Məhkəmə qərarları › İş №2(009)-55/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-55/2021

13.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-55/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Azneft” İB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s .” tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Azneft” İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. İddiaçıya məxsus Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericilikdə həmin kateqoriya torpaqlar üçün müəyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-ni 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin mütəxəssisləri böyük hüquq məsləhətçisi A.Həsənov, Baş Makşeyder O.Talışov və 3 saylı NQÇS-nin rəisi C.Muradov tərəfindən imzalanmış 09.04.2019-cu il tarixli aktda “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində ünvan 2 ünvanında vətəndaş Cavabdeh tərəfindən ərazinin bir hissəsinin zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Məhkəmə vurğulayır ki, prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə: işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə - mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanlarını təqdim edir. Bu imkanın qanunvericilik qaydasında müəyyən edilməsi ədalət mühakiməsinin səmərəliyini təmin etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş həqiqətin müəyyən edilməsi prinsipinin təmininə yönəlmişdir. Məhkəmə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 17 iyul 2021-ci il tarixli, 10/2854 saylı rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin mütəxəssis rəyində göstərilir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin ərazisində yerləşir. AR Torpaq Məcəlləsinin 111 -ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 3)Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Odur ki, məhkəmə, qeyd olunanları nəzərə alaraq ekspert rəyi ilə razılaşaraq yuxarıda göstərilənləri və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikili özbaşına tikilidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd edilən tikilinin iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı isə məhkəmə bildirir ki, MM-nin 159-cu maddəsinə uyğun olaraq, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Normanın mənasından göründüyü kimi, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın qanuni sahibi olması, cavabdehin əşyaya faktiki sahiblik etməsi və cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Göründüyü kimi, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyində ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin «Azneft» İB-nin istismarında və sahibliyində olduğu öz əksini tapmışdır. Lakin, cavabdeh heç bir hüquqa əsaslanmadan «Azneft» İB-nin qanuni sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququ pozmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Məhkəmə, iddia tələbinin “ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissəsinin tələbin ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi” hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq hesab edir ki, sahibliyin müdafiəsi çərçivəsində iddia “ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissələrində də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 21.05.2021-ci il tarixli, **********25 saylı məktubundan və ona əlavə olunmuş müvafiq sənədlərdən aydın olur ki, aparılmış mütəxəssis tədqiqatının dəyəri 311 manat təşkil etmişdir. İşdə olan, 17.07.2021-ci il tarixli, 10/2854 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, 10 manat ödənilmiş dövlət rüsumu, mütəxəssis tədqiqatının dəyəri və məhkəmə ekspertizasının xərci Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında Cavabdeh tərəfindən aparılmış tikili Cavabdeh hesabına sökülsün və həmin ərazi boşaldılaraq “Azneft” İB-nin istifadəsinə qaytarılsın. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutulub “Azneft” İB-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 311 manat məbləğində pul Cavabdeh tutularaq dövlət nəfinə (VÖEN **********, Kapital Bank ASC Xətai filialı, Filialın kodu 200071, S.W.İ.F.T. kod: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************,Benefisiarın hesabı AZ23AİİB**********3701778, VÖEN **********) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar