Məhkəmə qərarları › İş №2(009)-566/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-566/2024

12.02.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-566/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs, onun nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqalı şəxs Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət edərək, Maraqlı şəxs ilə aralarında yaranmış ailə mübahiəsi ilə bağlı mediasiya prosesinin keçirilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə mediasiya sessiyasında hər iki mübahisə tərəfinin şəxsən iştirakı əsasında “Mediasiya haqqında” qanunun 33-cü maddəsinə əsasən Barışıq sazişi hazırlanmış və tərəflərin və mediatorun imzası ilə təsdiq edilmişdir. Qeyd olunan Barışıq sazişinə əsasən mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri müəyyən edilmişdir. Barışıq sazişində əsas şərtlərdən biri kimi tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 görə Maraqlı şəxs xx.xx.2024cü il tarixinə kimi 2500 manat, xx.xx.2024-cü il tarixindən etibarən 3500 manat məbləğində aliment ödəyəcəyi qeyd olunmuşdur və Barışıq sazişinin 4-cü bəndində onun imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı, sazişdə Tərəflər arasında ayrı müddət müəyyən olunmayıbsa imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu göstərilmişdir. Barışıq sazişinin bağlanmasından sonra Maraqlı şəxs alimentin ödənişinə başlamışdır. Lakin son 2 ayda o alimentin ödənilməsini dayandırmış, etdiyi müraciətlərə və xəbərdarlıqlara məhəl qoymamışdır. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etmişdir. Buna görə də barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Qeyd olunanlara əsasən mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, Maraqlı şəxs təyyarəçi vəzifısində işləyir və əmək haqqısı 9 min manatdan çoxdur. Barışıq sazişində göstərilən məbləği o hər ay ödəməli olduğu halda ödəmir. Digər tərəfdən, barışıq sazişində qeyd olunan aliment məbləğinin hər ay ödənilməsi göstərilməsə də, qanunun tələbinə görə aliment hər ay ödənilməlidir. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsindən imtina olunmasını məhkəmədən xahiş etmiş və bildirmişdir ki, ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət edərək onunla aralarında yaranmış ailə mübahisəsi üzrə mediasiya prosesinin keçirilməsinin xahiş etmiş, xx.xx.2023-cü il tarixdə həmin təşkilatın mediatoru X3 iştirakı ilə mediasiya sessiyası keçirilmiş və Mediasiya haqqında Qanunun 33-cü maddəsinə əsasən tərəflər arasında Barışıq sazişi bağlanmışdır. Sazişdə əsas şərtlərdən biri kimi tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanmasına görə Maraqlı şəxs, yəni onun 01,06.2024-cü il tarixinə kimi 2.500 manat, xx.xx.2024-cü tarixdən isə 3.500 manat aliment ödəməli olduğunun göstərildiyi, Sazişin 4-cü bəndində sazişin tərəflər üçün məcburi olduğu və 10 təqdim günü müddətində könüllü şəkildə icra edilməli olduğu qeyd edilmişdir. Barışıq sazişindən sonra ödənişlərin bir müddət onun tərəfindən edildiyi, lakin 2 aydan sonra onun artıq ödənişləri dayandırdığı göstərilmiş, bütün xəbərdarlıqlara baxmayaraq ödəniş etmədiyi bildirmişdir. Bununla da barışıq sazişinin könüllü icra edilmədiyini və məhkəmə qaydasında məcburi icra edilməsi üçün müraciət etmək məcburiyyətində qaldığını qeyd etmişdir. Hesab edir ki, ərizə tamamilə əsassızdır və rədd olunmalıdır. Ərizənin əsassız olmasını sübuta yetirən hallar (sənədlər və s.) aşağıdakılardan ibarətdir. Bildirir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının mediatoru M.Qaffarova qızı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/2-03895/2023 nömrəli barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı şərti pozulmamış və tərəfindən tam icra olunmuşdur. Belə ki, qeyd edilən barışıq sazişinin istinad olunan bəndinə nəzər yetirdikdə sazişin şərtinin heç də ərizəçinin ərizədə göstərdiyi kimi deyil, digər bir şəkildə razılaşdırılmışdır. Belə ki, həmin bəndə əsasən: “Tərəflər razılaşırlar ki, 2-ci tərəf Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN, xx.xx.2024-cü il tarixindən etibarən isə 3.500 manat aliment ödəyəcəkdir”. Göründüyü kimi barışıq sazişin şərtlərinə görə o, 2 uşağa görə xx.xx.2024-cü il tarixinə qədər ümumi cəmi 2.500 manat, xx.xx.2024-cü il tarixdən sonra 3.500 manat aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Yəni onun 2 uşağa görə 2500 manat alimenti xx.xx.2024-cü il tarixinə qədər hər ay ödəlməli olduğuna dair hər hansı göstəriş Barışıq sazişində yoxdur. Qeyd etmək istəyir ki, barışıq sazişi üzrə üzərinə götürdüyü alimentlə bağlı öhdəliyini vaxtından əvvəl icra etmişdir. Bununla bağlı ödənişlərin edilməsini təsdiq edən bank hesabından çıxarışları da təqdim edir. Həmin çıxarışlardan da etdiyi ödənişlərin məbləği açıq aydın görünür və adi riyazi hesablama aparmaqla cəmi məbləğin öhdəliyini tam əhatə etdiyini görmək mümkündür. Əlavə olaraq qeyd etmək istəyir ki, ərizəçiyə rəsmi ödənişlərdən əlavə qeyri-rəsmi olaraq da kifayət qədər pul vəsaiti də vermişdir. Ümid edir ki, o həmin ödənişlərin də olduğunu etiraf edəcəkdir. Bütün yuxarıda sadalanan hallar və məhkəməyə təqdim edilən sübutlar bir daha təsdiq edir ki, ərizəçinin hazırkı ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndə və vəkili Nümayəndə ərizənin təmin edilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə ərizənin təmin edilməməlidir. İş materiallarında olan Ərizəçi ilə maraqalı şəxs Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: 1. Tərəflər: Ərizəçi və Qurbanov X2 (Bakı Nikah Evi) qeydə alınmış nikahın davam etdirilməsinə razı olmadılar. Ərizəçi müvafiq məhkəməyə müraciət edəcəkdir. 2. Tərəflər razılaşırlar ki, 2-ci tərəf - Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN ( üç min büş yüz manat) aliment ödəyəcəkdir. 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X10 ana - Ərizəçi yanında qalacaqdır. 4. Tərəflər razılaşırlar ki, 2-ci tərəf - Maraqlı şəxs tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X10 ilə heç bir məhdudiyyət olmadan görüşə bilər.

5. 2-ci tərəf - Maraqlı şəxs şəxsi mülkiyyətində olan ** LD *** dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni Ərizəçi verməyi öz öhdəsinə götürür. 6. 1-ci tərəf - Ərizəçi cehiz və şəxsi əşyalarını bir il müddətində götürməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Qanunun qeyd olunan normasının tələbindən də göründüyü kimi, aliment ödənilməsi barədə razılıq olmadıqda qanunla uşaqların saxlanılması üçün vəsaitin (aliment) valideynlərdən hər ay tutulması müəyyən edilmişdir. Bununla yanaşı, Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında tərəflərin bağladığı xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, aliment tutulamsı hissəsində həmin barışıq sazişi qanunun yuxarıda göstərilən tələblərinə zidd tərtib olunmuşdur. Belə ki, həmin Barışıq Sazişində Maraqlı şəxs iki uşağın saxlanılması üçün alimentin hər ay, hansı məbləğdə tutulmasına dair hər hansı göstəriş yoxdur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, barışıq sazişi qanuna zidd tərtib edildiyindən onun təsdiqindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-26.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar