqının Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerşləşən yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat eksvivalentində 34.789 ABŞ dolları,5.314 manat pul, 30 manat DƏDRX-nə ödənilmiş haqq və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun Cavabdeh2 ASC-yə ödənilməsi, qalan vəsaitin isə X4 qızına qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. İş üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş, qalan hissədə isə, o cümlədən tələbin yönəldiyi mənzilin 50.000 manat dəyərində müəyyən edilmiş ilkin satış qiyməti dəyişdirilmədən saxlanılmış və bu barədə icra vərəqəsi verilmişdir. Görülmüş təbirlər nəticəsində müvafiq mənzil "xxxx" MMC-nin Y-285 saylı, xx.xx.2018ci il tarixli hərracın nəticələri haqqında yekun protokoluna əsasən 31875 manat dəyərində Cavabdeh2 ASC-nin balansına keçmiş və icra sənədi üzrə icraata icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə xitam verilmişdir. İş üzrə hesabdan çıxarışından görünür ki, İddiaçı tərəfindən xx.xx.2015 il tarixdən xx.xx.2018ci il tarixədək banka cəmi 71.814,72 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə hesabdan çıxarışlarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək banka cəmi 16.836,94 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 5.250 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə "xxxx" tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli Y-285 No-li yekun protokolun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1606/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhər icra idarəsinin 12K- 142/8 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən X4 qızına məxsus Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 5A saylı evin 55 saylı mənzili ilkin satış qiyməti 50.000 manata hərraca çıxarılmış və həmin mənzilin alıcısı olmadığı üçün təkrar hərracda 31.875 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilənin surətinə əsasən X4 qızına məxsus Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 5A saylı evin 55 saylı mənzili 31.875 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-1606 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tam icra olunduğuna görə icraata xitam verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətinə əsasən Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 5A saylı evin 55 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1019/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 230615/220462 saylı və xx.xx.2015-ci il tarixli, 161015/220462 saylı kredit müqavilələrinin ləğv edilməsi, cavabdehlər İddiaçı, zamin X1 və X4 qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində əsas borc üzrə 30.916 ABŞ dolları, faiz məbləği üzrə 3.823 ABŞ dolları, cərimə məbləği üzrə 50 ABŞ dolları, ümumilikdə 34.789 ABŞ dolları, cavabdehlər İddiaçı vəə X4 qızınlan krediti üzrə əsas borc üzrə 4.206 manat, faiz məbləğ üzrə 1.058 manat və cərimə məbləği üzrə 50 manat, ümumilikdə 5.314 manat, ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə ödənilmiş 31 manat dövlət rüsumu və xidmət haqqının Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerşləşən yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat eksvivalentində 34.789 ABŞ dolları,5.314 manat pul, 30 manat DƏDRX-nə ödənilmiş haqq və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun Cavabdeh2 ASC-yə ödənilməsi, qalan vəsaitin isə X4 qızına qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1606/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi “cavabdehlər İddiaçı, zamin X1 və X4 qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində ... faiz məbləği üzrə 3.823 ABŞ dolları ... ümumilikdə 34.789 ABŞ dolları, cavabdehlər İddiaçı və X4 qızından krediti üzrə ... faiz məbləği üzrə 1.058 manat ... ümumilikdə 5.314 manat Cavabdeh2 ASC-nin xeyrinə tutulsun” hissəsində dəyişdirilməsi, cavabdehlər İddiaçı, zamin X1 və X4 qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində faiz məbləği üzrə 2291,58 ABŞ dolları, ümumilikdə 33257,58 ABŞ dolları, cavabdehlər İddiaçı və X4 qızından krediti üzrə faiz məbləğ üzrə 326,98 manat, ümumilikdə 4582,98 manatın Cavabdeh2 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və mənzil açıq hərracdan satılması üçün "xxxx" MMC-yə təqdim edilmişdir. Məhkəmə iclasında hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçıya bildirişlər göndərilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, hərrac mərkəzi tərəfindən tələbkar bank təşkilatı Cavabdeh2 ASC ilə hərracın yekunları üzrə ipoteka predmetinin alqı-satqısına dair müqavilə bağlanılmışdır. Bank həmin əmlakı alaraq onun üzərində mülkiyyət hüququnu rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, keçirilən hərrac barədə onlara hər hansı məlumat verilməmiş, hərrac onların iştirakı olmadan keçirilmiş, mənzilin dəyəri real bazar qiymətindən dəfələrlə aşağı göstərilmiş və satılmışdır. Bu səbəbdən iddiaçı hərracın və hərracın təşkilatçısı ilə bank arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının hərrac keçirildikdən 4 il 5 ay müddət keçdikdən sonra hərracın nəticələrinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldıraraq qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi ilə bağlı aşağıdakıları qeyd olunması zəruri hesab edir. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ödənişləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icraya yönəldikdən sonra da etmiş, bu hal məhkəməyə təqdim olunan hesabdan çıxarışla təsdiq olunur. Belə ki, həmin sənədlərə əsasən iddiaçı ödənişləri xx.xx.2021-ci il tarixədək həyata keçirmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, 2022-ci ildə ödəniş etmək və icra ilə bağlı məlumat əldə etmək istədiyi vaxt iddiaçıya məlum olmuşdur ki, artıq baş tutmayan hərracın nəticəsində əmlak tələbkara təklif olunmuş və alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin vaxtdan bir neçə ay sonra isə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halı nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən qanunla məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan 1 illik müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə iddiaçının hərracın onun xəbəri olmadan və ona məlumat verilmədən keçirilməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. «İpoteka haqqında» AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.6-cı mdəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. AR Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi barədə iddiaçıya qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməmişdir. Yəni iddiaçıya hər hansı bildirişin göndərilməsi və bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə keçirilən hərrac barədə İddiaçı məlumatı olmadığından və hərrac mərkəzi, o cümlədən bank təşkilatı tərəfindən bildirişlərin rəsmi qaydada iddiaçı tərəfindən alınmasını təsdiq edən digər sənədlər təqdim edilmədiyindən, bununla da hərracın qanuni əsaslarla həyata keçirilməsini təsdiq edən sübutlar olmadığından, iddia əsaslı hesab edilməlidir. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. AR Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzlin satılması ilə bağlı keçirilmiş hərracın qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olmaması müəyyən edildiyindən, iddia tələbi təmin edilməli, keçirilmiş hərrac və onun hüquqi nəticələri - hərracı udmuş tələbkar bank təşkilatı ilə bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmçinin mübahisəli mənzilə dair Cavabdeh2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad olduğundan və iddiası təmin olunduğundan, dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 5A saylı evin 55 saylı mənzilinin 31.875 manata Cavabdeh2 ASC-yə satılması haqqında "xxxx" MMC tərəfindən 02 avqust 2018-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-285 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin və həmin hərracın nəticələri ləğv edilsin. Cavabdeh2 ASC-nin adına Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 5A saylı evin 55 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və həmin qeyd əsasında verilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. "xxxx" MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-464/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-464/2023
17.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver