Məhkəmə qərarları › İş №2(009)-475/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-475/2023

02.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-475/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, onun sayğacda problem olub, ona buna görə akt tərtib olunmuşdur. Belə ki, onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən sayğacın çıxış plastmas borusunun deşilmiş olması, sayğacın istismara yararsız olması, yivli birləşmələrin ətrafından sızma olması göstərilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq borc yazılmışdır. Hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi akt tamamilə qanunsuz və əsassızdır. Göründüyü kimi onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “X1”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və dijər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətdiq edir. Belə olduğu halda qanunvericiliyin müəyyən etdiyi imkanlarından istifadə edərək bir müqavilə tərəfinin digər tərəfə münasibətdə məcburetmə tədbirlərin tətbiq edilməsi mümkünsüz olur və məcburetmə aktının etibarsızlığını, bunun əsasında isə pul tələbinin əhəmiyyətsizliyini təsdiq edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********00222 nömrəli abonent koduna hesablanmış 518 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, sayğac küçədə quraşdırılmışdır, həmin sayğacı dəyişdirilərkən Cavabdeh İB-nin işçiləri bildirmişlər ki, hər 5 ildən bir sayğac dəyişdirilməlidir, ona görə dəyişdirirlər. Sayğacda sızma halının baş verməsi müşahidə olunmamışdır. Ona 518 manat borc yazılarkən cavabdehə müraciət etmiş, nə səbəbə borcun yazılmasını soruşmuş, demişlər ki, sayğacın çıxış plastmas borusu deşilib. Ona görə borc yazılmışdır. O, sual vermişdir ki, plomb açılmadan çıxış plastmas boruda deşik açmaq mümkündürmü? Ona demişlər ki, xeyir. Deməli, ya deşik olmamış, ya da onu özləri deşmişlər. Çünki sayğac dəyişdirilərkən plomb açılmamış vəziyyətdə olmuşdur. Açılsa idi aktda da qeyd olunmalı idi. Yazılan borcu tam əsassız hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraz məhkəməyə ünvanlanmış və etirazda göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00222 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1702AZ**********90 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710- 02057-1 saylı akta əsasən sayğacın çıxış plastmas borusu deşilməsi aşkar olunmuşdur. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4320 kv.m. təşkil etmişdir. Hesablanmış 518,40 manat məbləğində dəymiş ziyan 2022-ci ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağına ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi)), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00222 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və adonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın kserosurətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı yaşadığı ünvanda qaz sayğacına baxış keçirilən zaman sızma halı olduğu üçün əvəzlənmişdir. İş üzrə Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710- 02057-1 saylı akta əsasən iddiaçıya aid sayğaca baxış keçirərkən müəyyən edilmişdir ki,1702AZ**********90 No-li sayğacın 11956578 No-li plomb kəsilərək G-4SM/3269 saylı qutu açıldı, sayğaca baxış keçirildi, sayğacın çıxış plastmas borusu deşilib, sayğac istismara yararsızdır, xətalar təyin edilə bilmədi, sayğacın giriş yivli birləşməsi ətrafında sızma mövcuddur, sayğac kipliyə yararsızdır. İş üzrə təbii X1nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın kserosurətindən görünür ki, 29/1710-02057-1 saylı rəyə əsasən 1702AZ**********90 No-li sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın istismara yararsız olması, yivli birləşmələri ətrafında sızma mövcud olması, istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı iştirak etməmişdir. İş üzrə Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı İddiaçı sənaye və məişət qaz sayğacının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1710-02057-1 No-li aktına əsasən G-4 markalı ******* No-li sayğacın “1702AZ**********90 No-li sayğacın çıxış plastmas borusu deşilib” nöqsan aşkar edilmiş, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 4320 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə abonent İddiaçı (kod **********00222) abonent saldosundan görünür ki, ona 2022-ci ilin may ayında 518,40 manat əlavə borc hesablanmışdır. İş üzrə “Paylayıcı” qismində Cavabdeh İB ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1-də yerləşən evə dair bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AKX-05116xx/xx-2023 nömrəli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə aid olan sayğaca baxış keçirilmiş və sızma halı olduğu üçün sayğacı əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra MSK- 29/1710-02057-1 saylı akt tərtib edilmişdir. Akta əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın istismara yararsız olması, xətalar təyin edilə bilməməsi, sayğacın giriş yivli birləşməsi ətrafında sızma mövcud olması, sayğac kipliyə yararsız olması müəyyən edilmişdir. Qüsura görə nəticə kimi “qaz itkisi, müdaxilə” halının olması müəyyən edilmişdir. Həmin akt əsasında xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın xx.xx.2022-ci il tarixli qərarı ilə dəymiş ziyanın həcmi kimi 4320 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı evdən kənarda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman sayğacda heç bir zədə olmamışdır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və 518 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının abunə hesabına yazılmış 518 manat məbləğində borc cavabdeh təşkilatın tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında qəbul edilmiş qərara əsasən yazılsa da, iddiaçı tərəfindən irəli sürülmüş tələb yalnız borcun silinməsi hissəsində əsaslı hesab edilə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac laboratoriya şəraitində yoxlandıqdan sonra həmin sayğacda qüsurlar aşkar edilmiş və həmin qüsurları yoxlamanı aparan komissiya sayğaca müdaxilə faktı kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akt və Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli qərarı əsasında (dəymiş ziyanın bərpasına dair Tələbnamə) iddiaçıya 4320 kub metr əlavə sərfiyyat kimi dəymiş ziyan hesablanmış və həmin ziyana görə iddiaçının abunə hesabına 518,40 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 518,40 manat borc xx.xx.2022-ci il tarixli qərar əsasında yazılmış, həmin qərar isə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə ******* saylı akt müvafiq laboratoriyanın yoxlaması nəticəsində tərtib olunduğu üçün və laboratoriyada aparılan yoxlamanın qanuni olubolmaması hazırkı mübahisənin predmeti olmadığı üçün, həmin yoxlamanın nəticəsi olaraq tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli akt qanunsuz hesab edilə bilməz. Yəni göstərilən akt özündə yalnız sayğacda aşkar edilmiş qüsurları əks etdirdiyindən, həmin qüsurların isə olub-olmaması ilə bağlı hər hansı mübahisə olmadığından, iddia tələbi aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Lakin məhkəmə həmin akt əsasında iddiaçının abunə hesabına yazılmış 518 manat borcla bağlı qeyd edir ki, həmin borcun silinməsi barədə tələb əsaslı hesab edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus evə quraşdırılmış və evdən kənarda yerləşən sayğaca onun tərəfindən müdaxilə olunması halı sübuta yetirilməyincə, həmin sayğacın işlək vəzyyətdə saxlanılması vəzifəsini Cavabdeh İB daşıyır. Hazırkı işin araşdırılan halları ilə iddiaçının evindən kənarda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə etməsi halı sübuta yetməmişdir. Eyni zamanda aşkar edilmiş qüsur laboratoriya şəraitində sayğac yoxlanıldığı və plomb açıldıqdan sonra sayğacın daxilinə baxış zamanı müəyyən edilmişdir. Həmin qüsurun mövcudluğu və plombun açılmış vəziyyətdə olması ilə bağlı məlumat həmçinin iddiaçının evinə yeni qaz sayğacı quraşdırılarkən tərtib edilmiş aktda da əks olunmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya qaz sayğacına müdaxilə etməsi ilə əlaqədar əlavə qaz sərfiyyatının hesablanması və həmin sərfiyyata görə hesablanmış məbləğin ondan tələb edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Cavabdehin iddia tələbinin rədd edilməsi barədə etirazında istinad etdiyi hallar mülahizələrə əsaslanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, akt əsasında iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış 518 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 6 saylı evə dair Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən iddiaçının abunə hesabına (**********00222) yazılmış 518 (beş yüz on səkkiz) manat əlavə borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar