Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-52/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı “Azneft” İB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s .” tələbinə dair mülki işə Bakı şəhərində 06 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azneft” İB Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s .” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda yerləşən “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda yerləşən bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehin belə hüquqazidd hərəkətləri iddiaçının neft və qaz hasilatı üzrə fəaliyyətinə mane olmaqla yanaşı, göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərini kobud surətdə pozmuşdur. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış sahəsinə dair onun hüquqmüəyyənedici sənədi mövcud deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. AR Mülki Məcəlləsinin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Məhkəmə vurğulayır ki, prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə: işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə - mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanlarını təqdim edir. Bu imkanın qanunvericilik qaydasında müəyyən edilməsi ədalət mühakiməsinin səmərəliyini təmin etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş həqiqətin müəyyən edilməsi prinsipinin təmininə yönəlmişdir. Məhkəmə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 12 fevral 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin mütəxəssis rəyində göstərilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla göstərilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Bibiheybət NQÇİ). Həmçinin sahədən 17 metr məsafədə ləğv edilmiş, 8-32 metr məsafədə isə işlək neft quyusu məlumatları mövcuddur. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. AR Torpaq Məcəlləsinin 111 -ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2)Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 3)Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Odur ki, məhkəmə, qeyd olunanları nəzərə alaraq ekspert rəyi ilə razılaşaraq yuxarıda göstərilənləri və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda inşa edilmiş tikili özbaşına tikilidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd edilən tikilinin iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı isə məhkəmə bildirir ki, MM-nin 159-cu maddəsinə uyğun olaraq, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Normanın mənasından göründüyü kimi, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın qanuni sahibi olması, cavabdehin əşyaya faktiki sahiblik etməsi və cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Göründüyü kimi, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyində Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda yerləşən torpaq sahəsinin «Azneft» İB-nin istismarında və sahibliyində olduğu öz əksini tapmışdır. Lakin, cavabdeh heç bir hüquqa əsaslanmadan «Azneft» İB-nin qanuni sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququ pozmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Məhkəmə, iddia tələbinin “ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissəsinin tələbin Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi” hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq hesab edir ki, sahibliyin müdafiəsi çərçivəsində iddia “ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissələrində də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, 100 manat ödənilmiş dövlət rüsumu və məhkəmə ekspertizasının xərci cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 2463 və 2141 nömrəli neft quyusunun mühafizə zonasında, 399677; ******* coğrafi koordinatlarda Cavabdeh tərəfindən inşa edilmiş tikili Cavabdeh hesabına sökülsün və həmin ərazi boşaldılaraq “Azneft” İB-nin istifadəsinə qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulub “Azneft” İB-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-52/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-52/2024
06.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver