Məhkəmə qərarları › İş №2(009)-54/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-54/2022

14.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-54/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, tərcüməçi X4, iddiaçı İddiaçı və onun vəkili Vəkil, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı qanunsuz tikililərin sökülməsi, tikinti materialları və zibilin yığışdırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni əlavə tikililərin sökülərək ona aid sahənin və fərdi yaşayış evinin 05.12.2006-cı il tarixli çıxarışda göstərilən əvvəlki halına gətirilməsi, iddiaçının evindən çıxışa əngəl yaradan tikinti materialları və zibilin yığışdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı ilə ünvan 2 ünvanında, sahəsi 67,4 kv.m. olan fərdi yaşayış evində yaşayır. Həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 30.12.2020-ci il tarixli çıxarışına əsasən onun xüsusi mülküdür. Həmin evdə onun baba və nənəsi, valideynləri yaşamışlar. O da, bu evdə anadan olub, burada uzun ömür sürmüşdür. Həmişə qonşulara hörmət və ehtiramla yanaşmışdır, bir-birlərinə köməklik etmişlər və aralarında mübahisə, söz-söhbət olmamışdır. Hər şey Əhmədovlar ailəsi 17-ci evə köçdükdən sonra dəyişdi. Cavabdeh 20 il öncə bura gəlmiş və 05.12.2006-cı il tarixdə yşadığı evə **********24-10301 reyestr nömrəli Çıxarış almışdır. Bu sənədə görə Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli döngəsində istifadədə olan 0,00413 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 13.7 kv.m. yaşayış, 12.6 köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Cavabdeh həmin çıxarışı X9 tərəfindən 21.01.1997-ci il tarixdə verilmiş etibarnamə əsasında almışdır. Bu etibarnamə bir neçə çatışmazlıqlarla tərtib edilmişdir. Əsas qanun pozuntusu isə 10 iyul 1999-cu il tarixədək verilmiş etibarnamə ilə Cavabdeh tərəfindən 2006-cı ildə (etibarnamənin müddəti ötdükdən sonra) Çıxarışın alınmasıdır. Qonşu olaraq onlar yaranmış vəziyyəti nəzərə alır və ümid edirdilər ki, yeni qonşular yaxşı insanlardır, onlarla heç bir problemləri olmaz. Bu səbəbdən də etibarnamənin etibarsızlığı barədə tərəflərindən məsələ qaldırılmırdı. Əhmədovlar 2018-ci ildə iki əlavə tikili tikməklə vəziyyəti daha da gərginləşdirdilər. İddiaçının daşla tikdiyi hasarın bir hissəsi cavabdeh tərəfindən həmin əlavə tikililərin birinin divarı kimi istifadə olunmuşdur. Beləliklə, sözügedən əlavə tikili iddiaçının evinə sıx birləşdirilmiş, iki qonşu sahəni ayıran daş hasar cavabdeh tərəfindən qeyri-qanuni tikilən tikililər üçün divar kimi özününkiləşdirilmişdir. Hazırda divarın o tərəfində nə söz-söhbət olursa iddiaçılar bunu eşidir və bu, onları narahat edir. Bundan başqa, onun evində nəmişlik və kif əmələ gəlmişdir. Məcburdur ki, mütəmadi olaraq divarları silib təmizləsinlər. Divar kağızını da dəyişməli olmuşdur. Qonşuların onlara vurduqları maddi ziyanın bu cüzi bir qismidir. Birgəyaşayış qaydalarına cavabdeh tərəfindən məhəl qoyulmur. Cavabdehin iddiaçının evinə bitişdirdiyi tikilinin qapısı iddiaçının divarına quraşdırılıb və qapının açılıb-örtülməsi zamanı yaranmış səs də narahatçılıq doğurur. Əlavə tikili üçün iddiaçının hasarından istifadə edildiyindən televiziya antenası hörgü altında qalmış və televizor yaxşı göstərmir. Onlar yaşlı adamlar olduğu üçün bu böyük rahatsızlıq yaradır. 2020-ci ilin fevral ayında cavabdeh yeni əlavə tikili tikərkən, onun bu cəhdi qəsəbə icra orqanı tərəfindən dayandırılmışdır. Tikinti dayandırdıqdan sonra iddiaçının evinin qarşısında Əhmədovların tikinti materialları və zibili qalmışdır. Bu iddiaçı və ailəsinə evdən küçəyə çıxmağa əngəl yaradır. Buna görə də, küçədən evinə heç bir avtomaşın yaxınlaşa bilmir, bü da əlavə narahatçılığa səbəb olur. Əhmədovlardan xahiş etsə də, bu maneəni aradan qaldırmırlar və fürsət axtarırlar ki, tikintini bərpa etsinlər. Qeyd etdiyi məsələlərlə bağlı müxtəlif orqanlara müraciət etsə də, yuxarıda göstərdiyindən başqa, heç bir tədbir görülməmişdir. Müraciətləri ilə bağlı həmin orqanların nümayəndələri ünvana gəlib getdikdən sonra Əhmədovlar iddiaçını və ailəsini təhdid edir, onlara qarşı təhqiramiz ifadələr işlədirlər. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci məktəb döngəsində istifadəsində olan 0,00413 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 13,7 kv.m yaşayış, 12,6 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 3044 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış və bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli “Çıxarış” verilmişdir. O, hazırda yaşadığı və onun mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilə 1996-cı ildə köçmüş və həmin mənzili X6 qaynının arvadı X10 almışdır, daha sonra ev 1998-ci ildə onun adına sənədləşdirilmişdir. Hazırda həmin mənzildə 8 nəfərdən ibarət ailə üzvü yaşayır. Ailə üzvlərinin 8 nəfərdən ibarət olduğunu və yaşayış üçün şəraitin əlverişsiz olduğunu nəzərə alaraq ona aid mülkiyyətində 2006-cı ildə 1 otaq tikərək artırmişdır. Bu günədək heç bir qonşu tərəfindən narazılıq olmamışdır, çünki həmin tikili heç bir qonşuya problem yaratmamışdır. Ailə üzvləri 8 nəfərdən ibarət olduğu üçün o, həmin otağı tikmək məcburiyyətində olmuşdur, çünki onun əlavə ev və ya mülk almağa maddi imkanı olmayıb, indi də yoxdur. İddiaçı bildirir ki, guya o onun divarına otaq tikib birləşdirmişdir. Əslində bu heç də belə deyil, həmin divarı o tikməyib, əvvəldən orada var idi. Bundan əlavə iddaçının iddia etdiyi qapısının yaxınlığında onların tərəfindən heç bir tikili tikilməyib, buna aid fotoşəkilləri məhkəməyə təqdim edib. Eləcə də, bildirir ki, yaşadıqları ünvanda evlərin və həyətlərin quruluşu elədir ki, hər kəs bir-birinin səsini eşidir. Məsafə yaxın olduğundan kim evində hansı televiziya kanalına baxırsa, qonşu onu eşidir, onlar da o cümlədən. Onun tərəfindən aparılan əlavə tikinti heç bir qonşuya problem yaratmamışdır. İddiaçının qapısının yanına qoyulmuş tikinti materialları oradan götürülmüşdür. Həmçinin bildirir ki, o, əlavə tikililərlə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaqla onları da qanuniləşdirmişdir. Ona görə də, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ekspert Xudiyev İlham Fərman oğlu ifadəsində göstərdi ki, ekspertiza zamanı tərəflərin və məhkəmə heyətinin iştirakı ilə mübahisəli ünvana baxış keçirilmiş, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli döngəsində yerləşən 17 saylı yaşayış evi üzrə 1-ci mərtəbədə yerləşən mətbəx, hamam tikililərin, eləcə də 2-ci mərtəbədə yerləşən sahəsi 13,2 kv.metr olan tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Eyni zamanda, ekspertiza zamanı 17 saylı yaşayış ev üzrə 2-ci mərtəbədə yerləşən sahəsi 13,2 kv.metr olan tikilinin inşası zamanı iddiaçının hasarının bir hissəsi divar kimi istifadə olunmuşdur. Bununla yanaşı, bildirir ki, mübahisəsi gedən divar sökülərsə hər iki tərəfin mənzilinə əhəmiyyətli ziyan vurula bilər. Çünki həmin divar yalnız vurulmaqla sökülə bilər. Digər tərəfdən, cavabdehin təqdim etdiyi texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən qanunsuz inşa edilmiş 17 saylı yaşayış ev üzrə 2-ci mərtəbədə yerləşən sahəsi 13,2 kv.metr olan tikili qanuniləşdirilmişdir. Ekspertiza zamanı 17 saylı yaşayış evi üzrə 1-ci mərtəbədə yerləşən özbaşına inşa edilmiş mətbəx, hamam tikililərin iddiaçının mənzilinə hər hansı maneçiliyi müəyyən edilməmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, ekspertin ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, 30.12.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli dalanında istifadədə olan 0.01921 ha torpaq sahəsində yerləşən 19 nömrəli evin 67.4 kv.m ümumi sahədən ibarət yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 540 nömrəli reyestr kitabının 50825 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestrindən ********* saylı, 05.12.2006-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli döngəsində istifadədə olan 0.00413 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqllı, 13.7 kv.m yaşayış,-kv.m qeyri-yaşayış, 12.6 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 3044 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/4261 saylı, 27 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət qəsəbəsi, 2-ci Məktəbli döngəsində yerləşən 17 saylı yaşayış evi üzrə 1-ci mərtəbədə yerləşən mətbəx, hamam tikililərin, eləcə də 2-ci mərtəbədə yerləşən sahəsi 13,2 kv.metr olan tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdimq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Təqdim olunmuş Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, 08.12.2021-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi,2-ci Məktəbli döngəsində istifadədə olan 0.008060 ha torpaq sahəsində yerləşən, 57.20 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci, 157.4-cü və 180-ci maddələrinə əsasən cavabdehə qarşı iddia ərizəsində göstərilən tələbi irəli sürməkdə haqlıdır. Odur ki, həmin normaların dispozisiya şərtlərinin hazırkı iddiaya münasibətdə mövcud olubolmamasına qiymət verməlidir. Belə ki, Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli dalanında yerləşən 19 nömrəli evin qonşuluğunda olan 17 nömrəli fərdi yaşayış evinə 1996-cı ildə köçmüş və Daşınmaz əmlakın Dövlət Reyestrindən ********* saylı, 05.12.2006-cı il tarixli çıxarışa əsasən həmin ev 1 mərtəbəli, 1 otaqllı, 13.7 kv.m yaşayış, 12.6 kv.m köməkçi sahədən ibarət olmuşdur. Sonradan cavabdeh həmin ünvanda bir sıra əlavə tikililər tikmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab etmişdir ki, cavabdeh tərəfindən evinə bitişik olan otaq tikilərkən onun hasarından divar kimi istifadə olunduğundan həmin tikili, eləcə də həmin ünvanda cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş əlavə tikililər mülkiyyətçi kimi onun hüquqlarını pozur, ona görə də, həmin tikililər sökülərək, cavabdehin yaşadığı ev 05.12.2006-cı il tarixli çıxarışda göstərilən əvvəlki halına gətirilməlidir. Məhkəmə bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, ünvan 1 ünvanında cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanın divarına bitişik inşa olunmuş tikili (2-ci mərtəbədə yerləşən sahəsi 13,2 kv.metr olan yaşayış otağı) və 1-ci mərtəbədə yerləşən mətbəx, hamam tikililəri tikinti norma və qaydalarına uyğun inşa olunmamaqla özbaşına tikililərdir. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, 08.12.2021-cı il tarixli çıxarışla müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi,2-ci Məktəbli döngəsində istifadədə olan 0.008060 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 57.20 kv.m olan 17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. Qeyd edilən tikililərin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Konstitusiyanın 13-cü və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elemetləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə də məhz mülkiyyət hüququnun toxunulmazlığı və ona gətirilən məhdudiyyətin qanuni və mütənasibliyi askpektindən yanaşılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq nəinki əmlak üzərində sərbəst şəkildə sahiblik edib, sərəncam verməyi, həmçinin ondan sərbəst və manəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi ehtiva edir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən özünə məxsus 17 nömrəli fərdi yaşayış evinin həyətində inşa edilmiş yardımçı tikililər iddiaçının və onun ailə üzvlərinin hüquqlarını və qanunla qorunan mənafelərini hər hansı şəkildə pozmur və onların həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaratmır. İddiaçı iddia tələbində cavabdeh tərəfindən onun hasarının bir hissəsindən divar kimi istifadə edilərək inşa edilmiş sahəsi 13,2 kv.metr olan yaşayış otağının sökülməsini tələb etsə də, məhkəmə iclasında ekspertin izahatı ilə həmin söküntünün hər iki tərəfin mənzilinə əhəmiyyətli ziyan vuracağı müəyyən edilmişdir. Digər tərəfdən, məhkəmədə müəyyən olunmuşdur ki, həmin tikili də cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən alınmış çıxarışa əsasən qanuniləşdirilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab edir ki, iddia tələbi ünvan 4 ünvanında cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni əlavə tikililərinin sökülərək ona aid sahənin və fərdi yaşayış evinin əvvəlki vəziyyətə gətirilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının öz həyətinə giriş hissəsində tikinti materialları və məişət zibilləri yığılmışdır ki, bu da iddiaçıya öz mənzilindən sərbəst istifadəyə və öz həyətinə sərbəst giriş-çıxışına məhdudiyyət yaradır. Məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının mülkiyyətinə edilən müdaxilə qanuni xarakter daşımır və bu səbəbdən iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsinə istifadəni məhdudlaşdıran hərəkətlərə son qoyulması tələbinə dair iddia qaldırmaq hüququna malikdir və o da bu hüququndan istifadə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçının özünə məxsus yaşayış sahəsindən istifadəsinə cavabdeh tərəfindən edilən qəsdə son qoyulmalı, iddiçıya məxsus 19 saylı evin giriş qapısının qarşısında cavabdeh tərəfindən toplanmış tikinti materialları və zibilin yığışdırılması cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli, iddiaçıya məxsus Bakı şəhəri, Səbatil rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, 19 saylı evin giriş qapısının qarşısında cavabdeh X8 tərəfindən toplanmış tikinti materialları və zibilin yığışdırılması cavabdehihin üzərində qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan, məhkəmə tikinti-texniki ekspertizasının 10/4261 saylı, 27 yanvar 2022-ci il tarixli rəyindən aydın olur ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə aparılmış ekspertizanın dəyəri olan 100 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, 19 saylı evin giriş qapısının qarşısında cavabdeh X8 tərəfindən toplanmış tikinti materialları və zibilin yığışdırılması cavabdeh X1 üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X7, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar