Məhkəmə qərarları › İş №2(009)-543/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-543/2022

31.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-543/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərində mirasın qəbul edilməsi vaxtının 2 ay müddətinə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsi X2 mülkiyyətindədir. X3 13.09.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə vərəsəsi üzrə o, vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 28 saylı Notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 28 saylı Notariat ofisin notariusu Elmar Kərimovun 18.01.2022-ci il tarixli qərarı ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət vərəsə tərəfindən buraxılmışdır. Hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddət üzrlü səbəbdən buraxılmışdır. Belə ki, həyat yoldaşı rəhmətə gedən ili ölkədə sərt karantin ili olmuşdur. Qeyd olunan il iki dəfə “Covid-19” virusuna yoluxmuşdur. Hətta bir dəfə modul tipli xəstəxanada müalicə almışdır. O, evdə yaşayan qohumlarının da “Covid-19” virusuna yoluxmasına görə karantin qaydalarına görə evdən kənara gedə bilməmişdir. O, cümlədən qanunvericilikdə miras əmlakının qəbul edilməsi üçün müddətin nəzərdə tutulmasından məlumatsız olmuşdur. Bütün bu səbəblərə görə üzrlü səbəbdən müddəti ötürmüşdür. Eyni zamanda miras qoyanın digər qanun üzrə vərəsəsi Cavabdeh2 ərizə ilə notariat ofisinə müraciət edərək miras payını qəbul etmək niyyətlərinin olmadıqlarını bildirmişdir. Belə olan halda notariusun imtina barədə qərarı əsassız hesab edir. Buna görə də, ona münasibətdə mirasın qəbul edilməsi vaxtının uzadılmasını və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini zəruri hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 13.09.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərində mirasın qəbul edilməsi vaxtının 2 ay müddətinə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 13.09.2020-ci il tarixdə vəfat etmiş atası - X1 miras qalmış əmlakdan ona düşən vərəsəlik payından imtina etdiyini bildirərək mirasın İddiaçı tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, qeyd edilən ünvanın nümayəndəliyin dislokasiyasına daxil olmadığı bildirilmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Zəngilan rayon Ağalı kənd soveti tərəfindən verilmiş İ-ЖГ seriyalı, 424069 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasında 15.05.1978-ci il tarixdə nikah bağlanmış və həmin nikah 3 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan rayon Ağalı kənd soveti tərəfindən verilmiş V- ЖГ seriyalı, 453289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1979-cu il tarixdə anadan olmuş, ata qrafasında X3, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışın elektron surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 23.09.2013-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 29.09.2020-ci il tarixli 091636 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13.09.2020-ci ildə vəfat etmiş və bu barədə 15.09.2020-ci il tarixdə 380 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən qəbul edilmiş 18 yanvar 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (13.09.2020-ci ildə vəfat etmiş əri X3 ilə əlaqədar) almaq üçün ərizə ilə müraciət etmiş və vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən yazılmış Bakı şəhəri 28 saylı notariat ofisində təsdiq olunmuş 13.01.2022-ci il tarixli ərizədən görünür ki, 13.09.2020-ci il tarixdə vəfat etmiş atası - X1 miras qalmışdır. O, həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan ünvan 2 ünvanlanmış 10.03.2022-ci il tarixli məktubundan görünür ki, 13 sentyabr 2020-ci ildə vəfat etmiş X1 qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün arvadı İddiaçı 13 yanvar 2021-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Miras qoyanın oğlu - Cavabdeh2 ərizə ilə müraciət edərək vərəsəlik payını qəbul etmədiyini bildirmişdir. Lakin mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 ilə İddiaçı arasında 15.05.1978-ci il tarixdə nikah bağlanmış, 13.09.2020-ci il tarixdə İddiaçı həyat yoldaşı X3 vəfat etmiş və iddiaçı vərəsə olaraq ərazi üzrə Bakı şəhəri, 28 saylı Notariat Ofisinə müraciət etmiş, digər vərəsə Cavabdeh2 tərəfindən Bakı şəhəri 28 saylı notariat ofisinə 13.09.2020-ci il tarixdə vəfat etmiş atası - X1 qalan miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməməsinə dair ərizə təqdim etmiş, lakin müddət ötürüldüyündən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə miras qoyan X2 adına 23.09.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi, X3 ilə İddiaçı arasında 15.05.1978-ci il tarixdə nikah bağlanmış, 13.09.2020-ci il tarixdə İddiaçı həyat yoldaşı X3 vəfat etmiş, mübahisəli miras əmlak Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ üzrə miras qoyan X2 adına 23.09.2013-cü il tarixdə, yəni birgə nikah dövründə əldə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəyə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. (AM 32.3) Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. (AM 33.1) Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunvericiliyin tələbində və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, hazırda miras qalmış əmlak qanuni rejiminə görə iddiaçı ilə mərhum ərinin birgə mülkiyyətində olmuşdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, həmçinin iddiaçının dəlillərini də ağlabatan hesab edərək belə qənaətə gəlir ki, iddiaçının mərhum əri X2 13.09.2020-ci il tarixdə vəfat etməsindən sonra ondan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi vaxtının buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 13.09.2020-ci il tarixdə vəfatından sonra ondan qalmış Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin üzərində mirasın qəbul edilməsi vaxtının buraxılması səbəbləri üzrlü hesab edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar