Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-57/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı2, İddiaçı3 (eyni zamanda İddiaçı1 nümayəndəsi), Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 3-cü şəxslər qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dam örtüyünün sökülərək əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 3-cü şəxslər qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dam örtüyünün sökülərək əvvəlki vəziyyətinə qaytarılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, ünvan 1 ünvanında yerləşən mənzillər mülkiyyət huquqi ilə onlara məxsusdur. Onlarla qonşuluqda yaşayan ünvan 2 ünvanında yaşayan Cavabdeh1 və onun qonşuluğunda olan mənzil 6 ünvanda yaşayan Cavabdeh2 yaşayış evlərinin qır təbəqəsindən ibarət dam örtüyünün üzərindən qanunsuz şəkildə, tikinti norma və qaydalarının tələblərini pozmaqla, müvafiq icazələr olmadan təxminən 2- 2,5 metr olan hündürlük səviyyəsində, asbest tərkibli material olan şifer örtüyündən istifadə edərək, 3-cü mərtəbədə yerləşən mənzillərin mətbəx və digər yaşayış otaqlarının pəncərələri səviyyəsində qanunsuz olaraq əlavə yeni dam örtüyü inşa etmişlər. Tarixi yaddaşının canlı şahidi olan İçərişəhər xalq arasında “Qala” və ya sadəcə “Qədim şəhər” kimi tanınan bu məkan Bakının ən dəyərli incisi, həm də tarixi-memarlıq qoruğudur. Açıq səma altında muzey kimi fəaliyyət göstərən İçərişəhər 22 hektar ərazidə amfiteatr üslubunda inşa edilib. Xəzər dənizi sahilindəki kiçik təpə üzərində yerləşən şəhər hündürlüyü 8-10, eni 3,5 metr olan qala divarları ilə əhatə olunmuşdur. İçərişəhərin ərazisində yerləşən yaşayış evlərinin dam örtükləri illər boyu yalnız qır və qara tol vasitəsilə bağlanmışdır. Evlərin üstü iki dam örtüyü ilə, yəni qır dam və üzərində əlavə qurulmuş yüksək hündürlüyü olan konstruksiya (mansard) üslubunda inşa edilməsi İçərişəhərin əvvəlki arxitekturasının və memarlığının pozulması deməkdir və bu da heç bir qaydada yolverilməzdir. Asbest tərkibli materialların insan sağlamlığına və ətraf mühitə zərərli təsiri artıq bütün dünyaya məlumdur. Mütəxəssislərin qeyd etdiyinə görə asbest şiferlər günəş altında azot tərkibli konserogen zərərli maddələr buraxır və bu maddələrin xərçəng xəstəliyini yaratması təkzib olunmaz bir faktdır. Nəzərə alsalar ki, Bakı şəhəri günəş şüalarının düşmə faizi baxımından ən aktiv zonalardan biridir, asbest tərkibli inşaat materiallarından belə şəraitdə istifadəsi insanların sağlamlığı üçün daha da təhlükəlidir. Buna görə də, inkişaf etmiş dünya ölkələrinin əksəriyyətində radioaktiv şüalanma mənbəyi olan asbest şifer materiallarının istehsalı və istifadəsi qadağan edilmişdir. Həmçinin asbest tərkibli şifer materialların odadavamlılıq səviyyəsi olduqca aşağı olmaqla, tezalışan yanğın təhlükəli bir inşaat materialıdır. Göstərilən dam örtüyü 3-cü mərtəbədə yerləşən mənzillərin bütün pəncərələrinin qarşısında yerləşməklə, onların divarlarına bitişikdir və bu səbəbdən də, ilin bütün fəsillərində pəncərələrdən istifadə zamanı, damın səviyyəsi pəncərələrin səviyyəsinədək qaldırıldığı üçün mənzillər zirzəmi vəziyyətinə gətirilmişdir və bu hal küləkli hava şəraitində damın üstünə yığılan toz-torpağın və şiferin zərərli maddələrinin buxar şəklində mənzillərə daxil olmasına səbəb olur. Belə şəraitdə pəncərələri açmaq olmur ki, bu da mənzillərin havalandırma şəraitini pozur. Bundan əlavə, həddindən artıq hündürlükdə qurulan şifer dam örtüyü təbii işıq və təmiz havanın yeganə mənbəyi olan binanın içəri küçəsinə kölgə saldığından 2-ci mərtəbədə yerləşən digər iki mənzillərə düşən gün işığının qarşısını kəsmişdir və mənzillərə təmiz havanın daxil olmasına maneə yaratmışdır. Qurulan dam örtüyü 1-ci mərtəbədə yerləşən mənzilləri isə tamamilə qaranlığa salmışdır və təmiz havanın daxil olmasına da ciddi maneə yaradaraq mənzillərdə zirzəmi effekti yaratmışdır. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 məxsus mənzillərin dam örtüyü hissəsində aparılmış yenidənqurma işləri səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmamış, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa olunmamışdır. Sözügedən dam örtüyünün qanunsuz olaraq yuxarı səviyyəyə qaldırılması və onun üst təbəqəsinin şifer örtüyü ilə inşa edilməsi onların sağlamlığının qorunması, radiasiya təhlükəsizliyinin təmin olunması, eləcə də sanitar-gigiyena norma və qaydaları, yanğın təhlükəsizliyi baxımından hüquqlarını pozduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin diqqətinə onu da çatdırırlar ki, qeyd edilmiş dam örtüyünün şökülərək əvvəlki vəziyyətinə qaytarılması, sağlamlığının pozulması, radiasiya və yanğın təhlükəsizliyinin təmin olunması, eləcə də cavabdehlər tərəfindən sanitar norma və qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı müvafiq dövlət orqanlarına etdiyi müraciətləri nəticəsiz qalmışdır. Lakin Respublika Gigiyena və Epidimiologiya Mərkəzi tərəfindən yerində aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı4 və X2 məxsus mənzillərdə təbii işıqlandırma səviyyəsi 0 lk, 2-ci mərtəbədə yerləşən İddiaçı6 və İddiaçı7 məxsus mənzillərdə isə 50 lk olmaqla həmin mənzillərdə təbii işıqlandırma səviyyəsi normadan (norma 150 lk) 3 dəfə aşağıdır. Göstərilənləri nəzərə alaraq iddiaçılar, Cavabdeh1 və Cavabdeh2 tərəfindən özlərinə məxsus mənzillərin üzərində qanunsuz inşa etdikləri əlavə dam örtüyünün onların hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı3 (eyni zamanda İddiaçı1 nümayəndəsi) iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, dam örtüyü pəncərədən aşağıdadır, toz gəlin, işığın qabağını kəsir. Tikili cavabdehlər tərəfindən inşa edilib. Məhkəmə iclasında izahatı alınmış İddiaçı2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdehlər tərəfindən tikilinin həyata keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Arxiv məlumatları mövcud deyil. Tikinti aparmaq üçün sərəncam olmalıdır, icazə olmalıdır, hətta məhkəmə həmin sübutları ekspertiza tədqiqatına təqdim etmək üçün tələb etsə də, eskiz-sxem təqdim olunmadı. Ona görə də rəy verilmədi. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, evin bir hissəsi 3 mərtəbəli, digər hissəsi 2 mərtəbəli olmuş, 2 mərtəbəli hissənin üstündə qonşular daim istifadə etmişlər, hətta qonşu rəhmətə getməmişdən qabaq ona təklif etmişdir ki, dama beton töküb birgə həmin sahədən istifadə etsinlər, hər birinə yarı hissəsi çatsın. O, isə narazılığını bildirmişdir. Mübahisələndirilən dam örtüyü onlar tərəfindən inşa edilməmişdir. Dövlət tərəfindən həmin işlər görülmüşdür. Hazırda həmin yerdən istifadə edə bilmədiyi üçün iddiaçılar belə bir tələblə məhkəməyə müraciət etmişlər. Çardağın yenidən qurulması qanuni əsaslarla və dövlət tərəfindən həyata keçirilib, bunu təsdiq edən sübutlar var, məhkəməyə təqdim edib. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, dam onun da evinin üst hissəsindədir. 20 ildən yuxarıdır inşa edilib. Bu barədə sənədlər var. Qanuni əsaslarla dövlət tərəfindən inşa olunmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçılar İddiaçı6 və İddiaçı7 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizələrdə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı6 və İddiaçı7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxslər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçılar İddiaçı4 və İddiaçı5 mülki iş üzrə iddiaçı qismində iştiraklarına xitam verilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ÖM seriyalı 144542 nömrəli, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 13 nömrəli evin yaşayış sahəsi 29 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı7 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 13 nömrəli evin ümumi sahəsi 50,2 kv.m., yaşayış sahəsi 35,7 kv.m. olan 2 otaqlı 9 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 13 nömrəli evin ümumi sahəsi 74,7 kv.m., yaşayış sahəsi 42 kv.m., yardımçı sahəsi 32,7 kv.m. olan 3 otaqlı 8 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 13 nömrəli evin ümumi sahəsi 29 kv.m., yaşayış sahəsi 13 kv.m., yardımçı sahəsi 16,2 kv.m. olan 1 otaqlı 7 nömrəli mənzili ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı6, X4, X5, X7 adlarına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutu tərəfindən İçərişəhər, Asəf Zeynallı küçəsi, 13, mənzil 12-də yaşayan professor X8 ünvanlanmış xx.xx.2004cü il tarixli məktubundan görünür ki, K.Axundovun xx.xx.2004-cü il tarixli sifariş-ərizəsinə əsasən “Bakımənzilkommunallayihə” institutunun mütəxəssisləri xx.xx.2004-cü il tarixdə yaşadığı A.Zeynallı küçəsi, 13, mənzil 12-yə texniki baxış keçirmiş və aşağıdakıları müəyyən etmişlər:1. Baxış keçirilən bina 2 və 3 mərtəbəli hissələrdən ibarət, kvardat formada həyəti olan, qədim və qapalı daş binadır. 2.Planda baxanda binanın yalnız bir tərəfi, yəni cənuba baxan hissəsi 2 mərtəbəli, qalan hissələri isə 3 mərtəbəlidir. 3. Binanın 2-ci və 3-cü mərtəbələrinə ağac pilləkənlərlə həyətin ortasından qalxaraq şüşəbəndlərə və oradan da mənzillərə girmək mümkündür. 4. 12 saylı mənzil 2 mərtəbəli hissədə yerləşir və bilavasitə pilləkənlərlə küçəyə çıxışı vardır. 5. Binanın həyət tərəfə çıxan ağac şüşəbəndləri, xüsusilə də şimal, şərq və cənub tərəflərlə yerləşən şüşəbəndlər ğütün mərtəbələrdə köhnə ağac tirlərin və dirəklərin deformasiyası nəticəsində qəzalı vəziyyətdədirlər. 6. Binanın 2 mərtəbəli hissəsinin qəzalı vəziyyətdə düşməsinin əsas səbəbləri binanın konstruksiyalarının ümumiyyətlə çox köhnəlməsi ilə bərabər həm də aşağıdakılardır: şüşəbəndin üstündə - damda taxta döşəmə-yolun olması; həmin yolun sonunda, şüşəbəndin üstündə qeyri-qanuni (heç bir normaya uyğun olmayan) qəzalı vəziyyətdə olan daş tualetin olması; damda həmin tualet istiqamətində heç bir funksional əhəmiyyəti olmayan daş hasarın (h=2 m) olması; bir də 3-cü mərtəbədə (8-ci mənzil) rekonstruksiya ilə əlaqədar konstruksiyaların çəkisinin artması nəticəsində (orada sonradan yeni-əsaslı sanitar qovşağı tikilmişdir) köhnəlmiş yükdaşıyan ağac konstruksiyaların deformasiyasıdır. Qeyd etmək lazımdır ki, taxta döşəmə-yolun, daş hasarın və damüstü tualetin 12-ci mənzilə və digər mənzillərə heç bir aidiyyatı yoxdur. Onların mövcudluğu texniki pasportdakı plana ziddir və həm bina, həm də sakinlər üçün olduqca təhlükəlidir. Mövcud vəziyyəti təhlil edərək institut hesab edir ki: 1.Binanın ağac şüşəbəndlərinin qeyri-müntəzəm çökməsi və yükgötürən ağac tirlərin əyilməsi kəskin qəzalı və təhlükəli olduğu üçün konstruktiv tədbirlər vasitəsi ilə onları təcili olaraq gücləndirmək lazımdır. 2. Texniki pasportun planına əsasən 2 mərtəbəli hissədə, yəni 12-ci mənzilin damının üstündəki qəzalı vəziyyətdə olan damüstü taxta döşəmə-yol, daş hasar və daş tualet tamamilə sökülməli və damın üstü təmirlənməlidir. 3. 3-cü mərtəbədə yerləşən mənzillərin giriş-çıxışları texniki pasportun planında göstərildiyi kimi yerlərində bərpa olunmalıdırlar. 12-ci mənzil və 3-cü mərtəbənin (8-ci mənzil) şərikli sütun və dirəkləri dəyişdirilərək əsaslı təmir olunmalıdır. 4. 12-ci mənzilin damı və özü əsaslı təmir olunmalıdır. Təmir zamanı dam örtüyünün çardaq tipli tikilməsi məsləhət görülür. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Səbail rayon İcra Hakimiyyətinin başçısı T.Məcidova, surəti: “İçərişəhər” DTMQ Birləşmiş Müdiriyyətinin direktoru M.Quliyevə, İçərişəhər, Asəf Zeynallı küçəsi, 13 ünvandakı evin 12-ci mənzilinin sahibi K.Axundova ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubun surətindən görünür ki, İçərişəhər, Asəf Zeynallı küçəsi, 13 ünvandakı evin 12-ci mənzilində yaşayan X9 mənzilinin üstündəki 3-cü mərtəbənin smkini İddiaçı3 tərəfindən qanunsuz aparılmış yenidənqurma işlərinin və yüngül konstruksiyalı taxta şüşəbəndin üstündə quraşdırılmış dəmir qapının təsirindən mənzilinin ciddi qəzalı vəziyyətə düşdüyü üçün, dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə, Səbail rayon İcra Hakimiyyətinə və “içərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğuna müvafiq tədbirlərin görülməsi xahişi ilə müraciət etmişdir. K.Axundovun müraciətləri ilə əlaqədar mənzilə baxışlar keçirilmiş, mövcud vəziyyəti və təmir-bərpa işlərinin zəruri olmasını əks etdirən aktlar tərtib edilmişdir. Ev sahibinin nəzərinə çatdırılmalıdır ki, görüləcək işlər yalnız mühəndis-kostruktor tərəfindən işlənmiş layihəyə əsasən və bina memarlıq abidəsi olduğu üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi icazəsi ilə həyata keçirilə bilər. Layihənin hazırlanmasına və icrası üçün Mədəniyyət Nazirliyindən icazə alınmasına sərf olunan vaxt ərzində binada vəziyyət daha da ağırlaşmış və hazırda mənzildəki şüşəbəndin hər an uçmaq təhlükəsi vardır. Qeyd olunanlarla əlaqədar yuxarıda göstərilən ünvanda yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edərək, təqdim olunmuş layihə əsasında mənzildə təcili təmir-bərpa və möhkəmləndirmə işlərinin aparılması tapşırılır. İş üzrə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmiri xidməti tərəfindən Sevinc Abbasovaya və qeyrilərinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, A.Zeynallı 13 ünvanında yerləşən binanın 2-ci mərtəbəsinin damının asbest örtükdən (şiferdən) olması və onun ətrafa güşən şüarları altında azot tərkibli konserogen zərərli maddələrin buraxması haqqında müəyyən təşkilatlara və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanlanmış müraciətlərə mənzil-kommunal və təmir xidmətində baxılmışdır. Müraciətlərlə əlaqədar olaraq aparılan müvafiq araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən mənzillər şəxsi mülkiyyətdədir. Bildirirlər ki, İdarənin balasında olan dövlət mənzil fonduna aid binalarda və həmin binalarda yerləşən dövlət mənzillərində təmir işləri dövlət vəsaiti hesabına növbəlilik əsasında aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.11-ci maddəsinə əsasən şəxsi mülkiyyətçi ona mənsub olan əmlakın saxlanması yükünü özü daşıyır. Eyni zamanda nəzərinə çatdırırlar ki, şəxsi mülkiyyətdə olan mənzillərdə təmir işləri aparılarkən MKTX-də xüsusi ərizə doldurulmalıdır. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikas Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ünvan 4 ünvanında yaşayan Sevinc Abbasovaya və digər sakinlərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadıqları evin həyətində yerləşən bir neçə mənzilin dam örtüyünün asbest tərkibli şifer materiallarına dəyişdirilməsindən və hündürlüyünün qaldırılması nəticəsində təbii işıqlanmanın qarşısının alınmasından narazılıq barədə Səhiyyə Nazirliyinə ünvanladığı şikayət ərizəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində araşdırılmışdır. Araşdırmalar zamanı bir neçə mənzildə işıqlanmanın səviyyəsi ölçmüşdür. Ölçmələrin nəticələrinə görə 1-ci mərtəbədə yerləşən İddiaçı4, S.Abbasovanın mənzillərində təbii işıqlanma səviyyəsi 0 lk, 2-ci mərtəbədə İddiaçı6 mənzilində 50 lk olaraq normadan (norma 150 lk) aşağı olmuşdur. X1 asbestlə bağlı xəstəliklərin ləğv edilməsi məqsədi ilə verilmiş tövsiyyələrində asbestin bütün növlərin istifadəsinin dayandırılması, asbestin digər təhlükəsiz materiallarla əvəz edilməsinin mümkünlüyü barədə məlumatların yayımlanması və əvəz edilməsinin stimullaşdırılması məqsədilə iqtisadi və texniki mexanizmlərin hazırlanması və digər tədbirlərin nəzərdə tutulmasının məqsədəuyğun olduğu bildirilmişdir. Həmin tədbirlərin həyata keçirilməsi aktual olaraq qalır. Eyni zamanda bildirirlər ki, Cavabdeh1 məxsus mənzilin dam örtüyü hissəsində aparılan yenidənqurma işləri ilə yaranan narahatlıqla əlaqədar, İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruq İdarəsinə müraciət etməsini məqsədəmüvafiqdir. İş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən ünvan 5 ünvanında yaşayan Sevinc Abbasovaya və digər sakinlərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadıqları üçmərtəbəli binanın dam örtüyündə bina sakinləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən əlavə olaraq asbest-şiferdən dam örtüyü inşa edilməsindən narazılığı barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli müraciət mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırma zamanı qeyd edilən ünvana mütəxəssisləri tərəfindən baxış keçirilmiş, asbest-şifer dam örtüyünün uzun müddət əvvəl inşa edildiyi müəyyən olunmuşdur. Qaldırdığı məsələnin həlli Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmadığından, aidiyyəti üzrə müraciət etməsini tövsiyə olunur. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Çingiz Hüseynova və digərlərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadıqları binada digər qonşusu tərəfindən dam örtüyünün təmiri vaxtı tikinti qanunvericiliyinin tələblərini pozduğu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il daxilolma tarixli müraciətinə ”İçərişəhər” X6 İdarəsində baxılmışdır. Müraciətləri ilə əlaqədar olaraq İdarəsinin mütəxəssisləri sözügedən ünvan üzrə araşdırmalar aparmışlar. Araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan təmir-tikinti işləri Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun xx.xx.2004-cü il tarixli, 63/08-41 nömrəli məktubu və layihə sənədləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005ci il tarixli, 7-62/7g nömrəli sərəncam ilə həmin illərdə aparılmışdır. Eyni zamanda diqqətinə çatdırırlar ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət tarix- Memarlıq Qoruğu İdarəsi Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il16 may tarixli, 574 nömrəli Fərmanına əsasən yaradılmışdır. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı1 yaşadığı binada digər qonşusu tərəfindən dam örtüyünün təmiri vaxtı tikinti qanunvericiliyinin tələblərini pozduğuna dair müraciətinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq İdarənin mütəxəssisləri sözügedən ünvan üzrə araşdırmalar aparmışlar. Araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan təmir-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun xx.xx.2004-cü il tarixli, 63/08-41 nömrəli məktubu və layihə sənədləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005ci il tarixli, 7-62/7d nömrəli sərəncamı ilə həmin illərdə həyata keçirilmişdir. A.Zeynallı küçəsi, ev 13 ünvanında (mənzid 2) təmir-tikinti işləri aparılan zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olmuşdur və bu səbəbdən qaldırdığı məsələnin həlli İdarənin səlahiyyətləri xaricindədir. Eyni zamanda məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, sorğuda qeyd edilən Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli 7-62/7b nömrəli Sərəncamı, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun xx.xx.2004-cü il tarixli, 63/08- 41 nömrəli məktubu və layihə sənədləri Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 13, 2-ci mərtəbədə yerləşən Cavabdeh1 və Cavabdeh2 məxsus mənzillərin xx.xx.2004-cü il tarixədək mövcud olmuş texniki pasportları və cizgisi “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsinin arxivində mövcud deyil. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə baxış keçirilməsi zəruri olduğundan bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə baxış vaxtının xx.xx.2024-cü il, saat 10.00-a təyin olunması məsələrinə baxılması xahiş olunmuşdur. Həmin tarixdə tədqiq olunan tikiliyə baxış keçirilmiş, lakin əlavə materiallar təqdim olunmadığından qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzillər mülkiyyət huquqi ilə onlara məxsusdur. Onlarla qonşuluqda yaşayan ünvan 7 ünvanında yaşayan Cavabdeh1 və onun qonşuluğunda olan mənzil 6 ünvanda yaşayan Cavabdeh2 yaşayış evlərinin qır təbəqəsindən ibarət dam örtüyünün üzərindən qanunsuz şəkildə, tikinti norma və qaydalarının tələblərini pozmaqla, müvafiq icazələr olmadan təxminən 2-2,5 metr olan hündürlük səviyyəsində, asbest tərkibli material olan şifer örtüyündən istifadə edərək, 3-cü mərtəbədə yerləşən mənzillərin mətbəx və digər yaşayış otaqlarının pəncərələri səviyyəsində qanunsuz olaraq əlavə yeni dam örtüyü inşa etmişlər. İçərişəhərin ərazisində yerləşən yaşayış evlərinin dam örtükləri illər boyu yalnız qır və qara tol vasitəsilə bağlanmışdır. Evlərin üstü iki dam örtüyü ilə, yəni qır dam və üzərində əlavə qurulmuş yüksək hündürlüyü olan konstruksiya (mansard) üslubunda inşa edilməsi İçərişəhərin əvvəlki arxitekturasının və memarlığının pozulması deməkdir və bu da heç bir qaydada yolverilməzdir. Asbest tərkibli materialların insan sağlamlığına və ətraf mühitə zərərli təsiri artıq bütün dünyaya məlumdur. Mütəxəssislərin qeyd etdiyinə görə asbest şiferlər günəş altında azot tərkibli konserogen zərərli maddələr buraxır və bu maddələrin xərçəng xəstəliyini yaratması təkzib olunmaz bir faktdır. Bakı şəhəri günəş şüalarının düşmə faizi baxımından ən aktiv zonalardan biridir, asbest tərkibli inşaat materiallarından belə şəraitdə istifadəsi insanların sağlamlığı üçün daha da təhlükəlidir. Buna görə də, inkişaf etmiş dünya ölkələrinin əksəriyyətində radioaktiv şüalanma mənbəyi olan asbest şifer materiallarının istehsalı və istifadəsi qadağan edilmişdir. Həmçinin asbest tərkibli şifer materialların odadavamlılıq səviyyəsi olduqca aşağı olmaqla, tezalışan yanğın təhlükəli bir inşaat materialıdır. Göstərilən dam örtüyü 3-cü mərtəbədə yerləşən mənzillərin bütün pəncərələrinin qarşısında yerləşməklə, onların divarlarına bitişikdir və bu səbəbdən də, ilin bütün fəsillərində pəncərələrdən istifadə zamanı, damın səviyyəsi pəncərələrin səviyyəsinədək qaldırıldığı üçün mənzillər zirzəmi vəziyyətinə gətirilmişdir və bu hal küləkli hava şəraitində damın üstünə yığılan toz-torpağın və şiferin zərərli maddələrinin buxar şəklində mənzillərə daxil olmasına səbəb olur. Belə şəraitdə pəncərələri açmaq olmur ki, bu da mənzillərin havalandırma şəraitini pozur. Bundan əlavə, həddindən artıq hündürlükdə qurulan şifer dam örtüyü təbii işıq və təmiz havanın yeganə mənbəyi olan binanın içəri küçəsinə kölgə saldığından 2-ci mərtəbədə yerləşən digər iki mənzillərə düşən gün işığının qarşısını kəsmişdir və mənzillərə təmiz havanın daxil olmasına maneə yaratmışdır. Qurulan dam örtüyü 1-ci mərtəbədə yerləşən mənzilləri isə tamamilə qaranlığa salmışdır və təmiz havanın daxil olmasına da ciddi maneə yaradaraq mənzillərdə zirzəmi effekti yaratmışdır. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 məxsus mənzillərin dam örtüyü hissəsində aparılmış yenidənqurma işləri səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmamış, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa olunmamışdır. Sözügedən dam örtüyünün qanunsuz olaraq yuxarı səviyyəyə qaldırılması və onun üst təbəqəsinin şifer örtüyü ilə inşa edilməsi onların sağlamlığının qorunması, radiasiya təhlükəsizliyinin təmin olunması, eləcə də sanitar-gigiyena norma və qaydaları, yanğın təhlükəsizliyi baxımından hüquqlarını pozduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilmiş dam örtüyünün şökülərək əvvəlki vəziyyətinə qaytarılması, sağlamlığının pozulması, radiasiya və yanğın təhlükəsizliyinin təmin olunması, eləcə də cavabdehlər tərəfindən sanitar norma və qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı müvafiq dövlət orqanlarına etdiyi müraciətləri nəticəsiz qalmışdır. Lakin Respublika Gigiyena və Epidimiologiya Mərkəzi tərəfindən yerində aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı4 və X2 məxsus mənzillərdə təbii işıqlandırma səviyyəsi 0 lk, 2-ci mərtəbədə yerləşən İddiaçı6 və İddiaçı7 məxsus mənzillərdə isə 50 lk olmaqla həmin mənzillərdə təbii işıqlandırma səviyyəsi normadan (norma 150 lk) 3 dəfə aşağıdır. Bu səbəbdən iddiaçılar, Cavabdeh1 və Cavabdeh2 tərəfindən özlərinə məxsus mənzillərin üzərində qanunsuz inşa etdikləri əlavə dam örtüyünün onların hesabına sökülməsini və əvvəlki vəziyyətinə qaytarılmasını xahiş etmişlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıqplanlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən dam örtükləri atmosfer təsirlərinə qarşı dayanıqlı və yanğından mühafizə qaydaları ilə nəzərdə tutulmuş hallarda odadavamlı olmalıdır. Dam örtüyündə təmir-tikinti işləri aparılarkən şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş xüsusi təhlükəsizlik tədbirləri görülməlidir (maddə 61.4). Məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə tərəfindən qaldırılan iddia ilə əlaqədar müvafiq mühəndis-texniki ekspertizası təyin edilsə də, ekspert tədqiqatına zəruri materiallar təqdim olunmadığından, ekspert qarşısında qoyulan suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehlər tərəfindən dam örtüyündə aparılmış işlərin özbaşına həyata keçirilməsini, həmin tikilinin mövcudluğunun mülkiyyətlərində olan mənzillərə təbii işıq və hava axımının qarşısının alınmasına səbəb olduğunu, zərərli maddələrin mənzilə daxil olmasını qeyd edərək mövcud tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında cavabdehlər mübahisəli dam örtüyünün onlar tərəfindən deyil, dövlət tərəfindən, iddiaçılar isə məhz cavabdehlər tərəfindən inşa edilməsini bildirilmişlər. Məhkəmə mübahisəli evin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunda yerləşməsini, bununla da binanın memarlıq abidəsi olduğunu, həmin tikilidə aparılan hər hansı rekonstruksiya işlərinin yalnız müvafiq inzibati orqanın rəsmi icazəsi ilə həyata keçirilə bilməsini nəzərə alaraq hesab edir ki, həmin işlərin özbaşına və məhz cavabdehlər tərəfindən həyata keçirilməsi barədə iddiaçıların dəlilləri əsaslı hesab edilə bilməz. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 12-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində tarixi landşaftın və mədəni irs obyektlərinin olduğu ərazilərin, xüsusi mühafizə olunan təbiət ərazilərinin və ya obyektlərin mühafizəsi təmin edilməlidir. Məhkəmə mübahisələndirilən dam örtüyünün inşasının cavabdehlər tərəfindən həyata keçirilməsinin məhkəmə iclasında təsdiq olunmamasını, həmin rekonstruksiyanın 20 ildən artıq müddətə aparılmasını, həmin yenidənqurmanın məhz müvafiq razılıq əsasında həyata keçirilməli olması, 20 il müddətndə mövcud olan tikilinin özbaşına və təhlükəli olması ilə bağlı sökülməsi ilə əlaqədar müvafiq qurum tərəfindən məhkəməyə müraciət edilməməsini, bununla da hazırkı tələbə cavabdehlərin subyektiv cavabdehlik daşımaması məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, qaldırılan iddia təmin edilə bilməz. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmə istinad edilən qanunvericilik normaları əsas gətirərək hesab edir ki, həmin normalar çərçivəsində cavabdehlərin hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün onlara qarşı qaldırılan tələb təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə digər tərəfdən qeyd edir ki, hətta aparılan tikililər özbaşına tikili olsa belə, iddiaçıların özbaşına tikilinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi barədə tələb irəli sürməyə subyektiv hüquqları da mövcud deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür. Həmin Məcəllənin 95.2-ci madədsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qanunun yuxarıda göstərilən tələbindən də göründüyü kimi müvafiq icazə almadan inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi qaldırır. Məhkəmə hesab edir ki, hətta inşa edilən tikilinin qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilmədən, müvafiq icazə sənədləri alınmadan inşa edilməsinin müəyyən edilməsi halında belə iddiaçıların həmin tikilinin sökülməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüquqları mövcud deyil. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 3-cü şəxslər qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 və Cavabdeh2 tərəfindən özlərinə məxsus mənzillərin üzərində qanunsuz inşa etdikləri əlavə dam örtüyünün onların hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-57/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-57/2025
23.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver