Məhkəmə qərarları › İş №2(009)-508/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-508/2024

01.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-508/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ( 31 saylı Notariat ofisi, 25 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində) qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə 01 mart 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini iddiaçı belə əsaslandırmışdır ki, mərhum anası X2 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra dayısı Cavabdeh2 təkidi ilə vərəsəlik işinin açılması Bakı şəhəri 31 saylı Notariat ofisində olmuşdur, (notarius Xəzər rayonu Binə qəsəbəsində yerləşir). Vərəsərin dairəsi müəyyən edilmiş və bu barədə xx.xx.2023-cü il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (vərəsəlik işi əlavə edilir). Vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2023-cü il tarixində İddiaçı 1/2 hissə, 1/2 hissə isə cavabdehə verilmişdir. Həmin gün yəni xx.xx.2023-cü il tarixində dayısı Cavabdeh2 onun etibarından sui İstifadə edərək ona bildirmişdir ki, sənədləşmə işlərinin aparılması üçün ona etibarnamə versin, o da etibarnamə imzalayaraq həmin tarixdə yəni xx.xx.2023-cü il tarixində eyni notariusda etibanamə ondan baş etibarnamə (yəni mülki etibarnamə, bütün hərəkətlərin edilməsi barədə) alınmışdır. İddiaçı notariat ofisini tərk etdikdən sonra, halbuki vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2023-cü il tarixində verilmiş, notarius ona şəhadətnamə təqdim etməmişdir. Həmin tarixdə yəni xx.xx.2023-cü il tarixində dayısı Cavabdeh2 onun etibarnaməmdən sui-istifadə edərək, hazırki Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixində əmlakın bağışlanması haqqında müqavilə bağlayaraq hazırki cavabdehə, iddiaçıya vərəsəlik qaydasında verilmiş 1/2 payı bağışlamışdır. Əmlak Bakı şəhəri Sabunçu rayonu, Vişinyovka 2 bağ sahəsi 1232 saylı sahəsi 0.1O ha olan torpaq sahəsindən ibarətdir. Sonradan ona bu hallar məlum olmuşdur, dərhal dayısı Cavabdeh2 vermiş olduğum etibarnaməni ləğv etdirmiş, notariat ofisinə müraciət etmiş və məlum olmuşdur ki, ona vərəsəlik qaydasında verilmiş torpaq sahəsi dayısının imzası ilə cavabdehə bağışlanmışdır. Bundan başqa öyrənilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Vişinyovka 2 bağ sahəsi 1232 saylı sahəsi 0.1O ha olan torpaq sahəsi hələdə mərhum anası X1 adındadır. Xüsusilə qeyd edir ki, o, əmlakı öz iradəsi ilə qardaşına bağışlamış olmuş olsa idi, elə həmin gün yəni xx.xx.2023- cü il tarixində bunu edərdi və əmlakı bağışlayardı, deməli o payını bağışlamaq istəməmişdir, payından istifadə etmək niyyəti olmuşdur. Təəssüflər olsunki, doğma dayısı ilə hazırki cavabdeh qardaşı Yusif onun etibarından sui -istifadə edərək etibarnamə almış və həmin etibarnamə əsasında bağışlamanı imzalamışlar. Burada açıq -aydın görünür ki, bağışlanmaya onun razılığı olmamış sadəcə bunlar onun etibarnaməmi alaraq bu işi görmüşdürlər. Şifahi olaraq müraciətlər etməyinə baxmayaraq bu kimi edilmiş qanunsuz hərəkətlərə son qoyulmamış və edilmiş qanunsuzluq düzəldilməmişdir. İddiaçı artıq məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Əlavə olaraq qeyd edirəm ki, 31 saylı notariat ofisi qanunsuz fəaliyyətinə görə nəzarətə götürülmüş və notarius Hümmətov Ramiz işindən vaxtından əvvəl kənarlaşdırılmışdır. Ümumiyyətlə həmin notariusun fəaliyyəti yoxlanılarsa nə qədər qanunsuz işlərin aparılmasının şahidləri olarıq. İddiaçı ilə Cavabdeh1 arasında 08 fevral 2023-cü il tarixində bağışlanma müqaviləsi bağlanmışdır. (3M-81). Bundan başqa qeyd edir ki, artıq burada cinayət məsuliyyəti də vardır, cavabdehlər onu aldatmış və etibarından sui- istifadə etmişdirlər, bununla əlaqədar olaraq ayrıca formada hüquq mühafizə orqanlarına müraciətlər edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Yəmənin ona qarşı qaldırdığı iddia tam əsassız şər və böhtan xarakterlidir. Belə ki, bacısı X2 18 iyun 2022-ci il tarixində qəflətən dünyasının dəyişdi. Təbii ki, o, bu hadisəyə biganə qala bilməzdi. Ona görədə bütün ailə üzvləri ilə və qohum qardaşlarla birlikdə üzr yerində iştirak etdilər. O, bacısı uşaqlarını çağırıb soruşdu: Sizin qəbr yeriniz və əlinizdə pulunuz varmı. Onlar ona məlumat verdilər ki, nə yerimiz nə də pulumuz var. Məhəmmədli qəbiristanlığında özün üçün götürdüyü yerdə bacısını dəfn etdilər. Bundan sonra onlar dəfələrlə bir yerdə oturub əmlak bölgüsü barədə söhbət etmişlər. Bacısının 7si, 40-ı cə ilinə qədər və ondan sonrakı dövrlərdə əmlak barədə dəfələrlə söhbətləri olub. Söhbət əsnasında onların aralarında heç bir fikir ayrılığı olmayıb. Məlum edir ki, hər hansı xırda bir anlaşılmazlıq olanda Yəmən və Yusif ona müraciət ediblər, o isə öz növbəsində tərəf tutmadan onları düzgün istiqamətə yönəltməyə çalışmışdır. Məsələ gəlib o yerə çatıb ki, vərəsəlik açmaq və ortaya çıxan əmlakların bölünməsi oldu. Notariusun sorğusu əsasında ortaya çıxan əmlaklar bunlardır: 1.Səbail rayonunda 2 otaqlı mənzil. 2. Köhnə nimdaş istismara qismən yararlı avtomobil. 3. Albalıda sənədli, 10 - sot torpaq sahəsi və üzərində inşa edilmiş sənədsiz ev № - 1 (sxemə baxmaq olar) .4. Bankda 5 (beş) min AZN Tam razılaşdırılmış bölgü əsasında Yəmən ona etibarnamə verdi. Səbəbi isə onun vaxt məhdudluğu, işləməyi və himayəsində azyaşlının olması idi. Yusifin qardaşı Vasif isə öz növbəsində qardaşı Yusifin xeyrinə ona düşən paydan imtina edib. Səbəbi - Vasifin səhhətində problemin olması, Yusiflə bir yerdə yaşaması və şəhəri pis tanımasıdır. Hər iki məsələ verilmiş etibarnamə və imtina heç bir təzyiq olmadan tam razılıq əsasında həll olunmuşdur. Nəticə olaraq razılaşdırılmışdır ki, Səbail rayonunda olan 2 otaqlı mənzil satılsın onun 3/1 Yəmənə 3/2 hissəsi Yusifə verilsin. Bundan başqa nəzərə çatdırır ki, sənədi olan torpaq sahəsinə bitişik 12 - sot sənədsiz torpaq sahəsi var və bu torpaq sahəsi də 30 ildən çox bacımın istifadəsində olub. Həmin torpaq sahəsindən 6 sot Yəmənə verilməsi razılaşdırılıb, həmin torpaq sahəsinin içərisində tikili kirayəşinlə birlikdə 2 otaq var. (Əlavə olunan sxemə baxmaq olar ev № 3). Yəmən bu bölgü ilə tam razılaşdıqdan sonra içərisində ev olan həmin torpaq sahəsinə daş töküb, hasar çəkdirib. Bacısı Şərqiyyənin həyat yoldaşı 20 il bundan qabaq dünyasını dəyişdikdən sonra 2 oğlu ilə birlikdə fəhləlik edərək çox çətinliklə bu evi (ev №1) tikib və uzun müddət burada yaşamışlar, bu evin yerləşdiyi torpağın bir çıxışı olduğuna görə onu bölmək çətindir və eyni zamanda uzun müddət burada yaşadıqlarına görə uşaqlarını buradan çıxarıb çölə atmaq ədalətsiz olardı. Ona görədə ona 8 dekabr 2022-ci il tarixdə verilən etibarnamə əsasında bu sənədlərə imza atmışdır. Ona qarşı qaldırılan iddianın şər və böhtan olması bir də onunla sübut olunur ki, əgər pnun neqativ hərəkət edib tərəf tutmaq fikrim olsaydı Səbail rayonunda olan evə və bankda olan pula dair etibarnamə alardı. Bütün bunlardan sonra Yəmənin məhkəmə qarşısmda ona qarşı iddia qaldırması çox təəssüf doğurur və başa düşünülən deyil. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi-vəkili iddianı qəbul etməyib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili iddianı qəbul etməyib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İş üzrə 3-cü şəxslərə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını öyrənib, təqdim edilmiş subutları araşdırıb hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İİ № 278132 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 18 iyun 2022-ci il tarixdə vəfat etmişdir. 08 iyul 2022-ci il tarixli ərizənin surətindən görünür ki, X4 18 iyun 2022-ci il tarixdə vəfat etmiş X1 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından Cavabdeh1 xeyrinə imtina etmişdir. 08 fevral 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 X1 vərəsəsi kimi hər biri miras əmlakdan 1/2 hissədə pay almalıdır. 08 dekabr 2022-ci il tarixli AR-İİ № 867967 etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə İddiaçı vərəsəlik işləri aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, vərəsəlik payını bağışlamağı və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. 08 fevral 2023-cü il tarixli vərəsəlik payının bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı (əvəzinə Cavabdeh2 imzalamaqla) ünvan ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsində və AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD 463136 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2013-cü il olan Renault Tondar minik markalı ** VU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin miras əmlakdan 1/2 hissə vərəsəlik payını bütövlükdə Cavabdeh1 bağışlayır. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, X2 18 iyun 2022-ci il tarixdə vəfat etdikdən sonra vərəsəlik işi açılmış və miras qoyanın 3 vərəsəsi müəyyən edilmişdir. Daha sonra vərəsələrdən Vasif Qasımov miras qalmış əmlakın ona düşən payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh1 miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. İddiaçı digər cavabdeh olan dayısı Cavabdeh2 etibarnamə verərək, miras əmlakdan payı bağışlamaq və digər hərəkətləri etməyi ona etibar etmişdir. Cavabdeh2 həmin etibarnamə əsasında 08 fevral 2023-cü il tarixdə bağışlama müqaviləsi ilə ünvan ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsində və AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD 463136 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2013-cü il olan Renault Tondar minik markalı ** VU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin miras əmlakdan 1/2 hissə vərəsəlik payını bütövlükdə Cavabdeh1 bağışlamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir və iddia tələbinin əsası kimi göstərir ki, sözügedən müqavilə onun nümayəndəsi olan digər Cavabdeh2 tərəfindən ona edilən etibardan sui-istifadə etməklə bağlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh2 tərəfindən ona edilən etibardan sui-istifadə edilməsinə istinad etsə də, həmin halların təsdiqinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və həmin halları sübut edə bilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ərizəsində sənədləşmə işlərini aparmaq üçün dayısına etibarnaməni 08 fevral 2023-cü il tarixdə verdiyini və dayısının da məhz həmin tarixdə bundan sui istifadə edərək, bağışlama müqaviləsini bağladığını göstərsə də, iş materialları ilə bunun əksi sübut olunur. Belə ki, iş materiallarında olan sözügedən etibarnamənin surətindən görünür ki, iddiaçı tərəfindən dayısına həmin etibarnamə 08 dekabr 2022-ci il tarixdə verilmiş və dayısı tərəfindən sözügedən bağışlama müqaviləsi həmin tarixdən 2 ay müddət keçdikdən sonra bağlanmışdır. Bundan başqa iddia tələbinin əsassızlığını təsdiq edən dəlillərdən biri də budur ki, iddiaçı 08 fevral 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsızlığını tələb etməsinə baxmayaraq, məhkəmənin 21 fevral 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında vermiş olduğu izahatından bəlli olmuşdur ki, o, həmin müqavilə ilə qardaşına bağışlanmış nəqliyyat vasitəsi və torpaq sahəsindən yalnız torpaq sahəsinə münasibətdə müqavilənin etibarsızlığını istəyir. Belə ki, nəqliyyat vasitəsinin qardaşına bağışlandığına etirazı yoxdur. Həmin iclasda iddiaçı eyni zamanda bildirmişdir ki, dayısına etibarnaməni heç bir hədə-qorxu və kənar təsir olmadan öz iradəsinə əsasən vermişdir və dayısından onun əvəzinə vərəsəliklə bağlı işlərin görülməsini xahiş etmişdir. Burdan da görünür ki, iddiaçı dayısına vərəsəlik payının bağışlanması hərəkətini etməyi etibar edərkən, müqavilə ilə bağışlanmış əmlaklara dair əqd bağlamağda maraqlı olmuş və bu hərəkətləri onun əvəzinə etməyi dayısına şüurlu olaraq, heç bir kənar təsir olmadan etibar etmişdir. Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2023cü il tarixli bağışlama müqaviləsi qanunvericiliyin bütün tələblərini rəhbər tutulmaqla bağlanıldığından, həmin əqd bağlanılarkən zor tətbiq etmə, aldatma, etibardan sui istifadə və əqdi şübhə altına salan sair hallar, həmçinin bağışlama müqaviləsinin bağlanması nəticəsində iddiaçının hər hansı mənafeyi və ya hüquqlarının pozulması halları müəyyən edilmədiyindən, həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının dəlilləri əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» barədə iddia tələbi təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar