Məhkəmə qərarları › İş №2(009)-477/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-477/2021

09.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-477/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «qanunsuz açılmış pəncərənin bağlanılması» tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «qanunsuz açılmış pəncərənin bağlanılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Cəmil Hasilov küçəsində yerləşən 5 saylı evin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Cəmil Hasilov küçəsində yerləşən 3 saylı evin yerləşdiyi həyətə tərəf olan divarında açılmış və quraşdırılmış 6 ədəd pəncərələrin qanunsuz hesab edilərək cavabdehin öz vəsaiti hesabına sökülüb bağlanılması və həmin evin divarının əvvəlki vəziyyətinə gətirilməsi üçün təmir və bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Cəmil Hasilov küçəsində yerləşən 3 saylı evdə yaşayır. Cavabdeh iddiaçının evinin qarşısında Bakı şəhəri, Cəmil Hasilov küçəsində yerləşən 5 saylı evin mülkiyyətçisidir. Bir müddət öncə cavabdeh öz evinin iddiaçının həyətinə baxan divarından kiçik ölçülü nəfəslik açmaq üçün iddiaçıdan icazə almış, iddiaçı da ona yalnız kiçik ölçülü nəfəsliyin açılması üçün razılıq vermişdir. Lakin bu yaxınlarda cavabdeh iddiaçının icazəsi və razılığı olmadan öz yaşayış evindən iddiaçının həyətinə baxan 6 ədəd pəncərə açmış və iddiaçının tələblərinə məhəl qoymadan öz hərəkətlərini qanuni hesab etmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz evində rahat yaşaya bilmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə olan: Az. Resp. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Cəmil Hasilov küçəsində yerləşən 3 saylı ev 18.07.2017-ci il tarixdən xüsusi mülkiyyət növü olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir. **********41-10301 nömrəli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Cəmil Hasilov küçəsində yerləşən 5 saylı ev Cavabdeh mülkiyyətindədir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli 10/482 saylı rəyindən görünür ki, tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilən zaman mübahisələndirilən pəncərələrin cavabdehə məxsus fərdi yaşayış evinin texniki pasportunda ( plan və ölçülərdə) əks olunduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən iddiaçı və cavabdehin nümayəndələri də pəncərələrin cavabdehə məxsus texniki pasportda öz əksini tapdığını təsdiq etmişdirlər. Məhkəmə araşdırlması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Cəmil Hasilov küçəsində yerləşən 5 saylı ev xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən həmin yaşayış sahəsinə dair texniki pasport tərtib olunmuşdur. İş üzrə cavabdehin ona məxsus fərdi yaşayış evində açmış olduğu 6 ədəd pəncərə sözügedən fərdi yaşayış evinin texniki pasportunda (plan və ölçülərdə) əks olunmuşdur. Bundan başqa iddiaçı ərizəsində cavabdeh tərəfindən açılmış pəncərələrin onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığını qeyd etsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübuta iş materiallarında rast gəlinməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona məxsus evdə pəncərələrin açılması fərdi yaşayış evinin texniki pasportunda əks olunduğundan və həmin pəncərələrin iddiaçının ona məxsus Bakı şəhəri, Cəmil Hasilov küçəsində yerləşən 3 saylı evdən istifadəsinə hər hansı bir məhdudiyyət yaratması iş materialları ilə təsdiq olunmadığından iddia tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülıkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azər.Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, işin materiallarından göründüyü kimi mübahisənin tam və ədalətli həlli, habelə hazırkı işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək məqsədilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat, bu qəbildən olan məhkəmə mübahisələrinə görə isə dövlət rüsumunun dəyəri 10,40 AZN müəyyən olunmuşdur. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə Az. Res. ƏN. MEM tərəfindən keçirilmiş 23.04.2021-ci il tarixli 10/482 №-li məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X2, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.W.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar