Məhkəmə qərarları › İş №2(009)-521/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-521/2021

25.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-521/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixində vəfat etmiş miras qoyan X2 mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş anası xx.xx.1941-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Notariat hərəkətlərinin aparılması qaydalarına əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Anasından vərəsəlik üzrə hər hansı mirasın (daşınar və ya daşınmaz) qalması barədə məlumatın olmadığından vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməyi mümkün olmamışdır. Daha sonra 2020-ci ildə məlum olmuşdur ki, “xxxx” ASC-də anası X2 adına açılmış bank hesabında müəyyən məbləğdə qalıq vəsait mövcuddur. Lakin sözügedən vəsaitin qalığı barədə məlumatların əldə edilməsi üçün notarius tərəfindən müvafiq sorğunun ünvanlanması və ya məhkəmə tərəfindən müvafiq qərardadın qəbul edilməsi tələb olunur. Bununla bağlı o, aidiyyəti üzrə Bakı şəhəri 28 saylı notariat ofisinə ərizə ünvanlayaraq, X2 vərəsəsi kimi tanınmağını xahiş etmişdir. Lakin notariat ofisi vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün müəyyən edilmiş müddətin ötməsi səbəbi ilə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Beləliklə də, anasının adına əmlak olması barədə hər hansı məlumat olmadığından X3 vəfat etdikdən sonrakı 6 ay ərzində notariat ofisinə mirasın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmək imkanı olmamışdır. Göründüyü kimi hazırda yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması üçün mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin məhkəmə tərəfindən uzadılması haqqında qətnamə qəbul edilməsinə ehtiyac vardır. Sonradan İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək xx xxxx 2019cu il tarixində vəfat etmiş miras qoyan X2 mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbini üzürlü sayaraq 2 (iki) ay müddətinə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, xx xxxx 2019-cu il tarixində vəfat etmiş miras qoyan X2 mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbini üzürlü sayaraq 2 (iki) ay müddətinə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, qeyd edilən ünvanın nümayəndəliyin dislokasiyasına daxil olmadığı bildirilmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısıdır. O, 2020-ci ilin avqust ayında “xxxx” ASC-də dividentlər almış və anaları X2 adına olan hesabda da dividendlərin yığıldığını öyrənmişdir. Bacısı İddiaçı da məhz o, 2020-ci ilin avqust ayında analarının adına yığılmış dividentlər barədə məlumat vermiş və almasını məsləhət görmüşdür. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, xx xxxx 2019-cu il tarixli 85 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2019-cu ildə vəfat etmiş və bu barədə xx xxxx 2019-cu il tarixdə 1118 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (xx xxxx 2019-cu ildə vəfat etmiş anası X4 ilə əlaqədar) almaq üçün ərizə ilə müraciət etmiş və vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1970-ci il tarixdlə anadan olmuşdur. Ata qrafasında X12, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 arasında xx xxxxxxxx 1992-ci il tarixdə nikah bağlanmışdır. Arvada "Hacıyeva" soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı anası X3 xx xxxx 2019-cu ildə vəfat etmiş, 2020-ci ilin avqust ayında isə ona “xxxx” ASC-də anası X2 adına açılmış bank hesabında müəyyən məbləğdə qalıq vəsait qaldığı məlum olmuş və o, vərəsə olaraq ərazi üzrə Bakı şəhəri, 28 saylı Notariat Ofisinə müraciət etmiş, lakin müddət ötürüldüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum anası X2 xx xxxx 2019-cu il tarixdə vəfat etməsindən sonra ondan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının iddiaçıdan aslı olmayan səbəblərdən baş verməsi məhkəmə iclasında iddiaçının özünün izahatı ilə yanaşı təqdim etdiyi sübutlar, o cümlədən şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə İddiaçı tərəfindən onun mərhum anası X1 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş 3 aylıq müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin 2 (iki) ay uzadılmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 xx xxxx 2019-cu il tarixdə vəfatından sonra ondan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 xx xxxx 2019-cu il tarixdə vəfatından sonra ondan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilsin və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar