Məhkəmə qərarları › İş №2(009)-57/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-57/2023

24.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-57/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1, ilkin iddia üzrə cavabdeh X2, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh, X3 qarşı “qanunsuz tikilinin sökülməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1, İddiaçı2 qarşı “cavabdehlər tərəfindən quraşdırılmış su çəni, peyk antenası və kondisionerin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, 2-ci Buxta Döngəsində yerləşən 15 saylı evdə qanunsuz olaraq tikilmiş eyvanın cavabdehin öz vəsaiti hesabına sökülməsi və evin divarının əvvəlki vəziyyətə qaytarılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 xx.xx.2022-ci il tarixdə dəqiqləşmə ərizəsi verərək X2 cavabdeh kimi cəlb edilməsini xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Buxtinski-2 Döngəsində yerləşən 38 saylı evdə yaşayırlar. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 2-ci Buxta Döngəsində yerləşən 15 saylı evdə yaşayır. Cavabdeh onların evinin yan tərəfindən özünə 3 mərtəbəli ev tikərək evinin eyvanını onların evinin üzərində evdən 1 metr hündürlükdə tikərək evlərinə daxil olan gün işığını və havanın qarşısını kəsmişdir. Cavabdeh eyvana yarıçılpaq vəziyyətdə çıxır. O, evinin damına kondisioner yerləşdirmişdir. Buna görə eyvana çıxaraq onun ünvanına küçə söyüşləri işlətmiş, lom ilə onun evinin divarına vuraraq hədələmişdi. Cavabdehin səsini eşidəndə evində olan körpələr ağlayırlar. Cavabdeh X4 evinin qapısının girişində həyat yoldaşının qarşısını kəsmiş, boğazından yapışaraq hədələmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onlar öz əmlaklarında rahat yaşaya bilmirlər. Qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1, İddiaçı2 qarşı “cavabdehlər tərəfindən quraşdırılmış su çəni, peyk antenası və kondisionerin sökülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, nə etmişsə, öz həyətində etmişdir və onlara heç bir maneəçilik yaratmamışdır. İddiaçı2 və İddiaçı1 özləri qanunsuzluqlar edir. Kondisioneri pəncərənin ağzına, su çənini isə zaborun üstünə qoyub. Həyətdə oturmaq mümkün deyil. Su daşanda onun həyətinə tökülür. Bundan əlavə onun borusunun üstünə peyk antenası quraşdırılıb. Bütün bunlar isə onun həyətində normal yaşamağı üçün maneəçilik törədir. Onun evdə olmamağından istifadə edərək onun tərəfinə bir metr keçib hasar tikmişdir. Qapısının ağzına sayğac quraşdırmışdır. Cavabdehlər tərəfindən quraşdırılmış su çəni, antena və kondisionerin ona maneələr yaratdığı üçün sökülməsini və zəbt etdiyi bir metr sahənin sökülərək əvvəlki vəziyyətinə qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı2 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, cavabdehin etdiyi hərəkətlər nəticəsində havasız qalmışlar. Evdə körpə uşaqlar var, hava ala bilmirlər. Ev tikilən zaman eyvan olmamışdır. Onu sonradan tikmişdir. Əvvəl taxta hasar var idi. Təklif ediblər ki, öz vəsaitləri hesabına hasar tiksinlər. Kondisioneri öz evinin üstünə qoymuşdur. Qarşı tərəfin yaşadığı ərazidə heç bir qonşu ilə əlaqəsi yoxdur. İlkin iddia tələbinin əsaslı olduğundan təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı1 bildirmişdir ki, peyk antenası öz tərəflərində qoyulsa da qonşu kimi yaxınlaşıb istifadə etməyi təklif etmişdir. Onlar da razılıq vermişlər. Əvvəlki taxta hasar çox hündür idi. Yanar deyə taxta hasarı söküb daş hasar tikmişlər. Qonşunun əvvəlki evi 1 mərtəbəli ev idi. Evə məxsus cizgidə eyvan yoxdur. Eyvan digər tərəfdə olmuşdur. İlkin iddia tələbinin əsaslı olduğundan təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki, hasar tikilən zaman maddi cəhətdən qarşı tərəfə kömək etmişdir. 5 kisə sement gətirib vermişdir ki, onların tərəfi də tikilsin. Qarşı tərəf şiferi barının üstünə gətirmişdir. Bu səbəbdən 15 il bundan qabaq münaqişələri olub. Qarşı tərəfə bildirmişdir ki, şiferi barının üstünə atsa da damın üstündən axan su həyətə tökülməsin. Həyətdəki borunun 3 ayağı öz həyətində olmuşdur. Bayılın coğrafi ərazisi elədir ki, hamı bir-birinin evini görür. İcra hakimiyyətindən şifahi razılıq alıb eyvanı tikmişdir. Qarşı tərəf nə artırıbsa onu söksə, o da eyvanı sökəcək. Qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil kommunal Təsərrüfatı Departamentinin Səbail rayon MKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 1708 nömrəli Arayışından görünür ki, İddiaçı2 Səbail rayonu, 2-ci Buxta küçəsi, ö/t olan 38 saylı evdə yaşayır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxtinski -2 döngəsi, ev 38-də yerləşən fərdi yaşayış evi İddiaçı2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxtinski -2 Döngəsində yerləşən 38 saylı fərdi ayaşayış evi İddiaçı2 tərəfindən İddiaçı1 bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2022-ci il tarixli, 12/12-T/00430 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh yaşadığı evin anasına məxsus olduğunu, tikinti ilə bağlı iddia ərizəsinə Səbail rayon Məhkəməsində baxıldığını, iddiaçıları hədələmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2000-ci il tarixli, 16261 nömrəli Arayışdan görünür ki, X4 Bakı şəhəri, Səbail rayonu, Buxtinski -2 Döngəsində yerləşən 15 saylı evdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 22 noyabr 2022-ci il tarixli ekspert məlumatından görünür ki, 2(009)-57/2022 saylı mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxtinski -2 döngəsi, ev 38-də yerləşən fərdi yaşayış evi İddiaçı2 məxsusdur. xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxtinski-2 Döngəsində yerləşən 38 saylı fərdi yaşayış evi İddiaçı2 tərəfindən İddiaçı1 bağışlanmışdır. 31 avqust 2022-ci il tarixdə yerli baxış zamanı müəyyən edildi ki, iddiaçılar Səbail rayonu, Buxtinski -2 Döngəsində yerləşən 38 saylı evdə, cavabdehlər Bakı şəhəri, Səbail rayonu, 2-ci Buxta Döngəsində yerləşən 15 saylı evdə yaşayırlar. Cavabdeh tərəfindən yeni inşa edilən evin eyvanı iddiaçının evindən təxmini 1 metr hündürlükdə tikilmişdir. İlkin iddia üzrə cavabdehə məxsus mənzilin bir deyil bir neçə giriş qapısı mövcuddur. Cavabdehin çöl giriş qapısının əvvəlcədən olmadığı, oranın ümumi istifadədə olan yol olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsində qeyd olunmuşdur ki, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş eyvan iddiaçının həyət sahəsinə baxdığı üçün iddiaçıya mülkiyyətindən rahat istifadə etməyə maneə törədir. Bunu müəyyən etmək üçün iş materiallarında olan fotoşəkillərdəki təsvirlər kifayətdir. İddiaçı cavabdeh tərəfindən inşa edilmiş eyvanın sökülməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 180.4-cü maddəsindən görünür ki, özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququ olan şəxslərdən biri “maraqlı tərəf” kimi göstərilib. Yuxarıda qeyd olunan hallar iddiaçının maraqlı tərəf sayılması üçün əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddiaçı cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsini iddia etdiyindən məhkəmə mübahisəli məsələni aydınlaşdırmaq məqsədilə xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-tikinti-texniki ekspertizasını təyin etmiş, lakin cavabdeh sözügedən ekspertizanın keçirilməsinə şərait yaratmaqdan yayınaraq ekspertizanın keçirilməsinə və bununla da başqa qaydada toplanması mümkün olmayan və iş üçün əhəmiyyətli olan sübutun məhkəmədə araşdırılmasına mane olmuşdur. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, ilkin iddia üzrə cavabdeh ekspertizanın keçirilməsinə mane olmaqla tərəfindən inşa edilmiş qanunsuz tikilinin iddiaçının mülkiyyətindən rahat istifadə etməsinə maneə törətdiyi təsdiq olunmuş hesab edilir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1, İddiaçı2 qarşı “cavabdehlər tərəfindən quraşdırılmış su çəni, peyk antenası və kondisionerin sökülməsi” tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 2-ci Buxta Döngəsində yerləşən 15 saylı evdə qanunsuz olaraq tikilmiş eyvan cavabdeh X2 öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılsın. İlkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh X1 tutulub iddiaçılara ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar