Məhkəmə qərarları › İş №2(009)-548/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-548/2022

01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-548/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı xəstəlik şəhadətnaməsində ata adının səhv qeyd edilməsi səbəbindən həmin sənədin eyni şəxs yəni ona aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Hakim ilk növbədə qeyd edir ki, ərizəçi tərəfindən ərizəsinə mübahisə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş arayış (xəstəlik şəhadətnaməsi) əlavə edilməmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, qulaq aparatının ona verilməsi ilə bağlı “DOST” mərkəzinə müraciət edərkən Hosital tərəfindən verilən arayışda ata adı səhvən “Paşa” kimi qeyd olunduğu üçün aparatın verilməsindən imtina olunmuşdur.Lakin ərizəçi eyni zamanda bu halı təsdiq edən sübutu da ərizəyə əlavə etməmişdir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hakim digər tərəfdən qeyd edir ki, qanunvericilikdə bir şəxsin başqa şəxslə eyni adam olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır.Ərizəçi eyni zamanda müəyyən olunmasını xahiş etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi ilə bağlı sübutları ərizəsinə əlavə etməmişdir.Belə ki, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş arayışda müvafiq düzəlişin edilməsi ilə bağlı həmin orqana müraciət etməsi ilə əlaqədar müvafiq sübutlarıda ərizəyə əlavə etməmişdir. AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (AR-nın Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hakim həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6.1.-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.Həmin qərarın 6.2.-ci bəndinə əsasən Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hakim qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilən arayışda yol verilən səhv ərizəçinin ata adı həmin klinika tərəfindən düzəldilə bilər.Ona görə də belə bir faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz hesab edilməlidir. Hakim izah edir ki, ərizəçi verilmiş arayışda (şəhadətnamədə) edilmiş yanlışlığın aradan qaldırılmasıyla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müraciət etməli, həmin məsələnin müsbət həllindən imtina edildiyi təqdirdə bununla bağlı müvafiq məhkəməyə müraciət edə bilər. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə verdiyi ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəçiyə müvafiq məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müraciət etməli, həmin məsələnin müsbət həllindən imtina edildiyi təqdirdə bununla bağlı müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar