Məhkəmə qərarları › İş №2(009)-496/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-496/2020

11.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-496/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Bakı şəhəri 01 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Bakı şəhəri 01 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 1 saylı evin, 104/105 nömrəli mənzillərinin Cavabdeh2 və Cavabdeh3 verilməsi barədə xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 1 saylı evin 104/105 nömrəli mənzilləri xx.xx.1994-cü il tarixli, 30/28354 nömrəli qeydiyyat vəsiqəsinə əsasən anası X1 xüsusi mülkiyyətində olmuşdur. Anası X3 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. Anası X3 vəfat edərkən 4 qanun üzrə vərəsəsi olmuşdur - İddiaçı, Cavabdeh2, Cavabdeh3, X9, X8 (vəfat edib), X10, X12 və X11r (vəfat edib). Anası vəfat etdikdən sonra onlar - bacı və qardaşlar həmin mənzillərdə yaşamışlar. 2019-cu ilin avqust ayında aldığı məlumata görə bacıları Cavabdeh2 və Cavabdeh3 kimsəyə xəbər vermədən həmin mənzilləri öz adlarına keçirmişlər. Belə ki, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən heç bir araşdırma etmədən qanunsuz olaraq sadəcə Cavabdeh2 və Cavabdeh3 X1 vərəsələri kimi göstərməklə onların adına xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Göründüyü kimi, Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh3 verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə tamamilə qanunsuzdur. Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh3 xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən Mülki Məcəllənin, Notariat haqqında Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın tələbləri pozulmuşdur. Hesab edir ki, Bakı şəhəri, 1 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 1 saylı evin 104/105 nömrəli mənzillərinin Cavabdeh2 və Cavabdeh3 verilməsi barədə xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə mülki qanunvericiliyin tələblərini pozmaqla qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, anası vəfat etdikdən sonra o bir müddət anasının mənzilində yaşamış, lakin sonradan ona bacısı kirayə ev tutmuş və o, həmin mənzildən köçmüşdür. Sonradan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2014-cü ildə cəzasını çəkib azad olunduqdan sonra, anasına məxsus Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 1 saylı evin 104/105 ünvanında yerləşən mənzildə yaşamaq üçün həmin mənzilə getmiş, lakin bacıları onu həmin mənzilə buraxmamış, bununla bağlı aralarında mübahisələr başlamış, bacısı Cavabdeh2 onun barəsində həmin mənzillərə köçüb yaşamaq istədiyinə görə polis əməkdaşlarına şikayət etmişdir. Polis əməkdaşları onu polis bölməsinə dəvət edərək ondan izahat almışlar. İzahatında o, həmin mənzillərin anasına məxsus olduğunu qeyd edərək, onun da orada payı və yaşamağa haqqı olduğunu bildirmişdir. Lakin Cavabdeh2 onlara əldə etdiyi saxta çıxarışı göstərərək mənzillərin özlərinə məxsus olduğunu, onun isə onların mənzilinə gələrək onları narahat etdiyini bildirmişdir. Polis əməkdaşları çıxarışı nəzərə alaraq ona həmin mənzillərin anasına məxsus olduğuna və onunda həmin mənzillərdə payının olduğuna dair sübut əldə edəcəyi halda mənzilə hər hansı bir iddia irəli sürə biləcəyini, əks halda edəcəyi hərəkətlərin bacılarının mənzilinə müdaxilə sayılacağını bildirmişlər. Daha sonra aralarındakı danışığa əsasən Cavabdeh2 ona müvəqqəti yaşaması üçün kirayə ev tutmuş və ona ayrıca ev alacağı barədə söz vermişdir. Lakin bu belə olmadı, Cavabdeh2 onu aldadaraq kirayə pulunu 2 il ərzində davamlı ödəsə də, sonradan ödəməməyə başladı, hər dəfə bununla bağlı aralarında mübahisə yaşanırdı, mübahisədən sonra bir müddət ödəyirdi, sonra yenə ödəmirdi, ayrıca ev də almadı. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, anaları – X3 xx xxxxxx 2003-cü ildə agciyər ödemindən vəfat etmişdir. Analarına məxsus ev Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 1 saylı evin 104/105 ünvanında yerləşən 61.5 kv m ümumi sahəsi olan 2 otaqlı mənzillərdir. xx.xx.1992-ci il tarixli 001646 saylı orderdən də görünür ki, həmin mənzillər analarına məxsus olmaqla X8 (vəfat edib), Cavabdeh2, Cavabdeh3 evdə qeydiyyatdadırlar. Anaları və bacıları vəfat etdikdən sonra isə onlar iki bacı mirası faktiki olaraq qəbul etmişlər və bu barədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. Qardaşları əvvəllər məhkum həyatı yaşamış, narkotik vasitə aludəçisidir. Qardaşı indi də onları təhqir edir, baxmayaraq ki, onlar onun çay-çörək və siqaret pulunu vermişlər. 5 saylı MKİS tərəfindən verilmiş 396 və 813 saylı arayışları, 61 saylı MKİS-in 342 saylı arayışında göstərilir ki, onlar ünvan 2 yerləşən 104/105 ünvanında pasport qeydiyyatındadırlar və yaşayırlar. x xxxx 2013-cü il tarixli 2-V-1-34 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 yerləşən 104/105 ünvanında yerləşən 61.5 kv m ümumi sahəsi olan 2 otaqlı mənzillərə 14 pay müəyyən edilmişdir. Çünki, artıq 10 ildən artıq idi ki, anaları vəfat etmiş, vərəsəlik üçün isə Vaqif qanunla nəzərdə tutulmuş müddəti (6 ay) çoxdan ötürmüş, miras isə onlar tərəfindən faktiki qəbul olunmuşdur. Vaqifin indiki fikri odur ki, o necə ki atasına məxsus evi satıb pulunu yedi, indi də olan-qalan bu evə də yiyələnib evi satıb pulunu dağıtmaq, onları çöldə qoymaq istəyir. Onları qardaşının hərəkətləri ilə bağlı həyat və sağlamlıqları, şərəf və ləyaqətlərini qorumaq üçün polis orqanlarına da müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh3 və Bakı şəhəri, 1 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2003-cü ildə vəfat etmiş X1 vərəsələri – ünvan 3 mənzil 104/105 ünvanında yaşayan qızı - Cavabdeh2 və ünvan 3 mənzil 104/105 ünvanında yaşayan qızı - Cavabdeh3dır və onlardan hər biri mirasdan ½ (ikidə bir) pay almalıdırlar.Şəhadətnamə verilən miras əmlak – Bakı şəhəri İcra Hakimiyyəti Texnikiİnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 191 saylı reyestr kitabında 28354-cü səhifəsində qeydiyyata alınmış, qeydəalma nömrəsi - 30/28354 olan, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 11/8895 nömrəli arayışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin - kv.m ümumi 61.5 kv.m yaşayış sahəsindən ibarət olan 2 (iki) otaqlı 104/105 nömrəli mənzildən ibarətdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 adına xüsusi mülkiyyət hüquq üzrə qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 1 saylı evin, 65 kv.m olan 104, 105 mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh3 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri, 1 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 690 nömrəli məktubdan görünür ki, miras qoyan - X1 adına Bakı şəhəri 1 saylı notariat kontorunda xx.xx.2013-cü ildə vərəsəlik işi açılmış, xx.xx.2013-cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmçinin, həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Odur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakın qəbulu ilə bağlı müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Bakı şəhəri, 1 saylı Notariat ofisi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-cu il tarixli, 43 nömrəli məktubdan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 adına Bakı şəhəri 1 saylı notariat kontorunda vərəsəlik işi açılmış, həmin vərəsəlik işi ilə bağlı təqdim edilmiş, Bakı şəhəri, Səbail rayon MKTB-nin 5 saylı Mənzil-kommunal istismar sahəsi (MKİS) tərəfindən verilmiş 396 saylı, xx.xx.2013-cü il tarixli arayışa əsasən miras qoyan X3 vəfat edən günədək ünvan 3 mənzil 104/105-də qızları Cavabdeh2, Cavabdeh3 və X8 ilə birgə qeydiyyatda olmuş, X8 xx.xx.2007-ci tarixdə vəfat etmiş, həmçinin, Cavabdeh2 miras əmlakın qəbul edilməsi ilə bağlı ərizəsində vərəsə kimi yalnız Cavabdeh3 adını, Cavabdeh3 miras əmlakın qəbul edilməsi ilə bağlı ərizəsində vərəsə kimi yalnız Cavabdeh2 adını qeyd etmiş, digər vərəsələr haqqında məlumat verilməmiş, MKİS tərəfindən verilmiş yuxarıda qeyd edilmiş arayışda yalnız üç şəxsin miras qoyanla birgə qeydiyyatda olduğu göstərilmiş, digər şəxslər qeyd edilməmiş, mirasın açıldığı vaxtdan yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələr notariat kontoruna müraciət etməmişlər. Məsələ ilə bağlı Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/2 (ikidə bir) paya dair xx.xx.2013-cü il tarixdə 2V-01/34 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 5 ünvanda qeydiyyatda olan İddiaçı həqiqətəndə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə xx.xx.1980-ci il tarixdən ümumi əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Hal-hazırda ümumi əsaslarla mənziluçot siyahısında sıra nömrəsi 123-dür. - BŞİH KTD Səbail rayon KTD 5 saylı Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 həqiqətən də Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində qeydiyyatdadır. Onun anası X3 xx.xx.2003-cü il tarixli AZ -1045615 saylı Səbail rayon VVADQ şöbəsinin verdiyi ölüm haqqında şəhadətnamə əsasında xx.xx.2003-cü ildə vəfat etmişdir. Aşağıdakılar ailə üzvləri ilə birlikdə onunla ölən günə kimi yaşamış və qeydiyyatda olmuşdurlar: qızı - Cavabdeh2 1959-cu il təvəllüdlü, qızı - Cavabdeh3 1951-ci il təvəllüdlü, qızı - X8 1953-cü il təvəllüdlü, xx.xx.1992-ci ildən qeydiyyatdan olub və xx.xx.2007-ci ildə vəfat etmişdir. - Bakı şəhəri, Səbail Rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2003-cü il tarixli AZ-İ seriyalı, 045615 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2003-cü il tarixdə 614 nömrə ilə qeyd edilmişdir. - BŞİH KTD Səbail rayon KTD 5 saylı Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2010-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində qeydiyyatdadır. xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi 4 nəfər qeydiyyatda olub, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi 3 nəfər qeydiyyatda olub, xx.xx.2007-ci il tarixdən hal-hazıra kimi 2 nəfər qeydiyyatdadır. - Bakı şəhəri, Yasamal RİH Yasamal rayon MKTB 61 saylı MKİS tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, 20 saylı evin 3 saylı mənzilində qeydiyyatdadır. - BŞİH KTD Səbail rayon KTD 5 saylı Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 19 saylı arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar və yaşayırlar. - xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evdə yaşayan qonşular imzaları ilə təsdiq etmişlər ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində İddiaçı yaşamır. - Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 282 nömrəli sərəncamı ilə Babayevlər ailəsinə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evdə boşaldılmış sahəsi 61,5 kv.m yaşayış sahəsi iki otaqlı 104/105 nömrəli mənzilləri verilmiş və orderə X4, X8, Cavabdeh3, Cavabdeh2 adları qeyd edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 012-12377-1220 nömrəli arayışdan görünür ki, xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş Babayev X13 rayon Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR CM-nin 95, 105 və 38-ci maddələri ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1992-ci il tarixdə «Amnistiya» Qərarının 8-ci maddəsinin «V» bəndinə əsasən cəzası 1/3 qədər azaldılaraq 5 il 3 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İddiaçı Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185-ci maddəsinin 1-ci hissəsi, 105-ci maddə, 38 və 39-cu maddələri ilə 3 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.1998-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İddiaçı Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1-ci hissəsi və 55-ci maddələri ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli «Amnistiya» Qərarının 5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa İddiaçı Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 24 günü vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İddiaçı Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 10 ay 12 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1 maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim olunmuş notariat işində olan sənədlərdən görünür ki; - Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində yaşamış xx.xx.2003-cü il tarixdə vəfat etmiş X4 onun anasıdır. Miras əmlak Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzildir, Cavabdeh3 isə digər vərəsə kimi qeyd edilmişdir. - Cavabdeh3 tərəfindən Bakı şəhəri 1 saylı Notariat ofisinə yazılmış xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzilində yaşamış xx.xx.2003-cü il tarixdə vəfat etmiş X4 onun anasıdır. Miras əmlak Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzildir, Cavabdeh2 isə digər vərəsə kimi qeyd edilmişdir. - Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 saylı evin 104/105 saylı mənzili X2 adına xx.xx.1994-cü il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Oktyabr rayon VVADQ şöbəsi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X16 ilə Bibixanım Məmmədsaleh qızı xx.xx.1949-cu il tarixdə nikaha daxil olmuşlar. - Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli AZ-İ seriyalı, 287545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxx 1968-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxx 1968-ci il tarixdə 688 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 089343 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Atası - X16, anası - Bibixanım Məmmədsaleh qızıdır. - İ-İE seriyalı, 737411 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Atası - X16, anası - Bibixanım Məmmədsaleh qızıdır. - Bakı şəhəri, Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxx 2007-ci il tarixli AZ-İ seriyalı, 228655 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxx 2007-ci il tarixdə 228 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 08087697 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 – xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 06248479 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 – xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Mülki Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyə əsasən mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması yalnız həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olmaması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi haqqında nəticə kifayət qədər əsaslı hesab oluna bilməz. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Həmin Qərarda daha sonra göstərilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Bu mənada məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Belə ki, mirasın rəsmi surətdə qəbulu üçün qanunvericilikdə müddət müəyyən olunsa da, faktiki qəbulu üçün müddət müəyyən edilməmişdir. Mirasın faktiki qəbulu müddətlə məhdudlaşdırılmayaraq, konkret hərəkətlərdə ifadə olunur. Mirasın rəsmi qəbulu müddəti ilə iddia müddəti ayrı-ayrı anlayışlar olduğuna görə bunları eyniləşdirmək düzgün deyildir. Ümumiyyətlə, mirasın faktiki qəbuluna iddia müddəti şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 1 saylı evin 104/105 nömrəli mənzillər xx.xx.1994-cü il tarixli, 30/28354 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2003-cü il tarixində vəfat etmiş X1 xüsusi mülkiyyətində olmuşdur. X3 vəfat edərkən 4 qanun üzrə vərəsəsi olmuşdur - İddiaçı, Cavabdeh2, Cavabdeh3, X9, X8 (vəfat edib), X10, X12 və X11r (vəfat edib). İddiaçının tələblərini əsaslandırdığı dəlillərə əsasən, anası vəfat etdikdən sonra onlar - bacı və qardaşlar həmin mənzillərdə yaşamışlar. 2019-cu ilin avqust ayında aldığı məlumata görə bacıları Cavabdeh2 və Cavabdeh3 kimsəyə xəbər vermədən həmin mənzilləri öz adlarına keçirmişlər. Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ev 1 saylı evin 104/105 nömrəli mənzillərinin Cavabdeh2 və Cavabdeh3 verilməsi barədə xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə mülki qanunvericiliyin tələblərini pozmaqla qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. Cavabdeh tərəfin iddiaya olan etirazının əsasını iddiaçının miras əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi təşkil etmişdir. İşin materiallarından görünür ki, iddiaçı anasının vəfatından sonra Nərimanov rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 24 günü vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan 4 il sonra İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1 maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.10.11-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 10 ay 12 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 1 il keçməmiş İddiaçı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1 maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, 2005-2009-cu il, 2011-2012-ci illər və 2014-2019-cu ilin dekabr ayına kimi İddiaçı vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etməmiş, iddia tələbində 2019-cu ilin avqust ayında aldığı məlumata görə bacıları Cavabdeh2 və Cavabdeh3 kimsəyə xəbər vermədən həmin mənzilləri öz adlarına keçirməsini göstərsə də, 2019-cu ilin dekabr ayında notariata müraciət etmiş və ona xx.xx.2019-cu il tarixli, 690 nömrəli məktubla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakın qəbulu ilə bağlı müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı anasının xx xxxxxx 2003-cü ildə vəfatından sonra mübahisəli mənzillərdə yaşamaqla mirası faktiki qəbul edərək onu idarə etməsinə dair məhkəməyə heç bir mötəbər sübut növləri təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə isə həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Həmçinin işin araşdırılması zamanı, o cümlədən iddiaçının öz izahatı ilə də müəyyən edilmişdir ki, miras əmlakın cavabdeh bacıların adına rəsmiləşdirilməsi ilə bağlı 2014-cü ildə tərəflərin aralarında olan mübahisə polis orqanlarında araşdırılmış və iddiaçının izahatına əlavə olaraq göstərdiyi kimi, polisdə ona evin hazırda bacılarına məxsus olmasına dair qeydiyyat vəsiqəsinin surətini göstərərək evin anasına məxsus olmasına dair sənəd gətirdiyi halda iddiaçıya həmin evə köçməsi ilə bağlı iddia irəli sürə biləcəyini bildirmişlər. Lakin bacıları iddiaçıya ev alacaqlarını bildirərək, əvvəl kirayə ev tutaraq iki il onun kirayə pulunu ödəsələr də, sonradan ödəmələri dayandırmış, bununla bağlı aralarında mübahisələr davam etmiş, ona ev almamış və onu yenədə evə buraxmamışlar, buna görə də o, əvvəl notariata, sonra isə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü dəlillərə qiymət verərək hesab edir ki, iddiaçı keçən müddət ərzində cavabdeh-bacılarının adına verilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və mülkiyyət hüququ üzrə adına dövlət reyestrində aparılan qeydiyyatın qanuniliyini mübahisələndirmədən, sonuncu dəfə cəzaçəkmə müəssisəsindən çıxandan 6 ildən çox müddət keçdikdən sonra əsası olmayan dəlillər irəli sürməklə bacılarına verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün bir tərəfin iradə ifadəsi yetərli olduqda birtərəfli əqdlər, iki tərəfin iradə ifadəsi tələb olunduqda ikitərəfli əqdlər, ikidən çox tərəfin iradə ifadəsi zəruri olduqda isə çoxtərəfli əqdlər meydana gəlir. Bu mənada məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı ilə bağlı iddia ilə müraciət etmə müddətini buraxmışdır. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu norma onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının miras əmlakı qəbul etməklə onu idarə etmə faktı öz təsdiqini tapsa idi belə, iddiaçının vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququnun mövcud olduğu bir illik müddəti ötürməsi halı mübahisəsizdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – cavabdehlər Bakı şəhəri 01 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Bakı şəhəri 01 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar